Biz imzaları yox, əsərləri dərc edirik...

Sənin sevgisizliyindən bir şərh yazırdım – Şatir Abbas Səbuhinin şeirləri
2240
19 Noyabr 2019, 09:59
  Artkaspi.az saytı Şatir Abbas Səbuhinin şeirlərini təqdim edir:
 
   Qacarlar dövrü fars klassik şeirinin ən görkəmli nümayəndələrindən biri olan Şatir Abbas Səbuhi 1835-ci ildə Qum şəhərində dünyaya göz açmışdır. Həyatı barədə ətraflı məlumat yoxdur. Bir müddət Qumda çörək bişirməklə məşğul olmuş, daha sonra Tehrana gəlmişdir. Olduqca incə ruha malik füsunkar şeirlər müəllifi olan şair Səbuhi təxəllüsü ilə yazıb-yaratmışdır. Deyilənə görə, hətta savadı belə olmamışdır, çörək bişirə-bişirə bədahətən qəzəllər söyləyərmiş. Ramazan ayı ilə bağlı yazdığı qəzəl olduqca məşhurdur və ramazaniyyə janrının ən mükəmməl nümunələrindən sayılır. Yaradıcılığı qəzəl, qitə, rübai, dübeyt və s. klassik janrlarda yazılmış şeirlərdən ibarətdir. Şatir Abbas Səbuhi 1893-cü ildə Tehranda vəfat etmişdir.
 

 
  QƏZƏLLƏR
 
Mən orucam və iftarım o ləl dodaqdandır.
Bəli, ramazanda təzə xurma ilə iftar açmaq müstəhəbdir.
 
Ramazan ayında gündüz vaxtı saçını açıb tökmə ki, fəqih
gecənin düşdüyünü güman edərək öz orucunu pozar.
 
Hamı yazarkən "ləb”in altına nöqtə qoyar.
Bu, təəccüblüdür ki, sənin xalının nöqtəsi "ləb”in üstündədir.*
 
Sənin sərv qəddin ümid ağacıdır, yoxsa xurma ağacı
ki, o şirin dodaq kimi meyvəsi var?
 
Məryəm oğlu (İsa peyğəmbər) olmasa belə, ölümdən qorxu yoxdur.
Çünki dodağımız dəmbədəm üzüm qızının (şərabın) dodağının üstündədir.
 
Zahid eşqi mənə qadağan edir və agah deyil ki,
mənim eşqimin şöhrəti Əcəm mülkündən Ərəb mülkünə qədərdir.
 
Ona dedim ki, ey mənim gözəlim, öpüş ver, canımı al.
Dedi ki, get, sənin bu sözün ədəb şərtindən kənardır. 
 
Eşq odur ki, həqiqətdən qaynaqlansın.
Hər kimin eşqi məcazidirsə, (bu,) odun daşımaqdır.
 
Əgər Səbuhi cananın üzünə qovuşaraq can verdisə,
(bunun) səbəbi onun küçəsinin torpağına üz sürtmək idi.
 
***
 
Gül açıldı, o üzün (yarın üzünün) gülü yadıma düşdü.
Sərvi gördüm, o qədd və rəftar yadıma düşdü.
 
Sübh çağı gül yarpağının üzündə şəbnəm haşiyəsi gördüm.
Gövhər saçan o dodaq və dişlər yadıma düşdü.
 
Səhər səba yeli gülüstan tərəfə gələndə
yarın ruh bəxş edən nəsimi (nəfəsi) yadıma düşdü.
 
Hər dəfə o gözəl yerişli sərv yadıma düşəndə
gülün üzünü görüb qönçə kimi yaxamı yırtdım.
 
Gecə Səbuhi könül əhlinin yanında səhradan keçirdi.
(Bunu gördüm və) o dəli, yaralı könül yadıma düşdü.
 
***
 
Əgər bir gün nigarımın saçının ucu əlimə keçsə,
(ona) qaranlıq gecələrimin qəmini telbətel (bircə-bircə) sayıb şərh edərəm.
 
Canımı tapşırmaq üçün cananın küçəsini arzulayıram
ki, bəlkə, onun (o küçənin) küləyi, seli məzarımın torpağını (yuyub) apara.
 
