Biz imzaları yox, əsərləri dərc edirik...

Şagirdlərin ədəbi zövqünün formalaşmasında ədəbiyyat dərsliklərinin rolu – Sorğu
2379
24 May 2019, 11:01
  Ədəbiyyatı - insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətini hələ orta məktəb illərindən öyrənirik. Fənnin tədrisi təhsilalanların get-gedə mütaliəyə, bədii ədəbiyyata sevgilərini, ədəbi zövqlərini formalaşdırır. Təbii ki, burada dərsliklərin də mühüm rolu var. Bəs bugünkü ədəbiyyat dərsliklərinin mövzusu məktəblilərin ədəbi zövqünün formalaşması üçün düzgün seçilibmi? Onların formalaşmasında ədəbiyyatın gücü nədədir? Ümumiyyətlə, şagirdlərin bədii zövqünün inkişafı üçün hansı vasitələrə əl atmaq lazımdır?
 "Müzakirə”mizdə şagirdlərin ədəbi zövqünün formalaşması üçün dərsliklərin və mütaliənin rolunu aydınlaşdırmağa çalışdıq: 

 

  Ədəbiyyatı bilməli, ədəbiyyatı öyrənməli
 "Ən aktual məsələlərdən biri məktəblərimizdə ədəbiyyat fənninin tədrisi səviyyəsidir: proqramların məzmunundan tutmuş ta metodik vəsaitlərə və tədris üsullarına qədər”- deyən yazıçı-tərcüməçi Kamran Nəzirli hesab edir ki, bəlkə də məktəb-müəllim-şagird münasibətlərindəki bütün əsas problemlərimizin başlıca səbəbi burdan qaynaqlanır: "Məsələ həm cəmiyyətin, həm də dövlətin marağında olmalıdır. Bəs bizə filoloji təhsil, savad, dünyagörüş nə üçün vacibdir? Müasir məktəbin əsas vəzifəsi təkcə öyrətmək, bilik vermək deyil, həm də təlim-tərbiyə verməkdir. Təəssüf ki, son illərin məktəb proqramları və dərslikləri bu vəzifəni demək olar ki, ailənin öhdəsinə buraxır. Bəlkə, elə buna görədir ki, məktəblər ədəbiyyat fənninin tədrisini və öyrədilməsini arxa plana keçiriblər. Nostalji olmasın, sovet dönəmində ədəbiyyat fənni tədris olunarkən uşaqlarda hansı keyfiyyətlər formalaşırdı? İncə zövq, tərbiyəvi-əxlaqi keyfiyyətlər, etik-estetik normalara hörmət və həvəs, gələcəyə inam, insanlara, ailəyə, vətənə, torpağa sevgi və s. Məktəbliyə bu kimi fəzilətləri məhz məktəbdə öyrədilən, oxunan ədəbi əsərlər təlqin etmirdimi? Şagirdlər məhz ədəbiyyat dərslərində mürəkkəb əxlaqi hərəkət, davranış və münasibətlər sahəsində nəyin yaxşı, nəyin pis, mənfur, rəzalət olmasını öyrənirdilər. Onlar məhz ədəbi əsərləri sevə-sevə oxuyaraq nəticələr çıxarır, nəyin xeyir, nəyin şər olduğunu müəyyən etməyə səy göstərirdilər. Məgər bütün məşhur müəlliflər, yazıçılar, şairlər öz əsərlərində Xeyir və Şər dilemmasını qoymamışlarmı və birincinin qalib gəlməsi üçün yollar (əxlaqi yollar!) axtarıb tapmağa çalışmamışlarmı? Bütün bunları məktəb və müəllim öyrədir, tədris edir. İnsanın hələ məktəb çağlarından formalaşması, kamilləşməsi yolunda ən vacib mərhələnin ədəbiyyat fənni olmasını anlamaq gərəkdir. Düşünürəm ki, o zaman nə intiharlar, nə təhqirlər, nə uşaqlar və müəllimlər arasındakı münasibətlərdə anlaşılmazlıqlar baş verər”. Yazıçının fikrincə, məktəb mütləq təlim-tərbiyə ilə məşğul olmalıdır: "Bunu təkcə ailə yox, məktəb də etməlidir, onun əsas işi elə budur! Uşaq böyük insan kollektivinə daxil olur, bura ev deyil, bura böyük kollektiv, sosial qurumdur. Uşaq burda sosiallaşır və necə sosiallaşır? Təkcə bilik əldə eləmir axı! Öz davranışını, əxlaqını, hərəkətini, münasibətlərini nizamlayır, uyğunlaşdırır, daha doğrusu, kollektivin ümumi qayda və normalarına uyğunlaşdırır. Bu mənada məktəbin və müəllimin, xüsusilə ədəbiyyat müəllimlərinin rolu əvəzsizdir.  Əlbəttə, valideynlərin də rolunu danmaq olmaz. Lakin uşağın ağlında və beynində ilk növbədə həyati vacib suallar (bilik nə üçün lazımdır, hansı biliklər vacibdir? və s...) məktəb vaxtı yaranır və formalaşır. Bu sıraya həm də uşağın böyüklərə və müəllimlərə, müxtəlif həyati vəziyyətlərə münasibətini də aid eləmək olar...”
