Biz imzaları yox, əsərləri dərc edirik...

Sandıqdakı şeirlər – Fərid Hüseyn yazır
2301
19 İyul 2019, 10:30
  Artkaspi.az saytı Fərid Hüseynin "Sandıqdakı şeirlər” essesini təqdim edir:
 
  Qurani-Kərim kitabını 
  açıq saxlama, heç vaxt.
  Heç zaman bağlama
  şeir dəftərini.
  Müqəddəs kitabı 
  yaxşı yerə qoy.
  Şeir dəftərinə dəymə
  özü yer tapacaq özünə... 
 
  Araya illər düşür, zaman hansısa ömür möhlətini doldurur, nəsə tamamlanır, nəsə yarımçıq qalır insan həyatında. Olsun, bizim vaxta müdaxiləmiz əzəldən mümkünsüzdür: heç bir ağır daşı asmaqla hərlənən saniyə əqrəbinin yolunu kəsə bilmərik. İllər keçir və yuxarıdakı poetik nümunənin sahibinin yazdıqlarına elə o şeirdə deyildiyi kimi heç kəs toxunmur, o şeirlər elə ayrı-ayrı ürəklərdə, başqa-başqa könüllərdə özü özünə yer tapır. Heç kəs Vaqif Səmədoğlunun həmin açıq qalmış şeir dəftərinə əl vurmur, o şeirlər, o sətirlər özü yaddaşlarda, qəlblərdə yerbəyer olur. Vaqif Səmədoğlunun yazdıqları, bizə qoyub getdiyi əsərləri açıq qalmış şeir dəftərləridir... 

***

  Kitabları övladlara bənzədirlər, bəlkə də, yanlış müqayisədir, amma hər halda az-çox haqq payı da var bu oxşatmada. Vaqif Səmədoğlu bu övladının – sonucu şeir kitabının doğuluşunu (2017) örmədi, artıq o vaxt dünyaya gözlərini əbədi yummuşdu. Amma Vaqif müəllimin məcazi mənada desək, dörd gözü var idi, onlardan ikisi ürəyinə baxırdı, ikisi dünyaya. Ona görə də o daha genişliyi, ucalıqları, dörd bir yanı aydın görə bilirdi. O gözlərdən ikisi bu dünyada qalıb, bizimlə bərabərdir, aramızdadır. Həmin gözlər Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanımdır. Xoş özündən sonra bu dünyada bir cüt göz qoyub gedənlərin halına...
  
***
 
  Vaqif Səmədoğlunun vəfatından sonra nəşr edilən bu kitab "Sandıq şeirləri” adlanır. Kitabın adını da Nüşabə xanım seçib. Bu kitabda yer alan şeirlərin bir neçəsi Vaqif Səmədoğlunun ilk kitabında – "Yoldan teleqram”da nəşr olunub, yerdə qalanları isə oxucular üçün yenidir, şairin ayrı-ayrı şeir dəftərlərindən bir yerə toplanıb, cəm edilib. O şeirlər illərlə bağlı dəftərlər arasında qalıb və nəşr gününü gözləyib. Qaldıqca da sanki şeirlərin mənası bir az da sıxlaşıb, dərinləşib, daha dibə enib, əsl yerinə oturub. Çap olunmadıqları müddətcə çox yəqin özləri bir-birini üçün oxunublar. Xəbərsiz olduğumuz saysız-sanasız, qədər-qəsəmsiz nəsnələr kimi bu şeirlər də faş olunmamış sirr sayaq, saxlı qaldıqca daha da sehrli olublar, fəzilətli sirr kimi daha da müqəddəsləşiblər... 
 
***
 
  Vaqif Səmədoğlunun 75 illik yubileyində akademik Rafael Hüseynov Nüşabə xanıma dedi: Nüşabə əvvəllər şərqşünas idi, amma sonralar Vaqifşünas oldu”. Dəqiq müşahidədir...
  Nüşabə xanım Vaqif Səmədoğluna görə, belə demək mümkündürsə, Şərqindən keçdi... Şərq həm də bir qiblə ünvanıdı və Nüşabə xanım Vaqif müəllimdə bir sevgi, bir söykənəcək tapdı, məhəbbət qibləsini tanıdı və beləcə ahəstə-ahəstə öz köhnə arzularından, karyera düzəltmək fikrindən əl çəkdi və başladı Vaqif Səmədoğlunun uzun illər işıq üzü görməyi gözləyən əsərlərini toplayıb çap eləməyə. İndi hərdən onun bu məsələlərə aludəliyini, dörd əllə nəşr, çap, yayım, təqdimat işlərinə girişdiyini görəndə Nüşabə xanımın elə bu məsələlər üçün görəvləndirildiyi haqqındakı qənaətim bir az da möhkəmlənir. Frans Kafka üçün əlyazmalarını etibar etdiyi dostu Maks Brod kimdirsə, Vaqif Səmədoğlunun da şeirlərini neçə onilliklərdir toplayıb çapa hazırlayan Nüşabə xanım da o kəsdir. Birincinin xəyanəti dünya ədəbiyyatını dəyərli əsərlər bəxş elədi, ikincinin isə sədaqəti...
 