Əgər gözəllik bağında gül üzlü nigarımı görsəm,
güllü-gülşənli bahar fəsillərinə ehtiyacım qalmaz.
 
(Yarın) üzünün dövrəsində xətt bitən kimi mən könülə
"Güzəranımın qara, baharımın xəzan olduğunu gör!” dedim.
 
Ayrılıq gecəsində (yarın) vüsalının eynisini təmənna edirdim.
Səba ondan bir ətir gətirdi və könüldən qərarımı apardı.
 
Eşq xəstəsinin can verməkdən başqa dərmanı olmaz.
Yalnız sənin vüsalın mənim intizar dərdimə çarə edər.
 
O pəri məhəbbət göstərərək, Səbuhiyə öz qapıçısının iti deyə xitab etdi.
Aşiqlərin arasında dəyər və etibarımı artırdı.
 
***
 
Dilbər yanıma gəldi və cəfanı bəhanə etdi.
Həyanı bəhanə edərək başını aşağı saldı (üzünü məndən gizlədi).
 
Məclisə gəlib mən qaragünü gördü.
Yerin darlığını bəhanə etdi və oturmadı, getdi.
 
(Onun) üzünə tamaşa etmək üçün məscidə getdim.
Duanı bəhanə edərək əlini üzünə tutdu.
 
(Yarın) pəncəsi aşiqlərin qanına bulaşmışdı.
(Bu qırmızılığa səbəb kimi) əlinə yaxdığı xınanı bəhanə gətirdi.
 
Dünən gecə Səbuhi sevinə-sevinə onun küçəsindən keçirdi.
(Yarı görmək ümidi ilə ləngimək üçün) ayaq yumağı bəhanə edib yerə oturdu.
 
***
 
Məhşərdə sənin üzünü dübarə görəcəklər.
Küçəndə həlak olanlara bundan yaxşı nə qanbahası?
 
Bütünlüklə sənin yolunda qeyb olmuşlarıq
və hansı yolda oluruqsa olaq, səni axtarırıq.
 
Deyirlər ki, Məsihin nəfəsi ruh bəxş edirdi.
Yəqinim budur ki, onun dodağında sənin danışığın var idi.
 
Sənə olan arzumu dağa danışsam,
qissəmdən qüssələnib bir saman çöpünə dönər.
 
Məhəbbət kuzəsi daşıyanlar iki dünyanın günahı (qədər ağır) olsa da,
sənin kuzəni çiyin-çiyinə daşıyarlar.
 
Özünlə lovlağanma və mənim ağlamağıma bu qədər gülmə
ki, mənim gözümün yaşı sənin hörmətini artırıb.
 
Səbuhi, gözünün yaşından dəstəmaz alma. Çünki qan –
müzaf sayılır və sənin dəstəmazını batil edər.
 
***
 
Bir gecə yuxuda xəyalən (yarın) dodağını öpdüm.
Hələ də o gözəlin dodağı uçuqlayır.
 
Köynəyinin yarığından (görünən) incə bədəni
gül yarpağının saf suya düşmüş əksinə bənzəyir.
 
Şərab iç. Çünki eşq təriqətində
haramzadənin qanı ana südü kimi halaldır.
 
Əgər səba sənin üzündən niqabı götürsə,
kimin sənə tamaşa etməyə tabı olar, ey bənzərsiz gözəl?
 
(Yarın) iki kaman qaşını görüb dedim ki,
yəqin, ayın əvvəlidir, hilal peyda olmuşdur.
 
Əgər eşq məni cinvurmuşlar (məcnunlar) kimi etməyibsə,
niyə pərizadələrin arxasınca düşmüşəm?
 
Əgər bir gecə (yarın) qədəmi Səbuhinin məclisinə yetsə,
onun qədəm qoyduğu yerə qurban kimi o ki var can verərik.
 
***
 
O saçın buruğunda daraq axtaran könül
gecə vaxtı yuva axtaran bir quş kimidir.
 
Könül (sənin) saçının o dolaşıqlığında xalının şövqü ilə çırpınır.
Acgözə bax ki, tələdə ola-ola dən istəyir.
 
Məşşatə sənin saçın üçün daraq axtaranda
könlüm öz evinin dağılacağına ağlayır.
 
