Biz imzaları yox, əsərləri dərc edirik...

Sözün qüdrətli ustadı – Təranə Məhərrəmova yazır
89
28 Fevral 2020, 08:54
  Artkaspi.az saytı Təranə Məhərrəmovanın Əbdürrəhim bəy Haqverdiyev haqqında yazısını təqdim edir:
 
  "Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərmiş, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamışdır”. Ölkə başçısı İlham Əliyevin  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinin keçirilməsi ilə bağlı verdiyi Sərəncamda yer alıb bu fikirlər. Haqlı olaraq sənəddə qeyd edilib ki, ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açıb, onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri, nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirmiş, maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləyib. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak edib və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışıb. "Əbdürrəhim bəy Haqverdiyevin adının UNESKO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi, çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür”- deyə sənəddə qeyd edilib.
  XIX əsrin son illərindən ədəbiyyat aləminə qədəm qoymuş Haqverdiyev dolğun məzmunlu dram əsərləri, yumorist-satirik hekayələri ilə şöhrətlənmiş, həm də ictimai xadim kimi realist ədəbiyyatımızın və sənətimizin inkişafında mühüm rol oynayıb.
 
  İlk Azərbaycan dirijoru
 
  Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan olub. Atası Əsəd bəy qəza idarəsində katib vəzifəsində işləyib. Üç yaşında ikən atasını itirən Əbdürrəhimi əmisi Əbdülkərim bəy öz himayəsinə alır. Kiçik Əbdürrəhimi atalığı H.Sadıqbəyov çox yaxşı qəbul edir, onun tərbiyəsilə məşğul olur. 1880-ci ildə atalığı, Əbdürrəhimi Şuşada Yusif bəyin müvəqqəti yay məktəbinə qoyur. Bu məktəbdə Haqverdiyev rus dilini öyrənir, rus yazıçılarını həvəslə oxuyur.
  1884-cü ildə Haqverdiyev Şuşada bir teatr tamaşasında iştirak edir. Tamaşa gənc Əbdürrəhimə çox xoş gəlir və onun ədəbi yaradıcılığa başlamasına təsir edən ilk amillərdən biri olur. "Yadımdadır, Mirzə Fətəlinin "Xırs quldurbasan”ı oynanılırdı. Bu əsəri gördükdən sonra Mirzə Fətəlinin məcmuəsini tapıb oxumağa başladım, hətta "Hacı Daşdəmir” adlı bir komediya da Mirzə Fətəlinin "Hacı Qara”sı məzmununda yazıb Yusif bəy Məliknəzərovun mülahizəsinə verdim. Yusif bəy həqiqi pedaqoq idi. O, mənim bu pyesimi bir növ dil ilə mənə qaytardı ki, mən nə ondan incidim və nə də həvəsdən düşdüm”.
  1890-cı ildə Ə.Haqverdiyev Şuşa realnı məktəbinin altıncı sinfini bitirib, Tiflis realnı məktəbinin sonuncu sinfinə daxil olur. O, burada rus və Avropa klassiklərini öyrənir, tez-tez teatr tamaşalarına baxır. Ə.Haqverdiyev 1891-ci ildə Tiflis realnı məktəbini bitirib, ali təhsil almaq üçün Peterburqa gedir və orada Yol Mühəndisləri İnstitutuna daxil olur. Peterburqda olduğu səkkiz il müddətində azad müdavim sifətilə universitetin şərq fakültəsində təhsil alır, dil və ədəbiyyat məsələlərilə ciddi məşğul olur.
  Peterburq ədəbi həyatının, tez-tez Aleksandrinsk Teatrında baxdığı tamaşaların təsirilə Haqverdiyevdə sənətə, teatra olan həvəs daha da artır. Gənc yazıçı özünün ilk əsərləri olan "Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və "Dağılan tifaq”ı (1896) da Peterburqda yazır. 1899-cu ildə o, Peterburqdan Şuşaya qayıdır. Şuşada iki il qalır və xalq yaradıcılığı nümunələri toplamaqla məşğul olur.
  Ədib "Bəxtsiz cavan” pyesini də 1900-cü ildə Şuşada yazır. Pyes elə həmin ildə tamaşaya qoyulur. 1901-ci ildə Haqverdiyev Şuşadan Bakıya gəlir və burada "Pəri cadu” pyesini tamamlayır. Əsər səhnədə, müəllifin başqa pyesləri kimi, böyük uğur qazanır.
  Bakı mühiti gənc yazıçının inkişafı üçün geniş imkanlar yaradır. Burada H.Zərdabi, N.Vəzirov, N.Nərimanov, C.Zeynalov, H.Ərəblinski kimi dövrün qabaqcıl adamları ilə tanış olur, onlarla əlbir işləyir, teatr üçün repertuar hazırlayır, rejissorluq edir, dərs deyir. Bu dövrdə Haqverdiyev rejissor olduğu, tamaşasına ümumi rəhbərlik etdiyi "Hacı Qara”, "Vəziri-xani-Lənkəran”, "Müfəttiş”, "Otello”, "Qaçaqlar”, "Yağışdan çıxdıq, yağmura düşdük”, "Adı var, özü yox”. "Dağılan tifaq”, "Bəxtsiz cavan” və s. pyeslərdə, hər şeydən əvvəl, ideyanın təhrif olunmamasına, aktyor oyunundakı təbiiliyə çox fikir verirdi. 1908-ci ildə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun” operasının səhnədə hazırlanmasına rəhbərlik edən Haqverdiyev, həm də tamaşada ilk Azərbaycan dirijoru kimi çıxış edib.
Aleksandrinsk Teatrında fəaliyyət göstərən Davıdov, Varlamov, Komissarjevskaya, Savina, Dolmatov, Dalski kimi dövrün görkəmli səhnə ustalarının aktyorluq sənətinə yaxşı bələd olan ədib, milli Azərbaycan səhnəsində də belə istedadlı səhnə xadimlərinin yetişməsi yolunda bütün varlığı ilə çalışırdı. Ə.Haqverdiyev Hüseyn Ərəblinski, Əbülfət Vəli, Sidqi Ruhulla, Hüseynqulu Sarabski, Murad Muradov kimi görkəmli sənət ustalarının səhnəyə cəlb edilməsinə, bir aktyor kimi kamilləşməsinə xeyli əmək sərf edib.
 