***

  Vaqif Səmədoğlunun şeirləri dünyanı dərk etməyə çətinlik çəkən, bəşəri anlamağa çalışan insanın ziddiyyətli poetik düşüncələrdir. Halbahal şeirlərdir bunlar. Bu şeirlər adama dinclik bağışlamır, əksinə, ruhi təlatümünün üstünə daha şiddətli burulğanlar gətirir, dözümsüzlüyünün boyunu daha da ucaldır, həyata ünvanlanmış suallarını lap dərinləşdirir, cavabları bir az da görükməz yerlərdə gizlədir. Vaqif Səmədoğlu ömrü boyu ruhi dincliyini gəzdi, dəqiq cavablar, isbatlar axtardı, sınanmış qənaətlərin izinə düşdü, amma ürəyini toxtadacaq, ruhuna dinclik gətirəcək cavablar tapa bilmədi. Ona görə də müsahibələrində tez-tez səmimi, dinə könül bağlamış, Xudaya sidq-ürəklə bağlanmış adamlara qibtə etdiyini, həsədli nəzərlərlə baxdığını belə dilə gətirirdi: "Mən heç kəsə paxıllıq etməmişəm, amma paxıllıq etdiyim bir zümrə var ki, onlar səmimi dindarlardır. O kəslər ki, tamamilə dəqiq bilirlər ki, daha doğrusu, ürəkdən inanırlar ki, öləndən sonra cənnət var, cəhənnəm var, xeyir nədir, şər nədir. Mən həmişə tərəddüd içindəyəm”. 
  Tərəddüdlər, bu cavabsız suallar Vaqif müəllimin bütün poeziyasına hopmuşdu, çoxlu şeirlərinə sual işarələri səpələmişdi. Ona görə də Vaqif Səmədoğlunun şeirlərini oxuduqda cavablarımız yox, suallarımız artır, bilmədiklərimiz naməlum yerlərdən ortaya çıxırlar. Həmin şeirləri oxumayana qədər bizi düşündürməyən bəzi sualları fikirləşirik, ruhi yükümüz bir az da artır, ona görə də Vaqif Səmədoğlunun şeirləri dünyanı dərk eləməyə kömək eləmi. Özü hamıdan daha irəlicə bu həqiqətə gəlmişdi və ona görə də deyirdi: "Həmişə təskinlik axtarışındayam və bilirəm ki, bunu heç zaman tapmayacağam. Mənə heç bir şeirim, heç bir fikrim təskinlik gətirməyəcək”.
   Niyə görə bu şeirlərə "poetik düşüncələr” deyirəm, çünki Vaqif Səmədoğlunun şeirləri götür-qoy, çək-çevir, daxili sual-cavab şeirləridir, onlar uzun zamanın düşüncələrindən sonra ruh-can qazana bilib. Onun şeirlərində həm məntiqi, həm hissi, həm ruhi vurğular çox zaman sual işarələrinə düşür: 
 
  Tanıdınmı məni,
  yadına düşdümü?
  Məni ocağa atanda
  yaxşı bax
  yadına sal,
  yadındamı,
  necə gözəl ağac idim,
  lal-dinməz durmuşdum
  yol qırağında?
  Sərin kölgə salmışdım
  sənin üstünə...
 
  Şeirdə ağac insana neylədiyini, onu necə kəsdiyini xatırladır. İndi düşünün, qırdığımız hər ağac, kəsdiyimiz hər heyvan, dərdiyimiz hər gül və başqa neçə-neçə korladıqlarımızın dili olsaydı, bizdən nələr soruşardı, nələri haqq-hesabını edərdilər. İnsan nədənsə ona heç bir pisliyi keçməmiş, əksinə xeyrini gördüyü təbiətin düşmənidir. Səbəbsiz düşmənlik... Vaqif Səmədoğlu fitrətli şair idi, ona görə də təbiəti duyurdu, ağacların şüursuz olmadığından agah idi. Görkəmli bioloq Daniel Chamoviz "Bitkilərin bildikləri” kitabında sübut edir ki, bitkilər görmə, qoxlama, toxunma vasitəsi ilə özlərini ifadə edirlər. Bitkilər onları böyüdən rəngləri seçirlər, şüalar arasında onları axtarırlar, işığı tanıyırlar, ona doğru əyilirlər və s. Bizim elmi ədəbiyyatlardan oxuduğumuz, alimlərin neçə-neçə sınaqlardan öyrəndiyi bilgiləri Vaqif Səmədoğlunun şeirləri sadə yolla izah edir.
  Böyük düşüncə adamlarından dünyaya çoxlu suallar miras qalır. Vaqif Səmədoğlu özünün bilmədiyi sualları verir oxucuya, o, bizim savadımızı yoxlamır, bilib-bilmədiyimizi sınamır, sanki həmin sualların cavabını həm də bizdən soruşur, öyrənmək, agah olmaq istəyir. Ona görə də dırnaq içində "fəlsəfi şair” adlandırdığımız neçələri kimi onun şeirləri psevdofəlsəfəylə doldurulmayıb, yazdıqlarındakı suallar həyatın ona ünvanladıqlarıdır. Vaqif Səmədoğlu sanki bir ötürücüdür, bir əldən alıb o birinə verəndir – sanki həyatın ona ünvanladığı sualları o da bizdən soruşur. Ona görə də onun şeirləri dialoqa açıqdır, söhbətə çağırır adamı, sual verir, cavab umur...
 
