Biz imzaları yox, əsərləri dərc edirik...

Seriallarımız tətilə çıxır
1199
27 İyun 2019, 10:14
 İsti yay günləri qapımızı döyürsə, deməli istirahət zamanıdır. Mövsüm ərzində hər həftə sevərək izlədiyiniz serialların ekranlardan son anonslarını görəndə, bunu daha çox hiss edirik. İl ərzində izləməyi vərdişə çevirdiyimiz seriallardan bir neçə aylıq uzaq düşürük. Hazırda yerli televiziyalarımızda nümayiş olunan seriallarımızın son anonsları nümayiş olunur. Onlar tamaşaçılarına "yeni mövsümdə görüşmək ümidi ilə” deməyə hazırlaşırlar. Bəs görəsən hansı seriallarımız bu mövsüm tamaşaçıları ilə birdəfəlik vidalaşacaq, hansıları yeni mövsümdə qaldığı yerdən davam edəcək? Bu sualların cavabını öyrənmək üçün serialların rejissorları, ssenaristləri, yaradıcı heyəti ilə əlaqə saxlamağa çalışdıq. 
 
 Bu mövsümün reytinqlərindən razı qaldıq
 
 Xəzər televiziyasında yayımlanan "Ata ocağı” və "İmtahan” seriallarının baş ssenaristi Valeh Əhmədov deyir ki, bu mövsüm onlar üçün uğurlu keçib: "Ata ocağı” və "İmtahan” serialları bu həftə mövsüm sonuna çıxacaq. Artıq onların çəkiliş prosesi yekunlaşıb. Yeni mövsümdən yeniliklərlə tamaşaçıların görüşünə gəlmək üçün tamaşaçılardan qısa müddətlik ayrılırıq. Yeni mövsümdə bir çox yeniliklərimiz, maraqlı mövzularımız olacaq. Belə ki, seriallarımızda hekayəsi tükənən xarakterlərin bəziləri ilə sağollaşacağıq, yeni xətlər əlavə olunacaq, aktyorlar dəvət edəcəyik. Bəzi hekayələr var ki, müəyyən bir yerə qədər davam edir və ondan sonra tükənir. Yeni mövsümdə yeni xarakterlər, yeni hadisələr cərəyan edəcək. Ümid edirəm ki, yeni mövsümdə daha baxımlı olacağıq”.
 V.Əhmədov "İmtahan” serialının ikinci mövsüm yaşadığını və böyük reytinq topladığını qeyd etdi: "Gənclər arasında böyük sevgiylə qarşılanan "İmtahan” serialı bu mövsüm günorta saat 2-də nümayiş olunsa da, reytinqlərdə həmin saat çərçivəsində ən çox sevilən seriallar sırasında birinci oldu. "Ata ocağı” serialı isə nümayiş olunduğu "prime time” zamanda, yəni saat 10:00-da  birinci və ikinci yer arasında mübarizə apardı. Günlük serial asan bir şey deyil. Həftədə 5 bölüm olduğu üçün bəzən hadisələri tez bitirmək məcburiyyətində qalırıq. Bu mövsümün reytinqlərindən razı qaldıq. İnsanların bir hissəsi istəmir ki, serial davam etsin, digər bir hissə isə öz ailəsi kimi qəbul edir və bitməsini istəmir. Yeni mövsümdə seriallarımızın davamını çəkəcəyik. Yeni serial çəkilişləri gözlənilməsə də, telekanalımız yeni filmlər nümayiş etdirəcəklər”. 
 

