Biz imzaları yox, əsərləri dərc edirik...

Sənin yazdıqlarını kimsə yaza bilməyəcək – Cavanşir Yusifli yazır
1234
10 Sentyabr 2019, 14:43
  Artkaspi.az saytı Cavanşir Yusiflinin məqaləsini təqdim edir: 
 
 

  Gənclərin ədəbiyyata gəlməsi, imzalarını təsdiqləməsi, kitabların, yazıların çıxması, dərc olunması, onların bu və ya digər müsabiqələrdə, proqram və festivallarda iştirakı... hardasa görünən və vacib şeylərdir. Bu sayılan tədbirlərdən bir neçəsinin təşkili həm də gənclərin öz təşəbbüsü ilə əyaniləşən faktlardır. Demək olar ki, hər il bizim ədəbi gəncliyin nümayəndələri bu və ya digər yerli və beynəlxalq tədbirlərdə iştirak edirlər, bu fəaliyyətin nəticəsi də göz qabağında olur. Məsələn, gənc şair Fərid Hüseyn keçən il müxtəlif beynəlxalq tədbirlərə qatıldı, ədəbiyyatla bağlı maraqlı çıxışlar etdi və "Kəpənək dərsi" kitabı mənim tərcüməmdə Amerikada çap edildi. Səlim Babullaoğlu və Qismət, demək olar, hər il bu tədbirlərin iştirakçısı olur, Yaradıcılıq Fondu, Mədəniyyət Nazirliyi və AYB nəzdində Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzinin xətti ilə jurnal, kitab və bukletlər çap edilir. Gənclərin əsərləri, həm də istedad və məsuliyyətin məhsulu olan mətnləri həm adını çəkdiyim Mərkəzin, həm də Azərbaycan Tərcümə Mərkəzinin müxtəlif dünya dillərində dərc etdikləri almanaxlarda işıq üzü görür... Məlumdur ki, hamı ədəbiyyata ilk gəlişində, yəni mətnlərinin bizim ədəbi orqanlarda, deyək ki, "Ədəbiyyat qəzeti", "Ulduz" və "Azərbaycan" jurnallarında dərc edildiyində müəyyən dərəcədə diqqəti cəlb edir. Onun mətndən "keçirdiyi" obrazlar, detal, təşbeh, metafora... və sair poetik element və vasitələr yeni şeirin, yeni tipli bədii mətnlərin doğacağından xəbər verir. Burda kənarın, yəni auditoriyanın vəzifəsi tam yerinə yetirilmiş olur, yəni o yeni şeiri biz görür və içində obrazlardan süzülən səmimiyyəti alqışlayırıq. İllər keçdikcə bu hal adiləşir, yəni adi "poetik reyestr" üzərində qərar tutur, həmin gəncin şeirlərini oxuyub daha sevinə, o şəkildə hisslərimizi büruzə verib onu alqışlamağa əlimiz gəlmir. Niyə? Təkcə ona görəmi ki, bu gənc yazdıqca, obrazlarını dövriyyəyə qoşduqca hər şey adiləşir, dünən bizi təəccübləndirən şeylərə bu gün baxıb keçirik? İlk baxışdan elədir. Ancaq fikrimizcə, bu məsələdə başqa bir yön də var ki, əslində, biz bunun barəsində düşünməliyik.
  Haqqında danışdığımız problemin bir neçə səbəbi ola bilər. Onları nəzərdən keçirməyə çalışaq. 1). Yuxarıda qeyd etdik ki, ədəbi prosesə yenicə qatılan gəncin gerçəkliyə, dünyaya, özünə, içində burulğan kimi keçən tarixə münasibəti bir qayda olaraq onun bədii obraz və ifadə vasitələri ilə gerçəkləşir və bunlar təzə-tər, orijinal və fərqli baxış bucağından irəli gəldiyinə görə bizi təəccübləndirir, bəzən isə yaxşı mənada susmaqdan başqa çarəmiz qalmır. Oxuduğu kitabları olsun ki, bizdən daha yaxşı anlayan, ordakı mahiyyətə bizdən daha dərindən varan və bütün bunları aylarla içində gəzdirən gənc ədib... öz üslubunu yarı yolda itirir, ya da tapmamış olur. Sual içindən sual doğur. Axı niyə belə olmalıdır? Qeyd edək ki, bu, yazar olmağın təbəddülatlı, keşməkeşli, əzab və iztirablarla dolu yolunun nəticəsidir. Dünən işlətdiyi obrazlarıyla dünyanı mərtəbələrə bölən, bu bölgünün içindən sövq-təbii ən dərin həqiqətlərə işarə edən yazar vaxt keçdikcə bu təbəddülat və iztirablarla özü arasında arakəsmələr inşa etməyə başlayır. Anlayıram ki, bunları demək və üstəlik, sübutuna çalışmaq çox ağırdır, qəliz olduğu qədər də insanı haqsız çıxara biləcək nüanslarla səciyyələnən bir nəsnədir. Taleyi ilə dilləşmədə "yolverilməz fəndlər" işlədən yazar o ağrı və iztirabların daha çox mexaniki ifadəsinə üstünlük verir, yəni özünün onsuz da qıt olan həyat təcrübəsini istismar edir və belədə ədəbi tale yarı yolda qalır. Təcrübənin istismar edilməsi isə şeirdə montaj effekti yaradır, başqa heç nə! Xüsusən şairlikdən söhbət gedirsə, burada tale məsələsi çox böyük önəm daşıyır. Sən nə üçün yazırsan? Missiyan nədir? Sən yazmasan da, bu poetik fiqurlar, obraz və detallar, bədii ifadə vasitələri bir başqasının qələmindən pöhrələnəcək. Ancaq sənin taleyinin sirrinə arxalanıb yazdıqlarını bir kimsə yaza bilməyəcək. İndi yaşı yetmişi adlamış Ramiz Rövşənin proqram səciyyəli bir şeirinin iki misrasını nümunə gətirmək istərdim:

Qızıl ola, çata bilməz,
Tapdığım itirdiyimə...

  Bu dediklərimizin hamısı itirilməsi faciələrə yol açan dəyərlərdir.
  İndi isə bu yolu müəyyən dərəcədə artıq keçmiş yazarlar haqqında danışaq. Onlardan biri Könül Arifdir. Onun keçən il "Ədəbiyyat qəzeti"ndə çap edilmiş şeirlərinə baxaq. Könülün şeirlərində gerçəklikdə bizim tanıdığımız düzüm yoxdu, bu struktur tam dəyişilmiş, bəlkə də bir az baş-ayaq qoyulmuş formadadı, yəni şair bədii obraza yüklədiyi mənanı, nəfəsiylə gələn duyumları həmin "tərs" konstruksiyanın çərçivəsində həll edir. Deyək ki, dünya şeirində də belə bir təcrübə mövcuddur. Məsələn, təsəvvür edin ki, balıqlar və yosunlar dənizdə, suyun içində yox, göylərdə olsaydı, ulduzlarsa suyun altında... Bu şeirlərdə bədii obraz, necə deyərlər, yerlə göyü özünün baxış bucağının tutduğu, aldığı məqamda birləşdirir və beləliklə, dünya haqqında ənənəvi şeirdə bərkiyə-bərkiyə gələn təcrübə transformasiyaya uğrayır. Şeirin adı "Qızılgülün qayığı"dır. Diqqət edin:

Yosunları qucaqlamaq vardı qollarımda
əllərim uzanarkən boynuna.
İri-xırda balıqların üzgəcləri
ətəklərinə dəyirdi.
Üfüqdə günəşi hələ udmamışdı
Yunisin balığı.
Quru otların xışıltısı
səsində idi...

