Biz imzaları yox, əsərləri dərc edirik...

Seyid Yəhya Şirvaninin farsca risalələri – Nəzakət Məmmədli yazır
343
15 Yanvar 2021, 11:35
 Artkaspi.az saytıNəzakət Məmmədlinin "Seyid Yəhya Şirvaninin farsca risalələri” adlı yazısını təqdim edir:

                                           Abstract
 A large part Seyid Yahya Bakuvi’s literary legacy was written in persian language. Mainly, these works can be divided into 3 catogories: poetical booklets,  proses and lyric works.
 Poetical works: Manazilul-ashiqin, Atvarul-Gulub, Şerhi- Esmayi-Samaniyye, Şerhi-Meratibe-Asrarul-gulub, Sharkh-i-Gulshani-raz, Bayanul-elm, Gisseyi-Mansoor
 Proses: Acaibul-Gulub, Ma la budde batiniyyah (Asrarul-vudu-ves-salat), Kashful-Gulub, Ramuzul-İşarat, Makarime-akhlaq
 Lyric works: ghazals, Risala fi Salatun-Nabi, Manaqibe-Amiralmominin Ali
 Great sufi poet and thinker of XIII century Shaikh Faridaddin Attar’s influence is clear seen in Seyid Yahya's Persian works. As Faridaddin Shaikh Attar, Seyid Yahya wrote in a style which was close to simple and clear parlance, and folk speech. However, unlike Shaikh Attar Faridaddin’s works, we don’t see word-paintings, figurative expressions and different stories in Seyid Yahya’s literary legacy. In both Seyid Yahya and Attar’s works there are parlance and power of inspiration. Like Attar, Seyid Yahya also treats the readers in a friendly way, tries to convince them sincerely like a father who wants to protect them by speaking about his own life and experiences, to keep safe from danger on the path to fair God, to lighten their ways. We had the honor of translating most of  Seyid Yahya’s Persian works into Azerbaijani language. In this writing we will try to make readers aware of treasures of science and wisdom, albeit in a nutshell to give information about the meaning and sense of these works. 
 In this writing we wanted to give any information about  Seyid Yahya’s scientific-gnostic treasure, divine love, and  great literary legacy.We want to express it with Seyid Yahya’s words: " If in your spirit there is a particle from that divine light; You will reveal The Truth’s (God’s) mysteries3”.
 
 Giriş

 Xəlvəti təriqətinin Piri-sanisi (ikinci böyük mürşidi) kimi məşhur olan böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Şirvani yaradıcılığında salikin Haqqa gedən yolu ən incə detallarına qədər işlənmişdir. Onun fikrincə, möminlər bu yolu "Mənim əshabım ulduzlar kimidir. Hansının arxasınca getsəniz doğru yolu taparsınız” hədisinin hökmünə uyğun olaraq, övliyalara iqtida edərək tapmışlar. Övliya tovhid toxumunu möminlərin ruhunda kamala çatdırmalıdır. Mürid isə nəfsini və ruhunu tam bir təvəkkül ilə mürşidə həvalə etməli, ölüyuyanın əlindəki ölü kimi mürşidinə tabe olmalıdır. "Kəşfəl-qülub” əsərində Seyid Yəhya Əql, Qəlb, Ruh və Nəfsin mərtəbələrinin həm zahiri, həm də batini əlamətlərini açıqlayır, onları avam, xas və əxasse-xass mərtəbələrinə bölür. Qeyd edir ki, "Əqle-xas” mərtəbəsinin üstünlüyü mükaşifə və müşahidə yolunda çalışmasıdır. Belə əql müşahidə ilə Haqqın gizli sirlərinə yol tapır. "Əxasse-xas” mərtəbəsində olanlar isə Həqiqət elminə daha dərindən yiyələnmək istəyən insanlar, Haqqa ən yaxın olan bəndələrdir. Bu mərtəbəyə çatmaq istəyənlər dünyəvi arzularını fənaya verməli, tam bir iradə ilə Haqqın mükaşifəsinə can atmalıdırlar. Seyid Yəhyaya görə dünyəvi elmlər vasitəsi ilə Haqqa qovuşmaq qeyri-mümkündür. Bu yolda eşq atəşi gərəkdir. Aşiqliyin ilk şərti can verməkdir. Bu yola candan keçməyi bacarmayanlar girməz. Seyid Yəhya eşqi Sirati-müstəqimə bənzədir. Allah eşqi insan qəlbinə hakim kəsildimi dünyəvi arzular məhv olub gedər:

Çon dərune-xane aməd afetab,
Saye ra anca nəmanəd hiç tab.

(Evin içinə günəş düşdümü, kölgə orda qalmaz) (N. Məmmədli, s. 16).

 Seyid Yəhya Bakuvi Həzrətlərinin yaradıcılığının böyük bir qismi farsca qələmə alınmışdır. Bu əsərləri əsasən, 3 qismə ayıra bilərik: mənzum risalələri, nəsrlə yazılmış əsərləri və lirik şeirləri( Bax: 7,8, 9, 10, 11, 12, 13)
Mənzum əsərləri: Mənazilül-Aşiqın, Ətvarül-Qülub, Şərhi-Əsmayi- Samaniyyə, Şərhi-Məratibi-Əsrarül-Qülub, Şərhi-Sualati-Gülşəni-Raz, Bəyanül-elm, Qisseyi-Mənsur
Nəsrlə yazılmış əsərləri: Əcaibül-Qülub, Mə la buddə Batiniyyə(Esrarü`l-Vudu-vəs-Səlat), Kəşfül-Qulub, Ramuzül-İşarat, Məkarimi-Əxlaq
 Lirik əsərləri: Qəzəliyyat, Risalə fi Səlatün-Nəbi, Mənaqibi-Əmirül-Mü`minin Əli(k.v)
 Seyid Yəhyanın farsca əsərlərində ən çox XIII əsr böyük sufi şairi və mütəfəkkiri Şeyx Fəridəddin təsiri aydın hiss olunur. Şeyx Fəridəddin Əttar kimi, Seyid Yəhya da sadə, aydın ifadə tərzinə, xalq dilinə çox yaxın olan bir uslubda yazmışdır. Lakin, Şeyx Fəridəddin Əttarda olan obrazlı ifadələr, poetik incəliklər, məcazi anlamlar, çeşidli hekayələrə Seyid Yəhya qələmində rast gəlmirik. Əttarla Seyid Yəhyanı birləşdirən sadəcə ifadə tərzi deyil, həm də təlqin gücüdür. Seyid Yəhya, da Əttar kimi oxucusuna çox səmimi tərzdə yanaşır, öz yaşantılarını, təcrübələrini övladlarına aşılayaraq onları qorumağa çalışan bir qayğıkeş ata kimi canü könüldən oxucusunu inandırmağa, onları Haqqa gedən yoldakı təhlkələrdən qorumağa, yollarını aydınlatmağa çalışır. Biz Seyid Yəhyanın əksər farsca əsərlərini Azərbaycan turkcəsinə çevirmək şərəfinə nail olduq. Bu yazıda oxucuları da bu elm və hikmət xəzinələrindən xəbərdar etməyə, qısa şəkildə də olsa, bu əsərlərin əsas məna və mahiyyəti barədə məlumat verməyə çalışacagıq.
 
