Biz imzaları yox, əsərləri dərc edirik...

Sevda məqam-məqam havalanmaqdı
862
13 Mart 2018, 15:45
 Artkaspi.az Elşən Mehdinin "Təyinlər" silsiləsinə daxil olan şeirlərini təqdim edir: 
 

 
 Təyinlər – 1
 Doğmalıq – uzaqlardakı barıt qoxulu 
 kənd torpağnın 
 qucağıdır.
 Sükut  sözlərin çıxışa
 hazırlaşdığı paltardəyişmə
 otağıdır.
 Ümid – real vəziyyəti 
 şişirdilmiş halda
 düşünməkdir.
 Xəyal – məqsədə gedən
 trampilinlərdən keçməyə 
 ərinməkdir.
 Dinləmək  başdan ürəyə 
 gedən yola salınan 
 körpüdür.
 Danışmaq – niyyətin ifadə 
 üsuluna nisbətdə alınan 
 ölçüdür.
 Həyat – ...
 Darıxmaq – elə darıxmaqdır. 
 Ölüm  ömrün ən gözəl 
 çağında haşiyəyə 
 çıxmaqdır.
 


 Təyinlər  2
 Ayrılıq səs-küylü, get-gəlli olmur,
 Ayrılıq gedənin gəlməməyidi.
 Yetimlik uşağın özünün belə
 Kimə çəkdiyini bilməməyidi.

 Sevda məqam-məqam havalanmaqdı
 Kimsəsiz səhrada divanəlikdi.
 Uzaqlıq sərhədin o tayı deyil,
 Otaqdan-otağa biganəlikdi.

 Nəzakət düşmənin ehsanını da
 Dua edə-edə içməyimizdi.
 Dən yeyən quşu da hürkütməməkçün
 Yanından aralı keçməyimizdi. 

 Sədaqət dostuna dəyən xəncəri
 Əmanət verilsə, saxlamaqdadır.
 Qurtuluş Allahla təkbətək qalıb,
 Günahkar-günahkar ağlamaqdadı.