Biz imzaları yox, əsərləri dərc edirik...

Stalinin rəğbət bəslədiyi, Hitlerin nifrət etdiyi diktor
3179
21 Noyabr 2019, 09:13
  Yuri Levitan 19 yaşında ölkənin əsas aparıcısına çevrilmişdi.
  "Danışır Moskva, Sovet İttifaqının bütün radiostansiyaları işləyir…” Bu sözlərlə on illər ərzində ölkənin bütün vacib məlumatları başlayırdı. Bu sözlər təvazökar, diktorluq sahəsində böyük peşəkarlıq əldə edən Yuri Levitan tərəfindən səslənirdi. 105 illiyi qeyd edilən, tərcümeyi-halından az adamın xəbərdar olduğu əfsanəvi diktor haqqında bu gün də maraqlı faktlar üzə çıxır.
 
  "Qovorit Moskva”
  Yuri Levitan Vladimir şəhərində, dərzi ailəsində anadan olub.  Əsl adı və soyadı Yudka Verkoviçdir. Ailənin milliyyəti həm görünüşü, həm də adı ilə məşhur idi. Yəhudi qonşuları hamı sevirdi. Oğlan sıx qıvrım saçlı, balacaboy və çəlimsiz idi. Məktəbdə çox zəif oxuyurdu. Yuri gənc yaşlarından həmyaşıdları arasında səsi ilə fərqlənirdi – qonşular ondan uşaqlarını evlərinə çağırmağı tez-tez rica edərdilər. Levitanın səsi hətta çayın kənarında belə eşidilə bilirdi. Sonralar xatırlayırdı: "Klyazmanın bir sahilindən o birinə oğlan və ya qız çağırmaq lazım gələrdisə mənə müraciət edərdilər: "Gəl, Yura, qışqır!” Bütün bunlar mənim istedadım idi”.  Adi vaxtda da yüksək səslə danışan Yura bütün qonşuların sevimlisi idi. Onun çoxlu dostu vardı və uşaqlığını xoşbəxt keçirirdi.
17 yaşında Moskvaya gələn Levitan Kino İnstitutunda oxumağı arzulayırdı. Məqsədyönlü gənc uşaqlıqdan həyatını kino sahəsi ilə bağlamağı xəyal edir, şöhrət arzulayırdı. O istəyirdi ki, küçədə görənlər ona tərəf qaçıb avtoqraf istəsinlər. 
  Məktəbi bitirdikdən sonra Levitan Moskvaya gəlir və komissiya tərəfindən seçim mərhələsindən keçmir. Yuri Borisoviç sınaqda aktyor kimi fərqlənmir – qısa boylu, fiziki cəhətdən incə, özünəməxsus ləhcəsi və s. xüsusiyyətlər aparıcının aktyor kimi parlamasına mane olur. Amma bu, onun üçün həyatın sonu deyildi. Əgər taleyin özü onu radio işində sınanmağa vadar etməsəydi, bəlkə də dünya Levitanı heç vaxt tanımayacaqdı. 
  Günlərin birində o, təsadüfən bir dostu ilə diktor müsabiqəsinin elanını görür. "Alpinistlər üçün yarışma olsaydı, biz də gedərdik” deyə Levitan düşünür.
  Levitanın əsas problemi ləhcəsi ilə bağlı idi. Onun qarşısında şərt qoydular. Bunun öhdəsindən tez gəlmək üçün oxuduğu mətnləri düzəltdi: o, kağızdakı bütün "o”ları karandaşla "a” ilə əvəz etdi: "Qovorit Moskva”. Bir neçə ay ərzində sınaqların öhdəsindən gələ bildi. Əlbəttə, seçim komissiyası əvvəlcə oğlanı ciddi qəbul etmədi. Komissiya qarşısında idman geyimində və anlaşılmaz bir saç düzümü olan gənc göründü. Üstəlik, onun regional ləhcəsi vardı. Bununla belə, Levitanın səs tonu mütəxəssisləri təəccübləndirdi – o qədər aydın, güclü və gözəgəlimli idi ki, bənzərsiz nadir tembri hamını heyran etdi. O, dərhal Radio Komitəsində təcrübə keçmək təklifi aldı. 
  Yuri Borisoviç işə qəzetsatan və məşhur diktorlar üçün qəhvə dəmləyən kimi başladı. Bu işi gündüzlər görürdü. Gecə saatlarında onun tələffüzü üzərində işləmək üçün saatlarla vaxt sərf olunurdu. O, əlinə keçəni oxuyurdu – nəsr, şeir, xəbər...
  Ölkənin gələcək aparıcısı metodik olaraq şimal rus ləhcəsindən yaxa qurtardı və zəngin təbii səsini inkişaf etdirdi. O, səsini daha da qəşəng, melodik və cəlbedici etməyi bacardı. Tədricən onu gecə efirlərinə buraxmağa başladılar. Levitan dövri nəşrlərin son saylarını oxuyurdu ki, ölkənin ucqar bölgələrinin sakinləri ilk dəfə Moskvanın ən vacib xəbərlərini eşidə bilsinlər.
 