  Yazıçının fikrincə, indiki məktəbli sovet dönəmindəki məktəbli deyil, o, daha çox müstəqilliyə, sərbəstliyə can atan yeniyetmədir, gəncdir: "Müəllim və məktəb isə bir qədər asılı vəziyyətdədir; bu asılılıq bütün sahələrdə - iqtisadi, siyasi və təşkilati-texniki sahələrdə özünü göstərir. Bu amilləri nəzərə alsaq, məsələnin həlli mürəkkəb görünür. Bugünkü məktəbli isə dediyim kimi, bu obyektiv amili nəzərə almır, yəni onun üçün müəllimin və ya məktəbin ictimai-siyasi-iqtisadi... vəziyyəti maraqlı deyil, heç bunun fərqində də deyil. Bu iki bir-birinə zidd situasiyada balans yaratmaq, daha dəqiq desək, lazımi səviyyə və ya nəticə əldə eləmək də çətindir. Bax, bu halda, ədəbiyyatın köməyindən yararlanmaq olar. Bu, elə bir yardım, elə bir gözəgörünməz, emosional, mənəvi ruhdur ki, onu dəyərləndirmək lazımdır. Belə çıxmasın ki, ədəbiyyat o biri fənlərdən daha güclüdür, yox, amma daha güclü təsirə malikdir, daha güclü tərbiyə üsulu ola bilər. Uşağın bədii ədəbiyyat oxuması, onu anlaması  düşüncəsinin, əxlaqının, dünyagörüşünün formalaşması deməkdir”. K.Nəzirli hesab edir ki, məktəbli yalnız ədəbi əsərlər vasitəsilə anlaya bilər ki, həyatda gördüklərindən də fərqli şeylər, fərqli hisslər və düşüncələr ola bilər: "Ədəbi əsərlər müxtəlif xarakterli nümunələr gətirir, həyatı, yaşamağı, münasibətləri yüngülləşdirir, ağırlaşdırmır. Məktəbli bu əsərlərdə həyatın müxtəlif tərəflərini görür, müxtəlif obrazlar, mədəniyyətlər, dövrlərlə tanış olur, təəssüratlarla yaşayır ”. Yazıçının fikrincə, bütün bunlar məktəb proqramlarında nəzərə alınmalıdır. Məktəb proqramları sadə olmalıdır, müəllimləri və sinfi çətin və anlaşılmaz vəziyyətə salmamalıdır: "Mən tələbə qəbulu komissiyasında iki il dalbadal dərsliklər üzrə ekspert kimi çalışmışam – o zaman ədəbiyyat dərsliklərimizin monitorinqi ilə məşğul olurdum. Bu dərsliklər tamam yararsız və dözülməz səviyyədə tərtib olunmuşdu. İndi bilmirəm nə vəziyyətdədir. Amma hərdən eşidirəm ki, ədəbiyyat dərslikləri hələ də lazımi səviyyədə deyil. Proqramlar yenə anlaşılmaz və mürəkkəbdir və s... Məktəblərdəki ümumi əhval-ruhiyyəyə həm də belə şeylər pis təsir edir, uşaqların təlim-tərbiyəsi prosesinə xələl gətirir. Ümumiyyətlə, ədəbiyyat fənninin vəzifəsi çox mürəkkəbdir. Müəllimin hazırlıq səviyyəsindən də çox şey asılıdır. O, peşəkarlıqdan savayı, həssas olmalıdır, uşaqla ünsiyyət qurmaqda maraqlı olmalıdır və o qədər mütaliəli olmalıdır ki, öz oxuduğu əsərlərə qarşı  məktəblidə də maraq oyada bilsin.  Bizdə necədir? Müəllimlərin əksəriyyətinin biliyi, tutaq ki, adi filoloji biliyi olur, amma təcrübəsi, metodikası, ədəbi-bədii zövqü olmur, üstəlik də maddi-məişət sıxıntıları. Məncə, yaxşı ədəbiyyat müəlliminə heç dərslik də lazım deyil, yetər ki, bədii zövqü olsun, ədəbi nümunələri seçə bilsin, təhlil etmək qabiliyyəti olsun. Göründüyü kimi, bunlar kompleks şəkildə həll olunmalıdır. Fikrimcə, bunları həll etmək üçün çox şey də tələb olunmur. Müəllim və məktəb ehtirama layiqdir. Onlara qayğı və diqqət olmasa, gələcək nəsildən də nəsə yaxşı bir şey gözləməyə dəyməz. Hesab edirəm ki, ədəbiyyatçı başqa sənət sahəsini bilməyə bilər, amma riyaziyyatçı da, fizik də, nazir də, mühəndis də, müğənni də, dövlət xadimi də… ədəbiyyatı bilməlidir, ədəbiyyatı öyrənməlidir”. 

