Biz imzaları yox, əsərləri dərc edirik...

Sabah haqqında fikirləşə bilmərəm… – Yusif Qocanın müsahibəsi
2575
14 İyun 2019, 14:11

  Artkaspi.az saytı Qazax Dövlət Dram Teatrının aktyoru, aparıcı Yusif Qocanın müsahibəsini təqdim edir:


 – Yusif, mövsümün son günlərində özünüzü necə hiss edirsiz?
 – Mənim üçün bu il teatrda mövsüm sentyabrdan, televiziyada isə mart ayından başlayıb. Nəzərə alsaq ki, bu mövsüm televiziyada işim nisbətən yüngül oldu, o zaman deyə bilərəm ki, yorğunluq yoxdur. Özümü yaxşı hiss edirəm (gülür).

 


 – Öncə səhər verilişi aparırdınız, indi isə ədəbiyyatla bağlı verilişin aparıcısısız. Aradakı fərq sizi çətinə salmadı ki?
 – Bəli, 5 il televiziyada səhər verilişinin aparıcısı olmuşam. Fərqli formatda olan verilişlərdə fərqli mövzulara toxunmuşam. Bu dəfə isə tamamilə fərqli "Ədəbi əbədiyyət"... Bu verilişin də  çətinlikləri var. Ən böyük problem isə bölgədə mövzuya uyğun qonaqların tapılmasıdır. Amma yenə çalışırıq ki, regionda yaşayıb-yaradan ən istedadlı şairləri, yazıçıları, aşıqları, xanəndələri qonaq edək. Əslində Kəpəz TV-nin rəhbərliyindən bu təklif gələndə, çox düşünmədən razılaşdım. Onsuz da hər yer ədəbiyyatdır və mən onu görə bilirəmsə, deməli, bu verilişdə də özümü görə bilirəm. Əsas odur ki, ədəbiyyatı sevirəm və bu sevgini "Ədəbi əbədiyyət"ə də ötürmüşəm. Sanki bir okeana baş vurmuşam, yavaş-yavaş üzürəm (gülürük).

 

 


 
 – Ədəbiyyatla bağlı veriliş hansı xüsusiyyətləriylə sizi cəlb etdi?
 – Mən həm də aktyoram. Ədəbiyyatla teatrın birbaşa əlaqəsi var. Düşünürəm ki, ədəbiyyatı sevməyən adam teatr aktyoru ola bilməz. Orta məktəb illərindən ədəbiyyat fənninə xüsusi sevgim olub. Belə bir verilişin aparıcısı, redaktoru olacağımı heç vaxt düşünməmişəm və arzulamamışam. Amma hər zaman belə olur, ağlıma gəlməyən hadisələrlə rastlaşıram. Düşünürəm ki, bu layihə başıma gələn xoş hadisədir. Bu verilişin xüsusiliyi ondan ibarətdir ki, klassik, müasir, çağdaş Azərbaycan ədəbiyyatının məşhur qələm sahiblərinin yaradıcılığına nəzər yetiririk, müxtəlif yaş həddində olan qonaqlarla ədəbiyyatda aktual olan mövzulara toxunuruq. Bir də bütün bunların fonunda xalqa yaxın olan musiqi dinləyirik. Veriliş həm də gənc istedadların özlərini təqdim  etməsinə xidmət edir. Bu kimi nüanslar məni bu layihəyə cəlb etdi.


 – Bakıdan uzaq qaçırsınız, deyəsən? 
 – Bakını sevirəm. Hər mövsüm sonu paytaxtda fəaliyyət göstərən bir neçə televiziyadan təklif alsam da, son anda qərar dəyişir. Bunu qismətlə də əlaqələndirmək olar, istəklə də... Əgər qismətdə olsa və həqiqətən istəsəm, yolum nə vaxtsa paytaxt televiziya kanalları ilə kəsişəcək. Həm də mən mövzuya fərqli mövqedən yanaşıram. Düşünürəm ki, yaradıcı, istedadlı və işini sevən insandan ötrü məkan həlledici deyil. Bəli, bizim sahə üçün Bakının üstünlükləri var, amma bölgəninki də az deyil. Hər halda qismət olsa, Bakıda da görüşəcəyik. Bu arada deyim ki, dost- tanışların ən çox verdiyi suallardan biri də "səni nə vaxt paytaxt televiziyalarında görəcəyik"dir.