 
 Artıq istirahət zamanıdır
 
 Xəzər-də yayımlanan "Xalxın evi” və "Ay yay yay” komediya serialları da bu mövsüm ən çox sevilən seriallar sırasında yer aldı. Serialların baş rejissoru Ramin Hacıyev deyir ki, gələn həftə serialların hər ikisi mövsüm sonuna çıxacaq: "Mövsüm ərzində çox gərgin iş rejimimiz oldu. Ötən ilin yay mövsümü üçün nəzərdə tutduğumuz "Ay yay yay” serialı böyük reytinq topladı və biz bu serialı mövsüm ərzində davam etdirdik. Artıq istirahət zamanıdır. Bu mövsüm bizim üçün uğurlu oldu, seriallarımız reytinqlərdə ön sıralarda yer aldı. "Xalxın evi” serialı mövsüm ərzində reytinqlərdə 1-ci və ya 2-ci yeri tutdu. "Ay yay yay” serialı da onun kimi. Yəni çəkdiyimiz əziyyət yerdə qalmadı. Yeni mövsümdə qaldığımız yerdən fərqli ampluada davam edəcəyik. Seriallarımızda məkan, aktyor dəyişikliyi olacaq. Hətta ümumi mövzunu da dəyişmək fikrindəyik. Misal üçün, "Xalxın evi” serialında əvvəl Mikayıl kasıb idi və bunu hamıdan gizlədirdi. Sonra varlandı, yenə də hamıdan gizlətməyə başladı. İndi artıq başqa mövzu düşünürük. "Ay yay yay”da mövsüm boyu varlı olan şəxs kasıblara yuxarıdan aşağı baxırdı. Sevgi onu o qədər sıxdı ki, artıq kasıbların da vəziyyəti ilə tanış oldu və onları daha yaxşı anlamağa başladı. Yeni mövzu üçün isə başqa ideyalarımız var. Sentyabrdan "Ay yay yay” ikinci, "Xalxın evi” serialı isə üçüncü mövsümü ilə davam edəcək”.
 Hazırda 6 bölümlük yay seriallarının çəkilişlərinə başladıqlarını deyən Ramin Hacıyev isti yay aylarında da tamaşaçıları güldürməkdə israrlı olduqlarını bildirir: "Artıq 2 yay serialının çəkilişlərinə başlamışıq. Onlardan birində kişilərdən ibarət vaynerlər olacaq. Bir də ailə-məişət zəminində yaranan problemləri əks etdirən bir komediya serialımız nümayiş olunacaq. Hər ikisi 6 bölümdən ibarət komediya janrında maraqlı bir serialdır”. 
 

 
 Seriallarımızı dayandırmaq qərarına gəldik
 
 ATV telekanalında yayımlanankomediya seriallarının baş prodüseri Elməddin Cəfərov bizimlə söhbətində serialların bir qismini bağlamaq məcburiyyətində qaldığını qeyd etdi: "Bu mövsüm bir neçə serialımızın bağlanmasına qərar verdik. Belə ki, "Bacanaqlar” artıq 10 il idi ki, nümayiş olunurdu. Hesab etdik ki, bu layihəni dayandırmağın zamanıdır. Yenilik etmək vaxtıdır. Bunun üçün sentyabra yeni bir serialla bağlı danışıqlar gedir. Hələ mövzu tam hazır deyil, bəzi çatışmazlıqlar var. Əsas hazırlıqlara gələn aydan başlayacağıq. Bu dəfə romantik komediyaya müraciət edəcəyik. Ümid edirik ki, bu layihə də baxımlı olar. "Qız atası” serialından başqa digər komediya seriallarının çəkilişini dayandırmışıq. "Qardaşlar”, "Bacanaqlar” seriallarının final bölümü çəkilib. Maliyyə vəziyyətimiz yaxşı olmadığı üçün seriallarımızı dayandırmaq qərarına gəldik”. 
 
 