 

                                               ***
 Əcaibül-qülub Seyid Yəhyanın bu əsəri Şeyh Bəyazid Bistaminin risaləsi və ona dair Şeyx Yəhya Muazın fəvaidi əsasında yazılmışdır. Əsər, əsasən qəlbin vəsıflarından bəhs edir. Seyid Yəhya bu əsərdə qəlbi poetik ve təsəvvüfi rəmzlərlə təsvir edir: "Qəlb üç qisimdir. Birinci müzəkka qəlbdir. Müzəkka qəlbin sifatı odur ki, bu qəlb səhra kimidir. Ona yəqin səhrası deyirlər. Orada bir bulaq vardır, adı şəfa bulağıdır. Yanında bir ağaç var ki, adına şövq ağacı deyirler. Onun altında bir taxt vardır ki, həmin taxtın adı sevgi taxtıdır. Orada rəhmət yağışları yağar...Həmin yağışlardan on beş cür bitki bitər: Bunlar vüsal ərğuvanı, ülfət nərgizi, əmanət ağacı, tövhid gülü, vəfa sünbülü və digərləridir.
 Belə bir qəlb xalqa qarşı biganə, dostla aşina olur. Bu qəlb xasların qəlbidir, şeytanın ora daxil olmaması üçün möhür vurulmuşdur.
 İkinci, Əshabi-Yəmin qəlbidir. Seyid Yəhyanın fikrincə, bu qəlb gah Rəhmana, gah da şeytana meyl edər. Bəzən axirətin düşüncəsi üstün gəlir, bu zaman ibadətlə məşğul olurlar. Bəzən də dünya sevgisi üstün olur. Bu zaman mal toplamaqla məşğul olurlar, həvavü həvəsə və günahlara meyl edərlər. Həmin şəxs Haqq Taala tərəfindən doğru yola yönəldikdə və kamil pirdən ağıl aldıqda dönüb öz qəlbinə baxar və peşman olar.
Əshabi-Şimalın qəlbi isə şeytan tərəfindən yağmalanmış, hidayət və inayətə qapanmış, zəlalət və qaranlığa düşmüşdür. Bu qəlbi şeytan ələ keçirmişdir. Qurani-Kərimdən, Peyğəmbər(s.ə.s) hədislərindən və şeyxlərin elm və mənalarından məhrum qalaraq onların kəlamlarından heç bir ləzzət ala  bilməz.
 Qəlblərin kəşfi- Əql, Qəlb, Ruh, Nəfs  Seyid Yəhya Bakuvi bu əsərini " Kim özünü tanıyarsa, Allahını da tanıyar” hədisinə uyğun olaraq İnsanı tanımağa həsr etmişdir. Əsərdə Allah Taalanı və Peyğəmbəri mədh etdikdən sonra əsərin yazılma səbəbini belə açıqlayır: "Həmddən sonra Məlik, Həyy və Vədud Allahın əmri ilə din qardaşlarımızın və yəqin yolunun yolçularının faydalanması üçün Əql, Qəlb, Ruh və Nəfsin mərtəbələrindən bəhs etmək istəyirik.  Seyid Yəhya əsərin yazılmasında Şirvanşah Xəlilullahın ona kömək olduğunu yazır: " Bu risalənin yazılmasında mənə dəstək olan, dövlətinin cəlalı gün-gündən artan, ədalətli, böyük, əzəmətli, sultanların seçkini… Xəlilul-Rəhman adlandırılan Sultan oğlu Sultan Əmir Xəlilüllah ki(Allah onu cənnətlə mükafatlandırsın) əzəmət və cəlalı aləmi və aləmdəkiləri əhatə edən o Həzrətin gözəl zikri və məqbul duası bu risaləni ziynətləndirmişdir(S.Yəhya,  Risalələr I,s.74).
 Seyid Yəhya ilk olaraq insanın yaranmasını Allah Taalanın bir möcüzəsi olduğunu qeyd edir: "Uca Allah qüdrət əliylə insanı yoxdan vücuda gətirdi və dörd müxtəlif, bir-birinə zidd ünsürü bir-birinə elə qarışdırdı və barışdırdı ki, heç bir ağıl sahibinin idrak edə bilməyəcəyi qədər bir-biri ilə həmahəng oldular(S.Yəhya, Risalələr I, s.75). Seyid Yəhyaya görə, Allah Taala Əql, Qəlb, Ruh və Nəfsi insanın vücudunda toplayaraq bunların hər birinə ayrı-ayrılıqda elm və mərifət bəxş etdi ki, onunla Haqqı tanısınlar. Çünki, "Haqqı tanımaq iki cahan sərmayəsidir”.
Seyid Yəhyaya görə, ağlın 3 mərtəbəsi var : 1) Avam2) Xas 3)Əxasse-xas, yəni ən seçkinlərin mərtəbəsi və feilləridir.
 Əqli-avam daim paltar və çörək qeydində olar, halal-haram bilmədən yeyib-içmək və şəhvətini təmin etməyi düşünər. Bu kimi insanlar heyvanlardan belə aşağı mərtəbədə olarlar. Belə insanlar barədə AllahTaala buyurmuşdur: "Onlar heyvan kimidirlər, bəlkə ondan daha da aşağıdırlar”(Fürqan, 44).
 Xas ağıl isə ilahi sirlərin kəşfi və müşahidəsi yolunda çalışar. "O, Allaha doğru gedən yolları arayar, o yoldakı hər bir mənzilin, hər müşahidənin zövqünü dadar…. Gizli sirlərə yol tapar. Allah Taala (onlar haqqında) buyurur: "Bizim uğrumuzda cihad edənləri biz əlbəttə, yollarımıza yönəldərik. Bil ki. Allah yaxşı iş görənlərlə bərabərdir.(Ənkəbut, 69)
 Üçüncü qisim ağıl isə, "Ölmədən öncə ölün” hökmünə uyğun olaraq, maddi istək və arzularıını yox edərək "Ey Rəbbim, mənim elmimi artır”(Taha surəsi,114) ayəsinin hökmünə əsasən, həqiqət elminin artmasını dilər, və nəhayət Allaha yaxınlıq dərəcəsinə çatar. Allah Taaala onlar haqqında buyurur: " Məhz onlar Allaha yaxınlaşdırılmış kimsələrdir” (Vaqiə, 10-11).
 Seyid Yəhya bu üçüncü mərtəbəyə çatmış salikləri çox yüksək qiymətləndiri: "Bu mərtəbə təmkin əhlinin mərtəbəsidir. Əgər səndə varlığından bir zərrə qalıbsa, bu mərtəbəyə çata bilməzsən” Bu cür əql sahibləri Haqqın inayətindən vasitəsiz olaraq faydalanır və daima inayət dəryasından su içirlər. Onlar bu cür tam iradətlə Haqqın camalının müşahidə və mükaşifəsi ilə məşğul olurlar”(S.Yəhya, Risalələr, I , s.79). S.Yəhyanın fikrincə, insan həyatda belə bir əql sahibinə rast gəlibsə, gərək heç vaxt əldən buraxmasın, çünki, onların söhbəti "kimiyayi-səadətdir”.
 İkinci hissədə Qəlbin tanınmasından bəhs edilir. Seyid Yəhyanın fikrincə, Qəlb, Sultanın təxtgahı, vücud şəhərinin paytaxtı, məskənidir. Ürək elə sirli, möcüzəli bir varlıqdır ki, onun sirrini yalnız ilahi bilə bilər. Elm və əqli təsəvvürlərlə Allahı dərk etmək mümkün deyil. Bu işə yalnız saf, cismani tozlardan təmizlənmiş könül aynası gərəkdir.S. Yəhyaya görə ürəyin də 3 mərtəbəsi var:  avam, xas, əxasse-xas ürəkdir.
Birinci qisim ürəyin mərtəbələri əqli, təbii və hissidir.
 İkinci qisim xas, seçkin insanlara məxsus olan ürəyin mərifətidir ki, daima elmi-lədünni məsələlərinin həlli ilə məşğul olur və qeyb aləminin mükaşifə və müşahidəsini tələb edir. Onun həzz və şövqü bəyana gəlməz, onun ləzzətini söyləməyə dilin gücü yetməz. Bu elə bir nemətdir ki "dadmayan bilməz” (S. Yəhya, Risalələr I, s. 85).
Üçüncü qisim qəlb Haqq ünsiyyətinin sarayıdırki Allah orada özünü Ruhül-Qüdsdə göstərir və ürəyi iki cahan asılılıqlarından azad edir. "Könül bu mərtəbəyə çatdıqda Allah Taalanın sifətlərna görə də peyğəmbərləri ilə sifətlənir. Buna görə də peyğəmbərlərin öncülü(s.ə. v.) belə xəbər verir: "Nə yerə sığdım, nə göyə sığdım, yalnız möminqulumun qəlbinə sığdım.” Möminin qəlbi Allahın xəzinələridir”
 Üçüncü Bab Ruhun tanınması haqqındadır. Ruh haqqında Allah Taala insana çox az məlumat vermişdir. Təsəvvüf düşüncəsinə əsasən, Allah bədənləri yaratmamışdan 3 min il öncə ruhları yaratmışdır. S. Yəhyanın fikrincə, "salik ruhaniyyat aləminə çatdıqda Həzrəti-İzzət onun ruhunu "Allahın əxlaqıyla əxlaqlanın " təcəllisi ilə şərəfləndirər və ziynət verər."Ey əziz, bil ki, ürək özünü Dostun camalına qurban edən qorxusuz və fədakar aşiqdir. Dostdan istədiyi Dostun özüdür. Ondan qeyri heç nəyə nəzər salmaz. Himməti alidir, çünki o qidəm(sonsuzluq) dəryasının quşudur, yuvası o dəryanın içindədir, qüvvəti mənalarla dolu incidədir. 
Ürəyə bax ki, o, lövhi-məhfuzdur,
 Könül dəryasında çox qiymətli incilər vardır (S. Yəhya, Risalələr I, s.87).
 Seyid Yəhyanın qəlbin təsvirində bədii təsvir və ifadə vasitələrindən, Quran poetikasından faydalanır, fikrini obrazlı şəkildə ifadə edir. Quran ayələrinə əsaslanaraq ideyalarını daha qüvvətli şəkildə ifadə edir: "Ey əzizim… öz vücudundan və varlığından tamamilə yox olasan deyə yaxşı və pisi sənə dadızdırdı. Dostun gizli nəzəri "Allah onları sevər, onlar da Allahı sevərlər(Maidə, 54) hökmünə uyğun olaraq Onun üzərində olduğunu bildi. Sonra aşiq qəlb gözünün ucuyla bütün yaranmışlar arasında Dosta doğru baxdı, Dostun da ona baxdığını gördü. Şövq və məhəbbətin çoxluğundan bu sözlər dilindən töküldü:

Xudəvənda, sənsiz bağrım qan oldu,
Yalnız sənin ümidinlə yaşayıram.
Gör ki həyatdakı bu bircə baxış,
Mənə əbədi həyatdan daha xoşdur(S. Yəhya, Risalələr I, s.81).

 Seyid Yəhyaya görə, sadəcə ağla əsaslanan insan ilahi sirlərin ləzzətini dada bilməz. Həqiqət bir dəryadır, ağıl  yalnız bu dəryanın sahilinədək gələ bilər. Mənalar dənizinin qəvvası olmaq, saf incilər əldə etmək istəyirsinizsə, könül əhli olmalısan.”Ürəkdir məna Kəbəsi” deyən Seyid Yəhyaya görə insane qəlbi Kəbədən daha qiymətlidir. İnsan özündən özünə və özündən Allaha gedən şərəfli bir yolun yolçusudur əslində. İnsanı dəyərli edən onun daxilindəki ilahi nəfəs –Ruhdur. Ruh insanda Tanrının əmanətidir. İnsanı Allah götürən də yenə ruhdur. Məhəmməd Peyğəmbər "Rəbbimi Rəbbimlə gördüm” deyərkən bu həqiqəti nəzərdə tutmuşdur.
 Ruh da üç qisimdir: 1) Xas olan ruhun tanınması Allahın əxlaqıyla əxlaqlanın” əmrinə dönməklə Allahın feillərini və əsərlərini onda görməklə olur.2)Amm olan ruhun tanınması hiss və xəyal gözüylə, cismani varlığa məxsus əməllərin təsiri yolu ilə olur.3)Əxasse-xas ruhun tanınmasına gəlincə, bu ruhların məskəni mükaşifə və müşahidə aləmidir. Onlar feillər və hərəkətlər aləmindən çıxaraq ruhani hökmlər və gizli təcəllilər aləmində Haqqı tanımaqdakı qüvvət və istedadlarının səviyyəsinə görə Ruhül-Qüdsü görə bilərlər. Dördüncü bab nəfsin tanınmasına həsr edilmişdir. Nəfsin 4 mərtəbəsi vardır: 1) Nəfsi-əmmarə 2) nəfsi-ləvvamə 3) Nəfsi-mülhimə 4) nəfsi-mütməinnə
 
 