  Könülün bu şeirində həm assosiativlik, həm də daha çox sətirlərin, misraların arasıyla axıb keçən məna oyunu (ayaqlarını təxəyyülün gücünə yerdən üzsə də, boyunun qaranlığa çatmaması) bədii mətnin bütün toxumalarını, onları yaradan bütün duyumları bir vacib nöqtədə düyümləyir:

Yazsalar da vəsiqəmə - havanı yarmaqda
yüz yetmiş iki sm-lik izni
boyum çatmır qaranlığa...
Qopar o qara rəngi
gecədən, ana!
Zülməti tutub günləri...
Daha sonra:
Uzat əlini!
Yamadım bütün qayıqları...
Gül zoğundan qönçə
  düyünlənib açdığı kimi,
gəl yenidən doğ məni!

  İndi isə fikrimcə, ciddi imzalardan biri olacaq gözəl şeirlərin müəllifi Emil Rasimoğlunun şeirlərindən danışmaq istəyirəm.
  Onunla aparılan müsahibələrin birində jurnalist belə bir sual ünvanlayır:
  - Ədəbi gəncliyin şeirlərində imitasiya hədsiz şəkildə duyulur. Mənə elə gəlir ki, bu imitasiya elə bir-birlərini oxumaqlarından irəli gəlir. Siz necə düşünürsüz?
  - Bəli, səbəblərdən biri də sənin vurğuladığın amildi... Ancaq mənə elə gəlir ki, bunun ən başlıca səbəbi kütləviləşməkdi. Bu günün ədəbi gəncliyi kütləviləşməkdədi. Kütləviləşməksə fərdi və fərqli düşünmək, görmək təfəkküründən məhrum olmağa gətirib çıxarır. Kim o kütləviləşməyi inkar edə bilirsə, yaradıcılıqda özünəməxsusluğu ifadə edə bilir. Əks halda yox...
  Emil Rasimoğlunun şeirlərində yuxarıda xatırlatdığımız assosiativlikdən çox, məna oyunu var. Şeirin intonasiya və ritmi bu tədriclə, həm də kadr-kadr açılan oyun gizlinlərinin tempinə tabedir, yəni müəllifin eşitdiyi səsləri, adi yarpaq xışıltısının arxasında gizlənmiş həniri də hiss eləmiş kimi olursan. Diqqət edin:

Bütün divarları da qovacam otaqdan
və atacam sobaya ayaqyalın qaranlıqları...
Qoy göy üzünə əlim çatsın...
Qoy görünsün tənhalığın fahişə bədəni,
utansın bakirə tanrılar.
...Yoruldum külqabıda
                        küçələri yandırmaqdan,
və yoruldum qucağımdakı
                         gecələrə boylanmaqdan...

  Şeirdə orijinal ifadələrdən çox, şairin əşya və predmetlərə, dünya və zamana münasibətinin şəkli maraq doğurur, çünki həmin çox gözəl ifadə və obrazlar da məhz bu münasibətin nəticəsi olaraq meydana gəlir.

Hələ də əlim çatmır
            alnımı söykədiyim pəncərəyə...
Axı ayrılıqdan gözlərimiz yox,
            ayaqlarımız kor oldu.

  Hədiyyə Şəfaqət yaxşı nasirdir. Onun nasir kimi gözü ara-sıra yazdığı hekayələrdə ən incə məqam və detalları tuta bilir, bunları mənalandırmaqdan vaz keçib əsas mətləbə doğru ən müxtəlif istiqamətlərdən "yollar çəkir", yəni nasir kimi nədən yazdığını, niyə belə yazdığını Hədiyyə çox yaxşı bilir. Hədiyyə indi daha çox şeirlər yazır və bu məqamda deyim, o, bəlkə də yeganə şairədir ki, nəsrində poetiklik "aşıb-daşmır", şeirinin motivlərini, orda "artıq", işlənməmiş nəsnələri proza müstəvisinə köçürmür. Nəsrdə tam başqa bir fərd olur. Hədiyyənin şeirlərində əsas poetik məqam, yəni poetik sistemi bəlləyən çıxış nöqtəsi nədir? Baxın:

Yorğun qağayıdır sükutun dili
Enməyə suyu yox,
Uçmağa göyü.
Yol çəkib yoxluğun içindən əli
Sancılıb sahilə - ağac göyərib
Göynəyi üstündə lal - düyün-düyün...
Buna da baxın:
 
Suların içində çəkib geriyə
Dərin nəfəsini, bir div gizlənib
Qoyub ürəyini büllur şüşəyə
Atıb,
Sinəsinin boşluq yerinə kimin canı düşsə,
can təmizlənir...

