Biz imzaları yox, əsərləri dərc edirik...

"Sumqayıt hadisələrinin törədilməsində məqsəd dünyada anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi"
1213
28 Fevral 2020, 11:50
"Bu gün - fevral ayının 28-i Sumqayıt hadisəsi günü kimi Azərbaycan tarixinə yazılıb. O, müdhiş təxribat əməlindən düz 32 il ötür. 1988-ci il fevralın 28-də tötədilmiş həmin hadisə sonrakı araşdırmalardan məlum oldu ki, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi növbəti məqsədyönlü təxribatların tərkib hissəsi imiş".



Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov "Facebook" profilində yazıb.
 


Professor bildirib ki, Sumqayıt hadisələrinin törədilməsində məqsəd dünya ictimaiyyətində yanlış rəy formalaşdıraraq azərbaycanlıları vəhşi, qaniçən bir xalq kimi qələmə vermək və ermənilərin Dağlıq Qarabağda az sonra başladacağı etnik separatizmə bəraət qazandırmaq, dünyada ciddi bir anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi: "Azərbaycan dövlətinin sonrakı illərdəki xüsusi səyi ilə aparılan təhqiqat və alınmış şahid ifadələri sübut etdi ki, Sumqayıt hadisələrinin təşkilatçısı erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olmuş və bu təxribatçı cəllad Sumqayıt hadisələri zamanı şəxsən beş ermənini qətlə yetirmişdir. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən həmin iğtişaş sıradan olan adi bir kriminal olay deyildı. Bu hadisə erməni millətçilərinin Dağlıq Qarabağda başlatmağa hazırlaşdıqları etnik separatizm və Azərbaycana qarşı irəli sürəcəkləri gələcək ərazi iddiası siyasətinin hazırlıq mərhələsi idi".