Biz imzaları yox, əsərləri dərc edirik...

Sadəliyin düşündürücü görüntüləri – Ziyadxan Əliyev yazır
586
01 May 2018, 16:28
  Artkaspi.az Ziyadxan Əliyevin tanınmış rəngkar "Məhəmməd Orucovun yaradıcılıq axtarışları haqqında" yazısını təqdim edir: 
 


 
 
 Üslub və ifadə zənginliyi ilə diqqət çəkən müasir təsviri sənətimizdə çoxlarına tükənmiş kimi görünən realist-gerçəkçi cərəyanın bədii şərh "boxçası”na özünəməxsusluq qatmaqla, onun estetik xəritəsini duyulası dərəcədə genişləndirən az-az rəssamlardan biri də Məhəmməd Orucovdur. Onun bir-birindən kifayət qədər fərqli janrlarda yaratdığı əsərlərdə qabarıq görünən, amma ruhən yaxın olan bədii şərhlərin mövcudluğu qarşılığında, həyata bu cür yanaşmanın mayasında realizmin ifadə genişliyinin qərar tutmasına şahidlik edə bilərik... 

  Əgər onun yaradıcılıq yoluna nəzər salsaq, ötən əsrin səksəninci illərində adını az qala əlçatmaz görünən sənət zirvəsinin fəthinə çalışanların sırasına qoşan gənc Məhəmməd Orucovun realizmə rəğbətini gizlətmədiyini, özündən əvvəlkilər və müasirləri kimi bədii ifadə imkanları nəhayətsiz olan bu cərəyana özünəməxsus töhfələr vermək istəyini görmək mümkün idi. Amma görünənlərin müqabilində axtarışlara bələnmiş gəncin seçim etməsi o qədər də asan deyildi. Bəlkə də elə bu səbəbdən sərgidən-sərgiyə onun həyata bir-birindən fərqli baxışlarını müşahidə etmək olardı. Özü də başa düşürdü ki, bəlkə də hər şeyin mümkün bədii vasitələrlə deyilib qurtarıldığı güman edilən rəssamlıqda sənətkar "mən”ni təsdiqləmək asan olmayacaq. Bununla belə o, hələ də fərqli görünməyə yönəli axtarışlarında israrlı idi...
 
 
 

  İlk olaraq onu çoxlarının gözündə adiləşən rənglərin Azərbaycan rəngkarlığında mövcud olan ənənəvi dominant gücünə inamı dəyişdi. O, "ram etdiyi” rənglərin məna-məzmun daşıyıcısı yükünü qorumaqla, onun cəlbedici gücünü duyulası dərəcədə azaltdı. Onun "çərçivəli” real sənətin başlıca göstəricisi olan anatomik dəqiqliyə etibarsızlıq göstərməsi isə o vaxta qədər əldə olunan bədii məziyyətlərə yeni görkəm-bədii tutum bəxş etdi. Gerçəkliyin bu cür təqdimatı zamanı üçün kifayət qədər başqalarından fərqli idi. Bu cür yeni biçimli bədii görüntülər bəzi məqamlarda hətta ayrı-ayrı adamlar üçün qəbul olunan deyildi. Amma belələri sanki "zaman qatarı”nın onları arxada qoymasından xəbərsiz idilər. Gənc rəssamın tarixin arxivinə gömülmüş siyasi qılaflı "sosialist realizmi” bədii prinsipinin buxovundan azad olduğu duyulan bu görüntüləri – bədii təqdimatları həm də artıq çoxlarını ovsunlaya bilmişdi. Davamlı axtarışlarının nəticəsi olan həyata bu cür fərqli baxışdakı səmimiliyə də hamı inanmışdı. Əlində onun ətrafında baş verənlərə, gözümüzdə adiləşən bəlkə də çox sadə süjetlərə başqa cür, yəni, pafoslu münasibət mümkünsüz idi. Seyrçini ovsunlayan da bu sadəlik və onda həm də mahiyyətində fəlsəfi yanaşma olan yaradıcı mövqenin mövcudluğu idi. Məkanımızın ideologiyasızlaşması rəssam duyğularını pərvazlandıran bu prosesdə nə qədər təsiredici idisə də, təbii ki, başlıca məsələ müəllifin özünün mürəkkəb həyat hadisələrinə analitik münasibəti ilə yanaşı, bu qəliz yaşantılara sadə, ancaq hamını düşündürəcək forma-biçim və rəng ovqatı verə bilməsi idi. Yaxşı ki, rəssamın hələ özünün gəldiyi nəticəyə inamsızlığı dövründə əsərlərinin həm yerli, həm də xarici sərgilərdə nümayişini sənət xiridarları tərəfindən rəğbətlə qarşılanması baş verdi. Bütün bunlarsa onda tutduğu yaradıcı yolun düzgünlüyünə inamını möhkəmləndirdi...
 
