Biz imzaları yox, əsərləri dərc edirik...

Səyahət etmək mənim üçün bir “xəstəliyə” çevrilib–Azər İsmayılın müsahibəsi
540
24 May 2018, 14:19
 Artkaspi.az gənc səyyah, səyahət yazarı Azər İsmayılın müsahibəsini təqdim edir: 
 
 
  İlk olaraq işlə bağlı səfərlərə gedib, lakin sonra onda mütəmadi səfər etmək istəyi yaranıb. Artıq özü səyahət etməyə başlayıb, deyir ki, bu istək indi "xəstəlik” həddinə çatıb. Daim gəzmək, yeni ölkələr, fərqli mədəniyyətlərlə tanış olmaq istəyir. Gəzib-gördüyü yerlərlə bağlı yazılar hazırlayıb bloqunda paylaşan müsahibimiz, gənc səyyah, səyahət yazarı Azər İsmayıldır.
 
 
 


  – İndi səyahət şansı yaransa, olduğunuz ölkələrdən hansına səyahət etmək istəyərsiniz? Və niyə?
  – Adətən, eyni yerə təkrar getməməyə üstünlük verirəm. Amma elə olub ki, İngiltərəyə bir neçə dəfə getmişəm. Almaniya və  İtaliyada iki dəfə olmuşam. Düşünürəm ki, indi İsveçrəyə bir daha gedərdim. O ölkədə cəmi bir gün olmuşam. Ölkənin bir tərəfindən – Sürixdən digər tərəfi Luqano şəhərinə  getmişəm. Hər iki şəhər gözəldir, amma Luqano daha çox yadımda qalıb. O şəhərdə iki saat gəzmişəm. Həddindən artıq gözəl, şəkil kimi şəhərdir. Orda yenidən olmağı çox istəyərdim. Şəkillərdə şəhərlər necə gözəl, qüsursuz olursa, bax reallıqda da elədir. Bir də yayda Bolqarıstana təzədən getmək istəyərəm. Mən qışda orda olmuşam, amma yayda da getmək istəyərəm. Çünki bu fəsildə oralar çox gözəl olur. Nəinki Sofiya, Bolqarıstanın digər gəzməli-görməli yerləri də çoxdur.

  – Getdiyiniz ölkəyə niyə təkrar getməməyə üstünlük verirsiniz? Bir dəfə gedəndə istədiyiniz hər yeri gəzə bilirsiniz?
  – Əslində, mən yaranmış imkandan maksimum istifadə etməyə çalışıram. Getdiyim ölkənin və şəhərin ən maraqlı və özümə maraqlı gələn yerlərində olmağa çalışıram. Həm də, hər səfər müəyyən xərcdir. Xərc çəkib gedirəmsə, daha çox yer görməyə çalışıram. Daha çox ölkə, şəhər, fərqli mədəniyyət görmək maraqlıdır, nəinki eyni yerə dəfələrlə getmək. Elə adam var ki, 10-15 ildir hər yay istirahətində eyni yerə səyahət edir. Hər yay Antalyaya, hətta ordakı eyni otelə gedir. Mən dəyişikliyi, yeniliyi sevirəm. Ona görə, eyni yerə getmək istəmirəm.

  – Xərc məsələsinə toxundunuz. Səyahət edəcəyiniz ölkəni seçəndə xərc məsələləri nə dərəcədə rol oynayır?
  – Ümumiyyətlə, səyahətin büdcəsinin formalaşmasında iki məqam nəzərdə tutulur. Azərbaycandan çıxmaq üçün aviabilet, şəhərlərarası nəqliyyat və gecələmək üçün yer. İstiqamətləri seçəndə mütləq aviabiletin qiymətinə və tarixlərə baxıram. Çünki tarixlərə görə biletin qiyməti dəyişə bilir. Gecələmək üçün yer adətən, standart olur. Amma biletin hər dəqiqə, hər saniyə qiyməti dəyişə bilir. Ona görə, tarix seçiminə əsasən bilet alıram. Aldığım ən ucuz aviabilet 10 avro dəyərində olub. Avropadaxili bir bilet idi. Əsasən, bir tərəfə biletin qiyməti 50 avrodan yuxarı olmur. Adətən, Gürcüstandan uçuram, amma "Buta Airways” ilə də uçanda biletə 50 avrodan artıq pul verməmişəm. Avropadaxili marşrutlarda isə avtobus, qatar sərfəlidir. Bir də, bileti əvvəlcədən alanda çox ucuz qiymətə əldə etmək mümkündür. 
 
 
 


  Ölkə seçiminə gəldikdə isə səyahət etmədiyim yerlərin siyahısı beynimdədir. Avropanı götürsək, orda çox az ölkədə olmamışam. Avropaya səyahət etmək istəyirəmsə, getmədiyim ölkələri qeyd edirəm və onlar içərisində hansına ucuz bilet tapmağıma baxıram. O ölkələri bir-biri ilə necə birləşdirəcəyimi düşünürəm. Əsas odur ki, Azərbaycandan çıxış üçün ucuz aviabilet olsun. Ondan sonra ucuz yollar tapmaq mümkündür.

  – Nə qədər ölkədə olubsunuz indiyə qədər?
  – 30

  – Heç də az rəqəm deyil. Bəs nə vaxtdan başlayıbsınız səyahətlərə?
  – 2013-cü ilin axırlarından başlamışam. Əvvəllər bu səfərlər işgüzar məqsədli idi. Şirkətlərin birində çalışırdım, orda İngiltərə ilə bağlı bir layihə var idi. Ona görə, ora gedib-gəlirdik. Sonra artıq davamlı səyahətlər başladı. Bu gün artıq vəziyyət belədir ki, səyahət etmək mənim üçün bir "xəstəliyə” çevrilib. Təkcə yay tətili ilə kifayətlənmirəm. Daim gəzmək, görmək və bunları öz bloqumda paylaşmaq istəyirəm.

