Biz imzaları yox, əsərləri dərc edirik...

Сənubi Koreya və Türkiyə poeziyasından nümunələr
806
05 İyun 2020, 09:17
Artkaspi.az saytı Сənubi Koreya və Türkiyə poeziyasından nümunələr təqdim edir:
 
CHUN YANG HEE
 
İkicə sətir 
 
Müharibədə can qoyan atasının arxasıyca yollanıb
çöllərdə yaşayan qız
səhra küləyinə və qırx dərəcə istiyə
tablamayıb atasına məktub yazdı,
çöllü-biyabanda ölməkdən qorxub evə qayıtdı.
Məktubda yazmışdı ki:
"Burda yaşamaqdansa
həbsxanada ömür çürütmək daha yaxşıdı".
Qızının məktubunu alan atanın cavabı ikicə sətrə sığdı:
"İki nəfər həbsxananın pəncərəsindən ümidlə baxdı:
biri palçıqlı suya,
o biri isə parlaq ulduza".
Atasının ikicə sətri qızı yazıçı elədi.
Qız ikicə sətirlik məktubun məğzini
"Parıldayan Sur" adlı romana çevirdi.
Dünya şöhrətli söz adamı olandan sonrasa
qızın cavabı da ikicə sətrə sığdı:
"Özümü yaratdığım həbsxananın pəncərəsindən
ulduzumu tapdım".
 

 
HEO-SU GYEONG
 
Keflənməsən dözmək olmur
 
Haçansa
baharın kölgəsində içki məclisi qurmuşduq,
gün işığı ələnirdi başımıza.
Özümüzdə deyildik,
sərələnmişdik gün işığına.
Bircə unudulmaz xatirə də yox idi ki,
barı qəlbimiz ovuna.
Könüllərimiz baxışmışdımı bir-biri ilə,
qollarsız da qucaqlaşmaq mümkün imiş,
Onda səni qucaqlamışdımmı, görəsən?
Ucsuz-bucaqsız baharın kölgəsi idinmi sən?
Ürəyim yollar bələdlik edib irəli düşdü,
sarvanlıq eləmək istədi,
ancaq dərdimiz elə ancaq çıxıb getmək idimi?
Ey qəlbim, ona görəmi
getdiyin yolları alt-üst edib qayıtdın?
Ürəyimi yola sala bilmədim,
bu azmış kimi,
heç içkidən keflənməmişdim də.
Özünə məngirləyir məni
heç kəsin getmədiyi
və heç kəsin qayıtmadığı yol.
Daha heç kəsə etmirəm vida,
sanki qeybə çəkilib əlvida.
Dəqiq xatırlamıram,
onda üzümü baharın kölgəsinə gömüb
ağladımı, görəsən?
Sonra da kiriyib
üz qoydummu yoluma?
Bircə xatirə də yox idi ki,
barı ürəyimiz soyuya.
 
 
LEE SEONG-BOK
 
Ön söz
 
Axşam yeməyi yedim,
daha gecdi,
yavaş-yavaş gecə düşür.
Yad küləklərin əsdiyi yollarsa sürüşkəndi.
Sənsə ey sevdiyim,
üzbəüz küçədə məni görənə qədər
mən avarayam.
Sən məni görüb tanıyana qədər
mən avarayam.
Dörd bir tərəfdə quşların nəğmələri işıq saçır,
Günəş çıxanda mürgülədiyim çəmənlik,
səni çağıran səsim,
başı buludlara dəyən qovaqlar arasında
yarpaqlarla rəqs eləyir.
 
 
Türkiyə poeziyasından nümunələr
 
SAİT AYKANAT
 
Ölülərin rəqsi
 
Gecəni yara-yara parıldayan gümüş ay,
Yolumuzun üstündə əfsanəvi bir saray,
Həmişə qəfil vururdu on ikiyi saatlar
Üşənirdim, bu yerin qorxu vardı adında,
Özümü gizləmişdim küləyin qanadında,
Odlayırdı bağrımı yanaraq min bir adlar..
Gözümdə damla-damla əriyirdi işıqlar,
Yarılan məzarlardan qaçırdılar aşiqlər,
Saralan skeletlər qovuşdu bir-birinə.
Könüllərin özündən getdikləri bir andı.
Ərköyün nəğmə səsi boşluqda dalğalandı,
Bu vuruşan sümüklər coşduqca coşdu yenə.
İnilləyən orjestr son simini qıranda,
Bu yurdun xoruzları səhəri "qışqıranda"
Ulduzlar qaçırdılar üfüq ənginliyinə.
 
 
OSMAN SARI
 
Ölüm
 
Dövrələyib hər yanı, bütün yolları kəsib,
Hamını ov kimi qabağına qatıb ölüm.
 
Siz niyə belə dimdik dayanmısınız, dağlar,
Elə bil, heç görməyib, sizləri unudub ölüm
 
Heç cürə doymaq bilmir zülmlərin gözləri
Səni də vurmaq üçün pusquda durub ölüm.
 
O, zülüm dənizini çağladaraq daşırıb
Hər yanı zəbt eləyib, dörd tərəfi tutub ölüm.
 
Harada bir can var, torunu atıb o yerə
Özü heç yuxu bilməz, bizisə yatırdıb ölüm.
 
Gözləyib, gözləyib, birdən elə bil, gəlib ölüm.
Sanki, həsrətimi çəkib sonra məni tapıb ölüm.
 
Tərcümə edən: Fərid Hüseyn