 

 


 – Qazax Dövlət Dram Teatrının aparıcı aktyorlarından birisiniz. Bugünlərdə yeni premyeranız da oldu. Təbrik edirik! Orada işlər necədir?
 – Bəli, 2012-ci ildən Qazax Dövlət Dram Teatrının aktyoruyam. Teatrın səhnəsində fərqli rejissorların quruluşunda müxtəlif obrazlara səhnə həyatı vermişəm. Hər zaman deyirəm, televiziya iş yerim, teatr istirahətimdir. Amma hər ikisini eyni şəkildə sevirəm. Bu yaxınlarda Əhməd Orucoğlunun "Pul dəlisi" komediyası əsasında teatrımızın gənc rejissoru Allahverdi Musayevin quruluş verdiyi eyniadlı tamaşanın premyerası oldu. Adıçəkilən tamaşada Dəli obrazını canlandırdım. Tamaşaçıların reaksiyasına əsasən, deyə bilərəm ki, uğurlu alındı. Burda işlər yaxşıdır. Azsaylı tamaşaçılarımız bizi, biz də onları sevindirmək üçün əlimizdən gələni əsirgəmirik. Təbrik üçün sizə xüsusi təşəkkür edirəm. Aramızda beş yüz kilometr məsafə olmasına baxmayaraq hər zaman dəstəyinizi hiss edirik. Var olun!


 – Uğurlarınızı işıqlandırmaq bizim üçün hər zaman xoşdur! Yeni mövsüm üçün planlarınız hazırdı, yoxsa hər şey vaxtında gözəldir deyənlərdənsiz?
 – Məni yaxından tanıyanlar yaxşı bilirlər ki, heç vaxt plan qurmuram. Çünki qurduğum planları elə uçururlar ki, özüm də məətəl qalıram (gülür). Bu günlə yaşayan insanam. Bu gün harda xoşdursa, harda üzümə yaxşı baxırlarsa ordayam. Bu günün dadını çıxarmadan sabah haqqında fikirləşə bilmərəm. Sabahın olub-olmayacağı sual altındadır, amma bu gün var. Hələ ki, bölgədə "Kəpəz" TV və Qazax Dövlət Dram Teatrında mənim üçün hava xoşdur. Amma sabah fikrim dəyişə bilər. Ona görə bu sualın cavabını sabaha saxlayaq...


 – Yaxşı bu sual qalsın sabaha. Bəs yay fəslində dincəlməyi, yoxsa işləməyi düşünürsünüz?
 – Daha bir televiziya və teatr mövsümünün sonuna yaxınlaşırıq. İyun ayının 22-si Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi ilə əlaqədar rayon mərkəzində ədibin büstünün açılışı olacaq. Ardınca isə teatrımızda şairin "İntihar" pyesi əsasında baş rejissorumuz Musa Eyyubovun quruluş verdiyi eyniadlı tamaşa təqdim ediləcək. Həmin səhnə işində Cabir adlı jurnalistlik eşqinə düşən gənci canlandırıram. Bundan əlavə iyunun sonunda televizya tamaşaçılarına "Ədəbi əbədiyyət"in mövsümə olan sonuncu buraxılışını təqdim edəcəyik. Veriliş Xalq şairi Nigar Rəfibəyliyə həsr edilib. Həmçinin, yeni film təklifi almışam. Çəkilişlərə artıq start verilib. Çəkilişləri paytaxtdan gələn komanda Tovuz rayonunda həyata keçirir. Həmin filmdə bir şəhidimizi canlandıracam. Bütün bunlarla yanaşı, bir neçə prodakşından serial təklifi var, yəqin yayın boşluğunu bu təkliflərlə dolduracam.

 

  Şahanə Müşfiq

  Parafr.az