Biz imzaları yox, əsərləri dərc edirik...

Sultan Səncər və Qəzzali – Məsiağa Məhəmmədi yazır
1824
18 Mart 2019, 11:44
  Artkaspi.az Məsiağa Məhəmmədinin "Tədqiqlər və tərcümələr" kitabından "SULTAN SƏNCƏR VƏ QƏZZALİ" adlı tədqiq məqaləsini təqdim edir: 
 

 
  Azərbaycan oxucusu "Sultan Səncər və qarı" əhvalatı ilə yaxşı tanışdır. Böyük Nizaminin "Sirlər xəzinəsi"nə daxil olan bu hekayətdə Səlcuq hökmdarı Sultan Səncərin (1118-1157) dövründə baş verən haqsızlıqlar və məmur özbaşınalığı sadə bir qarının dilindən bəyan edilmişdir. Müəyyən tarixi gerçəkliklərə əsaslanan həmin əhvalat, şübhəsiz, Nizaminin bədii təxəyüllünün məhsuludur. Lakin tarixdə buna bənzər real bir hadisə baş vermişdir, sadəcə ölkədə baş alıb gedən zülm və ədalətsizlikləri Sultan Səncərin üzünə deyən şəxs adi bir qarı deyil, dahi müsəlman mütəfəkkiri  İmam Əbu Hamid Məhəm­məd ibn Məhəmməd əl-Qəzzali (1058-1111) olmuşdur.
 
 


  İslamı müxtəlif bidətçi təmayüllərdən və ifratçı cərəyan­ar­dan (xüsusən, ismaililərdən) müdafiə etmək sahəsində göstərdiyi xidmətlərinə görə "Hüccətül-islam" ("İslamın dəlili") ləqəbi almış Qəzzali, nə qədər qəribə olsa da, istər sağlığında, istərsə də ölümündən sonra təkcə mübarizə apardığı ideya axınlarının nümayəndələri tərəfindən deyil, həm də ortodoksal mövqedə dayanan, "təmiz" islamın keşiyində durduğunu iddia edən qruplar və şəxslər tərəfindən çeşidli ittihamlara və hücumlara məruz qalmışdır. Onun Sultan Səncərlə tarixi görüşü də məhz bu ittihamlar sonucunda baş vermişdir.
  Qəzzaliyə qarşı irəli sürülən cürbəcür, bəzən hətta cəfəng ittihamlar, təbii ki, ilk növbədə onun baxışlarındakı heyrətamiz genişliyin düzgün anlaşılmamasının nəticəsi idi. Böyük mütəfəkkir özü də yazılarında müasirlərinin onun sözlərini dərk etmək səviyyəsində olmadıqlarından dönə-dönə gileylənir. Hətta İbn Rüşd (1126-1198) kimi ciddi  bir filosof da Qəzzalini tənqid edərkən yazırdı: "Belə görünür ki, o, (Qəzzali – M.M.), əş’ərilərlə əş’əridir, sufilərlə sufidir, filosoflarla da filosofdur".
  Bu ittihamlar içərisində biri Qəzzalini xüsusilə narahat edirdi, çünki o, təkcə dini və nəzəri deyil, həm də siyasi xarakter daşıyırdı. Söhbət onun sünniliyin hənəfi məzhəbinin banisi İmam Əbu Hənifəni (699-767) guya tənqid etməsi və onunla razılaşmaması barədə ittihamdan gedir, hərçənd Qəzzali imamlardan heç birinə təqlid etmədiyini açıq-aşkar bəyan edirdi (burada sünniliyin dörd əsas məzhəbinin banisi olan imamlar nəzərdə tutulur). Məsələ burasındadır ki, Səlcuq hökmdarları sünniliyin məhz bu məzhəbinə mənsub idilər və hənəfilik əslində Səlcuq imperiyasının rəsmi məzhəbi sayılırdı. Qəzzali isə həmyerlisi və hamisi Nizamülmülk (1017-1092) kimi şafei məzhəbinin tərəfdarı idi. İlk Səlcuq hökmdarlarının, daha doğrusu, Toğrul bəyin (1040-1063) və Alp Arslanın (1063-1072) dövründə nəinki batinilər, hətta digər sünni məzhəblərinin tərəfdarları da bidətçi sayılırdılar. Tarixi mənbələr bu zəmində çoxsaylı münaqişələrin, hətta qanlı toqquşmaların olduğu barədə məlumat verirlər. Qəzzali özü də uşaqlıq və gənclik illərində Tusda, Curcanda və Nişaburda belə çəkişmələrin şahidi olmuşdu. Və  gənc Qəzzalinin Nişaburda İmam əl-Hərəmeyndən (vəf. 1085) dərs aldığı zaman ustadının fikirlərinin təsiri altında yazdığı "Əl-Mənxul min təliq əl-üsul" adlı əsəri onun da Əbu Hənifənin və hənəfiliyin əleyhdarı olması barədə ittihama tuş gəlməsinə səbəb oldu. Maraqlıdır ki, bu ittiham Qəzzalini bütün ömrü boyu izlədi. Yalnız Nizamülmülk kimi güclü himayədarının olması, sultanın və xəlifənin yanındakı şəxsi nüfuzu bu ittihamın əməli tədbirlə nəticələnməsinin qarşısını alırdı. Hər halda ömrünün sonlarında zəhmli Sultan Səncərin hüzuruna çağırılmasında bu ittiham başlıca rol oynamışdı, baxmayaraq ki, Qəzzali bir çox başqa şeylərdə də günahlandırılırdı. Sultan Səncərin qarşısındakı çıxışında Qəzzalinin məhz həmin ittihamı rədd etməsi bu amilin hər iki tərəf üçün nə qədər əhəmiyyət kəsb etdiyinin üzərinə işıq salmaqdadır.