  Günəş qızdırmalı,
  Ay sarılıq tutub,
  Kainat xəstə yatıb...
  Bilmirsən neyləyəsən,
  əlindən nə gələr?
  Kimsən sən?
 
***

  Xatirimdədir, bir dəfə Vaqif Səmədoğlu ilə Gənc Tamaşaçılar Teatrının qarşısında rastlaşdıq və yaxınlıqdakı kitab yarmarkasından kitablar aldıq, sonra çay içib söhbət elədik. Kitablar haqqında danışdıq, onda mənə dedi ki, dünyada az gərəkli kitab var, yazılanların çoxu dünyanı dəyişməyə qabil deyil. İllər keçdikcə, mütaliə yatırım artdıqca çoxlu gərəksiz kitablar oxuduğumun, gözümün nurunu ruhumu zənginləşdirməyən xeyli cızma-qarada əridiyinin fərqinə varıram. Vaqif Səmədoğlu ləzzətini bildiyi şərabı içərdi, sınadığı adamlarla dostluq edirdi, dadına bələd olduğu siqaretləri çəkirdi, inandığı müəlliflərin əsərlərini oxuyurdu. Ona həyatın suallarına cavab tapmaqda ancaq sınadıqları qismən yardım edə bilirdi. Ona görə də o, az şeylə ovunurdu, az nəsnə ona rahatlıq gətirirdi. Onun müdrikliyi, sözün yaxşı mənasında, onu məhdudlaşdırmışdı, bir səmtə üz tutmağa, bir istiqamətə – yalnız Allaha yönəlməyə, suallarını ona verməyə, ondan cavab gözləməyə sanki vadar etmişdi? Bəlkə də, uzun müddət tənha yaşaması da bu cür formalaşmasına səbəb olmuşdu. Tənhalıq Allaha bir addım daha yaxın olmaq deməkdir. Onun Allaha ünvanladığı sualların ən maraqlı tərəfi odur ki, onlar çətinə düşmüş, çıxılmazda olan adamın sualları – Allaha üz tutması deyil. Vaqif müəllim ən xoşbəxt, rahat vaxtlarında da sualların cəngində idi, daim düşüncələrə dalmağı, ağır məsələləri fikirləşməyi adət etmişdi, rəmzi mənada deyirəm, bu düşüncə zikrləri idi. Cübran Xəlil "Peyğəmbər”də yazır ki, "Siz dərddə və möhnətdə olanda dua edirsiniz. Kaş ki, sevinc və bolluq içində olanda da dua edə biləydiniz”. Vaqif Səmədoğlunun sualları çətinə düşən insanın duaları kimi deyil, Allaha xoş günündə də əl aça, üz tuta bilən, ruhu şükranlıqla ləbaləb, inanclı insanın duaları kimidir – ömrün hər anında var. 
 
  Ömrün nisyə getdi,
  ölümüm də nisyə oldu.
  Elə bir bazarın varmı, İlahi?
 
  Məni yuxuda öldür,
  ağrısız, əzabsız.
  elə bir azarın varmı, İlahi?
 
  Məni bu dünyaya baxmaq üçün,
  kiçik bir pəncərə ver.
  Elə bir məzarın varmı, İlahi?
 
***
 
 

  Vaqif Səmədoğlunun çox şeyə münasibəti fərqli idi, təzə idi və o, ömrünün sonuna qədər başqa olmağı, alışılmışlardan kənara çıxmağı bir həyat tərzi kimi yaşadı və əlbəttə ki, bütün bunlar onun yaradıcılığından da yan keçmədi. Məsələn, onun torpaqlarımızın işğalı, tapdaq altında olan yurdun əzabını çəkməklə bağlı bir şeirinə baxaq:
 
  Üzümdə, ayaq izi var, 
  yarım, mənə baxma,
  başdan-başa tapdalanıb diyarım,
  baxma üzümə yarım,
  üzümdə ayaq izi var.
 
