Biz imzaları yox, əsərləri dərc edirik...

Sevgi ilə əzab tale qardaşlarıdır – “Sevdiyim əsər” layihəsi – Məmməd İsmayıl
2081
15 Oktyabr 2019, 09:23
  "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Bu dəfəki həmsöhbətimiz Məmməd İsmayıldır. Onun sevdiyi əsər Knut Hamsunun "Pan” romanıdır.
 
  – Knut Hamsunun "Pan” romanı hansı məziyyətinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
  – Əsərlərindən əvvəl yazıçı şəxsiyyəti gəlir. Ona görə də əvvəlcə yazıçının özü haqqında danışaq! Niyə başqa bir yazıçı yox, Knut Hamsun? Ağlıma və dilimə ilk gələn niyə onun adı oldu? 
  Hamsun Şərqin, ya da Avropanın səsli-küylü şəhərlərində doğulmadı. Şimal təbiəti, zinrik gecə qaranlığı, arxasınca, gözqamaşdırıcı fərqli qütb işıqları, nəhayətsiz qarlı düzlər, bənzəri olmayan şimal meşələri Hamsunun bir yazar kimi içinə hopdurduğu sehrli aləmdir. Haralarda işləməyib Hamsun? Dünyaca ünə qovuşmaq üçün keçdiyi qeyri-adi həyat yoluna nəzər salanda heyrətlənməmək olmur. Kasıb və "qaranlıq” bir ailədə doğulan, iş həyatında pinəçi şagirdi, altı aylarla göy başından, su ayağından çıxan okean ortasında balıq ovuna dayanan gəmidə matros yardımçısı, sərgərdan bir fəhlə, ayrı-ayrı sexlərdə usta köməkçisi, Amerikada kiçik satıcı köşkündə xidmətçi, oçaqçı, qəzet redaksiyalarında "bunu apar-bunu gətir” – əl buyruqçusu! Alçaldıcı, ikinci dərəcəli işlər! Və yazıçılığa qədər ən böyük "vəzifəsi” "mirzəlik” olan sıradan bir adamın Allah vergisi – fitri istedadıyla sonunda nələrə nail olduğunu görüb İlahi təqdirə şükran borcunun olduğunu dərk edirsən! Jan Jak Russo, Lomonosov və Qorkini çıxmaq şərtiylə Hamsun qədər dünya ədəbiyyatında "həyatın dibindən” sənətin zirvəsinə çıxa bilən başqa bir sənət adamı tapmaq çətindir. Bu anlamda təvazökarlıqdan uzaq olsa da, deyim ki, dövrün tərs şapalaqlarına baxmayaraq, gələcəyə güclü canatımlarla öz-özünün arxası, köməyi, yolgöstərəni olub sonunda istədiyinə çatan, çıxış nöqtəsi, yüksəliş istiqaməti baxımdan Hamsunun həyat hekayəsi ilə öz ömrüm arasında bir bənzərlik duyuram. Amansız ehtiyacın, futbol topu kimi köşədən-köşəyə atılmışlığın, yer və iş dəyişimlərinin gətirdiyi tale sınaqlarının bu qədər oxşar olması heyrətvericidir! Beləcə, əgər dünyəvi şöhrət boyölçümünü qarşılaşdırmasaq Hamsunla özümü dünyanın fərqli coğrafiya və vaxt kəsimlərində yaşamağımızdan asılı olmayaraq tale qardaşları sayıram. Bu mənada sualına cavabda Hamsuna öncəlik verməyimdə təsadüflərə yer yoxdur. "Pan” romanını bəzən povest də adlandırırlar. Hamsunun özgür, təbiətlə iç-içə olan qəhrəmanları şimal təbiətinin özü kimi fərqli və gözəldir. Hamsunda nağılvari həyatı nağıl kimi ədəbiyyat hadisəsinə çevirmək istedadı var. Azad insanın sənət himni olan "Pan”ın istər Hamsunun yaradıcılığında, istərsə də dünya ədəbiyyatında ayrıca bir yeri var. Bu roman gözəl, hardasa dağıdıcı, yırtıcı sevginin möcüzəvi epopeyasıdır. Dədəmiz Adəm kimi Pan da ormanda özünə evcik düzəldib "orman və tənha adam” ömrünü yaşayır. Cəmi 30 yaşı var, 30 yaş qocalıq deyil axı. Sıxıb son fikri ortaya çıxardası