  Folklordan gələn, zaman-zaman yaddaşa yığılan bütün dəyişməz bilinən şeylərin bu parçada birdən dönməsi, tədriclə dəyişib dünyanı, onun içində insanın qövr edən ağrısını bütün sifətləriylə göstərən məqamın, həm də sehr şəklində gələn anımların toqquşması bu şeirdə unikal hissetmə qabiliyyətinin cücərtisinə çevrilir.
  Fərid Hüseyndən danışmaq olar. Çünki sözügedən ildə onun uğurları çox olub və ən əsası da Fəridin müxtəlif üslublarda yaza bilmək bacarığıdır, həm də bu kimi bir az riskli məsələlərdə cəsarətli olmasıdır. Onun "Yalan" şeiri şübhəsiz ki, ayrı-ayrı kitablarındakı mətnlərdən kəskin şəkildə fərqlənir. Kimsə deyə bilər ki, bu, Fəridin yolu deyil, ancaq fikrimizcə, əsas yol - müxtəlif döngələrdən özün kimi keçə bilməkdir, illər keçdikcə əvvəlki suallarına verdiyin cavablarından razı qalmamaqdır, həmişə, hər addımda yeni suallar icad etməkdir. Fərid bu unikal məqamı tuta bilmiş çox istedadlı gənc şairdir.
  Bu şeir ("Yalan") bir neçə müstəvidə, yaxud onların kəsişməsində təhlil edilə bilər, həm də mətnlərarası virtual əlaqələr kontekstində. İroniya şeirdə əvvəldən sona kimi, necə deyərlər, libasını dəyişə-dəyişə gedir, əlbəttə ki, yalanın min bir sifəti görünüb yoxa çıxınca. Bu mətndə şair nələrisə qəribə bir üsulla gizlədə-gizlədə real mənzərəni bütün qatılığı və əyriləriylə dəqiq göstərir. Büsbütün yalana çevrilmiş adamın dilində həqiqət necə görünər:

Doğru sözləri zülmlə höccələmə,
səni rahat başa düşürlər...

Fərid əşyanı, predmeti təsvir etmir, onun məhz görünən, bilinən mənzərəsini dağıdır, məsələn:

Sözlərin isladılmış pambıqdı - çəkisi yalan.
İçəridən qırışır paltarların - ütüsü yalan...

  Sözlərin isladılmış pambıq olması, paltarların içəridən qırışması... Fəridin əvvəlki mətnlərində də bəlkə var, hər halda deyim tərzi ona işarə edir, ancaq bu şeirdə həmin işarələr əlavə keyfiyyətlər qazandığından fərqli funksional status əldə edir. Bir şairin öz yazı, deyim tərzinə bu şəkildə xəfif ironiya ilə yanaşması (həm də sövq-təbii, yəni müəllifdən asılı olmayaraq istər-istəmız meydana çıxması) mətndə qatlar yaradır.
  Gənclik, əlbəttə ədəbi gənclik həmişə nə olur-olsun, özü öz yolunu seçir. İmitasiyalı mətnlərlə bərabər bizdə normal nümunələr də az deyil. Məsələ bunların nisbətiylə bağlı deyil və olmamalıdır da. Fikrimizcə, əsas məqam ədəbi gəncliyin baxış bucağının iti olmasında, vahid ədəbi proses içində müxtəliflikləri, daha çox isə yamaq yerlərini görə bilməkdədir. Gənclər bu mənada daha müdrik olurlar. Və biz də buna güvənirik.