  Bəllidir ki, Xacə Nizamülmülkün qətlindən üç il sonra Qəzzali Bağdad "Nizamiyyə"sindəki müdərrislik vəzifəsindən imtina edərək, xəlvətə çəkilmiş, guşənişin olub mənəvi axtarışlara dalmışdı. Bir müddət sonra məhz bu axtarışların nəticəsi olaraq, o öz dahiyanə əsərlərini yaratmışdı. Lakin Səlcuq imperiyasında vəziyyətin günbəgün mürəkkəbləşdiyi, ismaililərin tüğyan edib get-gedə azğınlaşdığı bir şəraitdə Qəzzali kimi  fiquru istifadəsiz qoymaq yolverilməz idi. Odur ki, 1106-cı  ildə Nizamülmülkün oğlu  və Sultan Səncərin vəziri Fəxrülmülkün təkidli xahişi ilə Qəzzali yenidən müəllimlik fəaliyyətinə qayıtdı və Nişabur "Nizamiyyə"sində dərs deməyə başladı. Bu zaman Xorasanın idarəçiliyi Məlikşahın (1072-1092) oğlu Sultan Səncərin əlində idi (Səncər yalnız 1118-ci ildə bütün Səlcuq imperiyasının sultanı olmuşdu). Qəzzalinin yenidən canlı ünsiyyət vasitəsilə insanların qəlbinə və şüuruna təsir etmək imkanı əldə etdiyini görən əleyhdarları təşvişə düşdülər. Onun məhz bu dövrdə yazdığı "əl-Münqiz min əz-zəlal" və xüsusən "Mişkat əl-ənvar" adlı əsərləri təzə ittihamlar quraşdırmaq üçün bədxahların əlinə çoxlu bəhanələr verirdi. İşin tərsliyindən Qəzzalinin Nişabura gəlişindən heç üç ay keçməmiş, 1106-cı ilin aşura günü Fəxrülmülk  bir ismaili  tərəfindən qətlə yetirildi. Qəzzalinin hamisini itirdiyini görən Nişabur fəqihləri daha da fəallaşdılar. (Atasının yerinə vəzir vəzifəsinə təyin olunan Sədrəddin Məhəmməd ibn Fəxrülmülk ruhanilərlə və bölgənin nüfuzlu şəxsləri ilə münasibətlərini korlamamaq naminə Qəzzalini müdafiə etməyə meyl göstərmirdi). Onlar Qəzzalini gözdən salmaq kampaniyasında ən çirkin metodlara belə əl atmaqdan çəkinmirdilər. Məsələn, onlar Qəzzalinin yuxarıda adı çəkilən iki yeni əsərinə küfr xarakterli əlavə və dəyişikliklər edib icazə adı altında ona imzalatmaq istədilər. Lakin məsələdən duyuq düşən Qəzzali mətni yoxlayıb bədxahların hiyləsini pozdu. Bu saxtakarlığı həyata keçirən şəxs həbs edilib Nişaburdan sürgün olundu. Bu hadisədən sonra daha da azğınlaşan əleyhdarları Qəzzaliyə qarşı qəti mübarizəyə keçdilər və Sultan Səncərin yanına şikayətə gedib tədbir görülməsini tələb etdilər. Yenidən Qəzzalinin gənclik illərində yazdığı "Mənxul" əsəri yada salındı. Qəzzali hənəfilik əleyhinə çıxmaqdan əlavə daha nələrdə ittiham olunmurdu: küfr və dinsizlikdə, saxta hədislər və xəbərlər düzəltməkdə, ismaililərə və filosoflara rəğbət bəsləməkdə, atəşpərəstlikdə!.. Qəzəblənən Səncər müvafiq izahat üçün Qəzzalini hüzuruna çağırtdırdı. Bu hadisə 1109-cu ildə baş vermişdi. Həmin vaxt Sultan Səncərin düşərgəsi Tus yaxınlığında yerləşən Toruğ (indiki Toroq) adlı yerdə idi. Qəzzali də Nişaburdan Tusa doğru hərəkət etdi və İmam Rzanın şəhid olduğu yerdə – Məşhəddə dayandı. Buradan o, Sultan Səncərə bir məktub yazdı. Məktubda o, sultanların yanına getməməyi əhd etdiyini xatırladaraq, düşərgəyə gəlmək istəmədiyini bildirdi. Maraqlıdır ki, bu məktubda Qəzzali ona qarşı sürülən ittihamlara toxunmur, əksinə, Sultan Səncərin özünü və məmurlarını əhaliyə zülm etməkdə, xalqın dərisini soymaqda ittiham edir, onu ədalətli olmağa, dünyəvi hakimiyyətə və maddi sərvətə uymamağa, axirəti düşünməyə çağırır. Fikrimizcə, Qəzzalinin bu cəsarətli hərəkəti bu günün özündə də "Qəzzalinin Məşhəddən göndərdiyi məktub Sultan Səncərin əhvalını dəyişdirdi. İndi o, Qəzzalini cəzalandırmaq yox, özünü görmək və sözünü dinləmək arzusunda idi. Odur ki, bir daha Qəzzalidən düşərgəyə gəlməyi təkidlə tələb etdi. Qəzzalinin "islam hökmdarı"nın əmrinə itaət göstərməkdən özgə çarəsi qalmadı. Düşərgədə böyük hörmətlə qarşılanan Qəzzali Sultan Səncərin hüzurunda  vəzir-vəkillərin, əmirlərin, fəqihlərin qarşısında parlaq bir nitq söylədi. Burada o, artıq deyildiyi kimi, ona qarşı