Biz imzaları yox, əsərləri dərc edirik...

Şahmat taxtası üzərində həyat dərsi – Kənan Hacının hekayəsi
2373
29 İyul 2020, 09:39
 Artkaspi.az saytı Kənan Hacının "Şahmat taxtası üzərində həyat dərsi" adlı hekayəsini təqdim edir:
 
 Aprel döyüşlərində həlak olmuş Polkovnik-leytenant Sənan Axundovun əziz xatirəsinə ithaf olunur
 
 Ata-oğul üzbəüz oturub şahmat oynayırdılar. Ətrafda qəribə bir sükut dolaşırdı. Hər ikisi piyadaları ön xəttə çəkmişdilər. Şübhəsiz, ata oğuldan təcrübəli idi, amma oğul necə olur-olsun, ataya öz üstünlüyünü nümayiş etdirmək istəyirdi. Ata oğula müəyyən məqamlarda şərait yaradırdı, amansız gedişlər etmirdi ki, oğlu çətinə düşməsin, oğul da sövq-təbii bunu hiss edirdi, inadkarlıqla "mənə güzəşt etmə, ata, oyun oyundur!” deyirdi. Ata ürəyində oğlunun bu xüsusiyyətinə sevinirdi, "eynən mənim kimidir, hər şeyə öz gücüylə nail olmaq istəyir, bu, xarakter göstəricisidir” deyə düşünürdü və oğluna görə qürur hissi keçirirdi, amma düşündüklərini büruzə vermək istəmirdi. Gizlcə onu müşahidə edirdi; sərt, iti baxışlar, ciddi görkəm, uca boy, qədd-qamət – eynən özüydü. Çətin gedişlərdə Tahirin təxəyyülü daha cəsarətli olur, fantaziyası daha aydın işləyir, müdafiə barədə düşünür, hücum taktikası seçir və daha ehtiyatla oynayır, hətta riskə getməkdən də çəkinmir. Elə bir məqam yetişdi ki, Tahir qalaqurma kimi etibarlı gedişdən imtina edərək fiqurların ən gərgin, ən gözlənilməz qüvvələr nisbətini yaratmağa çalışdı. Bu taktika Sənanı bir anlıq çaşdırdı.
 

