Biz imzaları yox, əsərləri dərc edirik...

Saatlar - Fərid Hüseynin poetik silsiləsi
1342
30 İyul 2020, 11:47
 Artkaspi.az saytı Fərid Hüseynin "Saatlar" adlı poetik silsiləsini təqdim edir: 
 
 Ömrümüz həm də vaxtın əlindədir. Biz istədik-istəmədik vaxtın mühasibləriyik. Nə zaman ki, özümüzü aldadırıq, onda içimizdəki o vaxt mühasibini əliəyriliyə, zaman oğurluğuna təhrik edirik. Nə zaman ki, həqiqətin üzünə dik baxırıq, onda olmalı olduğumuz yerdə qərar tuturuq, həmin mühasib də bütün ömrün haqq-hesabını, "sənədləşmələrini" düz aparır.
 İnsanlar əsrlərlə zamanı dəqiq ölçə bilməyiblər, müəyyən vaxt nisbətləri, zaman kəsimləri bu birmənalılığa mane olub. Vaxtın şərtiliyi ilə, "burda bir cür, başqa yerdə özgə cür" olduğu ilə bağlı qəti həqiqətə az-çox inanıblar. Amma heç bir sivilizasiya zamandan kənarda mövcud olmayıb, ona görə də bütün mühitlərdə zamanı bilmək, onu qiymətləndirmək vacib məqamlardan biri sayılıb.
Zaman həbsxanasının adı ömürdür. Ondan kənarda bizim həyatımız, yaşayışımız mümkün deyil. İnsan o həbsxanadan, darlıqdan xilas olmaq üçün hər zaman əbədiyyətə, ölməzliyə, sonsuz həyata bel bağlayıb, inanıb. Və insan üçün ən böyük cəza da, ən böyük mükafat da zamanla bağlıdır: Cənnət - əbədi xoşbəxtliyin, cəhənnəm - sonsuz cəzanın ünvanıdır.
"Saatlar" poetik silsiləsini vaxtın nisbiliyini, zamanın şərtiliyini ağlım kəsən qədər dərk edəndən sonra yazmaq qərarına gəldim. Əksər saat növlərini bacardığım qədər dərindən öyrənəndən sonra niyə ayrı-ayrı saatlarda fərqli-fərqli zaman vahidləri, hesablamaları olduğunu yəqinləşdirməyə çalışdım. Saat və onun hərəkəti mənə dünyanın sonsuz təkrarlardan ibarət olduğunu anlatdı.
 
 

 Bu poetik silsilədə, əlbəttə ki, bütün saatlar haqqında yazmaq namümkündür. Çünki zamanı onlarca hesablama metodu olub, onların hər birini qələmə almağa ehtiyac da yoxdur, eyni zamanda onların bugünkü həyatımızla əlaqəsi də azdır. Ona görə mən həyatımızda mahiyyət ifadə edən saatlar haqqında yazmaq qərarına gəldim. Sanki müxtəlif saatlar həyatımızda fərqli-fərqli mahiyyət kəsb edirlər.
Saatların yazılma ardıcıllığı məsələsində isə tərs bir yol tutdum: Ən müasir saatdan, ən qədim saata doğru yazmağa başladım: Elektron saatdan, günəş saatına qədər. Bu tərslikdə tapdığım məntiq bundan ibarət idi: zamana səyahət məntiqi tələb edir ki, bu gündən dünənə doğru yol alasan. Yəni bələd olduğun vaxtdan naməlumu kəşf etmək istiqamətində. Əziz oxuculara, bu zaman səyahətində  hər birinizə uğurlar diləyirəm.

Elektron saat

İndi sürət əsridir deyə,
çeviklikdə,
fürsətcillikdə,
qabağa qaçmaqda,
birinci olmaqdadı qəhrəmanlıq.
Odur ki, ürək döyüntümüz ayaqlaşmır,
sənin saniyəölçəninlə.
Nəbzimiz kimin adını eşidəndə
daha çox vurursa,
ürəyimiz hansı xatirəni yada salanda
ritmini dəyişirsə,
sən o adamı,
həmin günü
vaxta sığışdıra,
zamana yerləşdirə bilmirsən,
şütüyən rəqəmlərin əlacsız əlləriylə,
yaddaşımızın ekranını silirsən.
 
Qol saatı

Sən ki vaxtın məndən asılı üzüsən,
daim indini mənə göstərməklə
itirdiyim keçmişi silir,
çatmadığım gələcəyi gizləyirsən.
 
Yorğun günlərdə ağırlaşırsan biləyimdə,
bihudə zəhmətlərin,
ötəri qiymətlərin
boynuna daş asıb
qolumdan axan "çaylara" tullayırsan,
məni öz içimdə boğursan.
 
Alnımızdakı qırışlar,
eyni yerə çırpılan
vaxt qamçılarının izləridi,
qol saatım
zamanın bədənimdəki Təpəgözüdü.
 
Cib saatı

Hərdən görməmiş kimi,
sanki vaxtı cibimizə doldurmaq istəyirik.
cibimizin dibində
dolaşır saatlar,
dəqiqələr,
saniyələr biri-birinə.
Hər dəfə cib saatımıza baxmaqla,
sanki zamanın düyününü açırıq,
sonra da qapağını örtməklə,
tək gözünü qapayırıq.
 
Zəngli saat

Hər səhər məni kiçik ölümlərdən oyadıb
gələcəyə hazırlayırsan.
Vəd verdiyimiz adamlara,
söz verdiyimiz saata qarşı
məndən daha həyəcanlısan.
Bizi düzlüyə,
dürüstlüyə səsləyirsən deyə,
saatların ən çox ağzıyumulanı,
susdurulanı da sənsən.
 
 

Divar saatı

Biz evdə olmayanda da
dayanmadın,
işlədin,
fırlandın,
öyrəşdirdin divarları,
otaqları
bizim bir vaxtlar olmayacağımız günə.
Sonra da dayandın -
ürəyimiz kimi.
Üzünü çevirdin
əbədiyyət tərəfə.

Qum saatı

Qum dənələrini bir gözündən
o biri gözünə tökürsən,
sanki bu dünyada azalan vaxtımızı
o dünyada çoxaldırsan.
 
Yaşadıqca,
yaşlandıqca
bir qum saatının gözündən axırıq.
Qum saatı bizi inandırır ki,
sol əlimiz dolub-daşanda
sağ əlin ovcunu yalayır,
Allah heç kəsin təknəsini boş qoymur.
 
Su saatı

Çox şey nisbidir;
nə fərqi aqibətin suyu
qızıl dəlikdən,
mis axarından,
etibar boşluğundan,
ya da əclaflıq oyuğundan axsın.
 
Ən tez gecələr unudulur zaman,
ən çox növbəsini zülmət çəkir vaxtın.
Yuxumuz ərşə çəkiləndə,
səhəri dirigözlü açanda,
qabın dibindəki
sonuncu saniyə damlası
gündüzkü günahın niqabını qaldırır.
Su yorulur axmaqdan
və onda adam utanır
öz üzünə baxmaqdan.
 
Günəş saatı

Zaman sındırdı əlindəki qabı,
töküldü gözümüzün nuruna,
parlaq dəqiqələr,
işıldayan saatlar,
sayrışan saniyələr.
Yalnız gündüz hesablanan vaxtda
unuduldu ömrün gecəsi.
Sığmadı sinəmizə heç vədə
zamanın nəfəsi.
 
Biz bir ömrü,
saatlarsa dəqiqələri yatır.
Görəsən, niyə
kəsən əldən çox,
tutan əl qana batır?!
 
edebiyyatqazeti.az