irəli sürülən ittihamlardan yalnız birinə – Əbu Hənifə ilə bağlı ittihama qısaca cavab verdi. Çıxışının əsas hissəsini isə yenə əhalinin ağır vəziyyətinə, ədalət və insafa riayət etməyin zəruriliyinə, hökmdarın və məmurların Allah və xalq qarşısında məsuliyyət daşımasına həsr elədi. Başdan-ayağa nəsihətamiz ruhlu bu çıxış kifayət qədər kəskin və cəsarətli ahənginə baxmayaraq, Sultan Səncərə elə xoş gəldi ki, Tusa qayıdan kimi çıxışın mətnini yazıb ona göndərməyi Qəzzalidən xahiş etdi. Qəzzali hökmdarın bu xahişinə əməl etdi. Əvəzində Sultan Səncər də Qəzzalinin çıxışında səsləndirdiyi xahişi yerə salmadı və əvvəl razılaşmasa da, sonradan onu Nişabur və Tus mədrəsələrində dərs deməkdən azad etdi. Qəzzali ömrünün son çağlarını da guşənişinlikdə keçirdi və 1111-ci ildə doğma Tus şəhərində dünyasını dəyişdi. Onun Sultan Səncərlə görüşü isə ziyalı – hakimiyyət münasibətlərinin parlaq bir nümunəsi kimi tarixdə qaldı.
 
  *  *  *
  Aşağıda biz Qəzzalinin Məşhəddən Sultan Səncərə yazdığı məktubun və Sultanın hüzurunda etdiyi çıxışın mətninin fars dilindən tərcüməsini veririk. Qəzzalinin epistolyar irsi hələ orta əsrlərdə naməlum bir şəxs tərəfindən toplanaraq, "Fəzail əl-ənam min rəsail Hüccətül-islam" adı altında kitab halına salın­mış­dır. Hər iki mətn bu topluda vardır. Lakin biz yalnız Məş­həddən yazılmış məktubu buradakı mətndən tərcümə etmişik. Qəzzalinin Sultan Səncərin  hüzurunda etdiyi çıxışın başqa bir nüsxəsi isə hind alimi Əbu Məhfuz əl-Kərim Mə’sumi tərəfindən Kəlküttədəki Asiya Cəmiyyətinin kitabxanasında saxlanan bir münşəat məcmuəsində aşkar olunmuş  və "İndo İranica" jurnalında (1973, № 4, s. 30-34) dərc edilmişdir. Sonralar həmin mətn Tehranda çıxan "Pəjuheşhaye  İranşenasi" məcmuəsinin XI cildində (Tehran, 1378, s. 31-35) təkrarən nəşr olunmuşdur. Mətnin bu nüsxəsinin daha mükəmməl olduğunu nəzərə alıb biz tərcüməni də həmin mətn əsasında etməyi məqsədəuyğun saydıq.
 
 
 
 

 
QƏZZALİNİN SULTAN SƏNCƏRƏ MƏKTUBU

  Bismillah ər-rəhman ər-rəhim!
 Ulu Tanrı islam hökmdarına1 dünya hakimiyyətindən doyunca bəhrələnmək imkanı versin və axirətdə  elə bir padşahlıq qismət eləsin ki, yer üzünün hökmranlığı ona xırda və əhəmiyyətsiz görünsün. Əsas məsələ axirətdəki padşahlıqdır, çünki yer üzü yalnız məşriqdən məğribə qədər olan ərazini əhatə edir və insanın dünyadakı ömrü əksər hallarda yüz ildən artıq olmur. Və Ulu Tanrının axirətdə bəxş etdiyi padşahlıqla müqayisədə bütün yer üzü bir kəsəkdir və yer üzünün cəmi vilayətləri və nemətləri o kəsəyi təşkil edən toz-torpaqdan başqa bir şey deyil. Elə isə kəsəyin və onun toz-torpağının nə qiyməti ola bilər, əbədiyyətlə və daimi padşahlıqla müqayisədə yüz ilin nə dəyəri var ki, ona sevinəsən?! Odur ki, uca bəxtin, qismətin və əsil-nəcabətin kimi səyini də yüksək elə və ulu Tanrının verdiklərindən əbədi padşahlıqdan özgə bir şeyə qane olma! Buna nail olmaq bütün insanlar üçün çətindir, amma Şərq hökmdarı üçün asandır. Belə ki, Peyğəmbərin  səlləlahu əleyh və alihi və səlləm – buyurduğuna görə, adil hökmdarın bir günlük ədaləti altmış illik ibadətdən üstündür. Əgər müqəddəs və ulu Tanrı sənə başqalarının altmış ildə  nail olduqlarını bir gündə əldə etmək aləti və vasitəsi veribsə, bundan böyük xoşbəxtlik və səadət ola bilərmi?! Dünyanın halını olduğu kimi bil ki, sənin gözündən düşsün. Böyüklər demişlər ki, əgər dünya qalmayan qızıl kuzə, axirət isə qalan saxsı kuzə olsaydı belə, ağıllı şəxs əbədi saxsı kuzəni fani qızıl kuzədən üstün tutardı. Amma iş orasındadır ki, dünya  – fani saxsı kuzə, axirət isə əbədi qızıl kuzədir. Belə olan halda dünyanı axirətdən üstün tutan kəsi necə ağıllı saymaq olar?! Qoy hökmdar bu məsəli yaxşıca anlasın, onun üzərində  düşünsün və həmişə gözü önündə saxlasın!