 Dördündən də Haqq sübhanəllahə və Taala Kəlami-qədimində xəbər verir "Necə ki. Əmir-əl Möminin Əli(Allah ondan razı olsun) "Öz nəfsini tanıyan Allahını da tanıyar” – deyə xəbər vermişdir. Nəfsi-əmmarənin bütün əməlləri şeytanidir, qəhr sifətlərinə malikdir. Nəfsi-ləvvamə isə daima Allahdan qorxan və məhzun olan, qəhr əməllərindən uzaqlaşaraq layiq olmağa çalışan nəfsdir. Bundan  ötrü Haqq Taala qəsəm kəramətinin tacını onun başına qoymuş və o nəfsə(lə uqsimu) "and olsun” demişdir (s.90).Burada nəfsi-ləvvamənin belə yüksək qiymətləndirilməsini səbəbi təsəvvüfdə xüsusi anlam olan "günah və tövbə” ilə əlaqədardır. Bu nəfs daim öz-özü ilə mübarizə edir, pis əməllərdən uzaqlaşaraq Allaha layiq olmağa çalışır. Daim özünü danlayır, günahlarına görə xəcalət çəkir. Onu Allahın nəzərində dəyərli edən də bu mübarizəsidir. Çünki, Peyğəmbərimizə görə, ən böyük cihad insanın öz-özü ilə mübarizəsidir. Nəfsi-mülhimə talibə agahlıq, oyaqlıq bəxş edən nəfsdir. İlahi inayət ilə bu nəfs Haqqn həm qəhr, həm də lütf isfətindən xəbərdar olar. Haqqın lütfünü bəyənər, ona sevinir və ondan mərifət əldə edər. Qəhrindən isə ehtiyatlanar, ibrət və təcrübə əldə edər. Nəfsi-mütməinnə isə bütün inayət və səadətə layiq olan nəfsdir. Bu nəfsi-mütməinnənin sirri arif və haqq arasında bir bərzəxdir. Ondan başqa heç kəsin Haqqın dərgahına yolu yoxdur. O, üluhiyyat dəryasının quşudur, nişanları Haqqın nişanlarıdır. "Bu əcaib və qəribə quş bütün üfüqlərin yuxarısından uçar.(s.90) O gah zati, gah da sifati təcəllilər libasına bürünər. Onu nə əql, nə ürək, nə də ruh gözü görə bilməz. Onu görmək üçün çox lətif olan sir gözü gərəkdir. "Talib özündən pünhan, pünhan, pünhan olmalıdır ki, gözlərini ona tərəf aça bilsin və Haqqın camalının cilvələrindən birini əldə edə bilsin. Seyid Yəhyaya görə bəşəri mücadilələrdən qalib çıxmış nəfs ilahi nurla aydınlanar və ona Haqqın təcəlliləri zühur etməyə başlayır. Belə bir nəfs təmiz və pakdır, mələk sifətlidir. 
 Göründüyü kimi Seyid Yəhya hər hansı bir fikrini anladırkən Quran ayələri və hədislərə söykənir. Bununla da fikrini sərrast şəkildə ifadə etməyə, anlatmaq istədiyi mətləbi oxucunun beyninə yeritməyə müvəffəq olur. O qədər aydın və dəqiq bir şəkildə izah edir və sonra da Quran ayələri və hədislər vasitəsilə gözəl bir surətdə möhürləyir ki, etiraza yer qalmır. Fikirlərin lakonik, şaxələnmədən, hekayələrə və uzatmalara qaçmadan oxucuda aydın təcəvvürün formalaşmasına səbəb olur. 
  Namazın Həqiqəti Bu əsərin adı "Mə lə buddə batiniyyə”dir. Seyid Yəhya bu əsərin yazılma səbəbini bir "mühibb” və sadiq aşiqin, Allah dostunun ondan "fəqirlərin istilahında” təmiz suyun  dəstəmazın nə olduğunu soruşması ilə izah edir. Seyid Yəhya həmin şəxsə onun simasında da bütün oxuculara "Ey əziz” deyə müraciət edərək dəstəmazın və namazın həm zahiri,həm də batini mahiyyətini izah etməyə çalışır. 
Əsərdə dəstəmaz və namazla bağlı bütün əməllərin həm zahiri həm də batini mənaları verilir. Zahiri mənada təmiz su pak və pakedici sudur. Allah suya təmizləmə funksiyası verdiyi üçün su bütün natəmizlikləri təmizləmə xassəsinə malikdir.
 Fəqirlərə görə isə təmiz su, Haqq Taalanın qüdsiyyət dəryasından əta etdiyi riyazət və nədamət(peşmançılıq) suyuddur. "Onunla qüsl edərək başını və bədənini nəfsani və şeytani cənabətdən, şəhvani arzu və istəklərdən təmizləyəsən, bütün qilü qallardan saf olasan, qilü qaldan doğan kin və küdurəti saflıq suyu ilə yuyasan”. Həqiqi mömin, sufi yalnız bu zaman fərz olan  qüslü yerinə yetirmiş və fərz namazı qılmış olur. Bu şəkildə qılınan namazın Allah dərgahında qəbul edilmə ehtimalı daha yüksəkdir.
 Dəstəmazdan sonra niyyət edilir. Zahir əhlinə görə niyyət bir şeyi qəsd etməkdir. Hər hansı bir işə niyyətsiz başlayaraq əməli doğru şəkildə icra etmək olmaz. Çünki, niyyət əsl, əməl isə füruatdır. Məhəmməd Peyğəmbərin(s.ə.s) "Əməllər niyyətlərə görədir” hədisinə əsasən əsl olmadan füruatın etibarı olmaz.
Fəqr əhlinə görə isə salik niyyət üzünə yönəldərək Cəmalullahı(Allahın gözəlliklərini) seçməli və beynini bütün bəşəri düşüncələrdən təmizləməlidir ki Haqqın vüsalına qovuşa bilsin. Seyid Yəhya bildirir ki, əgər salik ixlaslı bir şəkildə, saf niyyətlə Allaha yönələrsə onun nail olduğu qeyri-adi hallar(ilahi müşahidə, istiğraq, Haqq müamilələri) həqiqi olar. "Yox, əgər belə olmasa, yalan söyləmiş olarsan. Nəfsani və bəşəri müamilələrdən bir zərrə səndə olarsa, haqqında danışılan niyyət yerinə yetməz. Niyyətsiz olaraq görülən əməl də doğru olmaz. "Əgər niyyət olmasa, əməl necə sabit ola bilər? Buna görə də Həzrəti-Risalət belə buyurmuşdur: " Möminin niyyəti əməlindən xeyirlidir”. S. Yəhya daha sonra vüdu haqqında məlumat verir: " Zahir əhlinin nəzərində vüdu bədəni təmiz su ilə pak etməkdir. Bu olmadan namaz qılmaq, Quran oxumaq və Həccdə təvaf etmək olmaz”.
 Fəqirlərə görə isə vüdu niyaz suyu ilə qüsl etmək, riyazət kürəsində yanıb ərimək, nəfsin vəsvəsəsindən pak olmaq, şeytani və nəfsani istəklərə qalib gəlmək, mələkut və məna aləmində cövlan etmək, ruhani və məna aləmlərindən növbənöv ləzzətlər əldə etməkdir” Bu cür kamil vüdu əldə edilmədikcə, həqiqi olaraq heç bir ibadət hasil olmaz.
 Sətri-övrət zahir əhlinə görə namaz qılmaq və başqalarını günaha batırmamaq üçün bədəni örtüb gizləməkdir. Fəqr əhlinə görə isə sətri-övrət Haqqın tövfiq örtüyünə bürünməkdir ki, ondan təbii varlıq feilləri zahir olmasın və görənlər günaha batmasın, ibadətləri batil olmasın.” Fəqirlərə görə təmiz paltar qəlbin saf və təmiz ilahi nurla münəvvər olması, bütün şeytani və nəfsani vəsvəsələrdən uzaqlaşmasıdır.” Əgər salik bu şəkildə təmizlənərsə, Seyid Yəhyanın fikrincə, onun itaət və ibadəti Haqq dərgahında qəbul edilər.