 - Afərin! – dedi. 
 Tahir fantastik yerdəyişmələrə meyl edirdi və bu da Sənanın təəccübünə səbəb oldu. Oğlu şahmatın əsas qanunlarıyla hesablaşmadan hansısa fəndə əl atmışdı. Demək beyin çevik olaraq bir neçə istiqamətdə işləyir. Bu, yeniyetməyə xas olan düşüncə tərzi deyil. Demək, Tahirin zəkası yaşını üstələməyə başlayıb.  
Stola dirsəklənib əlini çənəsinə söykək etmişdi və dərin düşüncələrə dalmışdı. Şahmat taxtası üzərində vəziyyət mürəkkəbləşdikcə oğlu da gərginləşirdi. Ata yenə qəsdən səhv oynayırdı ki, oyun uzansın, oğlu vəziyyətdən çıxa bilsin. Artıq atanın məğlubiyyəti açıq-aşkar görünürdü. Tahir geri çəkildi: 
 - Yox, bu olmadı. Sən qəsdən mənə uduzursan, ata. Mən belə oynamaq istəmirəm.
 - Sən yaxşı oynayırsan, - ata gülümsəyir.
 - Mən görürəm ki, sən qəsdən səhv oynayırsan, - oğul uşaq hikkəsiylə deyir.
 - Səhv oynamadım, axı, - ata boynuna almır.
 Oğul həvəsdən düşür.
 - Oynamıram, - deyir.
 Ata oğlunun saçlarını qarışdırır.
 - Həyat şahmat taxtasıdır, oğlum. Bu həyatda kimi şahdır, kimi vəzirdir, kimi piyadadır. Əslində, piyadalar ən təhlükəli fiqurlardır. 
 Oğul düşüncəyə dalır, atanın sözləri beynini qarışdırır, ilk anda onun nə demək istədiyini anlaya bilmir.
 - Piyadalar ancaq düz gediş edə bilir, onların imkanları məhduddur.
 - Elə deyil, oğlum. Piyadalar əsgərlər kimi ön xətdədirlər, onlar arxadakı əsas fiqurları qoruyurlar. Şah, vəzir, top, fil vurulandan sonra piyada müdafiəsiz döyüşə atılır və ancaq irəli gedir. Bütün maneələri adlaya bilsə, son xəttə çatan kimi vəzirə çevrilir və hər tərəfə hərəkət edə bilir. Həyat da belədir, gərək son ana qədər mübarizə aparasan. Hədəfə çatdınsa, qarşında sonsuz imkanlar açılır. 
Tahir heyranlıqla atasını dinləyirdi. Onun dediklərini beyninə hopdurmağa çalışırdı. Simasında vunderkindlərə məxsus cizgilər vardı. 
 - Mən, əslində, sənin gücünü, iradəni yoxlamaq istəyirdim. Sən məğlubiyyətlə barışmaq istəmirsən, mübarizə aparırsan. Bax, həyat budur, oğlum. Yadında saxla, şahmat oynayarkən beynin hər iki yarımkürəsinin fəaliyyəti aktivləşir, sən sağlam mühakimə yürütmək və düzgün qərar vermək imkanı qazanırsan. Belə olanda həyatda da heç vaxt səhvə yol verməyəcəksən.  
 Evdə Sənanın səsi heç vaxt ucadan çıxmazdı. O, övladlarıyla həmişə dost kimi söhbətlər edirdi. Nəzrin də, Tahir də bu söhbətlərdən nəticə çıxarırdı və atanın sözü onlar üçün dəyişməz qayda olaraq qalırdı. Ata deyirsə, demək, belə lazımdır, onun sözündən çıxmaq olmaz. Sənan da, Nəcibə də övladlarını bu qayda ilə böyüdür, onlara sevgi aşılayırdılar. Onların tərbiyə metodikasında uşağı döymək, cəzalandırmaq, üstünə qışqırmaq yox idi. Sənan düşünürdü ki, bu üsullar uşağın psixikasını poza bilər, uşağı sevgiylə, nəvazişlə, bir az böyüdükdən sonra isə ibrətamiz söhbətlərlə tərbiyə etmək mümkündür. O, övladlarıyla həmişə fərdi söhbətlər edirdi, onların körpə qəlbinə sevgi toxumları səpirdi. Bu ev tərbiyəsi onların zehni inkişafına kömək edirdi. Onlar anlayırdılar ki, atayla ana onların sağlam və xoşbəxt böyüməsi üçün çalışır, onlar da valideynlərinin zəhmətini yaxşı təhsil almaqla, tərbiyəli övlad olmaqla dəyərləndirməlidirlər. 
 Hərbçi həyatı nizam-intizam tələb edir. Sənanın həyat tərzi ailəyə də sirayət etmişdi, o, ailədə də səliqə-sahmanı, nizam-intizamı xoşlayırdı. Hərbçinin həyat yoldaşı olmaq ağır yük olsa da Nəcibə könül xoşluğu ilə öz zərif çiyinlərini bu yükün altına vermişdi və arxa cəbhədə ərinin silahdaşına çevrilmişdi. Sənan arxa cəbhədən – ailəsindən əmin-arxayın idi və buna görə də döyüşə yollananda gözü arxada qalmırdı. Bilirdi ki, burada onun səngərini qoruyan mərd bir qadın var, onun ocağında düşmən çəpəri olan bir igid böyüyür, atasının şərəfini həmişə uca tutacaq bir qız övladı hər gün bir buğda boyu böyüyür. 
 
 