  Amma bu gün iş o həddə çatıb ki, bir saatlıq ədalət yüz illik ibadətə bərabərdir. Tus əhalisinə rəhm elə, çünki onlar çox zülm çəkiblər. Taxıl soyuqdan və susuzluqdan xarab və məhv olub, yüz illik ağaclar kökündən quruyub. Kəndlilərin bir kürkdən və bir ovuc ac-yalavac ailədən başqa heç nələri qalmayıb. Əgər hökmdaronların çiynindən kürklərinin də çəkilib alınmasına razılıq versə, qış vaxtı çılpaq halda övladları ilə təndirə girməli olacaqlar. Razı olma ki, onların dərisini soysunlar. Əgər hökmdar onlardan bir şey tələb etsə, hamısı qaçacaq və dağların arasında həlak olacaq. Bu həqiqətən, onların dərisini soymağa bərabər olar.
  Bil ki, bu duaçının ömründən əlli üç il 2 keçib, onun qırx ilini müxtəlif elmlər dəryasında dalğıclıq edib və elə bir məqama yetişib ki, onun sözü zəmanə əhlinin əksəriyyətinin anlaya biləcəyi həddən yüksəyə qalxıb.
Mən ömrümün iyirmi ilini şəhid sultanın3 dövründə keçirmişəm. İsfahanda və Bağdadda ondan xoş münasibət görmüşəm,4 bir neçə dəfə sultan ilə əmir əl-mö’minin  arasında böyük işlərlə əlaqədar elçi olmuşam. 5 Mən dini elmlərə dair yetmişə yaxın kitab yazdım, sonra dünyanı olduğu kimi görüb hər şeyi atdım. Bir müddət Beytül-Müqəddəsdə və Məkkədə məskən saldım və İbrahim   Xəlilin – səlavatullahu əleyh  qəbri üstündə əhd elədim ki, daha heç bir sutlanın yanına getməyəcəyəm, sultanlardan heç nə almayacağam, mübahisə və təəssübkeşlik etməyəcəyəm.6 Artıq on iki ildir ki, bu əhdimə sadiq qalmışam. Əmir əl-mö’minin və digər sultanlar məni üzrlü sayıblar. İndi eşitdim ki, uca məclisdən hüzura gəlmək barədə göstəriş verilib. Fərmana əsasən [İmam] Rza – əleyhissalamın məşhədinə gəldim,7 amma Xəlilin qəbri üstündə verdiyim əhdi gözləməkdən ötrü düşərgəyə gəlmədim. Və bu məşhədin üstündə deyirəm ki, ey Peyğəmbərin övladı, havadarlıq elə, ulu Tanrı islam hökmdarını dünya mülkündə öz ata-babalarının səviyyəsindən də yüksəyə qaldırsın, axirət mülkündə isə həm hökmdar, həm də peyğəmbər olmuş Süleyman – əleyhissalamın məqamına çatdırsın! Və ona yardımçı ol ki, Xəlil – əleyhis­salamın qəbri üstündə verilmiş əhdin hörmətini saxlasın, insanlardan üz döndərib qüdrətli Tanrıya üz tutan bir kəsin qəlbini pərişan etməsin!
  Mən belə hesab etdim ki, uca məclisə bu cür yaxınlaşmaq şəxsən və cismən gəlməkdən daha yaxşı və daha məqbul olar. Çünki rəsmi işin bir faydası yoxdur, bu isə ulu Tanrıya yönəlmiş bir işdir. Əgər hökmdar da bunu bəyənərsə, əhsən ona! Yox, əgər bunun əksinə olarsa, onda mən əhdi pozmağın [məsuliyyətini] öz öhdəmə götürmürəm, çünki sultanın fərmanını yerinə yetirməyə məcburam. Gərəkdir ki, fərmana itaət göstərəm. Qoy ulu Tanrı o əzizin dilinə və ürəyinə o şeyləri salsın ki, sabah qiyamət vaxtı ondan xəcalət çəkməsin və bu gün ondan islamda zəiflik və uğursuzluq meydana gəlməsin. Vəssalam.
