Biz imzaları yox, əsərləri dərc edirik...

Ssenarist yazır, amma rejissor öz bildiyini çəkirsə... – SORĞU
2192
29 Noyabr 2019, 09:16
  Bəzən ssenaristlərlə söhbət etdikdə giley-güzar edirlər. Onlara yarızarafat "Bu seriallarımızın axırı hara gedəcək?" sualını verəndə, narazı halda "Əslində yazdığımız ssenariyə uyğun serial çəkilsə, çox yaxşı olacaq" kimi cavab alıram. "Necə yəni, yazdığımız ssenariyə uyğun çəkilsə, məgər serialların ssenarilərini siz yazmırsınız? Rejissor çəkiliş meydançasında özündən Amerika kəşf etmir axı" sualını verməli oluram. Və belə məlum olur ki, ssenaristlərimizin, dramaturqlarımızın sözü rejissorlarımızın boğazından keçmir. Telekanallarımızda  ən çox izlənilən seriallarımızın ssenarist, qələm qrupunun rəhbərləri və baş rejissorları ilə söhbət etdik. Onlardan məsələnin əslini, görünməyən tərəflərini xəbər almağa çalışdıq. Aydın oldu ki, məsələ elə "vnimatelni" olmaqda imiş. 
 
  "Xəzər” telekanalındakı "Ata ocağı" və "İmtahan" seriallarının baş ssenaristi Valeh Əhmədov qeyd edir ki, rəhbəri olduğu qələm qrupu artıq öz sahəsində ixtisaslaşıb, buna görə də, yazılan ssenarilərdə heç bir problem yaşanmır: "Biz çalışdığımız komanda, xüsusən də rejissorlarla dostluq münasibətindəyik. Uzun müddətdir ki, onlarla birlikdə çalışırıq. Bilirik ki, rejissorlarımız  nə istəyir. İndiyə qədər çalışdığım rejissorlar da, hazırda bir layihədə işlədiyimiz  Rüfət Şahbazov və Ramin Nəbiyev də bu işdə peşəkardırlar. Onlar çəkiliş meydanında aktyorun ortaya çıxartdığı performansa yaxşı bələddirlər. Bəzən ssenaridən fərqli olaraq, müəyyən məqamları əlavə edir, qabardırlar. Xüsusən də serialda  qonaq aktyorlar olanda. Çünki qonaq aktyorlar iş sisteminə o qədər də bələd olmadıqları üçün hər an  sürprizlə qarşılaşa bilirik. Belə olan halda, şəraitdən asılı olaraq bəzən rejissorlar nəyisə qısaltmaq və şişirtmək məcburiyyətində qalırlar. Bu da bizdə heç bir narazılıq yaratmır. Hesab edirəm ki, bu, uzun illər bir-birimizi tanımağın, xasiyyətimizə və peşəkarlığımıza əmin olmağımızdan qaynaqlanır.  Əlbəttə ki, kiçik dəyişikliklər qaçılmazdır.  Bu, bizdən də, qarşı tərəfdən də qaynaqlanır. Ən önəmlisi, dramaturgiyaya, hadisəyə xidmət etməkdir. Rejissorlarımız da bunu yaxşı bilir. Hadisədən, xarakterdən uzaqlaşmayan hər bir dəyişiklik qəbuldur. Rejissor, ssenarist, prodüserin birgə  müzakirəsi işin xeyrinə həll olunur.  Hər kəs öz eqosunu ortaya qoysa, əlbəttə ki, ortaya normal iş çıxmaz". 
Ssenarist deyir ki, rejissorlarla qarşılıqlı anlaşaraq, məsələləri həll edirlər: "Rejissor bölümü çəkib bitirdikdən sonra müzakirə edir, qeyd edir ki, bunu qısaltmaq məcburiyyətində qaldım. Mən də bilirəm ki, o, nəyi nəzərdə tutur və bu qısaltma hansı zərurətdən yarandı. Rejissor ora hər hansı əlavəni etsə də,  dramaturji xəttə heç bir zərər toxunmadı. Təbii ki, belə hadisələr qəbul olunandır". 
 
 