olsaq, romanın mayasını sevgi hissi təşkil edir. "Sevgi”, bəlkə də Allahın işlətdiyi ilk sözdür. Nə zaman ki, "işıq olacaq” dedi, sevgi də o zaman doğuldu. Allahın yaratdıqları o qədər gözəldir ki, sonralar qıyıb heç nəyi dəyişdirmək istəmədi. Həm də sevginin keçdiyi yollar "çiçək və qanla doludur” deyir, Hamsun. Amma sevgi həm də daşürəklidir, acımasızdır Hamsuna görə. Sevgi, ölüm qədər güclü, qısqanclıq, cəhənnəm kimi qəddardır. Hamsun da Dostoyevski kimi rəqibi olmayan tək ekspert, usta idi. O, qoynunda boy atdığı şimal təbiəti kimi gözəl, özgür, insanları – qəhrəmanları sevirdi. Nağılvari idillik həyatı nağıl kimi ədəbiyyat hadisəsinə çevirirdi. Ən doğrusu ona ustalığı ədəbi "izmlər”, sənət axınları, özündən təcrübəli və yaşlı yazıçılar yox, dünyanın başqa iqlim qurşaqlarına əsla bənzəməyən şimal təbiəti bəxş etmişdi. Qanunları yaradan da, yeri gələndə onları dəyişib pozan da yenə təbiətdir. Kobud külçəni dəyərsiz bir daşa döndərən də yenə odur. Oxucu onun həyat hekayəsi ilə tanış olduqca şübhə və inamsızlıq hissi keçirməyi normaldır. Çünki oralardan buralara gəlmək həqiqətən də ağılasığmaz bir şeydir.

  – Romanın qəhrəmanı təbiətlə-insan sevgisi arasında təbəddülatdadır, hər ikisi həm onu yaşadır, həm də düşündürür. Sizcə, yazıçı bu paralel xətləri saxlamaqla nəyə işarə edirdi?
  – "Pan”da Hamsun özünün təbiətə olan bütün büyüləyici psixologiyasını ortaya qoyub. Əsərdə Qlanın gözü ilə dünya həyatına vəhşi-qurd həssaslığı və baxışı var. Ona əsla saat lazım deyil, saatı dənizin qabarma və çəkilmələrindən, ya da otların yatışı və oyanışından, quşların gün boyu dəyişən nəğmələrindən öyrənir. Özü də bunu belə ifadə edir: "...Mən vaxtı günortadan sonra qapanmağa çalışan güllərdən, çiçəklərdən, yarpaqlardan öyrənirəm, onlar gah işıqlı-yamyaşıl, gah da tutqun olur. Meşədə yaşayıram, meşənin övladıyam, yemək yeyəndə də masada yox, yerdə oturub yeyirəm. Burada hər şeylə danışa bilirəm, orman səsləri ürəyimin içindən gəlir...” Qlan bu etirafı sevdiyi qıza edir. Və onun bu sözləri qıza ən həzin musiqi kimi gəlir. Təbiətin hər anında bir yenilik, bir dəyişiklik Qlanın daxili musiqisi kimi səslənir: "Sənə min şükürlər olsun, Allahım, görə bildiyim hər kiçik işarət üçün. Mənim əziz meşəm, son sığınacaq yerim! Burada kapitalist yeniləşmə hərəkatına işarə edən Jak Russo idealına yaxınlıq duyulur. Jan Jak Russo deyirdi ki, kim ilk dəfə hələ mülkiyyətin nə olduğu bilinməyən icma quruluşu dönəmlərində hər hansı bir torpaq sahəsinin ətrafını çəpərləyib bura mənimdir dedisə, o bəşər cəmiyyətinin dövlətçilik və mülkiyyət ənənəsinin banisidir. O zaman ağıllı bir adam çıxıb çəkilən çəpərləri dağıdıb torpaq – heç kəsin, məhsulu isə hamınındır desəydi, insanlıq sonra düşəcəyi bəlalara düçar olmazdı”. Hamsun da uzun zaman fərqiylə hardasa bu düşüncəni gündəmə gətirməkdədir. Bu sətirləri yazarkən çevrilib iş otağımda qohumdan-qardaşdan, dostdan-tanışdan uzaqda yalnızlığıma yoldaşlıq edən güllərə baxıram, o güllərə ki, mən onlarla ən sevdiyim insanla danışdığımdan daha səmimi danışıram.