 

  Ölkənin əsas səsi
  Həyat vəsiqəsini Levitana şəxsən Stalin vermişdi. 1934-cü ilin yanvar gecəsində dövlət başçısı öz kabinetində radioda Levitanın ifasında "Pravda” redaksiyasının məqaləsinə qulaq asdı. Yuri adəti üzrə günün xəbərlərini diqqətlə oxuyurdu. Bu an o, bilmirdi ki, həmin dəqiqələrdə ölkə başçısı gecə verilişinə qulaq asır. Amma hamıya məlum idi ki, dövlət başçısı gecələr radioya qulaq asa-asa işləyir. Və Levitanın inamlı, zəngin, təsiredici səsini İosif Stalin özü eşitdi və təqdir etdi. İosif Vissarionoviç təcili olaraq Radio Komitəsinin rəhbərini çağırıb dedi ki, radioda Partiya Qurultayındakı hesabatını oxuyan məhz bu aparıcı, bu "səs” olmalıdır. Levitanın cəmi 19 yaşı vardı, amma səsi artıq təntənəli və möhkəm səslənirdi. Yuri Borisoviçin özü xatırlayırdı ki, o vaxtlar enerjili və cavan olması onun xeyrinə işləyirdi. 
  Ertəsi gün inanılmaz dərəcədə narahat olan və demək olar ki, ürəyi əsən Yurini Stalinin reportajını efirdə oxumaq üçün əyləşdirdilər. Uzun 5 saat ərzində aparıcı səhv etmədən və vaxt itirmədən bu işin öhdəsindən gələ bilmişdi. Və beləliklə, bir günün içində Levitan ölkənin əsas səsi oldu.    

  Hitlerin qəzəbi
  Müharibənin başlanması və ölkənin ilk hərbi itkilər verməsi barədə oxuduğu məruzə isə 4 saat 45 dəqiqə çəkdi və bu məruzə birnəfəsə oxundu. Levitanın işinin ən çətin dövrü əlbəttə ki, 1941-1945-ci illər idi. Məhz o, şəxsi qorxusunu və dəhşətini dəf edərək Hitlerin Sovet İttifaqına müharibə elan etdiyi xəbərini ölkə sakinlərinə oxudu. Döyüşlərin gedişi ilə bağlı bütün məlumatları Sovet informasiya bürosundan xəbər verən Levitan idi. 5 il ərzində praktiki olaraq istirahət etmədən çalışdı – Sovet İttifaqının sakinləri onun səsi ilə oyanıb, onun səsi ilə yuxuya getdilər. Yuri Borisoviçin səsini cəbhədəki əsgərlər, arxada işləyən işçilər, evakuasiya olunmuş insanlar, işğal olunmuş şəhərlərin sakinləri dinlədi... Müharibə Levitan üçün ulduzlu saat rolunu oynayırdı.
  Müharibənin əvvəllərində Levitanın səsi Hitlerə o qədər təsir etmişdi ki, diktorun məhv edilməsini əmr etmişdi. Onun tərəfindən Moskvaya xüsusi təxribat qrupu göndərilmişdi (və bu vaxtdan etibarən Levitana mühafizə təyin edilir), lakin həmin təxribat qrupu vaxtında yaxalanır. Proqramların yayımlandığı Moskva studiyasını bombalamağa çalışırlar. "Bizə demişdilər ki, paraşütlə endirilən alman pilotunun xəritəsində radio stansiyamızın qırmızı qələmlə kifayət qədər dəqiqliklə çəkilmiş cizgisi varmış. Bir dəfə yarım tonluq bomba binaya düşdü, ancaq partlamadı…”– Levitan xatırlayırdı. 
  1941-ci ildə Yuri gizli şəkildə paytaxtdan Sverdlovska təxliyə edildi və diktor Olqa Vısotskaya onunla birlikdə tam məxfilikdə işləməyə getdi. Orada bir neçə ay «Danışır Moskva!» sözləri ilə yayımlanmağa başladı.
  Onlar birlikdə işləyərək SSRİ sakinlərini müharibənin gedişi haqqında məlumatlandırdılar. Onların səsi insanlara qələbənin mümkünlüyü haqqında inam verirdi. O, özü də həmişə cəbhəyə can atırdı və icazə verilməyəcəyinə təəssüflənirdi. Müharibə illərində Yuri Levitan "Sovinformbüro”nun iki mindən artıq məlumatını və Müdafiə Komitəsinin yüzlərlə xəbərini oxuyub.
  1945-ci ilin may ayında düşmən üzərində çoxdan gözlənilən qələbəni elan edən məhz Levitan oldu. Bu, məntiqə uyğun idi – yalnız Yuri Borisoviç, müharibənin başlanması elanını oxuyan şəxs ölkə tarixinin bu faciəli səhifəsini qapaya bilərdi.  "Həmin möhtəşəm xəbəri çatdırmaq mənə tapşırılanda sevincimin həddi-hüdudu yox idi. Kremldən çıxıb Radio Komitəsinə gedən zaman Qızıl meydana toplaşmış minlərlə insanın arasından keçmək mümkün deyildi. İnsanlara toxuna-toxuna, özümə güclə yol tapa-tapa gedəndə adamlar əsəbi səslə: "Hara gedirsən? Mane olma, bir ayaq saxla. İndi Levitan qələbə xəbərini deyəcək” deyirdilər. Çətinliklə onların arasından qurtulub insanların çoxdan gözlədiyi xəbəri səsləndirdim” - deyə Levitan xatırlayırdı.
Diktorun əzəmətli səsini böyük qurbanlar bahasına qazanılan qələbənin yarısı hesab edirdilər.