  "Xəzər” telekanalında yayımlanan komediya seriallarının quruluşçu rejissoru Ramin Hacıyev bildirir ki, rejissor-ssenarist qarşıdurması hər zaman olub: "Onlar bu məsələdə heç vaxt razılığa gələ bilməyiblər.  Nədənsə ssenaristlərlə rejissorun fikri üst üstə düşmür. Düşünməyin ki, bu, tək bizdə belədir, əsla. Dünya kino sisteminin ən çox inkişaf etdiyi ölkələrdə belə, eyni proses yaşanır.  Sizə bir misal göstərim  Hətta 1985-ci ildə Vaqif Mustafayev "Bəyin oğurlanması" filmini çəkdi. Əsas ssenari müəllifi Mövlud Süleymanlı təqdimata  gələndə filmə baxıb və rejissordan soruşub ki, filmin ssenarisini kim yazıb? Rejissor da deyib ki, sən. Mövlud da deyib ki, mənim atama lənət, belə ssenari yazmışamsa. Yəni tarix boyu biz bunları görə-görə gəlmişik. Əslində "Bəyin oğurlanması" melodrama olub, rejissor onu necə dəyişibsə, çönüb olub musiqili komediya. Yəni bizdə həmişə belə qarşıdurmalar olub. Mənə gəlincə isə ssenariyə çox az dəyişikliklər edirəm. Bu da normal haldır. Bəzən elə məqam yaranır ki, rejissor hadisəni başqa cür çəkməyə məcbur olur.  Layihələrimizin  ssenaristləri ilə  heç bir  mübahisəmiz olmayıb. Adətən çalışıram ki, yazılan kimi çəkim. Bizim ssenaristlər nə istədiyimi bildikləri üçün məni çox əziyyətə salmırlar. Layihələrin ideya müəllifi də özüm olduğum üçün öncədən onlarla danışıram və nə istədiyimi bildirirəm.  O ki qaldı çəkiliş zamanı dialoqları doldurmağa  orda dəyişikliklərin olması qaçılmazdır. Düzdür, ssenaristin yazdıqlarına böyük hörmətlə yanaşıram. Ssenaridən çıxmaq hörmətsizlik kimi qəbul olunmur.  Onlar da bilir ki, mən düşündüyüm dialoqu aktyor özünəməxsus oynayırsa, ssenaristlərdən aktyorun oynadığı kimi yazmağı tələb edirəm. Aktyor necə oynaya bilirsə, ona uyğun yazılsa, daha yaxşıdır. Rejissor aktyorun istedadına daha çox bələddir". 
 
 

  ARB telekanalında yayımlanan "Baldız" serialının baş rejissoru Əziz Şahbazov deyir ki, ssenaristin yazdığına rejissor  özündən heç nə əlavə etməyəcəksə, onda  rejissor bir növ icraçı rolunu oynayır: "Rejissor ssenarini özününküləşdirməlidir. Çəkiliş meydançasında olan rejissordur və o, yaranan vəziyyətə uyğun  hərəkət edir. Bizim çox yaxşı ssenaristlərimiz var, ancaq təəssüf ki, bu gün hər yerindən duran ssenari yazır və özünə ssenarist deyir. İnsan təxəyyülü genişdir. Məsələn, əgər ssenari yazsam, çox böyük  ajiotaj yaradan hadisələr yazaram. Ancaq bizim vəziyyətimiz fərqlidir. Ssenarist istədiyini yazır, onu reallaşdırmaq isə rejissorun üzərinə düşür. Burda rejissor  qalır prodüserlə üzbəüz. Prodüser nə təşkil edirsə, rejissor da o çərçivəyə uyğunlaşdırıb çəkməlidir. Ortaya çıxan iş pis olanda heç kim ssenaristi qınamır, onda hamı rejissorun üstünə düşür. Ssenarist təxəyyülünün məhsulu olaraq, hər şey yaza bilər, əgər prodüser o yazılanları  rejissor üçün təşkil edə bilmirsə, rejissor nə etsin?"
  Gənc rejissor çəkiliş meydançasında həmkarlarının başına belə hadisələrinin gəldiyinin şahidi olduğunu deyir: "Bəzi həmkarlarım qeyd edirlər ki, bəzən ssenaristlər elə absurd şeylər yazırlar ki, onlar setdə oturub ssenariyə əl gəzdirir və onu məntiqi vəziyyətə salmağa çalışırlar. Yoxsa tamaşaçılar bu məniqizliyə görə rejissoru qınayacaqlar. Düzdür, indi ssenaristlər özlərini  tərifləyəcəklər ki, biz onu yazanda hisslərimiz, duyğularımızı qoyuruq. Hesab edirəm ki, rejissorun  duyğuları ssenaristdən yaxşı olmalıdır. Çünki rejissor çəkiliş meydançasında hər şeyin canlı şahididir.  Rejissor  hadisəni, məkanı aktyorun bacarıqlarına uyğunlaşdırmasa, o, rejissor deyil. Ola bilər ki,  ssenarist ağlına gələni yazsın. Məsələn, ssenarist əməliyyat otağını geniş təsvir edir, ancaq gəlin realist olaq, hansı xəstəxana əməliyyat otağını və oradakı ləvazimatları çəkiliş qrupuna verər  ki, al bunları, rahat çəkilişini apar. Rejissor məcburdur ki, ona uyğun ssenarini dəyişdirsin.  Ssenarist  yazır ki, morqda 15 meyit vardı. Kimdir çəkiliş komandasını morqa buraxan? Ssenaristlər bir az realist yazsalar, rejissorlara da işləmək daha rahat olar. Mən də oturub ssenari yazaram, ancaq bilirəm ki, onları reallaşdırmaq qeyri-mümkündür. Vəziyyət nəyə uyğundursa, rejissorlar ona uyğun çəkməyə çalışır. Rejissor tanıyıram ki, bütün günü oturub  ssenaristin yazdığını redaktə edir  ki, gülünc səhnələr alınmasın. Rejissor  ssenarini olduğu  kimi çəkəcəksə, rejissor deyil icraçıdır".
  Ə.Şahbazov  günlük serialların daha çətin olduğunu vurğulayır: "Günlük nümayiş olunan seriallarda çəkiliş komandasının üzərinə böyük yük düşür.  Ssenaristlər də çox yorulurlar məcburdurlar ki, hər gün  seriya  yazsınlar. Serailda məntiqi ardıcıllığı qorumaq çox çətindir.  Bunun üçün günlük seriallarda ssenari ilə bağlı çox problemlər yaşayırlar. Ssenaristlər isə bəzən xaltura edirlər. Rejissorla aktyorlar oturub ssenarinin üzərində yenidən işləyirlər". 
 