  – Knut Hamsunun "Torpağın bərəkəti" və "Aclıq" romanından fərqli olaraq burda ov həyat tələbatı kimi yox, daha çox əyləncə amili kimi nəzərə çarpır. Sizcə, Hamsun eyni sənətə niyə təkrar-təkrar müxtəlif aspektdən yanaşırdı?
  – Bir az ədəbiyyatdan uzaq örnək olsa da deyim ki, heç bir əkinçi öz sahəsində becərdiyi məhsulu naşı bir adamın çıxarmasına etibar etməz. Səbəb budur: naşı adam ya yerin altında yetişən məhsulun harada olduğunu bilmədiyindən çıxardığını kəsəcək, ya da istənilən halda hamısını çıxarmayacaq. Əkinçi özü isə sadəcə tağın dibində deyil, sağa-sola uzanan köklərində də məhsul olduğunu bildiyindən bir təfkəç sağa, bir təfkəc də sola vurmaqla çəkdiyi zəhmətin əvəzini yerdən iki qatına çıxarar. İstedadlı və işgüzar yazıçı da hardasa eyni şeyi edir, beynində canlanan hadisə və süjeti sonuna qədər izləməyi sevir. Bir əsərində ələ aldığı mövzu, qəhrəman və ya hadisə o biri əsərlərinə də keçir. Bu da təsadüfü deyil. Əslində, təbiətdə hər şey davamlılığı sevir. Suyun davamlı axarı çayları, nəhrləri yaradır. Balzakla başlayan bu ədəbi yön Hamsuna da yabançı deyildi. Və unutmamalıyıq ki, arı çiçəyin ətrinə yox, şirəsinə uçub gəlir. Nə qədər ətrli olur-olsun şirəsi sorulan çiçəyə arı yenidən qonmaz. Əsas məsələ şirəni sona qədər sormaqdır. Yazıçı da ələ aldığı mövzunun şəhdi-şirəsini sona qədər "sormamış” ondan əl çəkməz. Dediyin, "Pan”da ov daha çox əyləncədir – fikriylə isə razı deyiləm. Qlan deyirdi ki, mən gülləni nəyisə vurub öldürmək üçün atmıram, atıram ki, yaşaya bilim. Ov Qlana təkcə əyləncə üçün yox, daha çox günlük ehtiyacını ödəmək üçün lazımdır. Qlan kimi insanlar, ya da belə deyək, qəhrəmanlar üçün təbii nemətlər sadəcə indiyə qədər yaşamış, ya da yaşayan nəsillər üçün deyil, eyni zamanda gələcək nəsillərin yaşaması üçün də gərəklidir. Ona görə də belə adamlar təbiəti istismar etmək yox, ondan ehtiyaclarını ödəmək üçün faydalanırlar. Əsərdə deyilir ki, yalnız aradabir yüksələn dəniz quşlarının və bir də Qlanın tüfənginin qurşun səsləri meşənin əbədi sükutunu pozurdu. Əsərdə yazıçının bizə təqdim etmək istədiyi şəxs Pan-Qlan deyil, güllərə, çiçəklərə, nəsnələrə ilk adları verən Adəmdir sanki. İnsanlar, quşlar, vəhşi heyvanlar yaşayan bu yalqız meşədə yalqız yaşam! Şərqi, Qərbi yox, sən ən yaxşısı bu nəhayətsiz sakitlikdə Allahı dinlə. Bir şeirdə deyildiyi kimi, "Bəli sükutun da öz dili vardır”. Kəndlərin qəsəbələrə, qəsəbələrin şəhərlərə döndüyü, məkəzəqaçma hadisəsinin baş verdiyi, təbiətin amansızcasına istismar edildiyi bizim günlərin oxucularına Qlan xarakteri bəlkə də xoş gəlməyə bilər. Amma Hamsunun yazdığı əsərlərin kiməsə xoş gəlmək kimi bir dərdi də yoxdur. Əslində, o elə təbiətin bir parçasıdır. Hamsun heç zaman öz-özünü təkrarlamadı. O, oxucularına bir-birinə