 
  QƏZZALİNİN SULTAN SƏNCƏRİN HÜZURUNDA ÇIXIŞI
 
  İslam hökmdarı əbədi yaşasın! İslam alimlərinin adəti belədir ki, islam hökmdarlarının məclisinə gəldikdə, dörd şeyi ehtiva edən nitq söyləyərlər: dua, tərif, nəsihət və ehtiyac.
  Amma duanı hökmdar olmadığı zaman demək və xəlvətdə oxumaq açıq-aşkar söyləməkdən üstündür. Belə ki, böyüklər demişlər: "Sakitcə deyilən dua səmimi olar və eşidilər”. Çünki aşkar deyilən şeyə yaltaqlıq və riyakarlıq qarışar. Riyakarlıq rənginə boyanmış söz isə Tanrı hüzuruna yaraşmaz. Və yaltaqlıq qarışmış nitq də hər şeyi eşidənin dərgahında qəbul olunmaz. "Bil ki, xalis din ancaq Allaha məxsusdur”8. Və bu məclisin tərifinə ona görə ehtiyac yoxdur ki, tərif deyən dil və mədh eləyən nitq onun ucalığını bütünlüklə ifadə edə bilməz. Necə ki, gözəllik hədsiz olduqda məşşatənin9  əli işsiz qalar. Günəşin ehtiyacı yoxdur ki, onun ucalığını və parlaqlılığını barmaqla göstərsinlər. Şərəf və fəzilət kamillik həddində olanda, vəsf edənlərin bazarı pozular. Tərifin məqsədi – ucaltmaqdır. Dünyada uca və yüksək olan nə varsa, qullarından ən həqirində belə tapılan bir dərgahı necə ucaltmaq olar?! Yaxud meydanının eyvanı ən qiymətli gövhərlərlə və ən nadir incilərlə bəzənmiş bir sarayı necə zinətləndirmək olar?!
  Amma nəsihət dinin vacib məqamlarından və islamın şərtlərindən biridir. Onun hökmü həzrət Mustafanın – ona salam və salavat olsun! – dilindən yazılmışdır: "Bilin ki, din bir nəsihətdir”. Və o, belə buyurmuşdur: "Ey seçilmiş ümmət və bəyənilmiş zümrə, mən Məhəmməd sizin aranızda iki nəsihətçi qoymuşam. Biri səssizdir, biri danışan. Səssiz olan ölümdür, danışan isə Qur’an». Elə isə, ey hökmdar, bəsirət gözü ilə bax, gör səssiz nəsihətçi sükut dili ilə nə deyir və danışan nəsihətçi söz dili ilə nə söyləyir! Səssiz ölüm belə deyir ki, ey bütün yaradılmışlar, bilin, mən sizdən ötrü pusquda dayanmışam! Mən pusqudan qəfil çıxıram və qabaqcadan heç bir elçi və qasid göndərmirəm. Əgər mənim əməlimin təzahürünü görmək istəyirsinizsə, bəsirət gözünüzü açın, ağıl qulaqlarınızı şəkləyin və bilin ki, mən sizinlə nə edəcəyimi hamınıza demişəm!
  Padşahlar, keçmiş padşahlara baxın;  əmirlər, əvvəlki əmirlərə və vəzirlər, özünüzdən qabaqkı vəzirlərə nəzər salın. Sultan Məlikşah, Alp Arslan və  Toğrul10  Allah onlara rəhmət eləsin! – hal dili ilə fəryad edirlər ki, ey hökmdar və gözümüzün nuru, amandır, amandır, əgər bizim nə vəziyyətdə olduğumuzu, necə qorxunc işlər və təhlükəli hadisələr gördüyümüzü bilsən, rəiyyətindən bircə nəfər belə ac olduğu halda, heç vaxt bir axşam da doyunca yeməzsən və nəinki kimdənsə xəzinə istəməz, hətta özündə olan xəzinəni də saxlamazsan!
  Danışan nəsihətçi isə belə deyir: "Kim dünyada zərrə qədər yaxşı iş görübsə, onun əvəzini görəcəkdir. Kim zərrə qədər pis iş tutubsa, onun cəzasını görəcəkdir”.11 Nə istəyirsənsə, et, zərrə-zərrə onun əvəzini görəcəksən. Bu gün bu dünyanın tarlasında nə istəyirsənsə, ək, sabah onu dəstə-dəstə biçəcəksən. Bir xəbərdə deyilir ki, dünyanın bu iyirmi dörd saatlıq gecə-gündüzünü sabah məhşər vaxtı bəndəyə iyirmi dörd xəzinə şəklində təqdim edəcəklər. Bəndə əvvəl parlaq və nurlu bir xəzinə görəcək və bu da onun Tanrıya itaət və ibadət saatlarından ibarət olacaq; onun ürəyini elə bir sevinc bürüyəcək ki, behiştin səkkiz bağçası bunun  müqabilində dəyərsiz görünəcək; çünki həmin xəzinə ona qüdrət sahibinin inayət, kəramət və razılığının müjdəsini verəcək. "Rəbləri onları öz mərhəməti və razılığı ilə müjdələyər".12 Sonra ona itaət gövhərlərindən və ibadət incilərindən xali, hər cür səadət və kəramətdən uzaq başqa bir xəzinə təqdim edəcəklər və bu da onun günah və xəta saatlarından ibarət olacaq; o zaman onun ürəyini elə qorxu və həyəcan bürüyəcək və canına elə dəhşət və titrəmə düşəcək ki, deyəcək: "Kaş məni heç yaratmayaydılar!”