 

  Televiziya məkanında ikinci mövsümünü yaşayan "Uçurum” serialının ssenari müəllifi Xanım Aydın deyir ki, teatr, kino işi kollektiv işidir və serial da bu kateqoriyaya daxildir: "Mənim işim serialın ssenarisini tam qaydasında, vaxtında yazıb təhvil verməkdir. Ssenari yazmaq yaradıcı işdir. Təbii ki, obrazları, baş verən hadisələri, dialoqları, ümumən desək, A-dan Z-yə bütün detalları gözümdə canlandırıb yazıram. Hətta bütün obrazların emosiyalarını, çəkdiyi əzabları, duyduğu sevinci, həyəcanı bir-bir hiss edirəm. Obrazdan-obraza keçir, xarakterin ürək döyüntüsü ilə bir ahəngdə olur və həmin situasiyada mənim yox, onun nə deyəcəklərini yazıram. Hər bir səhnədə bütün bu sadaladığım hiss, duyğu, emosiya, mimikalarla yanaşı, həm də ətrafdakı bütün detalları da görürəm. Yazı prosesimdə təkcə hadisə və dialoqa güc verib, remarkaları unutmuram. Remarka - bildiyiniz kimi, hadisənin hansı şəraitdə gedəcəyini, personajların davranışının və xarici görkəminin xüsusiyyətlərinin izahıdır. Amma bir şey var. Serial üçün yazılan ssenari remarkası teatr remarkasından fərqlənir. Tamaşa üçün yazılan remarkalar olduqca qısa, lakonik olur, vəziyyəti ümumi izah edir. Burada sanki rejissor və aktyor üçün işləməyə daha çox yer ayrılır. Amma kino və ya serial üçün yazılan ssenarinin remarkası mətndə daha geniş bir yer tutur. Burada hazırda baş verən hadisənin birinci olaraq özü, daha sonra iştirak edən personajlar, onların həmin hadisədəki yeri, düşüncəsi və hadisəyə olan münasibəti – heyranlığı, təəccübü, narazılığı və s. göstərilir. Bir növ, remarka sanki dramatik situasiyanın hərəkət mexanizminə çevrilir.  Düşünürəm ki, yazdığım ssenaridə həmin bu remarkanın əhəmiyyəti böyükdür. Çalışıram ki, serialın mənim öhdəmə düşən hissəsi yaxşı olsun. Mən yaxşı yazmalıyam, rejissor yaxşı çəkməlidir, aktyorlar yaxşı oynamalıdır ki, ortalığa çıxardığımız iş mükəmməl və keyfiyyətli olsun. Söhbət məhz "Uçurum”dan gedirsə, deyim ki, serialın quruluşçu rejissoru gənc və çox istedadlı rejissor Vüsal Məmmədovdur. Serialla bağlı tez-tez danışır, fikirlərimizi bölüşür müəyyən məqamları əvvəldən öz aramızda həll edirik. Hesab edirəm ki, o da öz öhdəsinə düşən işi yaxşı yerinə yetirir. Həm də ki, məncə, ssenaristin rejissor işinə müdaxilə etməsi yaxşı deyil. O ki qaldı efirdə yazdığımla çəkilənin üst-üstə düşməməyinə, hələ ki, ciddi şəkildə elə bir dəyişikliyə rast gəlməmişəm. Yəqin ki, bu da rejissor və ssenaristin bir-birini yaxşı anlamasının nəticəsidir. Ortaya çıxan iş, üzərində əziyyəti keçən hər bir kəsin uğurudur. Tamaşaçılarımızsa "Uçurum”u izləməyə davam etsinlər. Biz onlar üçün sevgi ilə çalışırıq".
 
 

  Xəyalə Rəis