bənzəməyən melodilər, ritmlər, qorxulu və tragik hadisələr bəxş etdi. Yazıçının sehri yandırdığı atəşdə və ya ehtirasdadır. Kim yanırsa, yandırmağı bacaran da odur. Hamsun hər zaman, əgər belə demək mümkünsə, qaynardır. Rus yazıçısı Kuprinin Hamsun ve onun "Pan” romanı ilə bağlı fikirləri ilə razılaşmamaq mümkün deyil, o yazırdı ki, "Pan”ın əsas qəhrəmanının demək olar ki, adı çəkilmir, bu, təbətin qüdrətli gücü, nəfəsində şimal dənizlərinin burulğanı duyulan böyük Pan, bəyaz gecələrin parlaq işığı, payızın "dəmir” gecələri, yarpaqların xışıltısı və sükutu, quşların çağrışımları, yuxu içində yuxu, həqiqətlə yuxu qarışımıdır. Romanı bir dəfə, beş dəfə, on dəfə oxuyursan və hər dəfəsində də poetikliyin, romantikanın bitib tükənməyən yeni çalarlarını tapırsan. "Pan” elə bir möcüzəvi romandır ki, yazarın qələmə aldığı yeganə roman belə olsaydı ona böyük şöhrət gətirərdi. "Pan”, yazılarkən dil qrammatikası, özündən əvvəlki ədəbi təcrübələr, sonra gələcəklər, hansısa tənqidçinin haqqında nə deyəcəyi düşünülmədən yazılan bir əsərdir. Buna görə də əsəri oxuduqca yağışlı bir gündə görünməmiş bir çiçəyin vəhşi baş döndürən ətrini xatırlamalı oluruq. "Pan”ı dağlardan dərələrə, ovaqlara axan, dənizə çatmaq üçün hansı əngəllərlə qarşılaşacağını düşünmədən öz yolunu tutan çay ömrünə də bənzətmək olar.

  – Sizcə, Qlanın itinin adının Ezop olması təsadüfüdürmü, yoxsa məlum miflə əlaqəlidir?
  – "Pan”ı diqqətlə oxuduqda yalnız dəniz quşlarının və bir də ara-sıra Panın tüfənginin qurşun səslərini eşidirsən. Bu lal meşələrin sükutunu iki səs pozur: Pan və iti Ezop! Bu təkrarsız əsərdə Panla Ezop münasibətlərində insan və təbiət bağlantıları iliyə işləyəcək bir həssaslıqla işlənib. Məncə, bu ad məsələsini təsadüf saymaq olmaz. Hər təsadüfdə bir zərurət gizlidir. İlk öncə onu deyək ki, fitri istedadını həyat təcrübəsi ilə birləşdirən sənətkarlar, nəinki, əsərlərinə və obrazlarına verdikləri adlarda, bəlkə az qala sözlər və cümlələrarası qoyduqları işarələrlə də yeni bir anlam ifadə etməyə çalışırlar. Bu mənada, "Pan”da heç nə təsadüfi deyil. Hələ desək "Ezop” adı da. Yunan mifologiyasının başlıca təmsilçilərindən biri olan Ezopun yaratdığı nağıl qəhrəmanlarıya böyük ünə qovuşduğunu bilirik. Həm də bu qəhrəmanların aşağı-yuxarı hamısı heyvanlardır. Bəlkə "Pan”dakı Ezop da elə Ezopun nağıllarından götürülüb, kim bilir? Amma eyniləşdirmək istəsək, əsərin sonunda həm də Ezopun necə əzablara düçar olduğunu görəcəyik.
 
 

  – Edvardaya olan sevgi əsərin baş qəhrəmanı olan Qlanı dəyişir və o öz əvvəlki həyatına qayıda bilmir. Sizcə, bu məqamda sevgi insan həyatının təyinatını dəyişən bir vasitə kimi göstərilir? Qlanı sanki sevgi yumşaldır və heyvani yaşamdan insani həyata gətirib çıxarır, siz necə düşünürsünüz?