 

 7 saylı məktəbin ana dili və ədəbiyyat müəllimi Kifayət Qurbanova ədəbiyyat dərsliklərində problemlərin olduğunu istisna etmir: "İndiki ədəbiyyat dərsliklərinin tam əleyhinə də deyiləm. Xüsusən, 8 və 9-cu sinif dərslikləri normaldır. Amma ondan əvvəl dərsliyə salınmış mövzuları o qədər də bəyənmirik. Yəni oradakı çalışmalar, yaradıcı işlər mükəmməl deyil. Mövzuların çoxu şagirdlərə də, müəllimlərə də tanış olmayan mətnlərdir. Elə əsərlər var ki, onları hamı oxumur. Bəzən elə əsərlər salınır ki, onlar yadda qalmır. Həmin əsərlərə verilən tapşırıqlar, hətta metodik summativlər də bərbaddır. Bu, şagirdlər üçün yeni heç nə vermir”. K.Qurbanova uşaqların bədii zövqünün inkişafını əlavə çalışmalar hesabına formalaşdırmağa çalışdıqlarını və bunun üçün ədəbiyyatla bağlı siyahı hazırladıqlarını deyir: "Ədəbiyyat siyahısını hər sinfin yaş həddinə uyğun, özümüz müəyyənləşdiririk. Əsasən şagirdlərin nitqinin inkişafı, fikir yürütmək bacarıqlarının formalaşması üçün dəyərli sayılan əsərləri seçirik. Bizim siniflərdə qiraətə üstünlük verirlər. Şagirdlər daha çox tarixi əsərlər, detektivləri oxuyurlar. Bədii qiraət şagirdlərdə əxlaqi dəyərləri formalaşdırır, həyata münasibətlərini dəyişdirir. Onlar yaxşını pisdən ayırmağı bacarırlar. Uşaq, cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmaq lazım olduğunu dərk edir, özünü təsdiq etməyi bacarır. Ədəbiyyat oxuyan uşaq güclü olmağı öyrənir, öz idealını seçir. O, əsərdə oxuduğu hər hansı bir müsbət obraza bənzəməyə çalışır. Bəzən həmin insanlarla qarşılaşmayanda «Niyə onlar həyatda yoxdur?» sualına cavab da axtarırlar”. 