 Namazın önəmli amillərindən biri də vaxtdır. Zahir əhlinə görə vaxt namaz zamanlarını öyrənmək deməkdir ki namazlar vaxtında qılınsın. Fəqirlərə görə isə vaxt Haqqın camalının təcəllilərini axtarmaq deməkdir. Bu təcəllilər səni  zülmani varlıqlardan xilas edər, onun günəş kimi camalını görər və səadət qibləsinə qovuşarsan və beləcə vaxtın həqiqəti sənə hasil olar.
 Məkan zahir əhlinin nəzərində heç bir nəcasət olmayan, təmiz bir yerdir ki. Orada düzgün namaz qılmaq, oturmaq və ibadət etmək mümkün olsun. Fəqirlərə görə isə məkan rübubiyyət üçün sirrin paklığını aramaq, sirrini Haqdan bilmək, Haqqı görməyi arzulamaq və bundan başqa hər şeyi beynindən silməkdir ki. Təmiz məkan meydana gəlsin. Həqiqi namaz məhz belə bir yerdə həyata keçər. "Bu namazın qibləsi Dostun üzü olar. Əmirəl-möminin Əli(k.v.) bundan belə xəbər verir: " Görmədiyim Rəbbə itaət etmərəm”.
Seyid Yəhya Məhəmməd peyğəmbərin(s.ə.s.) "Çox namaz qılanlar vardır ki, namazdan ona yorğunluqdan başqa bir şey qalmaz” sözünü qeyd edərək bildirir: "Zira namaz qılınan məkan natəmiz olarsa, namazın bütün səbəb və alətləri də murdarlanar və namaz qəbul olmaz”(S. Yəhya, Risalələr I, s.113).
 Zahir əhlinə görə istiqbali-qiblə üzü Məkkə tərəfə çevirmək və birinci sıranın fəzilətini seçməkdir. "Üzümü Beytül-Həram”a çevirdim” demək namaza niyyət etməkdir ki, zahir əhlinin nəzərində qiblə budur. Bundan başqa tərəfə yönəlmək doğru deyildir.
 Fəqirlərə istiqbali-qiblə Haqqın varlığı üçün olmalıdır ki, namaz qəlb hüzuru ilə qəbul olsun. Zira Həzrəti-İzzət belə xəbər verir: "Qəlb hüzuru olmasa, namaz olmaz” (S.Yəhya, Risalələr I, s.114).
 "Peyğəmbər buyurur ki, möminin  qəlbi Allahın evidir. Qəlbdən qafil olmaqla, Allahın evindən üz çevirmiş olursan və deməli, istiqbali-qiblə yox olmuş və sənə namazdan yorğunluqdan başqa bir şey qalmamışdır.
Qiyam zahir əhlinə görə ayaq üstə durmağa deyilir. Fəqirlərin nəzərincə isə qiyam Haqda elə qeyb olmaqdır ki, xatirindən heç bir riya və şübhə keçirməsin.Qulluqda dürüst olsun və daim haqq ilə məşğul olsun.
 "Təkbirətül-ehram zahir əhlinə görə Allahu Əkbər deməkdir. Allahın əlifindən  Əkbərin rasına qədər namaza hazır olmaq, danışmaq, yemək-içməkdən kəsilməkdir ki, namazı tam olsun.
 Fəqirlərə görə təkbirətül-ehram Allahu əkbər deyərək dünyadan və onun içindəkilərdən ayrılmaqdır. Seyid Yəhya təkbirətül-ehramın həqiqətini anlatmaq üçün nəql edir: " Əmirəl-möminin əlinin mübarək ayağına bir tikan batır. Bu tikanı heç cür onun mübarəkayağından çıxara bilmirlər.Həzrəti Peyğəmbərə(s.ə.s.) ərz etdilər. O belə buyurdu: " Qoyun namaza dursun. O zaman tikanı ayağından çıxarın.  Əmir-əl Möminin namazı qurtardıqdan sonra tikanı ona göstərdilər. Bu tikanı çıxarmağımızdan heç xəbərim olmadı” – deyərək and içdi.
Sonra Seyid Yəhya "Əgər sən də gücünün yetdiyi qədər bu haldan bir əsər almazsan, təkbirətül-ehram həqiqətini qavraya bilməzsən.
 Salam zahir əhlinə görə namazdan çıxmaq niyyətidir. Batin əhlinin nəzərində isə dünyadan və  onun içindəkilərdən, axirətdən və onun içindəkilərdən çıxmaq deməkdir. Axirətdən və onun içindəkilərdən çıxmaq isə oradakı qəsrləri, cənnət, huri, şərab, süd, bal və növbənöv meyvələri düşünməkdən uzaqlaşmaqdır."Beləcə, səlamət büsatında yerləşərsən. Həzrəti Risalət(s.ə.s.) bundan  xəbər verir: "Sənin ən böyük düşmənin iki qaşının arasındakı nəfsindir. Beləcə, sən düşmənini tanımış və onun bütün hiylələrini görmüş olursan”. Əgər namazı bu tərtib ilə qılsan, namazın göz nurun olar. Bu halda sən "Namaz möminin meracıdır” həqiqətinə yüksələrsən.
 Seyid Yəhya bildirir ki,belə bir namaz nəbilərin namazıdır və "Alimlər peyğəmbərlərin varisləridir” hökmünə əsasən, ənbiyanın varisləri olan vəlilərin də namazı belədir”. Vəlilər Allah əhlidir, kainatın seçilmişləridir. Seyid Yəhya oxucusuna bu qövmdən ayrı düşməməyi tövsiyə edir.Çünki bu tayfaya məhəbbət bəsləmək dünya və axirət üçün xeyirlidir. Əgər mərifət və Həqiqətdən heç bir şey əldə edə bilməsən, çalış ki, heç olmasa, bu qövmün dostluğunu canü könüldən qəbul edəsən, bu qövm ilə birlikdə olasan. "Kim bir qövmə bənzərsə, o da onlardandır” hökmünə əsasən, buqövm əhlindən olaraq qiyamətdə onlarla birlikdə həşr ediləsən.
Seyid Yəhyaya görə, Haqq yolunun talibləri 3 qisimdir:
 1) Eşidənlər, arayanlar və görənlərdir. Bunlar Haqqın kəlamını eşidər, onu tanımaqda da qeyrər göstərirlər.
 2) Eşidənlər və sevənlərdir ki, Onlar Haqqın kəlamını eşidər və zahir hökmünə əsasən əməl edər və canü könüldən qəbul edərlər. Bu cəmiyyətin dostluğundan bir an belə qafil olmazlar və bu qövmün məhəbbəti ilə dünyadan ayrılırlar. Onlar bu taifə ilə bərabər həşr olunurlar.
 3) Eşitmə və görmə gücünə sahib olmayanlardır. Yəni Allahın kəlamını eşitməzlər. Zahirən eşitsələr də əməl etməzlər. Sanki heç eşitməmiş kimidirlər. Sanki ürəklərindəxaslara aid bir şey yoxdur. Onların sözlərindən və feillərindən binəsibdirlər.
 Seyid Yəhyaya görə, əgər insana bəzmi-Ələstdə(Əzəl dərgahında, Allahdan) bu inayət, yəni Haqq yoluna yönəlmək "Sən istədiyini doğru yola yönəldə bilməzsən, yalnız Allah istədiyi şəxsi doğru yola gətirər (Qəsəs, 56) hökmünə əsasən. Bütün ənbiya və övliyaların onu doğru yola yönəltməyə gücü yetməz.

