Biz imzaları yox, əsərləri dərc edirik...

Şübhə zənciri – Fərid Hüseyn yazır
1522
21 Yanvar 2019, 08:58
 Artkaspi.az Fərid Hüseynin Lev Tolstoyun "Anna Karenina” romanı barədə "Ağlın toxluğundan qəlbin aclığına" adlı yazısının növbəti hissəsini təqdim edir:
 
 
 
 
 
 
 

 Şərtlər
 
 
 Nədənsə boşanmanın ağır şərtlərini, faciəli nəticələrini daha çox Aleksey Aleksandroviç düşündürür. O, boşanmanın sadə bir şey olmadığını, dini və ictimai cəhətdən necə mürəkkəb prosedur olduğunu dərindən dərk edir: 
 * Kilsə qanunlarına görə Anna Aleksey Aleksandroviç sağ olduğu müddətdə Vronski ilə nikaha girə bilməz. Nikahsız ailəninsə dağılmaq ehtimalı olduqca çoxdur.
 * Nikahsız qadın bir müddət sonra Vronskidən də ayrıla və başqa biri ilə münasibət qura bilər. Bu isə Annanın növbəti faciəsi olar.
 * Aleksey övladını Annaya etibar edə bilməz, bu cəmiyyətin qaydalarına da zidd addımdır. Övladın ortalıqda qalması da ayrı bir faciədir.
 Tolstoy bu düşüncələrin fonunda kilsə qanunlarının iç üzünü açır, göstərir ki, iki insanın yerinə kilsə əbədiyyən qərar verir – onların bütün gələcək düşüncələrinə kilsənin sərt qanunları cavabdehlik edir. Amma insan aylar, illər ərzində dəyişən, başqalaşan varlıqdır. İnsan bu gün dəlicəsinə sevdiyinə sabah eyni şiddətlə nifrət də bəsləyə bilər, bu gün böyük hisslərlə bağlandığı bir adama sabah dünyanın ən yad adamı da olar. İnsanlar fərqli olduğu üçün dini qaydalar sərt olmamalıdır ki, insanlar onlara uyğunlaşa bilsinlər. Qaydalar, ehkamlar xarakterlərə uyğun olmur, amma o qaydaları pozmaq, onları tapdamaq məhz xarakterlərin xüsusiyyətinə görə olur. Annanı və Aleksey Aleksandroviçi məhəbbətsiz həyata qatlaşmaq ağır duruma saldığı kimi, o yaşamdan qopmaq da çıxılmazlığa salıb. Onlar ayrılmaq üçün çox böyük çətinliklərdən keçməlidirlər. 
 Kilsə nikahının qaydalarına görə İnsan öz arzularına çatmaq üçün daim dinin, cəmiyyətin gözündən yayınmalıdır. Və əgər insan düşdüyü vəziyyətdən asılı olaraq istədiyini edirsə, könlünün diktəsinə əməl edərkən xoşbəxtdirsə, onda nəzərdən yayınmaq, bu gizlənqaç oyunu, riyakar kimi daldalanmaq nəyə və kimə lazımdır? Müəllif bu çıxılmaz qaydaları, onlardan asılı insanları göstərməklə kilsə qanunlarının xəyanətə sövq etməsini, məhkum olunmuş insanların daha ağır günahlara batdığını göstərir.
 
