Biz imzaları yox, əsərləri dərc edirik...

Səhnədə yaşayanlar – Xəyalə Rəisin Kukla Teatrından reportajı
2455
24 Fevral 2020, 08:13
  Artkaspi.az saytı Xəyalə Rəisin Kukla Teatrında kuklaların hazırlanması prosesindən reportajını təqdim edir:
 
  Kukla Teatrı spesifik xüsusiyyətə malik, özünəməxsus estetikası olan teatrlarımızdandır. Elə bir teatr ki, uşaqlara, eləcə də uşaq qəlbli böyüklərə sevinc bəxş edir, onları real dünyadan qoparıb, nağıl dünyasına səyahətə aparır. Canlı sənət növü olan teatrda kuklaların oyun tərzi xüsusi önəm daşıyır. Bu işdə Kukla Teatrının aktyorlarının, yaradıcı heyətin üzərində böyük yük düşür. 
 
  Taxtadan kuklaya...
 
  Ötən gün Abdulla Şaiq adına Dövlət Kukla Teatrının qonağı olduq. Teatrda bir neçə yeni tamaşanın məşq prosesinin aparıldığının şahidinə çevrildik. Bizim üçün ən maraqlı məqam isə məşq prosesi aparılan tamaşalar üçün sexdə kuklaların hazırlanması prosesinin izləmək idi.  
  Teatrda olduğumuz gün A.S.Puşkinin "Balıqçı və balıq” nağılı əsasında hazırlanacaq "Qızıl balıq” tamaşasının kuklalarının hazırlanması prosesi gedirdi.  
 
  Teatrın baş rəssamı İqbal Əliyev eskizləri divardan asaraq, onlara uyğun şəkildə kuklaları hazırlamağa çalışırdı. Sözügedən tamaşa üçün 14 kukla hazırlanır.
  Sexdə dərzilərlə birlikdə çalışan rəssam kuklaların hazırlanması üçün ilkin növbədə rejissorla rəssamın ortaq məxrəcə gəlməsinin vacibliyindən danışdı. Bildirdi ki, ilk növbədə pyes bədii şurada müzakirə olunur. Qərar qəbul olunduqdan sonra eskizlər hazırlanmağa başlayır. Hazırlanan eskizlər təzədən bədii şuraya təqdim olunur. Nəticədə müzakirə olunub ortaq qərar qəbul edilir. Rəssam deyir ki, müzakirələr zamanı onun düşündüyü  bəzi rəsmlər bəyənilməyə bilər. Belə olduğu halda, rəssam yenidən eskizin üzərində işləyir. Eskizlər qəbul olunduqdan sonra iş sexdə həll olunur. Yəni eskizdə gördüyümüz kuklalar sexdə hazırlıq prosesini yaşayır. 
  Eskizləri rəssamdan sonra ilk görən isə heykəltəraş olur. Eskizin əsasında başın forması gildən və plastilindən hazırlanır. Hazırlandıqdan sonra onun qəlibləri tökülür, faktura olunur. Sonra ağardılır və bir neçə dəfə cilalanır. Kuklanın ağzı, içəridə mexanizm qurulduqdan sonra hərəkətə gətirilir. Bəzi kuklalar var ki, ağızla bərabər gözləri də açılır. Bu mərhələdən sonra kuklanın bədəni hazırlanmağa başlayır. 
 
 

  Rəssamla dərzi arasındakı münasibət
 
  Dərzilər süngərlə kuklanın qollarını və ayaqlarını tikirlər. Tikiş işləri daha çox əl ilə aparılır. 
  Dərzi xanımlar kuklanın qollarını və bədənini hazırladıqdan sonra iş yenidən rəssama həvalə olunur. Bundan sonra bədəni yığılan kuklanın bəzədilməsi prosesi başlayır. Rəssam kuklanın başı olan qəlibin üzərində kosmetik, yəni rəngləmə işləri ilə məşğul olur. Eskizə uyğun şəkildə kuklalar bəzədilir. Növbəti dəfə kuklalar dərzilərə həvalə olunur. İkinci dəfə dərziyə ötürülən kuklaların bu dəfə geyimləri hazırlanır. Rəssam dərziyə geyimlərin kəsim formasını rəsmə uyğun şəkildə göstərdikdən sonra dərzi kuklaların geyimlərini hazırlayır. Dərzilərin işinə nəzarət edən rəssamla dərzinin birgə işi nəticəsində kuklalar geyindirilir. Kuklanın əlləri, ayaqları birləşdikdən sonra tam hazır vəziyyətə gətirilir. Bununla da rəssamın işi yekunlaşır. Hazırlanan kuklalar aktyorlara həvalə olunur və aktyorlar kuklarla məşqə başlayır. Bundan sonra isə güzgülü otaq missiyası başlayır. Güzgülü otaqda isə aktyorlar kukla ilə tanış olur, onunla işləmək mexanizmini öyrənməyə başlayırlar. Buna kukla ilə aktyorun tanışlıq prosesi də demək olar. Aktyor kuklanın xarakterini tapmağa çalışır.  
  Tamaşa üçün hazırlanan kuklaların ölçüsü 70-80 sm. arasında idi. Ümumilikdə tamaşanın hazırlanmasına 3 ay sərf olunur. 
 
