Biz imzaları yox, əsərləri dərc edirik...

Səlim Babullaoğlu “Şəhriyar Mədəniyyət Medalı” ilə təltif olundu
442
20 Sentyabr 2018, 12:39
  Şair, tərcüməçi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babulloğlu Təbriz Universitetinin təsis etdiyi və hər il ustad Məhəmmədhüseyn Şəhriyarın vəfatı günü ərəfəsində təqdim edilən "Şəhriyar” mədəniyyət medalı ilə təltif olunub.
 
 
 

 Təbriz Universitetinin dəvətilə sentyabrın 15-də İrana səfər edən Səlim Babullaoğlu, sentyabrın 16-da universitetin böyük zalında düzənlənən IV Beynəlxalq Şəhriyar Festivalında və Konqresində, medalın təqdimetmə mərasimində iştirak edib. Konqresdə çıxış edən Səlim Babullaoğlu İran-Azərbaycan ədəbi əlaqələrindən, son illərdə görülən işlərdən danışıb və çıxışının əsas hissəsini görkəmli şərqşünas-iranşünas alim, tanınmış tərcüməçi, o cümlədən Şəhriyar irsinin araşdırıcısı Məsiağa Məhəmmədinin yaradıcılığına həsr edib.
 
 
 

  Medal eyni zamanda İran və Türkiyənin tanınmış ədəbiyyat və mədəniyyət nümayəndələrinə də təqdim edilib. Təqdimetmə mərasimində Azərbaycanın Təbrizdəki Baş konsulluğunun nümayəndəsi, konsul Eldar Məmmədov da iştirak edib. Daha sonra qonaqlar Təbriz Universitetinin rektoru doktor Məcidi ilə görüşüblər.
  Səfər zamanı Səlim Babullaoğlu ustad Şəhriyarın evini, "Şairlər Məqbərəsi”ni və Şəhriyarın məzarını da ziyarət edib.
 
 

  Bu mükafatı indiyə qədər Azərbaycandan akademik İsa Həbibbəyli, Əbülfəz Quliyev (2015), akademik Vasim Məmmədəliyev, professor Hamlet İsaxanlı (2016) və Mirəsgər Behbudlu (2017) alıblar.