  – Deməzdim ki, sevgi Qlanı yumşaldır. Yumaşaldırmı? Bir sevgi yarasını sağaltmaq üçün bir başqa sevgi macərası aramaq insani, insani olduğu qədər də şeytani bir hissdir. Elə xarakterlər var ki, onlar, etdikləri hərəkətlə kimdənsə qisas ala biləcəklərini düşünəndə, bu yolda hətta öz səadətlərini də qurban verməyə hazır olurlar. Edvarda da belə bir xarakterə malikdir. Qlan və tacirin on altı yaşlı qızı Edvarda! Sevgi oyunları. İki sevgi arasında qalan Qlan, tacir qızı Edvarda və sadəlövh Yeva. Onu qısqandırmaq üçün daha nələrə əl atmır Edvarda, yetər ki, Qlanı cızığından çıxartsın. Sevə-sevə sevdiyinə əzab vermək. Qlanın acığına sevməyə-sevməyə başqasıyla nişanlanmaq və hər fürsətdə bunu Qlana nümayiş etdirmək. Edvardanun nişanlısı axsaq olduğundan Qlan da ayağına qurşun sıxıb şikəst olmaq istəyir. Bir-birini dəlicəsinə sevən bu iki sevgili, sanki bir-birindən qisas almaq üçün yarışa giriblər. Sonunda Qlanın problemi ilk baxışda adi görünən bir təsadüflə çözülür. Qlan öz iradəsi xaricində bir faciə düzəldir. Və bu faciənin qurbanı onu sadə, amma sonsuz bir məhəbbətlə sevən Yeva olacaqdı. Qlan isə Yevanı Edvardadan hayıf almaq üçün görüntü olaraq istəyirdi. Qlan – meşələr oğlu özü yaratdığı bu faciədən sarsılıb nə edəcəyini bilmir və beləcə özündən qaçışı başlayır. Harayasa uzaq bir yerə – ya Afrikaya, ya da Hindistana getməyi qərarlaşdırır. Sonuncu görüşlərində Edvarda gözləri yaşarmış halda Qlana deyir ki, mən sizdən xatirə üçün bir şeylər istəyərdim, amma qorxuram bu sizin üçün həddindən artıq ağrılı bir şey olsun, Ezopu mənə verərsiniz? Qlan "Hə”dən başqa nə cavab verə bilərdi ki?! Qayıdandan sonra Qlan, Ezopu yanına səsləyir, onu oxşamağa başlayır, başını itin başına söykəyir və tüfəngini götürür. Ezop sevinc içində zingildəyir, itə elə gəlir ki, hər zaman olduğu kimi sahibiylə birlikdə ova gedəcəklər. Bu zaman güllə səsi şimal meşələrinin hüznlü sükutunu pozur. Sonra Qlan adam tutub Ezopun cəsədini Edvardaya göndərir. Beləcə Qlan da öz qisasına görə onun üçün ən əziz olan bir varlığı qurban verir. Doğrudur, Ezopda – ən yaxın dostundan ayrılmaq Edvarda kimi özünü, gələcəyini qurban vermək deyildi, amma bədii simvolik anlamda köpəyin cəsədi Qlanın Edvardonun üzünə vurduğu bir növ əvəz-əvəz idi. Sakit, ölçülü-biçili sevgi Hamsuna yaddır. Əslində, heç sakit, səssiz, ölçülü-biçili sevgi deyə bir şey də yoxdur. Sevgi deyəndə arxasınca iztirab gəlir. Hamsuna görə sevgi hər zaman qaçınılmazlıqdır. Sevgi tale kimi göylərdən enib insanların başının üstündən asılır. Nədir sevgi? Qızılgüllərin üzərindən əsən səhər yelimi? Yoxsa qanda elektrik qığılcımlarımı? Yox, sevgi hətta ixtiyarların belə ürəyini təlatümə gətirib rəqs etdirən alovlu cəhənnəm musiqisidir. O insanı məhv də edə bilər, ucalda da, ucaltdıqdan sonra yerə çırpıb usandıra da. "Əzablı sevgi” Hamsunun bir çox romanlarının: "Pan”ın, ”Viktorya”nın "Misteri”nin ruhundan ana xətt kimi keçir. Hamsuna görə oradakı fırtına səngiyib sakitlik başlayır, sevgi əriyib yox olur, poetikliyini itirir. Sevgi ilə əzab tale qardaşlarıdır. Sevgi büyüləyici əzab, gözqamaşdırıcı və gözəl işgəncədir. İnsanlıq üçün sevgi həm də əfsunlu bir oyundur. Hamsun həqiqi sehrbaz, yorulmaq bilməyən bənzərsiz söz sərrafıdır. Knutun əsərləri kiminçünsə cansıxıcıdırsa, onunla şeirdən, romantikadan, ürəyin hakimiyyətindən danışmağın anlamı yoxdur. Sevgi həm də hardasa alın yazısıdır Hamsuna görə. Bu, onunçün sevgi "Madam Bovari” sevgisi deyil. Knuta görə qadın kosmik enerjiyə sahibdir, kişidə sevgi oyandırdısa onu ya öldürür, ya ucaldır, ya da cinayətlərin uçurumuna atır. Hamsun bulvar yazıçılarından fərqli olaraq canlandırdığı qadın qəhrəmanları geyim-keçimi ilə fərqləndirmək istəmir. Qadın təbiətin bir parçası kimi onun əsərlərinə necə varsa eləcə də daxil olur.