  – "Xəstəlik” halına gəlibsə, yəqin ki, səyahətləriniz arasındakı vaxt az olar...

  – 2018-ci ildə 5 yeni ölkədə, 7 yeni şəhərdə olmuşam. Əlbəttə, işin bir ucunda da maliyyə dayanır. Maliyyə olanda çox gedirəm, az olanda fasilə verirəm. Fasilə olanda da çalışıram ki, heç olmasa, Tbilisiyə gedib, bir-iki günlük də olsa, stress atım.
 
 
 


  – Amma işləyən adamın səfərlər üçün vaxt ayırmaq məsələsi də var...

  – Hazırda gördüyüm işin qrafiki sərbəstdir. Ona görə, icazə almağa ehtiyac yoxdur. Əsas səfər üçün maliyyə olsun, qalanı düzəlir (gülür).

  – Səyahət etməklə bərabər həm də təəssüratlarınızı yazıb paylaşırsınız. Bu da əlavə vaxt tələb edir. Bütün səfərlərdən yazı hazırlaya bilirsiniz?
  – Əvvəl hər səyahətdən maksimum bir yazım olurdu. İndi daha çox və daha fərqli mövzularda yazı hazırlamağa çalışıram. Ümumiyyətlə, səyahət etməsəm də, çalışıram ki, səyahətlə bağlı müxtəlif məqalələr yazım, araşdırmalar edim ki, insanlara maraqlı olsun. Səyahət zamanı adətən, bloqumda şəkil paylaşıram. Amma səyahətdən sonra vaxt olanda topladığım videoları, şəkilləri bir yerə yığıb, emal edib, normal vəziyyətə gətirib paylaşıram.

  – Bir ölkəyə səyahət edirsiniz. İlk gününüz necə keçir?
  – Bu, getdiyim yerdə nə qədər qalacağımdan asılıdır. Bir neçə gün qalıramsa, getdiyim günün rejimini çox da sıx etmirəm ki, yorğunluq çıxsın. Amma səfər qısamüddətlidirsə, əşyaları qalacağım yerə yerləşdirəndən dərhal sonra gəzməyə çıxıram. Gəzməli yerləri bir neçə resursdan götürürəm. İlk resurs mənim üçün "tripadvisor.com” saytıdır. Orda getdiyim yerdə görüləcək ilk 10 yerlərin siyahısına əvvəldən baxıram və həmin yerləri bir-bir gəzməyə çalışıram. Bir-birinə yaxın olan yerləri marşrutuma daxil edirəm. Əgər hansısa yer aralıdırsa, onun üçün ayrıca vaxt ayırıram. Belə-belə gəzirəm.
 
 
 
 


  – Səyahəti sizin üçün maraqlı edən nədir? Sizin üçün hansı müsbət tərəfləri olub?
  – İnsanın dünyagörüşünün artmasında, özünü mənəvi cəhətdən inkişaf etdirməsində böyük rolu var. İnsanlara, özünə qarşı münasibətdə daha dolğun ola bilirsən. Daha çox məlumatlı olursan. Bu, həm də mənim üçün ikinci bir iş ola bilər. İstənilən turizm şirkətində heç bir problemsiz, çətinlik görmədən işləyərəm.
  Səyahətin bir tərəfi də var. Əgər tək səyahət edirsənsə, özünlə baş-başa qalırsan, kifayət qədər düşünməyə vaxt olur. Yaxud səfər zamanı çətinliklə üzləşəndə, təkbaşına öhdəsindən gəlmək vərdişi yaranır. Büdcəni normal planlamaq təcrübəsi qazanırsan. Bəlli büdcən olur, ordan kənara çıxa bilmirsən və öz xərclərini elə tənzimləyirsən ki, həm qənaət etməyi öyrənirsən, həm də bir qədər özünə güc gəlirsən.

  – Tək səyahət edirsiniz?
  – Tək də olur, həyat yoldaşımla da. Əvvəllər dostlarla daha çox gedirdim. Mənim üçün gəzmək olsun, tək də ola bilər, kiminləsə də. Bunun elə də böyük fərq yoxdur.
 
 
 
 


  – Səfərlərin gözəl tərəfləri ilə yanaşı, çətin, qorxulu məqamları da ola bilir. Belə hallarla qarşılaşıbsınız?
  – Qorxulu hadisələrlə demək olar ki, qarşılaşmamışam. Əvvəlcədən gedəcəyim şəhərin kriminal durumunu öyrənirəm. Potensial kriminal yerlərə getməməyə çalışıram. Elə adam var ki, belə kriminal macəraları sevir, amma mən o qədər də sevmirəm. Demək olar ki, qorxulu nə isə yaşamamışam. Səyahətçi üçün ən qorxulu şey təyyarəyə, avtobusa, qatara gecikmək ola bilər. Bundan qorxulu başqa nə isə olacağına inanmıram (gülür).
 
 
 


 – Səyahətdə bir çoxuna çətin gələn, bir qismin isə daha çox önəm verdiyi mətbəx məsələsidir. Heç ac qaldığınız olubmu?
  – Mətbəx mənim üçün o qədər də önəm daşımır. Getdiyim şəhərin çox məşhur yeməyi varsa, onun dadına baxıram, amma buna fövqəladə önəm vermirəm. Həm də qida ilə riski sevmirəm, ekzotik qidalardan qaçıram. Səyahətlərdə dadına baxdığım mətbəx nümunələrindən ən dadlısı San-Marinoda pasta və Torontoda steyk olub.  Amma heç vaxt ac qalmamışam.
 

    Söhbətləşdi: Aygün Asimqızı