Onu sevməyim öldürülməyim üçün kifayət etdiyi halda 
daha niyə qətlimə bəhanə axtarır?
 
Bu zəmanədən rahatlıq uman kəs
bir xəsisdən nemət istəyən bir müflis kimidir.
 
Mənim üzümə min dəfə qapı bağladın.
Könlüm yenə də bu kandarın açılmasını istəyir.
 
***
 
Sənin üzünün şamının həsrətindən çəmənliyin kənarına düşüb:
Bir yana səba, bir yana xəzan, bir yana gül, bir yana yasəmən.
 
Üzündən niqabı at ki, bir aləm şeyda olsun:
Bir dəstə üzündən, bəzisi saçından, bir kütlə dodağından, mən isə ağzından.
 
Sən danışmağa başlayanda həsrətindən itirirlər:
Süsən dilini, qumru fəqanını, bülbül naləsini, tutuquşu sözünü.
 
Sən bağın kənarından nazla keçəndə
sərvin qəddi əyilər, suyun axışı dayanar, gülün rəngi qaçar, mən haldan düşərəm.
 
Əzəl dərzisi bizim əynimizə iki paltar biçib:
Sənin üçün güllü don, mənim üçün qanlı kəfən.
 
Sən dincəlməyə əyləşəndə başına dövrə vurar:
Şam yerdən, ay zamandan (göydən), ağıl başdan, ruh bədəndən.
 
Səbuhi o günəş üzlünün vəsfindən soruşanda ona dedim:
Üz ay, saçlar qara, gözlər ceyran, qaş Xütən müşkü kimi qara.
 
***
 
Ey gözəllərin şahı, nə qədər ki, sənin eşqin mənim başımdadır,
yetmiş iki millətin öyüdü mənim yanımda təsirsizdir.
 
Səni tələb etməkdə məbəd və hərəm qapısına düşən (təkcə) mən deyiləm.
Sənin camalını axtaran hər kəs dərbədərdir (qapı-qapı düşür).
 
Pərizadələr tayfasından olduğun bəllidir.
Bu dilbərlik, gözəllik və lətafətdə bəşər olmaz.
 
Vaiz mən yazığa sənin üzünə aşiq olmağı yasaqlayır.
Onun nəsihəti ata nəsihətinə bənzəsə də, təsirsizdir.
 
Dünyanın gedişatına əsla könül bağlamayın, çünki mən
yoxlamışam. Dünyanın bütün gedişatı səmərəsizdir.
 
Sənin küçənin aşiqi qılıncdan üzünü çevirməz.
Səbuhinin canı sənin qaşının qılıncına sipərdir.
 
 

***
 
(Sənin) eşqinin atəşi canımda yaxşı şölə çəkir.
Bəxtim zəmanədən bu səadəti gözləmirdi.
 
Dünən gecə pərişan könlüm sübhə qədər şikayət edirdi.
Gah saçın, gah da darağın əlindən.
 
İsgəndər kimi cahanın ətrafına dolanmaq,
(sənin) dodağının şəhdini içmək istəyirəm. Dirilik suyu bəhanədir.
 
Əgər Fərhad Şirin üçün süddən bir çay qazıbsa,
mən də gözümdən qan seli axıtmışam.
 
Səbuhinin vaxtı gəldi, ey səhər qalxan saqi!
Qalx ki, bu gecə meyindən (gecədən qalmış meydən) nuş edək.
 
***
 
Yar yanımdan gedən kimi qəm qapımdan içəri girdi.
Eyşim, işrətim, sevincim – hamısı birdən getdi.
 
Ey ay üzlü, sənin sevgisizliyindən bir şərh yazırdım,
lövhəyə od düşdü, qələm xarab oldu.
 
Nərgiz sənin gözünlə bir gözdə durmaq istədi.
Bacarmadı, başıaşağı və xəstələnmiş halda getdi.
 
Yoxsa, bülbül sənin çöhrəndən gülə bir söz dedi
ki, (gül) yaxasını yırtaraq gülüstandan getdi?
 
Könlümün qanı gözümdən üzümə o qədər axdı ki,
sarı çöhrəm sənin üzünün ayrılığından gül rəngini aldı (qızardı).
 
 
 Fars dilindən tərcümə edən: Məhəmməd Nuri