  Hekayələr, felyetonlar, publisistik məqalələr...
 
  Ə.Haqverdiyev 1904-cü ildə Şuşa şəhəri idarəsinə üzv seçildiyi üçün yenidən oraya qayıdır. O, burada çox qalmır, 1905-ci il inqilabından sonra Rusiya dövlət dumasına Gəncə quberniyası üzrə nümayəndə seçilir və Peterburqda qalır, "Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaq üçün dövlət kitabxanasında çalışır.
  1907-ci ildə yazıçı yenə həmin faciəyə aid əlavə məlumat toplamaq üçün İrana səyahət edir. Faciə ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qoyulur və ondan sonra da böyük müvəffəqiyyətlə uzun zaman səhnədə oynanılır.
"Molla Nəsrəddin” jurnalı nəşrə başladıqdan sonra nəşrdə Ceyranəli, Xortdan, Həkimi-nuni-səğir, Lağlağı, Mozalan, Süpürgəsaqqal və başqa imzalarla hekayə, felyeton və publisist məqalələr çap etdirən yazıçı, "Cəhənnəm məktubları”, "Mozalan bəyin səyahətnaməsi”, "Marallarım” adlı əsərləri ilə jurnalının fəal mühərrirlərindən biri kimi şöhrət tapır. Həmin illərdə ədib "Millət dostları” (1905), "Ac həriflər” (1911) kimi kiçik həcmli səhnə əsərləri də yazır.
  Haqverdiyev "Nicat” cəmiyyətində və Kür-Araz gəmiçiliyində işlədiyi müddətdə, vəzifəsi ilə əlaqədar olaraq İranı, Qafqazı, Orta Asiyanı və Volqaboyu ölkələrini gəzir. Səyahət ədibdə yeni yaradıcılıq intibahları yaradır. 1910-cu ildə Həştərxanda N.Nərimanovla bərabər, şəhərin ictimai və mədəni həyatında fəal çalışır.
  1911-ci ildə vəzifəsindən azad edilən Haqverdiyev Ağdama köçür və beş il orada yaşayır. Ağdamda yaşadığı müddətdə bədii yaradıcılığını davam etdirir; "Molla Nəsrəddin” jurnalına hekayələr, felyetonlar, gündəlik məsələlərlə əlaqədar olaraq publisistik məqalələr yazır. Ə.Haqverdiyev 1916-cı ildə Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi əxbarı” adlı rus dilində çap olunan aylıq məcmuənin müdirliyinə təyin olunur. 1917-ci ildə "Röya” və "Həmşəri pasportu” hekayələrini yazır. 1917-ci il fevral inqilabından sonra Haqverdiyev Borçalı qəzasına müvəkkil təyin olunub Şulaver qəsəbəsinə gedir və il yarım orada işləyir.
  1920-ci ildən Haqverdiyevin ədəbi və ictimai fəaliyyətinin yeni dövrü başlanır. O, incəsənət şöbəsinin müdiri vəzifəsini aparmaqla yanaşı, dövlət teatrlarında müfəttiş vəzifəsində çalışır. 1921-ci ildən 1931-ci ilə qədər Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyur, gənc kadrların hazırlığı işində fəal iştirak edir. Haqverdiyev müəllimlik etməklə bərabər, bir çox məsul ictimai vəzifələrdə də çalışır. O, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin sədr müavini və sonra sədri (1923-25), Şərq fakültəsinin katibi (1992-25) olur.
