Biz imzaları yox, əsərləri dərc edirik...

Sözü çılpaq buraxdım... – Julio Pavanettinin şeirləri
2257
02 Dekabr 2019, 11:42
  Uruqvayın dünyaca ünlü şairlərindən biri olan Julio Pavanetti 1954-cü ildə Montevideo şəhərində anadan olmuşdur.
  O, Uruqvayın hərbi diktaturasının diktəsi altında əziyyət çəkən nəsillərin təmsilçisidir. Çox çətin ictimai-siyasi vəziyyətlə üzləşdiyindən Uruqvaydan ayrılmaq məcburiyyətində qalmışdır. 1977-ci ildən 2013-cü ilə qədər Benidormda (İspaniya) məskunlaşmışdır. Hazırda İspaniyanın  Alicante Villajoyosada yaşayır." Liceo Poético de Benidorm" beynəlxalq şairlər birliyinin həmtəsisçisi və prezidentidir. "Dünya Şairlər, Yazıçılar və Sənətçilər Təşkilatı"nın fəxri vitse-prezidenti olan şair həm də Uruqvayın "Beynəlxalq Dünya Şairlər Hərəkatı"nın konsulu, "Hispano-Amerika Yazıçılar Birliyi" nin Uruqvaydakı mədəniyyət nümayəndəsi, Enkuadres Publishers "Azul" şeir topluluğunun, başqanı və "Benidorm&Costa Blanca" Beynəlxalq Poeziya Festivalının təşkilatçısıdır (FIPBECO). Amerika Müasir Ədəbiyyat Akademiyasının və Braziliya, Rio-de-Janeyrodakı Tələbə Müasir İncəsənət Akademiyasının, İspan Yazıçılar və Rəssamlar Birliyinin", "İspan Kolleji Yazıçılar Birliyi"nin, Dünya Poeziya Hərəkatının üzvüdür. 
  Şimali Amerika Müasir Ədəbiyyat Akademiyası tərəfindən ona akademik ünvanı verilmişdir.
On bir kitabın müəllifidir. Onun "Al roce de la piel callada" / "Səssiz bir dərinin toxunuşunda" adlı kitabı, 2015-ci ildə İspaniyanın Aspe müsabiqəsində birincilik qazanmışdır.
   Bir neçə beynəlxalq şeir festivallarında iştirak etmiş və əsərləri 70-dən çox beynəlxalq antologiyalarda yer almışdır. 
  Şeirləri ingilis, italyan, katalan, ərəb, fransız, rumın, portuqal, xorvat, polyak, alman, holland, yapon, Çin, bolqar, türk, malay, Koreya, benqal, yunan dillərinə tərcümə edilmişdir. 
Julio Pavanetti  ilə  tale yollarımız  ikimin ondoqquzuncu ilin yazında Rumıniyanın Gariova şəhərində M.Emunescu Dünya şeir festivalında kəsişəcəkdi.
  Julio sadəcə diqqətəlayiq şeirləri ilə deyil, həm də usta bir fotoqraf kimi də diqqət çəkəcəkdi. Festivaldan sonra ünvanıma göndərdiyi şəkillərim bunları deməyə imkan verir.
  Julio Pavanettinin şeirləri qısalığı və məna dərinliyi ilə dünya şeiri biçimini qazanmış və bir çox fərqli ədəbiyyatların şerini də təsir edən haykuları xatırladır. 
  Əslində, bəlkə də, hardasa eyni dünya meridianlarında qərar tutan Güney Amerika şeiri ilə yapon şeiri arasındakı bu bənzərliyə heyrətlənmək də gərəkməz. Bu iki coğrafiya ədəbiyyatları arasındakı paralellər Julio Pavanetti  şeirlərində daha qabarıq bir şəkildə gözə çarpır.
 
Yenidən
 
Uzun gecədən sonra 
Bütün əks-sədalar susdurulduğunda
Günlər və hərəkətlər hələ davam edəcəkmi,
Hər şey yenidən başlayacaqmı?
 
 
Gecə fantanı
 
Aysız gecələrdə iz buraxmayan görünməz ulduzlardan
Tənha və yuxusuz gecələrdə şamdana basdırılan şamlardan
Yuxusuzluq qırıntılarından, qara qamçılardan
Həyatdan yaralanmış misralar döyər könül qapılarımı.
 
Oğurluğa bənzər
 
Öz şerini yazmaq üçün
Zaman kitabının
amansız səhifələrindən
gizli saatlar ötür...
 
Sözü çılpaq buraxdım...
 
Kürəyində şeir yükü
Qətiyyət və cəsarətlə
Fırtınadan keçmək üçün 
Sözü çılpaq buraxdım.
Gecə ziyafətində
rəqsinə davam etdi.
Fərqli-fərqli acılar,
və 
çeşidli yalnızlıqlar...
Sözü çılpaq buraxdım.
 
 
Bir şeirin qucağı
 
Bir şeirin qucağı
Alovlandırar misralarımı,
Günəşin batması
mükəmməl geri çəkilmədir.
Nə zaman ki,
ilham pərisi ilə onları birləşdirərəm,
O zaman vaxt da dayanır.
Özümü təcrid edər, 
dünyadan uzaqlaşaram
dalaram xatirələrimə.
Bir şeirin qucağı
mükəmməl geri çəkilmədir.
 
 
Yazı yazdığım zaman
 
Yazanda yeganə ortağım mənim ikinci mənimdir,
Yaşlı bir əldə buzlu bir qədəh səssizliyi.
Yaylalarda yaşlanan özəl  bir sükut,
Kiçik fotolara damızdırılmış
Çəlləyin hisə verilmiş dadı ilə
güclü, sıx və möhkəm bir ətir.
Xüsusi bir sükut gözləmədə
Sakitlik kölgələrini alt-üst edən ritmlə –
yeni bir şeirin doğulması üçün
fəryad edən, üsyankar suçlayıcı kimi,
kədəri dəf edir və onu dağıdır
ağla gələn  kobud sözləri
və şeytani ruhları qovur.
Yazanda ağlım başımdan çıxır,
heç bir güzəştə getməz, qardaşlaşmaz
feniks vədinə, incə sözlərə görə.
Birləşmə dərin bir yuxuda baş verir,
özümü yumaqdan çözdüyüm anda
və yeniləndirən sözləri qəbul edin
səssizlik qədəhini dolduranda.
 
Ona görəki mənim səsim
 
Çünki səsim başqa bir zamandan başlayır
başqa bir vəziyyət, başqa bir gerçəklik
çünki  bu çiçək uzaq çəmənliklərdə açır,
o yerdə ki it başqa ayları öpür,
gündəlik həyat fərqli.
Çünki səsim başqa tərəfdə oyanır,
başqa bir qumdan, başqa bir dənizdən gəlir.
Çünki titrəyən dodaqlarında bir çiçəkdi,
İndi gərəkmi sükutla məşğul olmaq
sadəcə ... qulaq as və dinlə.
 
 Yaşlanmaq
 
Şair istirahət edir,
Dayanmış qələm 
Göy üzü yox
masada unudulmuş
boş, bəyaz kağız.
Layihə etdiyi kölgə
bir şeirin daxili döyüntüsüdür
hələ də yuxusunu yatır.
 
Tərcümə və təqdim edən: Məmməd İsmayıl