  Ey hökmdar, çoxlu qoşunlar yığmısan və saysız xəzinələr toplamısan, heç olmasa axirət üçün də bir qoşun və xəzinə düzəlt, qiyamət səhrası üçün ədalət və möminlikdən bir azuqə hazırla; cəhd elə ki, qiyamət məqamına layiq və axirət müddətinə uyğun azuqə və ehtiyat toplayasan. Belə ki, dünyanın müddəti sonlu və məhduddur, axirətdə qalmağın müddəti  isə hüdudsuz. Əgər yeddi asimanın və yerin səthini darı ilə doldursalar və bir quşa ildə onun bir dənəsini götürməyi əmr etsələr, bütün o darı qurtardığı zaman həmən müddətdən heç nə azalmaz. Və elə bir kəs olmaz ki, onun cəhənnəmə yolu düşmə­sin. "Sizdən elə bir kəs olmaz ki, cəhənnəmə varid olmasın".13
  Bir saatı min il bil və beləcə kiminsə cəhənnəmdən çıxması yeddi min ildən sonra baş verər. O da imanını qoruyub saxlamış kəs olar. Bu isə asan məsələ deyil. Bir xəbərdə deyilir ki, iman ağacı Tanrıya itaət arxından su içər, onun kökü ədalətdən və gövdəsi ulu Tanrının zikrindən uzanar, onun budağı sünnət və cəmaət havasında boy atar. Əgər müsəlmanlıq ağacı bu qayda ilə bəslənərsə, nicat meyvəsi verər. "İman gətirib yaxşı işlər görənlərin mənzili firdovs cənnətləri olacaqdır, onlar orada əbədi qalacaqlar…”14
  Ey dövranın padhaşı, "la ilahə illəllah” kəlməsi daim dilində olsun və onu elə de ki, heç kəs eşitməsin. Ovda, məclisdə və təklikdə bir saat da bu zikrdən uzaqlaşma, qoy bu minvalla iman ağacı ürəyinin palçığında və canının torpağında kök salsın!
  Şəriət sahibinin15 – ona salam və salavat olsun! – hökmü bu cümlədə əksini tapmışdır: "Siz hamınız çobansınız və hamınız sürüdən ötrü məsuliyyət daşıyırsınız”. Elə ki səni haqq-hesab meydanına apararlar, rəiyyətin işlərindən soruşub deyərlər: "Ey Məlikşahın oğlu, Biz aləmin qaymağı və kainatın xülasəsi olan "la ilahə illəllah, Məhəmməd rəsulallah” əhlini sənə tabe etdik, onların işlərinin cilovunu sənin əlinə verdik. Sənin tövləndə bir neçə baş at və qatır var idi, bütün səyini o əhəmiyyətsiz heyvanlara qulluq göstərməyə sərf etmişdin və harada daha yaşıl çəmənlik, daha şirin su və daha təmiz hava vardısa, onları orada otarırdın. Amma bizim seçilmiş bəndələrimizdən və bəyənilmiş aşiqlərimizdən bixəbər idin. Biz demişdik ki, Bizim yanımızda mömin bəndənin hörməti Kə’bənin hörmətindən çoxdur. Nə üçün onları heyvanlardan aşağı tuturdun?! Sənin atlarının və qatırlarının boynu-başı qızıl bəzəklərdən  az qala sınırdı, amma sənin rəiyyətin olan Bizim seçilmiş bəndələrimiz sənin məmurlarının zülmündən yun cübbəni, saxsı kasanı və arpa çörəyini güc-bəla ilə tapırdılar”. Ey islam hökmdarı, bu suala nə cavab verəcəksən?! 
  Ömər ibn əl-Xəttab16 – Allah ondan razı olsun! – həyatını elə keçirmişdi ki, əgər bir yoxsulun keçisi qaranlıq gecədə itirdisə, ayaqyalın onu axtarmağa qaçırdı və deyirdi: "Əgər keçi vadinin içərisində itərsə və axtarılmazsa, mən qiyamət günü ondan ötrü məsuliyyət daşıyaram”.
  Əshabələrdən biri ölümündən on iki il sonra onu yuxuda görmüşdü. O, yuyunub ağ libas geyinmişdi, sanki bir işi görüb qurtarmışdı. Əshabə soruşmuşdu: "Ya əmir əl-möminin, Allah-təala səninlə nə etdi?!” Ömər demişdi: "İndiyə qədər haqq-hesab əzabında və məzəmmət hədəfində idim. Nə böyük xətalarım varmış! Əgər Allah-təalanın kərəmi olmasaydı, Ömərin əzabı bitib-tükənməzdi”.