  "Üzündə göz izi var, sənə kim baxdı, yarım?”. Vaqif Səmədoğlu bu şeirində, əslində, bir bayatını improvizə edib, məlum-məşhur frazanı dəyişərək ifadəyə başqa məna donu biçib, lirizmlə sosial mövzunu bir-birinə bağlayıb. "Başdan-başa tapdalanıb” deməklə, əslində, o taylı-bu taylı Azərbaycanı nəzərdə tutub, amma bunu qışqırıqla, haray-həşirlə deməyib, təmkinli, arifanə çatdırır. İşğal altında olan torpaqların hər şeyə dəxli olduğunu – hətta göz-gözə baxmağa, üz-üzə dayanmağa belə təsirsiz ötüşmədiyini, məqam düşəndə bunun üçün utanmalı olduğumuzu Vaqifanə tərzdə – qatbaqat mənanın gücüylə dilə gətirib...
 
***
 
  Ədəbi tənqidçi, alim İradə Musayevanın Vaqif müəllim haqqındakı bir fikrini xatırlayaq:  "Vaqifin şeirlərinin adı yoxdur, şeirlərinin sonunda isə adətən, üç nöqtə qoyulur. "Mən burdayam, İlahi” kitabının mündəricatından şeirlərinin birinci misrası adı kimi göstərilir. Lakin bu şərti xarakter daşıyır, sadəcə onun hər bir şeirini həyatının, ovqatının poetik bir anı kimi qəbul etmək, müəllifin mənəvi dünyasını əks etdirən bütöv süjetli kompozisiya hər şeiri bir epizod, fraqment kimi öyrənmək, təhlil etmək lazımdır”. Doğurdan da, belədir, Vaqif Səmədoğlu poeziyası anların, dəqiqələrin, bir neçə saatın poeziyasıdır. Vaqif Səmədoğlu düşdüyü durumu yox, hadisənin içərisindəki yaşadığı anı yazıb. Ona görə də ömrün ayrı-ayrı anlarında onun başqa-başqa şeirlərini xatırlayırıq, sevirik. Bu cür şairlər onlara şeirləri haqqında sual verilməsini xoşlamırlar, Vaqif Səmədoğlu da belə idi. Çünki yaşadığı anı yazan şair o şeirlə birgə yaşadığı anı da xatirələrə köçürür və təzə an axtarışına çıxır. Onu yenidən həmin ana qaytarmaq onu yaşamağa və yaşayacağını yazmağa aparan yolu bağlamaq deməkdir. 
 
***
 
  Bir kəpənək uçdu böyrümdən, 
  yıxıldım.
  Bir körpə ah çəkdi,
  yıxıldım. 
  Atam yadıma düşdü,
  yıxıldım.
 
  Yuxarıdakı şeirdə üç sadalama yox, üç an, üç yaşantı var. Ömrünün ayrı-ayrı hissələrində tamam başqa səbəblərdən yıxılan bir insanın xatirəsidir bu şeir. Şair həm nələrin önündə zəif olduğunu göstərir, həm itkilərin ünvanını nişan verir, həm də yaşantıları ümumiləşdirir. Vaqif Səmədoğlunu şeirləri, sanki, günah kimidir, nəticəsini, sənə aidliyini sonra anlayırsan. Günah anlayandan, dərk edəndən sonra isə o, daha çox sənin olur...
 
***

  "İki böyük qafiyəsi var Vaqif Səmədoğlunun: "Həyat və ölüm”. Adil Mirseyid bu fikirləri Vaqif Səmədoğlunun poeziyası barədə deyib. İkibaşlı fikirdir, həm elə anlaşıla bilər ki, Vaqif Səmədoğlunun poetik mövzuları qıtdır, bu iki mövzunun – həyat və ölümün arasında sıxışıb qalıb, həm də elə başa düşülə bilər ki, Vaqif Səmədoğlu həyat və ölüm arasındakı nəhayətsizliyi poetik mövzuları ilə doldurub. İndi nə Adil Mirseyid sağdır ki, bu ikibaşlı fikrin həqiqi mənasını onun özündən soruşaq, nə də Vaqif Səmədoğlu aramızdadır ki, özü haqqındakı bu fikrə lazımı səviyyədə aydınlıq gətirsin. Amma həqiqət odur ki, Vaqif Səmədoğlunu şeirlərinin mövzuları kifayət qədər rəngarəngdir. Keçmiş xiffəti, həyatın puçluğu, dünyanın faniliyi, gözəllik vurğunluğu, dünyanı anlamamağın əzabı, tarixlə bu günün müqayisəsi... Bir sözlə, o, çox mövzulara toxunub, sadəcə Vaqif Səmədoğlunu yeknəsəq, bəzən özünü təkrarlayırmış kimi göstərən onun poetik ovqatıdır. Poetik ovqat isə şairin xarakteridir. Əgər o olmasa, şeirdə üslubla seçilmək məsələsi, yəqin ki, xülya olardı. Əlbəttə, hər şairin dönə-dönə qayıtdığı mövzular var, onlar həmin müəllifin yaradıcılığında daha qabarıq, daha irəlidə görünür, amma bu o demək deyil ki, hansısa şair həmin mövzuların əsiridir, orda ilişib qalıb. 
 