  "Müharibə haqqında Levitan reportajı”
  Müharibədən sonra diktor radioda müntəzəm xəbərlər oxudu. Levitan müharibə ilə bağlı sənədli filmlər səsləndirməyə, veteranlar haqqında verilişlər aparmağa və Qızıl Meydanda ölkənin əsas hadisələrindən reportajlar hazırlamağa başladı. 
  Levitan özü istedadını liderlərdən və milyonlarla adi insandan daha az dəyərləndirirdi. Deyirlər ki, 60-cı illərin  əvvəllərində Yuri Qaqarinlə görüşəndə hər ikisi belə böyük insanla qarşılaşdıqlarından heyrətləndilər: Qaqarin hələ də radioda səsini gündəlik dinlədiyi biri ilə görüşdüyünə inana bilmirdi və Levitan isə ilk astronavtla görüşdən qürur duyurdu.  
  Yuri Levitanın ailə həyatı 11 il sürüb. Onu sevən həyat yoldaşı və sevimli qızı vardı. Lakin sonradan ailə pozulub. Arvadı ailəsini tərk edərək başqa bir kişi ilə evlənib. Ancaq qadının ikinci evliliyi uzun sürməyib. O, Levitandan olan oğlunu qucağına alaraq evi tərk edib.
  Yuri ömrünün sonuna qədər başqasıyla evlənməyib. Keçmiş qayınanasıyla birgə yaşayıb. Qadın ona pərəstiş edirdi. Sonralar Levitanın qızı da bu evə köçüb. Qız ailə qurub bir övlad dünyaya gətirdikdən sonra Yuri Borisoviç qonşuluqdakı yaşayış binasına köçüb.  
  1983-cü ilin avqustunda onu Kursk döyüşlərinin 40 illiyinə dəvət etmişdilər. Levitan özünü hələ Belqoradın mehmanxanasında olarkən pis hiss edirmiş. Buna baxmayaraq, 40 dərəcə istidə hansısa kəndə mitinqə tələsirmiş. Əgər mehmanxanada qalsaydı, həkimlər, yəqin ki, onu xilas edə bilərdilər. Beləcə, ürək tutması onu haqladı və çıxışından dərhal sonra dünyasını dəyişdi.  
  Yuri Borisoviç ölkə tarixində xalq artisti adını alan ilk diktor oldu. Çox az adam bilir ki, 60-70-ci illərə kimi Levitanın radiodakı çıxışları canlı yayımlanırdı, buna görə də radioda onun mesajlarının səsyazması yoxdur. Müasir Rusiyada "Müharibə haqqında Levitan reportajı”nın qeydləri sayılan bütün səslər əslində sonradan ayrıca qeyd edilib. Onlarda aparıcının həmin dəqiqələrdə yaşadığı hiss, həyəcan olmasa da, müharibə illərində Yuri Borisoviçin səsi haqqında fikir oyadır. 
  İndi Rusiya çəlimsiz, zəif, balacaboylu, ancaq əzəmətli səsi ilə ürəkləri titrədən diktorunun 105 illiyini qeyd edir.
 
  Rusiya mətbuatından tərcümə etdi:
  Təranə Məhərrəmova