  Əməkdar müəllim Yeganə Hüseynova dərsliklərdə problemlər olduğunu deyir: "Proqramlar həddən artıq ağırdır. 10-11-ci sinif şagirdlərinə ədəbiyyatdan istənilən sualı verin, biləcəklər. Ancaq onlara desək ki, hansısa bir tədbirdə iki kəlmə çıxış elə, edə bilməyəcəklər. Söz ehtiyatları çox zəifdir. Bildiklərini əsaslandıra bilmirlər. Onda bu dil və dilçilik kimin üçündür? Bu mənada şagird dilimizi təmiz şəkildə öyrənməlidir. Dilin formalaşmasını isə ədəbiyyat fənni həyata keçirir. Dərsliklərdə mövzular o qədər maraqlı və məzmunlu olmalıdır ki, uşaq bu fənni sevə bilsin. Bu sevgi onların bədii əsərləri sevməsinə də təsir edər”.
 

 
  160 nömrəli Klassik Gimnaziyanın ədəbiyyat müəllimi İradə Əfəndiyeva yuxarı sinfə qalxdıqca bəzi şagirdlərin bədii ədəbiyyata maraqlarının azaldığını deyir: "IX sinfə kimi biz onların bədii ədəbiyyat oxumasına daha çox nail ola bilirik. Müəllim sinifdə tələb etdiyindən, şagirdlər məktəb kitabxanasına müraciət edir və bədii ədəbiyyat axtarırlar. Ancaq 10-11-ci siniflərdə, bizdən asılı olmayan səbəblərdən – uşaqlar ali məktəbə hazırlaşdığından, onlarda vaxt qıtlığı yarandığı üçün bədii ədəbiyyata münasibətləri də nisbətən zəifləyir. İndi şagirdlər o qədər informasiya axını çərçivəsindədirlər ki, bu, bəzən onlara mane olur. Onlar bədii kitab haqqında məlumatı da internetdən alırlar. Biz çalışırıq ki, heç olmasa proqrama daxil olan əsərləri internetdən deyil, orijinal əsərdən və ya müntəxəbatdan oxusunlar. Məqsədimiz odur ki, şagird kitabı əlindən yerə qoymasın. Çünki onlayn oxuma həmin effekti vermir. Biz onları bədii ədəbiyyata ona görə cəlb etməyə çalışırıq ki, nitqlərini də qura bilsinlər. İmtahanların testlə keçirilməsi uşaqların nitqlərini sərbəst ifadə etmə qabiliyyətini zəiflədir. Bu baxımdan bizim həyəcan siqnalı çalmağa haqqımız var”. Müəllimə ədəbiyyat fənni üzrə metodik vəsaitlərin azlığından da şikayətlənir: "Metodik vəsait fənlər üzrə çap olunur və hər məktəbə az verilir. Elə bizim məktəb -  Azərbaycan dili və rus bölməsində çalışan müəllimlər üçün çəmi 5 metodik vəsait gəlir. Elə məktəb var ki, ümumiyyətlə, onlara metodik vəsait çatmır. Dərslərdə istifadə etmək üçün əyani vəsaitlər azlıq təşkil edir. Əgər bütün bunlar olsa, şagirdləri daha çox maraqlandıra bilərik. İndi elə dövrdə yaşayırıq ki, uşaqları hər şeylə təəccübləndirmək olmur. Bizə, onları təəccübləndirən vəsait lazımdır”. 
 
 

  Təranə Məhərrəmova