Biz imzaları yox, əsərləri dərc edirik...

Selincerin işıq üzü görməyən əsərləri
157
15 Mart 2019, 09:16
 2010-cu ildə dünyasını dəyişərkən 50 illik ədəbi yaradıcılığın nəticəsi kimi cəmi bir neçə qüsursuz nümunədən ibarət bədii irsi qalan yazıçı J.D.Selincerin oğlu dünya mətbuatına səs salıb. "Guardian” xəbər verir ki, müəllifin oğlu Met Selincer atasının dünya mətbuatına bəlli olmayan, işıq üzü görməmiş əlyazmalarından ibarət nəhəng bir toplunu ictimaiyyətə təqdim etməyə hazırlaşır.

 
 Oğul Selincerin iddialı açıqlamasından sonra onunla bir neçə mətbu orqan və nəşriyyat əlaqəyə girsə də, Met atasının bədii irsinin dərc olunması məsələsində "Guardian”-la razılıq əldə edib: "Atam ömrünün 50 ilini yazıya həsr edib. Onu dünya ədəbiyyatına barmaq sayından az əsərlə tanıyırlar. Ona görə yox ki, Selincer qeyri-produktiv yazar idi. Bunun səbəbi atamın ədəbiyyatın dərinliyinə yaraşdırmadığı nümunələrin çapından oxucu zövqünü qüsursuzluğa kökləmək üçün imtina etməsi idi. Bu gün bir çox nümunələri oxuyanda atamın müasirlərinin yazdıqlarına niyə dönə-dönə müraciət edildiyini daha çox anlayıram. Ona görə də, ədəbiyyata həqiqətən də dəyər verən insanın bütün irsini dərc etdirməyə qərar verdim. İnsanlar özləri oxuyub görsünlər. Atamın çap etdirməkdən utandığı nümunələrlə bu gün bestseller etdikləri romanları müqayisə etsinlər. Ədəbiyyata qumar oyunu münasibəti bəsləyənlərin təsadüfi də olsa, uğurlu olanların zövqü dəyişsin”.
 Met bununla da kifayətlənməyərək, çağdaş ədəbiyyat nümunələrinin 90%-ni "söz zibilliyi” adlandırıb: "Bu nümunələrlə tanış olan oxucular mən əminəm ki, atamı qınayacaq. Milyonlarla insanın bədii zövqünün qayğısını çəkdiyi, bu füsunkar nümunələri gizlətdiyi üçün”.
 Yazarın bədii irsi tamamilə analiz edildikdən sonra "Guardian” dərgisinin ədəbiyyat əlavəsində həftəlik hissələrlə yayımlanacaq. Onu da vurğulamaq lazımdır ki, Met bu əvəzsiz toplunun dərci qarşılığında təklif olunduğu halda heç nə qəbul etməyib.