  Yalan yağışı yağır,
  damlarımız yuxadır,
  axır hamısı,
  evlərimizin içinə damır
  yalan yağışı.
  Damlaların altına qoyuruq
  vicdanımızı,
  namusumuzu
  gələcəyimizi.
  Dolur hamısı yalanla,
  yağışsa yağır,
  kəsmir bu yağış...
 
  İctimai motivli, etiraz ruhlu bu şeirdəki məkan kasıb evinə bənzədilir. Hər tərəfdən yağış yağır, amma insanlar da öz vicdanlarını, namuslarını, gələcəklərini vanna, qazan əvəzi o yağışın altına qoyurlar və beləcə, sanki göydən ələnən o yağışı "toplayırlar”. Şeirdə yalan təbiət hadisəsi ilə eyniləşdirilir. Necə ki təbiət hadisəsinin qarşısını almaq olmur, eləcə də bəzi yerlərdə yalanın kökünü kəsmək mümkünsüzdür, insanlar yalanların qarşısında təbii fəlakət kimi acizdirlər, əliyalındırlar, çarəsizdirlər. Necə ki kəsməyən, fasiləsiz yağışlar hər yanı viran qoyur, eləcə də yalan cəmiyyəti iflic edir, xarabaya çevirir. 
 
***
 
  Vaqif Səmədoğlunun poetik pafosu, demək olar, yox idi. Bir şeirdə az-maz qabarıq olan pafosunu yumşaltmaq üçün, həm də Səməd Vurğuna göndərmə etmək naminə dırnaq işarələri arasında "atam demiş” yazmışdı. 
  Sovet poeziyasında poetik pafos ona görə qabarıq idi ki, çox zaman şairlər şeirdəki mənanın yerini qışqırıqla, haray-həşirlə doldurmaq istəyirdilər. Fərqli deyim tərzi, qatbaqat mənalar əksər şeirlərdə olmadığına görə şeirin formasını qurub arasına cürbəcür çağırışlar, yerli-yersiz poetik vurğular, xitablar salırdılar, "partlayışlı səslər” işlənən sözlərdən çox istifadə edirdilər ki, şeir qulaqlara xoş gəlsin – insanları təsir altına sala bilsin. O vaxtlar şeirin ustalığı "daha yaxşı azdırmaq bacarığı”nda, insanları arxasınca apara bilmək səriştəsində idi. Amma Rəsul Rzadan, Əli Kərimdən başlayaraq meyarlar bir qədər dəyişdi, onlar şeirimizi məna meydanına, yeni düşüncə yoluna çəkdilər. Həmin meyarlar nə xoş ki, bugünkü şeirdə daha işləkdi. Bugünkü sərbəst şeirin yolunu başlanğıcda Rəsul Rza, Əli Kərim açdı, bu gün artıq oturuşmuş, şaxələnmiş, dünya şeiri ilə nəfəs-nəfəsə, əl-ələ olan həqiqi poetik nəfəsimizin havasını onlar təmizlədilər, sərbəst şeirə olan ögey münasibətin ən sərt təpkilərini onlar gördülər. Vaqif Səmədoğlu bu baxımdan özünəqədərki yola da yaxşı bələd idi və buna görə də öz dövrünü dəqiq qiymətləndirirdi. Özü də, Vaqif Səmədoğlunun özündən əvvəlkilər şairlərdən sevdiyi nümunələr onların yazdığı ən zövqlü, dəyərli poetik əsərlərdən idi. O, "Mənim 60-cı illərim” məqaləsində yazırdı: "Mən əlimə ilk dəfə şair kimi qələm alanda ana dilimdə artıq "Şair, nə tez qocaldın sən”, "Mən tələsmirəm”, "Qızıl gül olmayadı...” kimi misraların musiqisi səslənirdi. "Nöqtə, nöqtə və nöqtə...” yazılmışdı və bu nöqtələrdən də yeni poeziya başlanırdı. "Xəzər suyu duzlu adi dənizdir” misrası ritorikaya müharibə elan edirdi...”
 
***

  "Şairlər var ki, kiminsə zamanında yaşayır, şair də var öz epoxasını yaradır. Vaqif Səmədoğlu öz epoxasını yaradıb”. Bu fikri Vaqif Bayatlı Odər deyib Vaqif Səmədoğlu haqqında. Həqiqətən də, Vaqif Səmədoğlu öz poetik dövrünü formalaşdıra bildi, bunun üçün bəzən dışlandı. Vaqif Səmədoğlu poetik epoxasında təkcə şeirə təsir eləmədi, həm də zövq aşıladı, fərqli düşünən, hər şeyi bəyənməyən oxucularını yetişdirdi. Gecə-gündüz kağız korlamaqla məşğul olan, qalın kitabları ilə öyünən, yazmaqdan gözü açılmayan qrafoman qələm əhli olduğu kimi, qrafoman oxucular da var, onlar nə gəldi oxuyurlar, hər yazanı bəyənirlər, vikipedik məlumatlılıqla "bildiklərini” gözə soxurlar, amma onlar mahiyyəti anlamaq məharətindən məhrumdurlar. Zövq formalaşdıran, fəlsəfi mövzular müraciət edən Vaqif Səmədoğluna oxucu auditoriyası da bəlli idi və ona görə də deyirdi: "Dəqiq bilirəm ki, mənim yazdıqlarımı qrafoman oxucular bəyənməyəcək”.
 