  Ey islam hökmdarı, möminlərin halı belə olduğu təqdirdə, qafillərin və zalımların halı necə olar?! Bütün hökmdarlara və sultanlara verilən nəsihətin sözü uzun olar, islam hökmdarına verilən nəsihət isə qısa. Öz atanın xasiyyətini gözünün önündə saxla, babalarının davranışını öz əməllərinin aynasına çevir! Əgər sənə desələr ki, atan filan kənddən on dirhəm alırdı, sən on bir al o zaman de: "Artıq niyə almalıyam? Bunun yalnız iki səbəbi ola bilərdi: atam ya yaxşı ad qazanmaq istəyirmiş, ya da Allah-təaladan qorxurmuş. Mən isə həm yaxşı ad qazanmaq istəyirəm, həm də Allah-təaladan qorxuram”. Əgər sənə desələr ki, sənin vilayətinin filan yerində bir yəhudi yaşayır, onu oradan çıxart, o zaman soruş: "Atamın vaxtında o harada yaşayırdı?” Əgər desələr ki, onun vilayətində, onda söylə: "Nəcabətli oğul şərəfli ata-babalarının yolu ilə gedər. Mən nə üçün atamın qoyduğu qaydadan dönməliyəm?” Kim xeyirxah atasının yolundan çıxarsa, onun üzünə ağ olmuş olar və atanın üzünə ağ olan behiştin ətrini duymaz. Kim səni ata-babana dönük çıxmağa dəvət edirsə, şübhəsiz, sənin düşmənindir.
   Ey hökmdar, Allah-təalanın nemətinə şükr elə! Nemət isə dörd şeydən ibarətdir: doğru iman, pak etiqad, yaxşı xasiyyət və saleh əməl. Sonuncu sənin seçiminlə olur, qalan üçü isə Allah-təalanın hədiyyəsi kimi verilir. İndi ki, Allah-təala hədsiz səxavəti sayəsində o üç böyük hədiyyəni sənə bəxş edib, sən də yaxşı əməldən ibarət olan bu birini özündən əsirgəmə! Əgər o üç neməti dilinə gətirməsən, Allah-təalaya naşükürlük etmiş olarsan.
  Ey ayaq üstə dayanan, xidmət meydanında və bəndəlik məqamında hazır duran xoşbəxt əmirlər! Əgər bu dünyadakı xoşbəxtliyi o dünyadakı səadətlə birləşdirmək istəyirsinizsə, gərək uğur qapısını uğursuzluq qapısından fərqləndirəsiniz. Bilin ki, sizin iki padşahınız var: biri Xorasan padşahı,17 biri də yerin və asimanın padşahı. Sabah qiyamət günü sizin hamınızı haqq-hesab meydanına çəkəcəklər və qüdrətli dərgahdan heybətli səs gələcək ki, mənim nemətimin əvəzini necə qaytarmısınız? Padşahların ürəyi Allahın xəzinəsi və ilahi əmanətin dəfinəsidir. O, bu su və torpaq aləmində hər şeyi – mərhəmət və qəzəbi, ədalət və zülmü, sıxıntı və rahatlığı, asanlıq və çətinliyi hökm­dar­ların ürəyi vasitəsi ilə meydana çıxarır. Allah-təala deyəcək ki, mən öz xəzinəmi siz əmirlərə tapşırdım və sizin dilinizi o xəzinənin açarı etdim; deyin görüm, mənim əmanətimi qorudunuz, yoxsa xəzinəmə xəyanət etdiniz? Və yəqin bilin ki, kim bir məzlumun halını hökmdardan gizlədirsə, bir müsəlmanın başına gələni məxfi saxlayırsa, Allah-təalanın xəzinəsinə xəyanət etmiş olur və sabah qiyamət günü xainlərlə bir cərgədə dayanacaq. Elə isə hamınız qulağınızı açın və bilin ki, bu dünyadakı məcazi uğur ötəri, qiyamətdəki xəcalət və peşman­çılıq isə daimidir.
  Gəlib çatdıq ehtiyacın ərz olunmasına. Bu biçarənin iki ehtiyacı var: biri ümumidir, digəri şəxsi. Ümumi ehtiyac odur ki, Tus əhalisi zülmdən və vacib olmayan vergilərdən ətrafa dağılışıb. Bu il quraqlıqdan taxıl məhv olub, ağaclar quruyub və hamı çarəsizlik həddində qalıb. Onlara rəhm elə ki, Allah-təala da sənə rəhm eləsin. Möminlərin beli və boynu  bəla yükünü və möhnət ağırlığını çəkməkdən sındı. Sənin atlarının və itlərinin qulağı və boynu isə az qala qiymətli bəzəklərin ağırlığından sınır. Yerdə olana rəhm elə ki, səmada olan da sənə rəhm eləsin.
  Şəxsi ehtiyacım odur ki, mən biçarə on iki il bir guşədə oturub insanlardan üz döndərmişdim. Fəxrülmülk18 məni vadar edib dedi ki, sən Nişabura getməlisən. Dedim ki, bu dövran mənim sözümə tab gətirmir. Belə ki, bu zəmanədə kim haqq sözü deyirsə, daş-divar onun əleyhinə qalxır. Dedi ki, islam hökmdarı ədalətlidir, mən də işimin çoxluğuna baxmayaraq, sənə yardım və kömək etməyə çalışaram.
