Biz imzaları yox, əsərləri dərc edirik...

Romanın içində yaşamaq?!
338
21 Yanvar 2020, 10:43
  Haruki Murakami dövrün bəlkə də, ən geniş oxucu auditoriyasına sahib yazarlarındandır. Onun yaradıcılığından üçüncü romanla tanış olduqda artıq ilk baxışdan seçilən cəhətləri tutursunuz – itmiş pişiklər, küçə pişikləri ilə həmsöhbət olan obrazlar, əsrarəngiz qadınlar, musiqi ilə beynini pozmuş insanlar və s. Belə xüsusiləşmiş obrazları ilə Murakami təkcə yapon ədəbiyyatının yox, ümumilikdə dünya ədəbiyyatının "özünəməxsus” ədiblərindən biri kimi təqdim edilir.
 
 

  Bəli, "Bustle” oxucuları üçün hazırlanmış bu məqalədə Murakami romanlarının gündəlik həyatımızla qarışıb, insana "dejavu” hissi aşılayan situasiyalarından danışılır. Yoxsa siz hələ də bir Murakami romanı oxumamısınızmı?! Bəlkə də, həyatın içindən olan bu səhnələr sizi həvəsləndirəcək. Məqalənin tam mətni ilə "bustle.com”da tanış ola bilərsiniz.

  ·       Ən yaxın dostunuzun sizinlə münasibətini birdən-birə kəsməsi – "Nə olduğunu başa düşmürsünüz və qalan həyatınız boyu bunun səbəblərini düşünürsünüz. Səbəbi bilmədiyiniz halda, özünüzü günahlandırırsınız”. ("Tsukuru Tazakinin həcc illəri”)
  ·       Küçə heyvanları ilə dərdləşmək – "İnsanların arasında narahatsınız. Hətta o qədər uzaqsınız ki, küçə pişikləri ilə anlaşdığınıza inanırsınız. İşin qəribə tərəfi odur ki, onlar da sizə cavab verir və bu heç də qəribə görünmür” ("Kafka sahildə”).
  ·       Sevgiliniz və sevimli pişiyinizin sizi tərk etməsi – "Sizdən qəribə şeylər tələb edən bir qadın girdi həyatınıza. Bu işlərin sonu çox zaman xeyirli olmur” ("Küləklə sovrulan quşun salnaməsi”)
  ·       Düşünüb, rahatlamaq üçün paltar ütüləmək – "Fikirləri qovmaq, ya da sahmanlamaq üçün paltar ütüləyirsiniz. Çünki bu ritmik hərəkət beyninizi dincəldir” ("İmkansızlıq nəğməsi”).
  ·       Kişilərin yaşda böyük qadınlara meyl etməsi – "Tez-tez özünüzü yaşda böyük xanımlarla münasibət içində tapırsınız. Onların əsas ortaq cəhəti və üstünlüyü sizi sıxma-boğmaya salmamaları və düşüncələrinizə müdaxilə etməmələridir”. ("1Q84”)
  ·       Paralel dünyaya inanmaq – "Geridə qalan həyatınızda nə qədər xoş hadisə və insan varsa, bir gün hamısının bir evdə toplanıb, sizi başqa bir dünyada gözləyəcəyinə inanırsınız” ("1Q84”).
 
  Hazırladı: Elcan Salmanqızı