 
 Şübhə zənciri
 
 
 Əsərdəki Levin obrazı şübhəcildir, o, Allaha tam mənada inanmır, eyni zamanda, qəlbini Yaradansız təsəvvür eləmir. O, kilsədə tövbədə edəndən sonra atdığı addımın doğru olduğunu anlamır. O etiraf edir ki: "mənim ən böyük günahım şübhədir”. Bu şübhə təkcə dinə, Allaha qarşı deyil, həm də məhəbbətə qarşıdır. Kiti onunla ailə qurmağa razı olandan sonra Levin şübhə edir ki, bu qız niyə görəsən mənimlə evlənməyə qol qoydu? O, Kitiyə deyir: "Mən daim düşünürəm ki, sənə layiq deyiləm, sən mənimlə evlənməyə razılıq verə bilməzdin”. Levin Kitinin dəyişməsini qəbul edə bilmir, o düşünür ki, insanın qəlbindəki keçmiş məhəbbət heç vaxt silinmir, o, yatmış bir vulkan kimidir, bu gün dinc, sakit görünə bilər, amma haçansa yenidən püskürməsi də gözləniləndir. Unutmaq həm də yaddaşa xəyanət əlamətidir. Levinin qəlbindəki şübhənin əsas özəyi başqasını (Vronskini) unudan bir adam məni də unudar qənaətindən doğur. Çünki Kitinin məhəbbəti həqiqi məhəbbətdir. Çünki Kiti sadədildir, onun qəlbi ağır hisslərlə, beyni düyünlü fikirlərlə dolu deyil, ona görə də yenidən sevmək onun üçün Levinə nisbətdə asandır. Tolstoy Kitinin toy ərəfəsindəki ruhi halını belə təsvir edir: "O, bu adamla birgə həyatdan kənarda heç bir şey düşünə və heç nə arzu edə bilmirdi, lakin bu yeni həyat yox idi və o, bu həyatı hətta aydın sürətdə təsəvvür edə də bilmirdi. Yalnız bir şeyin – yeni və naməlum həyatın ona necə qorxu və sevinc gətirəcəyinin intizarındaydı”. Kiti özünü məhəbbətin qoynuna atıb, o sonunu görmədiyi gələcəklə məmnundur, çünki o, hamıya oxşayır. Kitinin məhəbbəti xalqın məhəbbəti kimidir. Levinsə aqibət sevdalısıdır, onu məhəbbətin gələcəyi düşündürür, ona görə də qəlbində şübhələrə meydan verib.
 Daim qəlbi şübhələrlə çırpınan Tolstoy Levin obrazında özünü yazıb, Kiti isə Tatyana Tolstoya obrazına yaxındır. Əsərdəki Levin-Kiti xətti məhəbbətə daha çox zəkanın qüdrəti ilə çatmağı simvolizə edir.
 
 
 
 
 
 
 

 Nə üçün?
 
 
 Əsərin beşinci hissəsində məlum olur ki, artıq Anna Karenina və Vronski Avropanın bir sıra şəhərlərini gəzib, İtaliyadakı kiçik bir şəhərində məskunlaşıblar. Məni düşündürən başqa  məsələdir: nə üçün Tolstoy Annanın evdən və oğlundan ayrılması səhnəsini təsvir etmir? Axı Tolstoy kimi təsvir ustası Ananın uşağından, sevimli evindən, əvvəlki həyatından ayrılması səhnəsini canlandırmalı idi. Əgər həmin səhnələr təsvir edilsəydi, Annanın xarakteri, kimliyi daha dərindən açılardı. Tolstoy Anna Kareninanın Vronski ilə sevişmə səhnəsini də təsvir etmir. Bəs, nə üçün? Müəllif yataqda cismini başqasına təslim edən Annanı, oğlunu atıb gedən Annanı təsvir etmir. Çünki əgər təsvir etsəydi, bizdə – oxucularda bu qadına qarşı ikrah hissi yaranardı. Sanki gözümüzlə o hadisələri görmüş olardıq. Əgər əsərin əvvəlindən, yaxud ortasından əsərə adı verilmiş qəhrəmanın ruhundan iyrənsəydik, biz onun vaqiəsini sona qədər öyrənmək istəməzdik. 
 İkinci bir məsələ, Anna Kareninanın zahılıq qızdırması keçirməsi – ölümün astanasına gəlməsi, bağışlanmaq istəməsi kimi təsirli səhnədən sonra onun düşdüyü acınacaqlı ruhi vəziyyət bizə tam aydın olur. O cür ruhi haldan sonra müəllif Annanı övladını atan qadın görkəmində təsvir etmir. Doğrudur, müəllif sonra Annanın günlərlə oğlunu xatırlamadığını yazır, amma bunu nəqli yolla çatdırır, gözümüzlə gördüyümüz hadisə kimi canlandırmır. Əgər əksi olsaydı, biz oxucular Annanın ruhundan iyrənərdik. Əsərin mahiyyətində isə həm də bir qadının ruhi faciəsi dayanır...
 