 
 "O gecə" serialı efirdə son günlərini yaşayır


 ATV telekanalında yayımlanan "O gecə” serialının ssenaristi Çinarə Nüsrətli deyir ki, bir mövsümlük nəzərdə tutulduğu üçün serial efirdə son günlərini yaşayır. "Əvvəlcədən də nəzərdə tutduğumuz kimi, serial bir mövsümlük çəkildi. Bir aya yaxındır ki, ssenarini yazıb bitirmişəm. Sosial şəbəkələrdən də görünür ki, serial tamaşaçılar tərəfindən yetərincə sevilib və izlənib.  Həm kanalın, həm də tamaşaçıların istəyini nəzərə alsaq, bu seriala ikinci mövsümdə də davam edə bilərik. Düşünürəm ki, bu, böyük bir yaradıcı heyətin uğurudur... Amma nə qədər çətin olsa da, hər gözəl hadisənin bir sonu olur. "O gecə” bitir. Biz artıq yeni mövsüm üçün yeni layihəyə başlamışıq. Bu layihə də ATV telekanalında yayımlanacaq və ümid edirəm ki, yeni serialımız geniş tamaşaçı auditoriyası qazanacaq”. 
 Serialın final səhnəsini xəbər aldıqda isə, Ç.Nüsrətli qeyd etdi ki, serialın sonluğu hər kəsin ürəyincə olacaq. "Prodüserimizin bir sözü var, deyir ki, "əgər yazanda dolursansa, baxanlar ağlayacaq”. Son səhnələri yazarkən dəfələrlə kövrəlmişəm. Birdə ki, bir ildə doğmalaşan  qəhrəmanlarımdan ayrılmaq çox çətindir”.
 

 
 Serialdakı hər bir hadisə həyatla səsləşən gerçəklər idi...
 
 ARB telekanalında yayımlanan "Uçurum” serialının ssenaristi Xanım Aydın deyir ki, bu həftəsonu 200-cü seriyasıyla "Uçurum” mövsüm finalına çıxacaq: "Uzun və gərgin zəhmətin, əməyin nəticəsi kimi "Uçurum” serialı 2018-ci ilin sentyabr ayında tamaşaçıların ixtiyarına buraxıldı. Hamımız yeni səpkidə çəkilən, sosial, məişət, ailə zəminində yaranan problemləri işıqlandıran, müəyyən qədər də maarifçilik missiyası daşıyan serialın əks-sədasını həyəcan və səbirsizliklə gözləyirdik. "Uçurum”un ssenaristi olaraq, mən hamıdan çox həyəcanlanırdım. Amma buna baxmayaraq, ürəyimdə xoş bir sakitlik, arxayınlıq da vardı. Çünki tamaşaçıya qurama, saxta, özümüzə, adət-ənənələrimizə, yaşantımıza yamaq hadisələr, obrazlar, süjet xətti təqdim etməmişdim. Yazılan, çəkilən hər bir hadisə həyatdan götürülən, həyatla səsləşən gerçəklər idi. Tamaşaçı orda özünü, ətrafını, özüylə çağdaş zamanda yaşayan insanları gördü, yəni ona yad olan, xarakterik olmayan heç nəyə rast gəlmədi. Mən buna sonradan "Youtube” kanalındakı rəylərdən, aparılan sorğulardakı fikirlərdən daha da əmin oldum. Çox şükür ki, "Uçurum” tamaşaçı tərəfindən çox yaxşı qəbul olundu, hətta ikinci mövsümü də tamaşaçıların istəyi və marağına görə sentyabr ayından davam edəcəyik. Bu həftəsonu 200-cü seriyasıyla "Uçurum” mövsüm finalına çıxacaq. Yeni mövsüm üçünsə artıq müzakirələr başlanıb, hətta yeni seriaların yazılışına da start verilib. Qarşıda yeni obrazlarımız, hadisələrimiz, təbii ki, olacaq. Yenə də hər kəsi yaxşı mənada maraq və həyəcanda saxlamaq fikrindəyik. Əminəm ki, "Uçurum” birinci mövsümündə qazandığı sevgini ikincisində də qazanacaq. Qeyd etmək istərdim ki, serialımız mövsüm boyu "Youtube” kanalında, demək olar ki, trenddən düşməyib, yazılan rəylər, fikirlər hər dəfə bizə stimul verib. Və hesab edirəm ki, biz "Uçurum” komandası olaraq özümüzü tamaşaçıya olan sevgimiz və sayğımızla sevdirə bildik. Bu, bizim hər birimizin uğuru olduğu kimi, həm də zəhmətidir. "Uçurum” həvəskarlarına isə sözüm budur ki, bizi izləməyə davam edin, biz sizi sevirik!”.
 
 

  Sonda qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, televiziyada yayımlanan "Dağıntılar altında” serialının iyunun 27-də final bölümü yayımlanacaq. Telekanalda yeni mövsümdə fərqli ssenariyə sahib maraqlı serial nümayiş olunacaq. 
 
Xəyalə Rəis