Bu gün elə sözlər eşidirəm ki, əgər yuxuda görsəydim, deyər­dim bu, qarışıq bir yuxudur. Şübhə yoxdur ki, bu qərib biçarənin sözlərində çətinliklər çoxdur və hər kəsin ağlı onları dərk edə bilmir. Bu da sözlərin dolaşıqlığı və mənaların mürək­kəbliyi ilə bağlı deyil, əksinə, zəmanə əhlinin idrakının zəifliyinin və duyumunun kütlüyünün nəticəsidir. Mən dediyim bütün çətin və mürəkkəb məsələləri kimin qarşısında əmr olunsa, şərh etməyə hazıram və bu mənim üçün asan bir işdir.
  Amma mənim guya İmam Əbu Hənifəyə19 – Allah ona rəhmət eləsin! – tənə etməyim barədə danışılan sözlərlə heç cür razılaşa bilmərəm. And olsun tələbkar, qabiliyyətli, hər şeyi bilən, əzəmətli və əbədi Allaha ki, ondan başqa Allah yoxdur – mənim əqidəmə görə, İmam Əbu Hənifə – Allah ona rəhmət eləsin! – fiqh mənalarının incəliklərində və halal-haram məsələlərində Mustafa20 - səlləllahu əleyh və səlləm! – ümməti içərisində ən dərin biliyə malikdir. Kim mənim fikrim və ya yazdıqlarım haqqında bundan özgə bir söz desə, yalan söyləmiş olar. Mənim məqsədim budur ki, bu bir kəlmə məlum olsun.
  Ən başlıca şəxsi istəyim odur ki, məni Nişabur, Tus və digər yerlərin mədrəsələrində dərs deməkdən azad edəsiniz və mən bir guşəyə çəkilə bilim. Çünki bu zəmanə mənim sözümə tab gətirmir – insanlar mənə görə günaha batırlar, mən biçarə də onların dediklərindən inciyirəm. Və salam olsun doğru yolla gedənlərə!
 
  QEYDLƏR VƏ ŞƏRHLƏR:

1.  "İslam hökmdarı" və "Şərq hökmdarı" deyildikdə, Sultan Səncər nəzərdə tutulur.
2.  Qəzzali hicri tarixi ilə 450-ci ildə anadan olub və məktubun yazıldığı 503-cü ildə həmin tarixlə 53 yaşı vardı.
3. Səlcuq hökmdarı Məlikşah (1072-1092) nəzərdə tutulur. İsmaililər tərəfindən zəhərlənib öldürüldüyü üçün belə adlandırılmışdır.
4. Qəzzali Nişaburda təhsilini başa vurduğu 1085-ci ildən Bağdad "Nizamiyy"sinə getdiyi 1091-ci ilə qədər Məlikşahın düşərgəsində olmuşdur. Burada çox güman ki, Qəzzalinin Bağdada getməzdən öncə  Sultanla birgə İsfahanda olmasına və Bağdada getdikdən sonra Sultanın da Bağdada  gəlib bir neçə ay orada qaldığı dövrə işarə olunur.
5. "Əmir əl-mö’minin" dedikdə Bağdad xəlifəsi nəzərdə tutulur. Qəzzalinin elçilik missiyaları da onun Məlikşahın düşərgəsində olduğu dövrə təsadüf edir.
6. Burada 1095-1106-cı illər arasında Qəzzalinin yaşadığı ruhi təbəddülat və mənəvi axtarışlar dövründən söhbət  gedir. Həmin müddətdə müəllimliyi tərk edən Qəzzali Həcc ziyarətində, Suriyada, Fələstində və Misirdə olmuşdur. İbrahim peyğəmbərin "Türbəti-Xəlil" adı ilə məşhur olan qəbri Qüdsün cənub-şərqində yerləşən bir kənddədir. Qəzzali orada 1095-ci ildə olmuşdu.
7. Şiələrin səkkizinci imamı Rza 818-ci ildə Tus yaxınlığındakı Sənabad kəndində öldürülmüş və orada dəfn olunmuşdu. Odur ki, həmin yer "məşhəd", yəni şəhidlik məkanı adı ilə tanınırdı. Məşhəd şəhəri də həmin kəndin yerində salınmışdır.
8. Qur’ani-Kərim. "Zumər" surəsi, 3-cü ayə.
9. Məşşatə  qadınları, o cümlədən gəlini bəzəyən şəxs.
10. Məlikşah (1072-1092), Alp Arslan (1063-1072) və Toğrul bəy (1040-1063) – Böyük Səlcuq sultanları, Sultan Səncərin atası, babası və ulu babası.
11. "Zəlzələ" surəsi, 7-8-ci ayələr.
12. "Tövbə" surəsi, 21-ci ayə
13. "Məryəm" surəsi, 71-ci ayə 
14. "Kəhf" surəsi, 107-108-ci ayələr
15. Məhəmməd peyğəmbər nəzərdə tutulur.
16. Raşidi xəlifələrdən ikincisi Ömər bin əl-Xəttab (634-644).
17. Xorasan padşahı, yəni Sultan Səncər
18. Fəxrülmülk – məşhur vəzir Xacə Nizamülmülkün oğlu, Sultan Səncərin vəziri. 1106-cı ildə ismaililər tərəfindən öldürülüb.
19. İmam Əbu Hənifə (699-767) – hənəfi məzhəbinin banisi.
20. Mustafa, yəni Məhəmməd peyğəmbər.