 
 Mühit
 
 Anna və Vronski Avropaya köçəndən sonra mühit onların xarakterinə təsir edir. Onlar çalışırlar ki, ruslarla görüşməsinlər, çünki ərini atmış bir qadının və onu özüylə gətirmiş bir kişinin vaqiəsi ruslar üçün qəbuledilməzdir. Və onlar həmyerlilərinə əməllərinin izahatını vermək istəmirlər, elə yerlərə gedirlər ki, orada ruslara rast gəlməsinlər. Anna İtaliyada dəyişir; sevinc içində yaşayır və ərini bədbəxt etməsi onu narahat etmir. O pis iş gördüyünün fərqindədir, amma ruhən sakitdir. Tolstoy onun ruhi halını belə təsvir edir: "Ərinə etdiyi pisliyi xatırlayarkən Annanı ikraha bənzər bir hiss bürüyürdü, sanki bir adam boğularkən ondan yapışmış başqa birisini itələyib özündən ayrıldıqda necə həyəcan keçirirsə, Anna da özünü elə hiss edirdi”. 
 
 
 
 
 
 

 Anna evdən ayrılanda isə onun beyninə başqa bir təsəlliverici fikir də dolmuşdu, ona görə daxilən çox toxtaq idi. O düşünürdü: "Mən bu adamı qaçılmaz bədbəxtliyə düçar etmişəm, lakin mən bu bədbəxtlikdən istifadə etmək istəmirəm, mən əzab çəkirəm və çəkəcəyəm, mən çox qiymət verdiyim bir şeydən məhrum oluram – mən namuslu adımdan və oğlumdan məhrum oluram. Mən pis iş görmüşəm və buna görə də xoşbəxt olmaq istəmirəm, boşanmaq istəmirəm, bədnam olduğum və oğlumdan ayrıldığım üçün həmişə əzab çəkəcəyəm”.
Anna ərini tərk edəndə əvvəlcə əməllərinə bəraət qazandırır, hesab edir ki, o, bu həyatı seçib və atdığı addıma görə də cavab verir. Amma İtaliyaya köçəndən sonra vaxt ötdükcə onun qəlbindən iztirab hissi sıyrılıb gedir: o, qızına o qədər çox bağlanmışdı ki, oğlu heç yadına da düşmürdü və Vronskiyə olan sevgisi ona bədbəxtliklərini unutdurmuşdu. 
 Bəs, Tolstoy nə üçün qəhrəmanını bu qədər dəyişir və biz öz iztirabını dərk edən bir qadın kimi bəhs etdiyimiz Annanı Avropaya köçəndən sonra tanıya bilmirik və yaxud onun haqqında başqa şeylər yazmaq məcburiyyətində qalırıq? Tolstoy insanın düşdüyü mühitdən, fərqli ovqatdan asılı olaraq dəyişdiyini göstərir, obrazı müqəddəslikdən, ideallıqdan xilas edir. Müəllif göstərir ki, həyat və insan dəyişkəndir. [1] Anna məhəbbət simvolu deyil, o, bizlərin deyil, özünün qəhrəmanıdır. təhlilçi Annanı həyatla həmahəng edir. Və beləcə, Annanı sevən oxucu mühiti, ittiham edən oxucu isə insanı qınayır. Beləcə, Anna həm ittiham edənlərin, həm də onu sevənlərin qəhrəmanına ("qəhrəmanı”na) çevrilir. 
 
 
 

 [1] Mühitin, vəziyyətin və dini düşüncənin təsiri ilə obrazların və situasiyaların dəyişməsini bu əsəri təhlil edərkən (süjetli təhlil) əsas metod seçdik. Situasiyaları ardıcıllıqla – süjet üzrə təhlil etdik ki, dəyişən situasiyaları və xarakterləri onların haldan-hala, mühitdən-mühitə düşmələrinə uyğun düzgün analiz edək və beləcə, bizim də qənaətlərimiz əsərlə həmahəng dəyişsin. Belə olduğu təqdirdə əsər haqqında yekun rəy formalaşmır və təhlillər də əsər kimi süjet qazanır və daim yozuma açıq olur. Sanki analiz mətninin özü də bədii əsərə çevrilir, onunla qoşa addımlayır, eyni ruhi-psixoloji labirintlərdən keçir.