Biz imzaları yox, əsərləri dərc edirik...

Rəssam taleyi – Ziyadxan Əliyev yazır...
514
08 Avqust 2017, 10:49
  artkaspi.az  Ziyadxan Əliyevin "Bərpaçı – Rəssam taleyi" adlı məqaləsini təqdim edir: 
 

 
   Sənətdə müəyyən peşənin başlanğıcını qoymağın çətinliyi qarşılığında demək lazımdır ki, zamanında gənc rəssam Fərhad Hacıyevin həmkarlarına bərpaçı olmağa qərar verdiyini bəyan etməsi çoxlarının təəccübünə səbəb olmuşdu. Belə ki, hamı o vaxtlar məşhur "Əzimzadə məktəbi”ni uğurla bitirib (1945-1949) müxtəlif sərgilərdə çəkdiyi elə ilk əsərlərlə tamaşaçı diqqətini cəlb edən şamaxılı gəncin yaxşı rəngkar olacağını düşünürdü. Amma o, duyulası uzaqgörənliklə Moskvaya yollandı və orada V.İ.Surikov adına Rəssamlıq İnstitutunun nəzdində fəaliyyət göstərən bərpaçılıq kursunda (1954-1957) oxudu. Burada keçmiş SSRİ məkanının məşhur bərpaçı-rəssamı İ.Qrabar, V.Filatov və S.Çurakovdan öyrəndiyi peşə vərdişləri bu sənəti Azərbaycanda uğurla davam etdirmək üçün yetərli oldu. Başqa sözlə desək, 1957-ci ildən ömrünün sonuna – iş başında dünyasını dəyişdiyi 1987-ci ilə kimi Azərbaycan məkanında qərarlaşan mənəvi dəyərlərin bərpası – onlara "ikinci həyat” verilməsi yolunda qeyri-adi fədakarlıq nümunəsi sərgilədi...
 
 

   2017-ci ildə Fərhad İbrahim oğlu Hacıyevin (1929-1987) Azərbaycanda bünövrəsini qoyduğu bərpaçılıq sənətinin 60 ili tamam olur. Bu əlamətdar tarix həm də onun "dişi-dırnağı” ilə ərsəyə gətirdiyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarını Elmi Bərpa Mərkəzinə aiddir. Bu gün paytaxtımızda bu mərkəzlə yanaşı, daha beş bərpaçılıqla məşğul olan qurum mövcud olsa da, hələ ki, məşhur bərpaçının əqidə dostları və tələbələri respublikada "Fərhad Hacıyev ənənələri”ni ən yaxşı yaşadanlar kimi tanınmaqdadırlar. Doğrudan da, hazırda bu mərkəz (direktoru Zərifə Məlikovadır) ən ümidsiz sənət nümunələrini həyata qaytara biləcək qurum kimi Azərbaycanda duyulası nüfuza malikdir. Onların 60 illik yubileylərini çoxsaylı yaradıcılıq uğurları ilə qarşılamaları da dediklərimizi təsdiqləyir. Bu gün Fərhad Hacıyevin qızı Gülşən Hacıyeva, Natiq Səfərov, Ələsgər Əliyev, Gülmirə Əhmədova, Bəstixanım Əliyeva, Xatirə Əmirova, Ruhəngiz Əliyeva, Xatirə Tağıyeva və digər çoxsaylı bərpaçıların Fərhad müəllimin başladığı işi uğurla davam etdirmələri də təsdiqləyir ki, Azərbaycanda gözəl bərpaçılıq məktəbi yaranmışdır. Xalq rəssamı, akademik Tahir Salahovun "Bərpaçıların göstərdikləri xidmət və nümayiş etdirdikləri istedad Azərbaycan incəsənətinə və bütün respublika rəssamlarına diqqətin və qayğının göstəricisidir...” sözləri də bu nadir peşə sahiblərinin gördükləri işin qeyri-adi əhəmiyyət daşıdığını təsdiqləyir. 
 
 

   Fərhad Hacıyev bərpaçı kimi fəaliyyət göstərdiyi 30 il ərzində yüzlərlə Qərbi Avropa və Azərbaycan təsviri sənət nümunələrini "müalicə” etsə də, hər dəfə onun adı çəkiləndə dərhal respublikamızda çox geniş yayılmış İ.Brodskinin çəkdiyi "Hacı Zeynalabdin Tağıyevin portreti” (1912) tablosu xatırlanır. Bu da səbəbsiz deyil. Belə ki, zamanında məhv olmaq təhlükəsi ilə üzləşən bu portretin, sözün əsl mənasında, xilaskarı ali dərəcəli bərpaçı-rəssam Fərhad Hacıyev olmuşdur...
 
 