  30 il repertuarda olan və oynanılan kuklalar var
 
  İqbal bəy deyir ki, bəzən kuklanın qəlibi hazırlananda, sınaraq yararsız hala düşür: "Bəzən olur ki, sınan qəlibi birləşdirmək mümkün olmadığı üçün onu yenidən işləyirik. "Göyçək Fatma”, "Məlik Məmməd”, "Zınqırovlu pişik”, "Cik-cik xanım” tamaşalarındakı kuklaları yenidən restovrasiya etmişik. Repertuardan çıxan tamaşalar digər kukla teatrlarına göndərilir. Bəzi yaradıcılıq studiyaları bizə müraciət edirlər və biz həmin kuklaları onlara göndəririk. Heç bir müraciəti cavabsız qoymuruq. Bəzən də kuklaların üzərində dəyişikliklər edib, yenidən səhnəyə çıxarırıq. "Göyçək Fatma” tamaşası 25 il idi ki, eyni kuklalarla repertuarda idi. Biz də tamaşanın stilistikasını pozmadıq, həmin kuklaları yenidən bərpa etdik. 30 il repertuarda olan və oynanılan kuklalar var”.
  Ən kaprizli rejissorun da kaprizinə əməl etdiyini deyən rəssam uşaqlar üçün çalışdıqlarını və onların zövqünü oxşamağa cəhd etdiklərini bildirdi: "Rejissor tamaşanı hazırlayan insandır. Ancaq nə qədər ki rəssam və rejissor ortaq məxrəcə gəlmir, iş də gec ərsəyə gəlir. Kukla sənətində kukla rəssamının sözü daha önəmlidir. Rejissor çox şey istəyə bilər. Ancaq kuklanın müəyyən standartlaşdırılmış menyusu var, ondan kənara çıxmaq mümkün deyil”.
 
 

  Son sahibi aktyor olan kuklalar

  Kukla hazırlayarkən rəssam kuklanın ağzının, gözünün hərəkətə gətirilməsinin vacibliyindən danışdı. Bildirdi ki, kuklanı hazırlayarkən rejissordan onun hansı istiqamətdə istifadə ediləcəyini soruşur. Əgər ehtiyac varsa, kuklanın gözlərini, hətta bığlarını belə hərəkətə gətirmək mümkündür: "Hazırladığımız kuklanın başının içərisində o qədər mexanizm yerləşdirə biliriksə, artıq rejissor başqa tələblər irəli sürə bilməz. Bu baxımdan, rejissor rəssamla razılaşmalıdır. Rejissor hazırlanma prosesini izləməlidir”.
  Rəssamla söhbətdə aydın olur ki, hər işin başında sevgi durduğu kimi, bu işdə də sevgi əsasdır. Belə ki, işə sevgi ilə yanaşdıqda, kukla düzəltmək çox asan olur. Ən çətin iş isə ipli kuklaların hazırlanmasıdır. Onlar həm hazırlanma prosesi, həm də material və müddət baxımından daha çox vaxt tələb edir. Rəssamın sözlərinə görə, əlləri və qolları süngərdən hazırlanan kuklalar ən asan ərsəyə gələnlər hesab edilir. Onda iş prosesi tez başa gəlir. Marionetkalarda isə əl-ayaqlar taxtadan yonulduğu üçün ən çətin ərsəyə gələn kuklalar hesab edilir. Bu kuklaların ayaqlarının altına eyni miqdarda qurğuşun qoyulmalıdır ki, tarazlıq yaransın. Marionetka kuklaları da hər taxtadan hazırlanmır. Belə ki, o, sınmayan, suya davamlı, möhkəm material olmalıdır. Ən çox xərc marionetkalara çəkilir. 
  Rəssam deyir ki, kukla janrının texniki baxımdan bütün növləri bu teatrda var: "Parket, oyuq, marionetka, şirimarxası, əlcək kuklalarımız var ki, onların hamısı troslu kuklalardır. Marionetkalar aktyordan metryarım, iki metr uzaqda olur. Kukla Teatrında oynamaq ona görə çətindir ki, aktyor həm özü oynayır, həm də o plastikanı kuklaya ötürür. Aktyor özü kukla hazırlanmasında iştirak etməlidir, çünki kukla ilə həmin aktyor işləyəcək. O, kuklanın xarakterini tapmaq üçün rəssama kömək edə və yaxud kuklada hər hansı bir ştrixin olmasına yardımçı ola bilər. Aktyorların istəyi ilə kuklanın yığılması daha maraqlı olur. Aktyor canlı oynayanda bilir ki, nələr edəcək və daha maraqlı olacaq”.
 
 

  Beləliklə, rəsmdən başlayıb, dərzilərə həvalə olunan və son nəticədə aktyora təhvil verilən kuklanın hazırlanması prosesini izlədik. Hazırlanan kuklalar aktyorlara həvalə edilir. Bu kuklalar aktyorların onlara xarakter verməsi ilə səhnəyə gətirilir.