Sufilik öyrənməklə əldə olunmaz,
Əzəldə o xirqəni geymək gərək(S. Yəhya, Risalələr I, s.112).

 Seyid Yəhya əsərini dualarla bitirir: "İlahi, Məhəmmədi-Mustafa haqqına bizi əhlüllah tayfası ilə aşina et, ruhumuzu bu qövmün məhəbbəti ilə doldur”
 Rümuzatül-İşarat Bu əsəri Seyid Yəhya Qurani-Kərimin "Fatihə” surəsinin "İhdinəs-sıratəl-mustaqim” ayəsinə həsr etmişdir. Bu əsərdə adil şahın (Şirvanşah Xəlilullahın)  hüzurunda bir mühibbin ondan "İhdinassıratəl-mustaqim” ayəsini açıqlamasını xahiş etdiyini bildirir. O da bu suala geniş cavab vermək üçün  bu kiçik əsəri yazdığını qeyd edir. "Bir gün belə bir sual verdilər: " Necə olur ənbiya və övliyalar da "İhdinas-sıratəl-mustaqim” deyərək hidayət diləyirlər? Cavab olaraq buyurdular ki, onlar imanda səbatı nəzərdə tuturlar. Bu hadisə ilə əlaqədar olaraq S. Yəhya Rumluların məktubda göndərdikləri "Siz indi doğru yol tələb edirsiniz, demək ki doğru yolda deyilsiniz. Bəs necə bizim sizə tabe olmağımızı gözləyirsiniz?”- sualına Əmirəl Möminin Əlinin verdiyi cavabı verir: " İndikə” "sabit et” deməkdir. Yəni, "Bizi doğru yolda et və səbatlı olmağı bizə bəxş et”(S.Yəhya, Risalələr I, s.117) – deyərək cavab verdiyini qeyd edərək bildirir ki, bu kəlam itaətkar ümmətlərin diləyidir. "Batin və işarət əhli bu mənada 2 nüktə də söyləyirlər. Bunlardan 1-ci xasların,  digəri sə əxasse-xasların mərtəbəsidir.
 1) İhdinəs-sıratəl mustaqim, qəlbində riya, şübhə, şirk xəstəliyi olmayan, Allah yolunda sadiq olan kəslərin yoluna yönəlt” deməkdir. Əgərhər kimdə bir tükün ucu qədər riya və şübhə varsa, demək ki doğru yolu tapmamışdır.
 2) "Bizə əvvəli və sonu eyni olan doğru yolu göstər” deməkdir. Allah Taala onlara  Ruhül-Qüdsdən bir can bağışlar ki bu can anadan doğulmamışdır. Ruhül-Qüdsdən elə bir göz və nur əta edər ki hər şeyi Onun nuru ilə görərlər. Möminin fərasətindən çəkinin, çünki o Allahın nuru ilə baxar və görər”.
 İndi ey əzizim, bil ki, Haqqın təcəlliləri  sonsuzdur.  Bu cür varlığın əgər yüz minlərlə təcəlliləri olsa belə. Onlardan biri digərinə bənzəməz. Əgər min il dünyada olarsa, bu təcəllilər onun üzərinə gələr və biri digərindən daha  ali, daha uca olar. Haqqın özü sonsuz olduğu kimi onun təcəllliləri də sonsuzdur.
 Onun təcəlliləri əgər daimi olaraq bir qaydada gəlsəydi, aşiq tez doyardı. Əgər yüz min yaşasa belə, yenə ihdinəs-sıratəl” söyləyərvə bu doğru yolda Haqqın təcəlliyatı görünmüş olar.
 Övliyalar bu yolu peyğəmbərlərin, möminlər isə övliyaların yolunu izləyərək tapmışlar. "Mənə uyun ki Allah da səni sevsin”(Ali İmran, 52) hökmünə uyğun olaraq tovhid toxumunu möminlərin ruhunda kamala kamala çatdırmışdır. Hər bir insana məlumdur ki, əgər münbit bir yer şumlanarsa, və ora toxum əkilməzsə, daim suyunu versən də yəqin ki, orada heç vaxt yabanı otdan başqa bir şey cücərib bitməz. Bil ki, məşayixin təlqini möminlərin qəlbində tovhid toxumudur. "Bu zövqün sirri haldır ki, kəşfullah yolu ilə əldə edilir, kitablardan oxumaqla, yəni qal yolu ilə ələ gəlməz”. 
 Məkarimül-əxlaq Bu əsərin adı əslində "Əxlaqın kərimləşdirilməsi”, yəni kərəm, ucalıq, yüksək mənəvi keyfiyyətlər kəsb etməsi, pis, alçaq xasiyyətlərdən təmizlənməsi, arınması mənasıını verir. Seyid Yəhya bu əsərdə öz ardıcıllarını, oxucularını sanki bir ata kimi şəfqət və nəvazişlə tərbiyə etmək, bəyənilməyən xüsusiyyətlərdən qurtulmaq üçün onlara yol göstərir.
 Bu əsərdə müəllif öyüd-nəsihət verməkdən daha çox, pis və yaxşını əyani surətdə göstərmək, pisliklərdən xilas olmağın yollarını əyani surətdə açıqlamaqla onlara kömək etmək istəyir. "Dünya kafirlərin cənnətidir” hədisinə əsasən Seyid Yəhya bildirir ki, "Bu dünya zindanında kəsif (maddiyyat aləminə məxsus cismin zəncirləri və qandalları lətif(şəffaf, nurani) ruhun ayaqlarına bağlanmışdır. Zəlil və alçaq xasiyyətlərdən bəziləri Uca Həzrət tərəfindən əzəldən insan vücudunun xəmirinə qatılmışdır. Bunlar insana bu dünyada yoldaş olaraq verilmişdir. Bu riyakar yoldaşlardan qurtulmaq üçün insan iradəli olmalı, pis xasiyyətləri ilə mübarizə aparmalıdır. 
Seyid Yəhyaya görə pis xasiyyətlər bunlardır: Büxl(xəsislik 2)xişm(qəzəb) 3)tamah 4) hüqd(kin) 5) şəhvət və nar 6) kibr(lovğalıq) 7) həsəd
 "Bunların yeddisi də qəlbin mərəzidir. Amma xəsislik pis xüsusiyyətlərdən birincisidir. Onu təqdim etmək üçün ona zidd olan xasiyyətin kərəm olduğunu bildirmək lazımdır. Kərəm Allahın sifətlərindəndir. (Allahın Adlarından bir də Kərimdir). Fikrimizcə, əsərin "Məkarimül-əxlaq” adlandırılması da bununla əlaqədardır. Seyid Yəhyanın fikrincə əxlaqı xasiyyəti dəyişməyin birinci yolu odur ki, ixtiyar cilovunu bir kamil mürşidin əlinə versin və nəfsi-əmmarəni ona həvalə etsin. Özünün bütün ixtiyarını həmin vaxt sahibinə tapşırsın və onun təlim-tərbiyəsi ilə kamilliyə yetişsin. Mürid gərək ölüyuyanın əlindəki ölü kimi, özünü tamamilə mürşidin ixtiyarına versin ki, o kamil insan rəzalət pasını, kirini vilayət suyu ilə ondan yuyub təmizləsin. Əxlaqı dəyişməyin bu yolu bütün digər yollardan daha yaxın və daha asandır. Bu yolla qısa müddət ərzində çoxlu fayda əldə etmək mümkündür (S.Yəhya, Risalələr II, s.123).
 Əxlaqı dəyişməyin digər yolu odur ki, insan hikmət nuru ilə müəyyən etsin ki, pis xasiyyətlərdən hansı onun müsahibidir, həmin xasiyyətlərin onun üzərində qalibiyyət və məğlubiyyəti nə dərəcədədir. Sonra isə bu xasiyyəti düzəltmək üçün çalışsın, səy göstərsin. Məsələn, ondakı pis xasiyyət xəsislik olarsa, mal-dövlətini səxavətlə paylamağa, sədəqə verməyə çalışsın. Kərəm sahibi olan insanların söhbətini qənimət bilsin ki, səxavətli, comərd insanların söhbətinin bərəkətindən bu  qüsurdan xilas olsun. Əgər ondakı pis xasiyyət xişm qəzəbdirsə, həlim, yumşaq olmağa çalışsın, qeyzini, hirsini cilovlamağı özünə vacib bilsin. Əgər ondakı pis xasiyyət tamah olarsa, təcrid halında olmağa çalışsın. Elə adamlarla oturub-durmağa çalışsın ki, onlar əllərini-ətəklərini dünyadan çəkmişlər. Dünyanın var-dövlət və nemətlərinin onlar üçün heç bir əhəmiyyəti qalmamışdır. Bu dünyanın boşluğuna, dünya nemətlərinin puçluğuna dəlalət edən ayə və hədisləri oxusun.
 Əgər onun mərəzi kin olarsa, daima sülhə, razılığa çalışsın. Əgər qəlbində möminqardaşına qarşı nifrət hissi keçirərsə, tez bu vəziyyəti yoluna qoymağa çalışsın və kinin əsası olan nifaq və küdurətdən xilas olsun. "Həşr” surəsinin 7-ci ayəsini (Bizim qəlbimizdə iman gətirənlərə qarşı kinə(həsədə) yer vermə) özünə şüar etsin ki bu ayənin bərəkətindən Həzrəti Haqq onu bu mərəzdən qorusun. Əgər ondakı pis xasiyyət şəhvət olarsa, o zaman yeməyini azaltmağa çalışsın. Naməhrəmlə söhbət etməsin, gözünü və qulağını haramdan qorusun. Şəhvət oyandıran səsləri nəğmələri və hekayələri dinləməkdən çəkinsin. Əgər bu yolla şəhvətini dəf edə bilməsə, o zaman nigaha girsin, evlənsin. Beləliklə, tamah məhsulu olan şəhvəti Peyğəmbər sünnətinə çevirsin.
 Ondakı pis sifət kibr olarsa, öndə görünməməyə cəhd etsin. Ancaq əmr edilərsə, ortalarda otursun. Bu baxımdan kimsənin haqqına təcavüz etməsin. Birinci olaraq insanlara o salam versin. "Şübhəsiz ki sən böyük bir əxlaq üzərindəsən(Qələm,4) sifətinə sahib Həzrət Məhəmmədin(s.ə.s) yolu ilə getsin. Onun təvazökarlığını, gözəl əxlaqını nümunə götürsün.
 Mənazilül aşiqin Seyid Yəhyanın "Mənazilül-aşiqin” əsəri Haqqa yönələn salikin keçdiyi mərhələləri ifadə edir. Əsər nət, minacat və dörd xəlifənin mədhi verilir. Kitabın başlanğıcında müridləri, təsəvvüfi yolçuluğa qədəm qoymaq istəyənləri xəbərdar edir:

Ey talib, varlıq aləmindən keç(güzər et),
Bir an bu ənfus(nəfslər) aləminə səfər et.
Sənin qarşına çox vadilər çıxacaq.
Cürbəcür əcaib, qəribə hadisələrlə qarşılaşacaqsan.
Bu vadidən keçdikdən sonra digərinə düşəcəksən (S.Yəhya, Risalələr I, s.23).