 
 

  Məhəmməd Orucov hər hansı janr çərçivəsində qalmaqdan çox uzaqdır. Belə ki, o, duyğularını ifadə edəcək bədii görüntülərin təsiredici mahiyyətini süjetli tablolar və portret əsərləri ilə yanaşı, çoxlarının önəmli saymadığı mənzərə və natürmortda da ifadə  edə bilir. Onun son illərdə yaratdığı "Qocalar”, "Çayçı Məmməd”, "Gözləmə”, "Qarpız satan”, "Muğam”, "Kənddə toy”, "Samovarlar”, "Mis qablar”, "Yaz mənzərəsi”, "Payız” və s. əsərlərdə dilə gətirdiyimiz müsbət bədii-estetik dəyərləri müşahidə etmək, sadəliyin fəlsəfəsini duymaq mümkündür.
 
 
 

  Məhəmməd Orucovun çəkdiyi portretlər qalereyasında qadın obrazları üstünlük təşkil edir. Ancaq bu çoxluqda bədii keyfiyyətin riyazi kəmiyyəti üstələdiyi birmənalıdır. "Səhər”, "Çılpaq qadın”, "Tənha gözəl” və "Balerina” əsərlərində qadın bədəninin və gözəlliyinin cazibəsinə düşməmək qeyri-mümkündür.
  Rəssamın bir sıra əsərlərində təsviri sənətdə az rast gəlinən duyulası dərəcədə uzun üfüqi kompozisiyalara rast gəlinir. Həm "Yeddi gözəl”, "Xor”, "Borçalı motivi” həm də "Bazar” və "Balıqçılar” əsərlərində müşahidə olunan bu cür bədii şərh tamaşaçıya obrazların yaşadıqları təzadlı psixoloji anın davamlılığını dümağa imkan verir. Odur ki, bazar ab-havası, balıqçı həyatı, ağız-ağıza verən ifaçıların vahid yaradıcılıq ruhuna köklənmələri, yeddi gözəlin "bəhsi”. Borçalı camaatının qayğıları bu tablolarda ötəri hiss kimi baxılmır, seyrçini özünün də həyatdan əxz olunan bu süjetlərin çox vaxt iştirakçısı olduğuna da inandırır.
 
 

  Rəssamın çəkdiyi mənzərələrdə onun çoxları kimi təbiətin coşğunluğunun, ekspressiv məqamlarına "güzgü tutmaq” istəyi yoxdur. Başqa janrlarda tez-tez rast gəlinən təbiilik və lal sükut bu təbiət motivlərinə də hakimdir. Bilavasitə gördüklərinin, bəzən də təxəyyülünün nəticəsi olan bu mənzərələrdə avazımış rəng təzadlarından, işıq-kölgə "qarşıdurmasından” duyğulandırıcı lirik-psixoloji görüntü yaranıb.
  Məhəmməd Orucovun natürmortlarından lap sonda söz açmağımız heç də nə rəssamın, nə də bizim bu janrı aşağılamaq istəyindən irəli gəlməyib. Etiraf edək ki, onun bu cansız əşyalara münasibətində istilik, dünənimizlə assosiasiya yaratmaq istəyi daha güclüdür. Onun bəyaz-şəkəri yerlik fonunda təqdim etdiyi qədim samovarlar, səhənglər, "otuzluq” lampalar, mis camlar, küpələr həm rənginə, həm də ifadəli siluetinə görə kifayət qədər cəlbedici və qürurdoğurucudur. Eyni cür rəssam diqqətini onun çəkdiyi meyvə-tərəvəzlərdə də izləmək olar. Paralanmış nar, kəsilmiş balqabaq, rahiyə duylan güllər əslində onların cansızlığın unutdurur, tərəvəz və meyvələrin "həyatının” hələ də davam etdiyini sərgiləyir. Odur ki, bu görüntülərdə insan təsviri olmasa da onların nəfəsi duyulur, tamaşaçısını həyatın davam etdiyini gerçəklik kimi qəbul etməyə çağırır...
 
 
 
 

  Bütünlükdə Məhəmməd Orucovun yaradıcılığını ilhamını naturaya tabe etməməyin ifadəsi hesab etmək olar. Elə əsərlərində hadisə, motiv, obraz, mənzərə və təbii nemətlərin çox vaxt hamının gördüyündən bir qədər fərqli, bədii stilizədən keçirilmiş biçimdə təqdimatı da bundan irəli gəlir. Odur ki, belə bədii görüntülərdə obyektlə tamaşaçı arasındakı, gerçəkliklə fantaziya arasındakı sədd yoxa çıxmış kimi görünür, bütün təsvir olunanlar da həyatımızdakıların çox vaxt sadəliyi fəlsəfi dəyərləndirmədən keçən poetik obrazı kimi qəbul olunur. Gerçəkliyə bu cür bədii yanaşmanın küll halında müasir Azərbaycan rəngkarlığının yeniləşməkdə olan ümumi mənzərəsində özünəməxsus yer tutduğunu nəticə kimi dilə gətirsək, əsl həqiqəti ifadə etmiş olarıq...
 
 

  Sonda tanışlıq üçün deyə ki, Məhəmməd Orucov ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində (1978-1982), sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1882-1987) almışdır. 1982-ci ildən müxtəlif miqyaslı yerli və xarici sərgilərin iştirakçısıdır. Əsərləri müxtəlif muzeyləri və nüfuzlu şəxsi kolleksiyaları bəzəyir.