  Ədib müəllimliklə, yeni əsərlər yazmaqla, teatra yaxından kömək etməklə, müxtəlif vəzifələrdə çalışmaqla kifayətlənmir. O, müxtəlif yerlərdə Azərbaycan ədəbiyyatı və incəsənəti, günün zəruri məsələləri haqqında məruzələr edir.
  1927-ci ildə Haqverdiyevin ədəbi-ictimai fəaliyyətinin otuz beş illik yubileyi keçirilir. 1928-ci ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətləri nəzərə alınaraq, qocaman ədibə Əməkdar incəsənət xadimi adı verilir.
  Haqverdiyev bu dövrdə "Qırmızı qarı”, "Ədalət qapıları”, "Ağac kölgəsində”, "Vaveyla”, "Köhnə duduman”, "Baba yurdunda”, "Qadınlar bayramı”, "Kamran”, "Sağsağan”, "Yoldaş Koroğlu”, "Çox gözəl” və s. dram əsərləri yazmaqla bərabər, "Marallarım” silsiləsindən olan satirik və başqa ciddi ruhlu çoxlu hekayələr də çap etdirir. Hekayələrin bir hissəsi "Marallarım” (1927) və digər hissəsi "Hekayələr” (1940) kitabında toplanıb.
  Ə.Haqverdiyev öz ölkəsinin və başqa xalqların tarixinə yaxşı bələd olan alim idi. Ədibin Azərbaycan teatrı, tarixi dramı, xalq tamaşaları, M.F.Axundov, M.Ə.Sabir, "Molla Nəsrəddin”, M.Qorki, Azərbaycan dili, milli şeir, realist ədəbiyyatımızın bəzi məsələləri haqqındakı elmi-nəzəri məqalələri, dərin məzmunlu publisistikası bu gün də öz əhəmiyyətini itirməyib. Təsadüfi deyil ki, 1924-cü ildə Ə.Haqverdiyev Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilib.
  Ə.Haqverdiyevin ədəbi irsi içərisində rus və Qərbi Avropa ədəbiyyatından etdiyi bir sıra qiymətli tərcümələr də var. Onun M.Qorkidən tərcümə etdiyi əsərlər "İzergil qarı və qeyri hekayələr” (1928) və Çexovdan tərcümə etdiyi novellalar "Dəhşətli gecə” (1928) adlı kitablarda toplanıb.
  Bunlardan başqa, ədib Şekspirin "Hamlet”, Şillerin "Qaçaqlar”, Volterin "Soltan Osman”, Zolyanın "Qazmaçılar”, Andersenin "Bülbül”, "Şahın təzə libası”, Lanskoyun "Qəzəvat”, Çirikovun "Yəhudilər”, Korolenkonun "Qoca zəng çalan” əsərlərini də tərcümə edib.
  Azərbaycan xalqının ədəbi-bədii və mədəni-ictimai fikir xəzinəsinə töhfələr bəxş etmiş qüdrətli söz ustası 1924-cü ildə Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilib. Şərq fakültəsinin katibi, Azərbaycan Yazıçılar İttifaqının məsul katibi olub. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülüb. Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
  Böyük ədib 1933-cü ildə il dekabrın 17-də Bakıda vəfat edib,  Fəxri xiyabanda dəfn olunub. Adına Bakının Yasamal rayonunda küçə var.