 Bu elə bir yoldur ki, nə əvvəli, nə də sonu olacaq. Bu yolda çox səhvlər baş verəcək. Ona görə də yola çıxan hər salikə bir rəhbər, kamil mürşid gərəkdir. Rəhbərsiz bu yola girmək olmaz. Salik yalnız rəhbərin əmri ilə bir mənzildən digərinə keçə bilər. Necə ki, Həcc ayinini icra etmək üçün yola çıxan zəvvar biryol tanıyan insana, yol göstərənə ehtiyac duyursa, mənəvi yolçuluğa çıxan şəxsin də eləcə mürşidə, rəhbərə ehtiyacı vardır. Seyid Yəhya şəriət Həccini Həcci-surət, mənəvi yolçuluğu isə Həcci-məqsud adlandırır.

Məqsud Həccinin  məqamlarını anla ki,
Divi-mərduddan (lənətlənmiş şeytandan) azad olasan.
Bu yolda yeddi məqam sənin məkanın olaca.
Yolkəsənlərin əlindən xilas olmaq üçün ora sığınacaqsan.
Lakin qarşına 40 mənzil də çıxacaqdır,
Hər mənzilin də özünəməxsus əməlləri olacaqdır(S.Yəhya, Risalələlər I, s.25).

 Seyid Yəhya bildirir ki, bu mənzillərdən kənarda da bəzi hikmətlər, əməllər və bilgilər vardır. Lakin  bu 40 mənzil işin əslidir. Salik hər mənzildə çoxlu sirlər, hikmətlər oxuyub öyrənəcəkdir. 40 mənzildən əlavə yeddi məqam da vardır. İnsan qəlbi ilahi sirlər mədənidir. Onda çox qiymətli cəvahirlər gizlidir. Lakin bu cəvahirləri üzə çıxarmaq, onları cilalayıb işləmək gərəkdir ki, ümkündür. Bu da ancaq mənəvi yolçuluğun mənzil və məqamlarını keçdikdən sonra mümkündür. Bu mənzil və məqamları keçdikdən sonra məna qapıları salikin üzünə açılır. Bu məqam və mənzillər əsldir və onun sübutu üçün iki adil şahid vardır. Birinci şahid Haqqın kəlamı, yəni Qurani-Kərim, ikinci şahid isə Peyğəmbər(s.ə.s.) hədisləridir.
 Bu yolda birinci mənzil niyyətdir. Niyyət hər bir işin başlanğııcıdır. Salik bu mənzildə dünya və onun nemətlərindən, axirət və onun cənnətlərindən əl çəkərək mənəvi bir təkamül yoluna girmək üçün niyyət etməlidir. Dünyanı dünyasevərlərə, axirəti ona can atanlara qoyaraq yalnız bəla və möhnətləri özü götürməlidir. Seyid Yəhya əsərlərini səciyyələndirən əsas xüsusiyyətlərdən biri budur ki, o, sağa-sola dönmədən, ayrıntılara girmədən birbaşa mətləbə toxunur, Mövlana Cəlaləddin Rumi, Nizami Gəncəvi, Əttar və digər əksər şairlər kimi hekayələrə demək olar ki yer vermir. Lakin şairin  "Mənazilül-aşiqin” əsərində verilən yeganə bir hekayə vardır ki. bu hekayə nəinki adı çəkilən əsərin, eləcə də Xəlvəti təriqətinin əsas müddəalarını əks etdirir. İskəndər haqqında olan bu hekayədə İskəndər  Peyğəmbər kimi təqdim olunur. İslamı, tək Allahı insanlara təbliğ edir. Bu baxımdan bu süjet Böyük Azərbaycan şairi Nizami Gəncəvinin "İskəndərnamə” əsərindəki İskəndər obrazı ilə səsləşir. Rum ölkəsinin padşahı İskəndər haqqında çox eşidir, canü könüldən ona aşiq olur. Bir ev tikdirir və orada İskəndərdən  xəbər verən insanları dinləyir. Onları təsvirlərini yaxşı-yaxşı yadında saxlayır. Sonra bir rəssam çağırır. İllərlə, müxtəlif insanlardan eşitdiyi xasiyyət və cizgiləri ona təsvir edir.  Rəssam da bu təsvirlər əsasında bir üz, portret çəkir. Şah hamidan gizli hər gün xəlvətə çəkilərək o şəklə baxıb ağlayır, ona öz eşqindən danmışır. Bir gün nəhayət ölkələr alan fateh, Böyük İskəndər o ölkəyə də gəlib çıxır. Özü elçi sifətində o padşahın hüzuruna gəlir. Lakin şah onu tanıdığı üçün əmr edir ki, onun ayaqları altına ləl-cəvahirat səpsinlər. Elçi İskəndərin qullarından biri olduğunu söyləsə də şah ona o portreti göstərir. Bu günə hazırlaşdığını, hər zaman bu görüşü gözlədiyini deyir. Bu alleqorik hekayədən sonra Seyid Yəhya soruşur: Bilirsənmi, İskəndər kmdir, Rum şahı nəyi bildirir? Rum padişahı Əqlin rəmzidir. İskəndər isə ruhun. Sən də özünü o görüşə hazırla. Burada müxtəlif təsvirləri toplayaraq tənhalığa çəkilən şah, həm də Allah Taalanın adlarını zikr edərək xəlvətə çəkilən bir sufidir. Allahın adları onun fərqli xüsusiyyətlərini əks etdirir. Əslində çoxluq, kəsrət birin, Vahidin əksi deyildir, Vahidi tamamlayan zərrələrdir. Yetər ki, ağlından istifadə edərək bu zərrələrin həqiqətini anlayasan, onların Vahidin hissələri olduğunu görəsən. O zaman qarşında Haqqın camalı cilvələnər.
Seyid Yəhya əsərlərində yeri gəldikcə poetik rəmz və məcazlardan istifadə edilməsinə baxmayaraq konkret şəkildə xəlvəti təriqətinin əsas müddəalarını əks etdirir. Əsərlərin lakonikliyi,  aydın bir üslubda olması onların xəlvəti təriqətinə yeni daxil olan müridlər üçün yazıldığını göstərir.
Şərhi-Əsmayi-Samaniyyə Bu əsərdə Seyid Yəhya Haqqa qovuşmağın sirlərini açıqlayır. Girişdən sonra "Tələb və onun  tanınması” bölümünü verir. Bu əsərdə o, sanki öz keçdiyi çətin və keşməkeşli yolu, əzablı  həyat hekayəsini anladır:

Ey dərviş, candan eşit bu hekayəni,
Eşit ki imanın üçün qida olsun.
İllərdir canla-başla Onun yolu ilə gedirəm,
Gah dayanır, gah da səfər edirəm.
Gecə-gündüz daim Onun tələbindəyəm,
Onun sevdasında bir ömür vermişəm(S.Yəhya, Risalələr I, s.108).

 Salik daim Haqqı tələb etməli, hər zaman Ona qovuşmağa, Ona layiq olmağa çalışmalıdır. Əslində sevən də, sevilən də Haqq özüdür(Yuhibbuhum və yuhibbunəhu. (Qurani-Kərim)Hüsn və eşq Tanrının aktiv və passiv qabiliyyətləridir: "O daim öz-özü ilə eşqbazlıq edir; Onun Eşqi və Hüsnü daim bir-birini axtarır.
 Daha sonra "Həyat və Onun tanınması haqqında” bölümündə şair bildirir ki, bu ilahi tələb və eşq salikə həyat bəxş edir, onu daim diri saxlayır. Bu ilahi eşq və iman əbədi həyat verən dirilik suyu, abi-həyatdır. İnsanın mərifəti, yəni Allahı tanıma qabiliyyəti onun üçün abi-həyat çeşməsidir. Seyid Yəhya insanı özünü tanımağa, öz mahiyyətini dərk etməyə səsləyir. Aləmin əşrəfi olan insan bu dünyaya yalnız yemək, yatmaq üçün gəlməmişdir. İnsan öz dəyərini anlamalı, ömrünü boşa sərf etməməlidir.