  – Qlanın qadına aşiq olması, onun təbiət eşqini azaldır, o sanki əsl missiyasından uzağa düşür deyə faciə ilə üzləşir. Həmin məqam, sizcə, niyə bu cür qabardılır?
  – İnsan bütün varlığıyla təbiətin övladıdır. Bir dəfə gərək ki, fizika sahəsində Nobel ödülü alanların "Tanrı parçasını” kəşf etdikləri haqqında xəbər oxudum. İnsandan əvvəl Allahın bir "ol” sözü ilə təbiəti yaratmışdı. Bəşərin təkamülü bundan sonra başladı. Əslində, təbiətdə nə varsa, insanlıqdan öncəki mövcudluğu sərgiləyir və biz də təbiətdən yarandığımıza görə onun bir parçasıyıq. Bəlkə Hamsun insana sevgi xətrinə təbiətdən uzaqlaşmağın faciəyə gətirib çıxaracağını bizlərə xəbər vermək istəyirmiş, bilmirəm.
  Suriyada Əl Mari şəhəri var. Bu şəhər adını böyük hikmət sahibi Əl Marinin adından götürüb. Bir zamanlar onun məzarını ziyarət etmişdim. Bilirsənmi onun məzar daşına nə yazılıb: "Mən atamın etdiyi səhvi etmədim!” Nə idi atasının səhvi? Əlbəttə evlənməyi?! Yəni, mən evlənib Allaha olan sevgimi arvad-uşaqla bölüşmədim. Allaha, dolayısıyla təbiətə olan sevgidən vaz keçmək insanı faciəyə sürəkləyir. Təbiətə və sözə xəyanətin son ucu hər zaman ölümdür.

  – Yunan mifologiyasına görə Pan meşə, tarla və mal-qara Allahı Hermesin oğludur. Qlanın barıtqabının üstündəki kiçik fiqur onun təsiri altında olduğuna işarə edir, sizcə, niyə əsər boyu bircə nüansdan istifadə edilərək ideya açılır?
  – Dünya oxuya bilən üçün başdan-başa işarələrdən ibarətdir. Bu işarələr göyqurşağı da ola bilər, dörd qanadlı yonca da, nə bilim daha nələr... İnsan var ki, bu işarələrin dilini bilir və həyatını bunun üzərindən qurur, insan da var, ömrüboyu başını qaldırıb heç olmasa bircə dəfə heyrətlə ulduzlu kəhkəşana baxmayıb. İşarələrin dili ayrıca bir elmdir. Rus ədəbiyyatında istər yazıçıların həyatlarında, istərsə də əsərlərində bu işarələrə tapınmalara az rast gəlinmir. Axtarsan bunu bizim ədəbiyyatda da tapa bilərik. Təbiətin Qlan kimi oğlu üçün barıt qabının üstündəki fiqur da, məncə, Hamsun tərəfindən hazırlanan qəhrəman portretini tamamlamaq üçün istifadə edilən formaca kiçik, anlamca çox böyük bir düyünçə və ya detaldır... Ən kiçik zərrə atomdur... Amma...

  Söhbətləşdi: Fərid Hüseyn