***

  Vaqif Səmədoğlunun şeirlərində sələfləri ilə bir çarpaz səsləşmə də var. Onlarla – klassiklərlə ruhi əlaqə, poetik vəhdət Səmədoğlu şeirində özünəməxsus şəkildə əks olunur. 
 
  Millət necə tarac olur olsun, nə işim var?!
  Düşmənlərə möhtac olur olsun, nə işim var?!
  Qoy mən tox olum, özgələr ilə nədi karim,
  Dünyavü cahan ac olur olsun, nə işim var?!
 
  Sabir satirasından hasil olan məna bu idi ki, ölkədə nə baş verir versin, kim ac qalır qalsın, təki şeirin əsas qəhrəmanının canı sağ, qarnı tox olsun. Cəmiyyətə yad nəzərlə baxmaq, ögey münasibət göstərməyi Sabir belə qabardırdı, Səmədoğlu isə ilk baxışdan "poetik kamera”sını oxşar mənzərəyə tuşlayır, amma "ekranda tamam başqa görüntülər” görükür:
 
 
  Dənizdə tufanlıq,
  şükür, evdəyəm.
  Səhrada qum tüğyan edir bu gün,
  şükür, evdəyəm.
  Çovğun sinə gərib uca dağlara
  şükür, evdəyəm.
  Yollarda duman, çöldə qasırğa,
  evdəyəm şükür.
  Kimsə görmədi gözlərimi bu gecə, 
  şükür, evdəyəm.
 
  Şeirin son iki bəndi oxuyanacan elə bilirsən ki, poetik qəhrəman eqoistin yekəsidir, özündən başqa heç kəsi düşünmür, onunçün özündən savayı kimsə yoxdur, lap aləm dağılır dağılsın, dənizdə tufan qopur qopsun, çovğun, qasırğa olur olsun, səhrada qum tüğyan edir etsin, əsas odur ki, poetik qəhrəman salamatdır, evindədir, dincdir, vəssalam, deməli, hər şey axarındadır. Amma son iki misrada başa düşülür ki, evdən çölə çıxmayan, dünyanın dağılmasına məhəl qoymayan – eşiyə ayağını atmayan insanın ruhundakı gərginlik, çalxantı kənardakı insanlar (onun gözlərini görəcək adamlar) üçün hər cür təbii fəlakətdən daha ağır, daha təhlükəlidir. O, əslində, başqalarını düşündüyü üçün (Kimsə görmədi gözlərimi bu gecə, / şükür, evdəyəm) ayağını çölə qoymur. Eyni zamanda insanın kədərini daha çox dağıdıcı olduğu məsələsi ortaya çıxır. Bu şeirdə dərdin bölüşülməməsi məsələsi diqqət çəkir: Çünki dərdi bölüşəndə qarşı tərəfə də – həmdərdə də ondan pay düşür, qarşı tərəfi neqativlə yükləmiş olursan. Bunları etməyən – insanlarını öz dərdləri, həm hopmuş gözlərinin kədəri ilə yükləməyən, qəmli gözlərini hər cür təbii fəlakətdən təhlükəli hesab edən şair ona görə də şeirin sonunda insanlara heç bir xətər yetirmədiyi üçün şükür edir: "Kimsə görmədi gözlərimi bu gecə, / şükür, evdəyəm”.
 
***
 
  "Mən burdayam, İlahi”. Bu cür çağırış ilə Vaqif Səmədoğlu yerini Allaha nişan verirdi. Onun dayandığı yer, məkan, durum onsuz da Allaha bəlli idi, amma Vaqif Səmədoğlu Allahın onu gördüyündən əmin deyildi, çiyinlərində Tanrının nəzərlərini bəzi məqamlarda hiss eləyə bilmirdi. Vaqif Səmədoğlunu insan kimi də, şair kimi də səmimi edən o idi ki, o qənaətləri, bilgiləri ilə qərara gəlmirdi, o hissləri ilə, yaşantıları ilə nəticə hasil edirdi. Hiss etmədiyi şeyləri həqiqət kimi qəbullanmırdı. Və bir hissini səmimi şəkildə dilə gətirirdi: "Allahdan ötrü darıxmaq dəhşətdir. Atadan-anadan yetim qalmaq normal haldır. Birdən insana elə gəlir ki, Allahdan yetim qalıb. Allah atıb onu. Onda qışqırırsan ki, mən burdayam, İlahi”. 
  Həqiqətdir ki, insanın necəliyinə ölkəsinin aqibəti bir başa təsir edir, necə deyərlər, "halimiz memleketin hali”. Şübhəsiz ki, Vaqif Səmədoğlunun keçirdiyi bu vəziyyət ("Mən burdayam, İlahi” tənhalığı) təkcə insani yaşantıların nəticələri, şəxsi ağrı-acının yığnağı deyildi, onun dərdlərinə həm də ölkə problemləri qarışmışdı. Çünki o, 80-ci illərin sonundan meydanlarda, daha sonra aktiv siyasətdə idi və onun siyasi həyatı, düşüncələri şəxsi həyatına hopmuşdu. Axı əbəs yerə demirlər ki, insan yaşadıqların cəmidir. Şeir də yaxşı-yamanı, şirin-acısı ilə elə şairin yaşadıqlarının cəminin ifadəsidir. Ona görə də özünü Allahdan yetim qaldığını hiss edən Vaqif Səmədoğlu məmləkətinin də Allahdan yetim qaldığını düşünürdü. "Sandıq şeirləri”ndə sonunda tarixi yazılmamış bir şeirində Vaqif Səmədoğlu yazır:
 