 - Hə, oyna görək, - Sənan oğlunun növbəti gedişinə hazırlaşdı.
 Tahir böyük adamların ədasıyla şərt kəsdi:
 - Amma mənə heç bir güzəşt etməyəcəksən.
 - Danışdıq, - atası razılaşdı. 
 Tahir fili qurban verəndə Sənan onun növbəti gedişlər üçün hansı taktika seçdiyini müəyyən edə bilmədi və atla fili vurdu. Topun yolu açıldı və Tahir topu mərkəz xəttə doğru sürüşdürdü, yeganə piyadanın yolu kəsildi. Qarşı tərəfin dinamik mövqeyi zəiflədi. Qələbə şansı oğulun tərəfinə keçdi. Sənan Tahirə baxıb gülümsədi. 
 - Çox mürəkkəb gedişlər edirsən, - dedi. – Hardan öyrənmisən bunları?
 - Səndən, - Tahir gözlərini fiqurlardan ayırmadan dedi. 
 - Artıq üfüqdə qələbə görünür. İcazə ver, səni təbrik edim.
 - Hələ tezdir, ata. Oynayaq.
  Sənan bu dəfə güzəştsiz növbəti taktikaya əl atdı, cinah hücumlarına keçdi. Tahir hiss etdi ki, bu dəfə atası ona heç bir güzəşt etməyəcək, ürəyində sevindi. Seçdiyi taktikanın onu qələbəyə aparacağına əmin olduğundan bir qədər də arxayınlaşdı və bununla da bağışlanmaz səhvə yol verdi, ehtiyatı əldən verərək lüzumsuz bir gediş etdi. Qarşı tərəfin vəziri fürsətdən istifadə edərək hücuma keçdi, şah müdafiəsiz qalmışdı. Bu dəfə də qalaqurmaya getmədi, fili irəli çəkdi və sol tərəfdəki atı görmədi. At fili vuranda bir anlıq özünü itirsə də bunu büruzə verməməyə çalışdı. Sənan bunu hiss etsə də özünü o yerə qoymayıb başını şahmat taxtasından ayırmadı. Tahir uzun müddət düşünməli oldu. İtirilmiş mövqeləri bərpa etməyə çalışırdı, lakin çıxış yolu tapa bilmirdi. Bu dəfə də ehtiyatsızlıq etsəydi "mat” ola bilərdi. Yaxşı kombinasiya qurmuşdu, lakin kiçik səhv ucbatından şahı təhlükə altında qoymuşdu. 
 Həyat da belədir, bircə dəfə səhvə yol verdinsə, o səhvi düzəltmək çox çətin olur, bəzən heç mümkün olmur. Sənan oğlunu udmaq istəmirdi, bunu ona hiss etdirmək olmazdı, yoxsa oyun yarımçıq qala bilərdi. Balaca Nəzrin arada gəlib atasına sığınır, uşaq marağıyla oyuna baxır və hər dəfə soruşurdu: 
 - Ata, kim udur?
 - Hələ heç kim, qızım.
 - Nolar, mənə də bu oyunu öyrət də, - deyə nazlanırdı. 
 Sənan qızının ipək saçlarına sığal çəkib gülümsəyirdi.
 - Öyrədərəm, qızım. Sən atanı da, qardaşını da udacaqsan.
 Nəzrin əlini əlinə sürtüb şıltaqcasına atılıb-düşürdü:
 - Mən hamınızdan yaxşı oynayacam. Görərsiz.
 - Əlbəttə, mənim ağıllı qızım, - Sənan qızını qucaqlayıb üzündən öpürdü. 
 Tahir də bic-bic gülümsəyib deyirdi:
 - Ay sağ ol, Nəzrin. Sən atanın başını qat, mən də görüm neynirəm.
 - Ata, səni udacaq. Oynaya bilmirsən, - Nəzrin dedi.
 - Elə demə, qızım. Qardaşın əla oynayır, - Sənan oğlunu müdafiə etdi. – Sənə də şahmatı o öyrədəcək, sonra ata-bala oynayarıq.
 Tahir bacısını cırnatmaq istədi:
 - O ki, mənim tərəfimi tutmur, öyrətməyəcəm.
 - Ata mənə öyrədəcək, səni udacam, - Nəzrin əlini belinə qoyub qardaşına acıq verdi. 
 Sənanın növbəti gedişindən sonra "pat” vəziyyəti yarandı. Axır ki, istəyinə nail olmuşdu. Tahir çarəsiz vəziyyətdə atasının üzünə baxdı. 
 - Pat, - Sənan gülümsədi və əlini oğluna uzadı, əl tutdular. 
 Nəzrin gah atasına, gah da qardaşına baxır, heç nə başa düşmürdü.
 - Aaa, bəs kim uddu?
 - Heç kim. Oyunumuz bərabər oldu, - Sənan məmnuncasına stol arxasından qalxdı. Tahir azca pərt olmuşdu. 
 - Amma bacı-qardaşsınız, aranızda bir də belə söhbət olmasın. Tahir, harda olur-olsun, həmişə bacını müdafiə et, onu qoru, heç vaxt onu incitmə.  Şahmatı da ona öyrət, gələn dəfə soruşacam. 
 - Baş üstə, ata! – Tahir əmr almış əsgər kimi atasının qarşısında dik dayandı. 
 Nəcibə mətbəxdə ərinin sevdiyi yeməklərdən yarpaq dolması bişirirdi, amma Sənanla uşaqların söhbətinə diqqət kəsilmişdi. Sənanın uşaqlarla ibrətamiz söhbətləri onun ana qəlbinə izaholunmaz bir sevinc bəxş edirdi. Övladlarının gələcəyi sarıdan arxayınlıq hissi keçirdikcə taleyinə şükranlıq edirdi. Sənanın sevgisi ona da, övladlarına da bir ömür boyu bəs edəcəkdi. Əllərini göyə açıb ona bu qisməti yazdığı üçün Tanrıya minnətdarlıq etdi. Geri çevriləndə Sənanın mətbəxin qapısına söykənib ona baxdığını gördü. Bu baxışlar onun qəlbini fəth etmişdi. Özünü dünyanın ən xoşbəxt qadını hesab etdi.   
 
 27 iyul, 2020-ci il