Biz imzaları yox, əsərləri dərc edirik...

Sükutun qətli – Vaqif Sultanlı yazır
249
24 Sentyabr 2018, 10:02
 Artkaspi.az Vaqif Sultanlının "Sükutun qətli" adlı essesini təqdim edir:
Cavanşir Yusifliyə

 
                                                   
                                
  Sözdən əvvəl sükut vardı...
 Ancaq sükutun varlığı sözün yaranışından sonra bəlli oldu. Söz olmasaydı, sükutun nə olduğu bilinməyəcəkdi bəlkə... Bu anlamda sükutun yaşı sözün yaşından böyükdü...
 Sükutun səsi – sözün səsindən güclüdü, amma nə yazıqlar ki, bunun fərqinə varılmır. Çünki bəzən sözlə deyilməyənlərin sükutla deyildiyi, sükutun sərhədinin sözün sərhədindən qat-qat hüdudsuz olduğu unudulur. 
 Söz – sükutun içərisində əriyən fikir qədər qəlbə yol tapmır. Bəlkə bu səbəbdəndir ki, həyatın, varlığın təməlində dayanan sevgi çox zaman sözlə deyil, sükutla ifadə olunur. Sükutun dilini anlamadıqlarından sevgini sözə çevi­rənlər özləri də bil­mədən bu ilahi duyğunu zədələmiş olurlar.
 İnsan müdrikləşdikcə ruhunu bulandıran düşüncələrdən qopmaq, səssizliyin sehrinə, asudəliyinə sığınmaq istəyir. Çünki ruhu sükutun dərinliyində sayrışan mənalar qədər heç bir şey ovundura bilmir.
 Kim bilir, insan sözə sahib olmasaydı, insan olmazdı, ancaq bununla belə insanın söz qədər, bəlkə sözdən də artıq sükuta ehtiyacı var. 
 İnsan söz yaddaşından savayı sükut yaddaşına da malikdir. Ancaq sükutun yad­daşında yuvalananlar sözün varlığı qədər sezilmir.
 Məqamında çökülən sükut bəzən etiraz kimi səslənərək həyatın rəng­sizliyinə, sevgisizliyinə, dünyanın ədalətsizliyinə meydan oxuyur.
 İnsanın əzabları, ağrıları üzünün, çöhrəsinin bərkimiş sükutunda yaşayır. Bir ömrün nişanəsi olan bu naxışları sözün dililə anlatmaq mümkün olmur. 
 Əsrlər boyu zəmanəsinin haqsızlıqlarına boyun əyməyən nə qədər fikir sahibinin sözə xəyanət etmək istəmədiyindən sükuta dalmağa məcbur olduğu məlumdur. 
 Dahi bəstəkar Üzeyir Hacıbəyli sovet siyasi rejiminin ən qəddar dönəmlərində yazmadı. Onun səssizliyi sonralar "Koroğlu” operasında dəli fəryada çevrildi. Bu əslində azadlığa təşnəliyin, əsarətlə, köləliklə barışmazlığın, illərlə bo­ğulmuş sükutun püskür­tüsü idi.
 Amerikalı nasir, "Çovdarlıqda uçurumdan qoruyan” romanının yazarı Cerom Selincer isə yaradıcılığının ən qaynar dönəmində səbəbini söyləmədən ədəbiy­yatdan çəkildi, ömrünün sonuna qədər yazmadı. Susmaqla dünyanın diq­qətini özünə çəkdi, bundan sonra deyə biləcəkləri sükutun sonsuzluğunda qeyb oldu.
 İnsanın yaranışından bu yana yer üzündə zaman-zaman sükutun hörü­yündən asılaraq intihar edən saysız-hesabsız həqiqətlər məzarlanır. Söz yarım­həqiqətlər cazibə­sində fırlanarkən dünyanın taleyini dəyişə biləcək amansız həqiqətlər sükutun dibsiz­liyinə yuvarlanır.
 
 

 Sözün, səsin eşidilməməsi, ya bəlkə eşidilməzlikdən gəlinməsi neçə-neçə fər­yadı sükutun ənginliyinə sürükləyir.
Çox zamansa dinləyəni deyil, anlayanı olmadığından söz səssizləşərək sükuta çevrilir. Sükuta çevrilincə təkcə sözün deyil, sükutun da anlamaq dərdilə sızla­dı­ğı aşkar olur.
 Söz dəyirmanında üyüdülməyə, yaxud üyüdülməsi mümkün olmayan fikir­lər sükutun kirkirəsinə təslim edilir.
 Söz bitir, sükut isə bitmir... Sükut insanı düşüncələrə çəkməklə sözün yenidən doğuşuna təkan verir. 
 Söz sükuta möhtacdır; çünki sükutun dərinliyində heç bir məntiqlə təkzib olun­mayan dəlillər gizlənir.
 Bəzən söz tünlüyündə sükut özünə yer tapmadığından dağılır, üstünə yeri­yən yalanların həmləsindən yayınmaq üçün qınına çəkilərək yox olur.  
 
 
 

 Ən kədərlisi budur ki... 
 Nə zamansa yer kürəsi məhv olacaq və dağılan dünya ilə birgə insana məxsus dəyərlər – sözlər, səslər bitəcək və hər şey əbədi sükuta qərq olacaq... 
 Ancaq təəssüf ki, o zaman qalaktikanın boşluğunda bu nəhəng sükutun səsini dinləməyə bir kimsə olmayacaq...
 
 24 sentyabr 2018