Ey oğul, sən dəryalar üçün gəlmisən,
Yaxşı bax, sən yüz ümman üçün gəlmisən bu cahana.
Yüz ümman sənin ruhun qarşısında bir qətrədir,
Bütün mövcudat, aləmlər sənin yanında bir zərrədir(S.Yəhya, Risalələr II, s.112).

 Allah Taala Əhəd sifəti ilə bütün şəkilləri özündə cəmləşdirmişdir. Tək varlıq Odur. "Elm və onun tanınması barədə” bəhsində Seyid Yəhya elmə çox böyük dəyər verir, onu "dirilik suyu”  "mərifət mədəni”, "hər iki dünyanın rahatlığı”, "Başa tac” "İsmi-əzəm” kimi səciyyələndirir. Elmi-Külli, Elmi-cüzinin əslidir. Elmi-cüzi elmi-Küllidən meydana gəlir. Seyid Yəhya oxucusuna elmi-Külli əldə etməyi tövsiyə edir. Ən böyük bəla cəhalətdir. Elmdən uzaq olan insan yolunu azar, cəhalət bataqlığında ilişib qalar. Cəhalət cəhənnəmdir, elm isə insana cənnət qazandırır. "Hər kim cəhalət bataqlığından sıçradı, Mövlaya çatar”.
 "Şərhi-Əsmayi-samaniyyə” əsərində Seyid Yəhya daha sonra səm(ilahi eştmə) bəsər(ilahi görmə qabiliyyəti) qüdrət, kəlam, iradə kimi fəlsəfi anlayışlar və onların tanınmasını ayrıca bölümlərdə şərh edir.
Şərhi-sualati-Gülşəni-əsrar Əsər M. Şəbüstərinin "Gülşəni-əsrar” əsərinə nəzirə olaraq qələmə alınmışdır. Seyid Yəhyanın təsəvvüfi görüşlərini öyrənmək baxımından çox maraqlı olan bu əsər sual-cavab şəklindədir.
 Birinci sual budur ki. "Ruh və nəfs nədir”? Bu suala əsərdə belə cavab verilir: Ruh insan vücudunda ən izzətli və şərəflii məfhumdur, çünki ilahi sirlərin kəşfi ona müyəssər oldu. Nəfs İnsan nəfsi həvaya uyduğu üçün bütün şəhvətlər, mənəvi qüsurlar ondan hasil olar. Qan tökmək, zina, böhtan, qeybət ondan zahir olar. Nəfs insanı cəhənnəmə aparan yolda ona rəhbər olar. Onun ən böyük düşməni də nəfsidir. Buna görə də insan nəfsə uymamalı, irfan və təhqiq yolu ilə nəfsin zülmətlərindən xilas olmalıdır.
İkinci sual ürək və sirrin nə olduğu barədədir. Bu sualın cavabı belədir: "İnsanların məhvəri ürəkdir, ürək; Ürəyi bildinsə, sən kamil olacaqsan.(S. Yəhya, Risalələr II, s.137).
 Seyid Yəhya ürəyi "hikmət sirlərinin qaynağı”, "izzət sahibinin görüş yeri”, "ilahi məhəbbətin mənbəyi” kimi səciyyələndiri. "Möminlərin qəlbi Allahın evidir”. Ürəyin içində elə məna gövhərləri gizlidir ki, onları Allahdan başqa kimsə bilməz. Peyğəmbər "Möminlərin qəlbi Rəhmanın iki barmağı arasındadır, onları istədiyi kimi çevirir” buyurmuşdur. 

  Nəticə
 Seyid Yəhya Şirvaninin yaradıcılığının əsas hissəsini təşkil edən farsca risalələri onun təsəvvüfi görüşlərini müxtəlif aspektlərdən əhatə edir. O "Həft məqam və çehel mənazil”,”Şərhe-məratibe-əsrare-qülub”, "Məkariməl-əxlaq” və s. əsərlərində insanı mənəvi təkamülə aparan süluk yolunu təsvir edir. Haqqa qovuşmağın yeddi mərhələsini: tələb, eşq, mərifət, istiğna, tövhid, heyrət, fəna vadilərini və qırx mənzilini: niyyət, inabət, tövbə, iradət, mücahidə, vərə, ixlas, fəna, bəqa, üns, şövq, məhəbbət, vəhdət, vüsal, kəşf və s. açıqlayır.  Seyid Yəhya əsərlərində yeri gəldikcə poetik rəmz və məcazlardan istifadə edilməsinə baxmayaraq konkret şəkildə xəlvəti təriqətinin əsas müddəalarını əks etdirir. Əsərlərin lakonikliyi,  aydın bir üslubda olması onların xəlvəti təriqətinə yeni daxil olan müridlər üçün yazıldığını göstərir. Bu risalələr xəlvəti yoluna girən müridlər üçün yazılsa da ifadə etdiyi dərin əxlaqi, irfani məzmununa görə bu gün də insanların mənəvi kamilləşmə prosesində müstəsna əhəmiyyətə malikdir.

                        Ədəbiyyat
1. Musayeva A. Seyid Yəhya Bakuvinin əlyazmaları, "Elm və həyat” jurnalı, № 9 , 1985
2. M.Rıhtım, Seyid Yəhya Bakuvi və xəlvətilik, Bakı, Qismət, 2005
3. Məmmədli Nəzakət, Azərbaycandan dünyaya doğan günəş : Seyid Yəhya Şirvani və xəlvətilik, Bakı 2016
4. Seyid Yəhya əş-Şirvani əl Bakuvi və Şəfa əl Əsrar, Nəşrə hazırlayan Mehmet Rıhtım, Bakı, Elm, 2010  
5. Seyid Yəhya əş-Şirvani əl Bakuvi, Risalələr (Nəsr əsərləri), I c. Bakı 2014, (Fars dilindən tərcümə edən Nəzakət Məmmədli)
6. Seyid Yəhya əş-Şirvani, əl-Bakuvi, Risalələr(Nəzm əsərləri), II c. Bakı 2014, (Fars dilindən tərcümə edən Nəzakət Məmmədli)
7. Seyid Yəhya Şirvani , Şərhe-məratibe-əsrare-qülub, Istanbul Universiteti Mərkəz kitabxanası, FY 954 (Halis Ef. 8194)
8. Seyid Yəhya Şirvani, Həft məqam və çehel mənazil (Mənazilil-aşiqin), Çorum, Hasan Paşa kitabxanası, N 2101/4
9. Seyid Yəhya Şirvani, Kəşfül-qülub, Manisa Muradiyə kitabxanası, 2906/1
10. Seyid Yəhya Şirvani, Əsrarəl-vüdu vəs-Səlat, Çorum, Hasan Paşa kitabxanası, N 2101/3
11. Seyid Yəhya Şirvani, Qisseyi-Mənsur, İstanbul Universiteti kitabxanası, Fy. 954/HE. 8194/10
12. Seyid Yəhya Şirvani, Mənaqibi-Əmir əl-möminin, Manisa Muradiyə kitabxanası, 2906/11
13. Seyid  Yəhya Şirvani, Şərhi-sualati-Gülşəni-əsrar, Nuruosmaniyə kitabxanası, N 4904/7
14. Şeyx Fəridəddin Əttar Nişaburi, Məntiqüt-Teyr, Təshih və şərh: Doktor Kazem Dezfoliyan, Tehran, Enteşarate-Taliye, 1371