  Günahlarımı qana-qana,
  günahlarımı dana-dana,
  bu çıxılmaz ikilikdən
  bəzən od tutub yana-yana,
  Üz tutub yalvarıram
  sənə, İlahi.
  Boş vaxtın olsa, 
  yolun düşsə bu yana,
  heç olmasa ayaqüstü
  bir baş çək Azərbaycana...
 
  Şeirin əvvəlində öz-günahını xatırlayan şair, şeirin sonunda Allahı vətəninə dəvət edir. Çünki Allah bir insanı tənha qoya bilər, bəlkə də, ancaq bir toplumu heç zaman yalnız qoymaz. Vaqif Səmədoğlunun Allahla dialoqları çox ərkyanadır, o, Allahla ehtiyatla danışmır, ürəyi ilə danışırmış kimi sərbəst, "həmsöhbət olur”. 
 
***
 
  Vaqif Səmədoğlunun şeirlərində klassik ədəbiyyatla da bağ tapmaq olur, ən müasir dövrlə də. 
 
  Donmuş könül buz bağlayıb,
  Bir isti arzu istəyir,
  Əriyib səhraya axsın, 
  Məcnun, bəlkə, su istəyir.
 
  Orta əsr poeziyasında eşq timsalı Məcnun idi, Yusif idi, Fərhad idi və onların hər birinə müraciət etmək o vaxtın şairləri üçün alışılmış poetik seçim sayılırdı. Sonralar təbii ki, özünü Məcnun tən tutan, eşqini, iztirabını ondan da ağır olduğunu dilə gətirənlər, "Məcnunun adı çıxıb” deyənlər də odu. Vaqif Səmədoğlu isə yuxarıdakı şeirdə bu gün ilə keçmişi bir-birinə bağlayır, onun şeir qəhrəmanın buz bağlamış ürəyi açılsa sevəcək, əgər sevsə ürəyinin, arzusunun hənirindən könlünün buzu əriyəcək, nəticədə Məcnun təşnəsini yatıracaq. Sadə bir bəndlə Məcnunun ölməzliyinə işarə var, bir sevginin başqa bir sevgiyə dayaq olması, bir sevənin başqa bir sevəni yaşatması, keçmişlə bu günün bağlılığı...

  Simurq quşu göy üzündə
  Qa istəyir, qu istəyir,
  Məcnun səhranı dolaşır.
  Allahdan yuxu istəyir.
 
  "Məcnun səhranı dolaşır. / Allahdan yuxu istəyir” yazır Vaqif Səmədoğlu. Yuxu istəmək gərginliyin ifadəsidir, insan yatıb bu dünyanın dərd-sərindən bir müddət uzaq olmaq istəyir, eləcə də, real həyatda qovuşa bilmədiyin insanlara bəzən yuxuda qovuşur. Məcnun yatmaqla həm dincliyinə qovuşmaq istəyir, həm də yarına. Eyni zamanda bu misralardakı maraqlı bir fikir Simurqla bağlıdır. Simurq göy üzündə nəsə istəyir, Məcnun isə yer üzündə. Deməli, yer üzündə də, göy üzündə də rahatlıq, aram yoxdur, göydəki göydə, yerdəki yerdə narahatdır, bu dünyada dinclik, sakitlik axtarmaq bihudə əməkdir. Eyni zamanda hər yaradılan Allahdan özünə görə bir şey istəyir. Simurq da, Məcnun da, Allahdan istəyir, deməli, yerdəkilərin də, göydəkilərin də üz tutacağı bir ünvan var – Allah.
 
***

  Vaqif Səmədoğlunun əksər şeirləri təslimiyyət ruhludur, yorğunluq əhvalındadır. Bu şeirlər qabarmış yox, çəkilmiş, kükrəyən yox, halsız şeirlərdir.

  Sakit ötür bu gecə də,
  qorxu yox, qorxudan yox.
  Yatır ən kinli adam da,
  içindəki qəzəblə.
  Pişiklər də miyoldaşmır,
  hürmür bircə köpək də.
  Yatır sarı dəsmal altda
  yeyilməmiş çörək də.
 
  Heyvanların, insanların hamısı təbiətə təslim olur, – gecənin qüdrəti budur. Bütün günü coşub-çağlayan, atılıb-düşən, hər cür yamanlığa qol qoyan, xeyirxahlığından qalmayan hər kəs axşam yorulur. Elə bil, gecənin düşməsi ilə həyatdan hər gün əl çəkirik, gecə sayəsində hər kəs öz dincliyinə, rahatlığına qovuşur. Şeirdə yuxuya təslim olanlar – ən qəzəbli adam, pişik, köpək, çörək – fərqli nəsnələrdir, ancaq gecənin qarşısında onların hər biri eynidir – hər biri yatmalıdırlar. Vaqif Səmədoğlu həm də gecənin insan həyatındakı xeyrini göstərir, əgər gecə olmasaydı, insanlar daim gündüzün əsarətində olardılar, dünya sanki uzun bir gündən ibarət olardı, hamı gecə-gündüz çalışardı və nəhayətdə açılmayacaq sabaha ümid qalmazdı. Vaqif Səmədoğlunu "Qorxu yox, qorxudan yox” sözünü hər nə qədər ictimai motivdə işlətsə də, poetik fikir sonda daxili mənin durumuna qayıdır, – həyatın qaydalarını təslim olmaq yolunu təlqin edir. Vaqif Səmədoğlu həyatla döyüşməyi yox, ona təslim olmağı vacib sayır. Ancaq bu təslimiyyətin insanı qul etmir, qızıldan qiymətli rahatlığının yerini nişan verir.
 
***
 
  Şükür, dedim,
  döyüldü
  mənim də qapım.
  Açdım.
  Yenə Ayrılıq...
 
  Yuxarıdakı şeirdəki "Ayrılıq” sözünün böyük yazılması korrektorun xətası deyil, belə də olmalıdır. Çünki müəllif belə yazıb, ona düzəliş eləmək, "imlasına toxunmaq” olmaz. Çünki elə anlayışlar, elə sözlər var ki, onlar insanın həyatında böyük hərflə yazılır, sən onu ha balaca yazsan da, kiçiltməyə çalışsan da canlı adı kimi, insan ismi kimi böyük yazılacaq. "Ayrılıq” sözü Vaqif Səmədoğlunun ömründə böyük hərflərlə yazılmışdı. Marina Svetayeva deyirdi ki, "mən hər şeyi vidalarla sevdim, – ayrılıqlarla”. Yuxarıdakı şeirdə anlayışla insan adı bir-birinə qovuşub, ona görə də o, söz böyük hərflə yazılıb. Ömrümüzdəki insanların bəziləri haçansa həyatımızda anlayışlarla çevrilmirmi? Birinin adı Qüssə olur, birinin adı Gözləmək olur, birinin adı Səadət olur, birinin adı Yaşam olur. Biz o insanları öz adları ilə çağırırıq, ancaq həmin adamlar ruhumuzda başqa adlarda – anlayışlarla yaşayırlar. 
 
***

  Yuxuda kimi görmüsən 
  bu gecə?
  Gözlərində bir yalqız məzarın 
  kimsəsizliyi var.
  Yum gözlərini,
  gözlərinə baş çəkim.
  Bir dəstə gül qoyum gözlərinə...
 
  Başqalarının görmədiyini görmək, müşahidə eləmək unudulmuş əlifbaları oxumaq kimidir, fərqli yanaşmaq, fərqli nəzərlə baxmaq da elə həyatı oxumaq deyilmi? Bu şeirdə yuxu görənin gözlərindəki kədərin silinməzliyini, qarşı tərəfin oxumasından, anlamasından söhbət gedir. Müəllif o məzarın kimsəsiz olduğunu hardan bilir, bu qənaəti nəyin əsasında formalaşıb deyə soruşmuram, çünki poeziyanın sual tərəfini yox, haqq tərəfini anlamaq lazımdır. Bu baxımdan şeirlə din çox oxşardır. Əgər bu oxşarlıq olmasa, gözdəki kədərin bir kimsəsiz məzardan yarandığı və o gözləri ziyarət etmək istəyən birinin varlığı şübhə doğurar.
 
***

  Sandıq şeirləri mənə öz mənasını belə açdı. Bu şeirlər mənə öz dərdlərini belə danışdı. Vaqif Səmədoğlunun poetik "dini” məni özünə anladığım qədər inandıra bildi. Deyirlər, Kəbə hər zəvvarın gözünə ürəyi böyüklükdə görükür. Mən də "Sandıq şeirləri”nin mənasını, duyğularını, ağrılarını "ziyarət elədim”, mənə də öz qəlbim boyda göründü bu şeirlər...