  Əgər bu tarixçəni xatırlamalı olsaq, onda deməliyik ki, yaradıldığı ildən cəmisi 8 il divardan asılan əsər Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Azərbaycan Dövlət Tarix Muzeyinin qadağalı bir əşyası kimi işıq üzünə həsrət qalıb. Hələ üstəlik uzun illərin baxımsızlığından məhv olmaq dərəcəsinə çatıb. Xoş bir təsadüf onu öz xilaskarı – ölkənin ilk bərpaçı-rəssamı Fərhad Hacıyevlə "görüşdürüb”... Ötən əsrin 60-cı illərinin lap əvvəlində Azərbaycan Dövlət Tarix Muzeyində qorunan və bərpaya ehtiyacı olan sənət əsərlərini üzə çıxarmaq üçün, orada olan Fərhad Hacıyev təsadüfən muzey əşyalarının saxlandığı otaqda üst-üstə qalaqlanmış köhnə xalça məmulatlarının lap altında qatlanmış vəziyyətdə kətan görür. Təkidli xahişlərdən sonra, muzey işçiləri onu ağır yükün altından çıxarırlar. Bərpaçı-rəssam gördüklərindən dəhşətə gəlir. Çərçivədən çıxarılaraq uzun müddət bükülmüş şəkildə, ağır yük altında qalan kətan deformasiyaya uğramış, bir neçə yerdən onu qat kəsmişdi. Bir çox hissədəki rəng qatı tökülmüşdü. Əsəri çox pis vəziyyətdə görən, eyni zamanda onun tarixi əhəmiyyətini başa düşən Fərhad Hacıyev etirazlara baxmayaraq, onu təcili bərpa etməyi qərara alır. Muzeyin rəhbərliyi "qadağalı” bu inventarı bərpa etdirmək istəməsə də, onun onsuz da ekspozisiyada göstərilməyəcəyini bəhanə gətirsə də, rəssam inadkarlıq göstərərək, nəhayət, onları razı sala bilir. Onun 1962-ci ilə qədər fədakarcasına apardığı iş uğurlu nəticə verir və əsər əvvəlki görkəmini alır. H.Z.Tağıyevin qızı Sara xanım söyləyərdi ki, o vaxtlar küçədə əvvəllər tanımadığı bir adam ona salam verdikdən sonra, özünün bərpaçı-rəssam olduğunu söyləyib. Əlavə edib ki, xeyli müddətdir ki, H.Z.Tağıyevin vaxtilə rus rəssamına 2000 manata çəkdirdiyi portreti bərpa etməklə məşğuldur. Düzü, bu xəbərdən çox sevindim. Çoxdan idi ki, heç belə sevinməmişdim. Atama bəraət verilməsi barədə Moskvaya qədər yazdığım ərizələrə mənfi cavabların gəlməsi bütün ümidlərimi heçə endirmişdi. İndi belə bir məqamda rəssamdan eşitdiyim xoş xəbər öləziyən ümidlərimi az da olsa diriltdi. Qeyd edək ki, bərpaçı-rəssam H.Z.Tağıyev haqqında xalq arasında gəzib dolaşan rəvayətlərdən xəbərdar idi, çünki, vaxtilə anası Səltənət xanım da milyonçu-mesenatın açdırıb himayə etdiyi qızlar məktəbində oxumuşdu...
 
 

    Yeri gəlmişkən deyək ki, bu qəribə taleli portretə görə rus rəssamına 2 min manat ödəsə də, Hacı onu nə iş otağında, nə də digər gözəgəlimli salonlarında asdırmamışdı. O, portreti tamamlandığı vaxtdan ölkənin işğalına qədərki 8 il ərzində özünün ən qiymətli əşyalarının toplandığı seyf-otaqda saxlamışdı. Hətta 1920-ci ildə məcburən Mərdəkandakı bağına köçərkən də onu özü ilə aparmamışdı. Dörd il sonra isə məşhur neft milyonçusu vəfat etmişdi. Az sonra isə portret də unudulmuşdu. Bütün bu hadisədən sonra, əsərin bədii və tarixi əhəmiyyətini duymayanlar, H.Z.Tağıyev şəxsiyyətini dəyərləndirməyənlər portreti çərçivədən çıxararaq lazımsız əşyaya çevirmişlər. Əsərin bərpadan əvvəl çəkilən fotosu göstərir ki, onu mühafizə edənlər ona qarşı çox etinasız olublar. Bunun nəticəsində əsər məhv olmaq dərəcəsinə çatmışdır. Yəqin ki, bərpaçı-rəssam vaxtında qətiyyət göstərib onu xilas etməsəydi, əsər bizə gəlib çatmazdı...
 
 

   Fərhad Hacıyevin sənət əsərlərinə diqqətli və tələbkar bərpaçı münasibətini onun həyata qaytardığı digər əsərlərdə də müşahidə etmək mümkündür. Bu gün tamaşaçıları Jül Düpre, Piter Klas, Yan Stıka, İvan Ayvazovski, Vasili Kandinski, Konstantin Korovin, Bəhruz bəy Kəngərli, Vasili Tropinin, Əli bəy Hüseynzadə və başqa neçə-neçə rəssamların əsərlərindən zövq almaları bilavasitə bərpaçılıq sənətimizin banisinin səyləri nəticəsində baş tutmuşdur. 
 
 

   Onun rəngkarlıq əsərlərini ustalıqla bərpa etməsində özünün də rəssam olmasının müstəsna rolu olmuşdur. O, rənglərə olan sonsuz sevgisini vaxtaşırı yaratdığı müxtəlif mövzulu əsərlərdə ifadə etməklə, daima müxtəlif miqyaslı sərgilərdə iştirak etmişdir. Hazırda Milli Azərbaycan İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında və Şamaxı tarix-diyarşünaslıq muzeyində rəssamın onlarla rəngkarlıq əsəri qorunmaqdadır.
 
 

   Bərpaçı-rəssam müəyyən janr çərçivəsində fəaliyyət göstərməsə də, onun yaradıcılığında mənzərəyə xüsusi yer ayırması qabarıq duyulur. "Meşə”, "Çiçəklənən badam ağacı”, "Kəpəz”, "Mayaklar”, "Sakitlik” və s. əsərləri bu qəbildəndir. Fərhad Hacıyevin bədii irsində respublikamızda aparılan quruculuq işlərinə diqqətin yaddaqalan təcəssümünü görmək mümkündür. Onun "Metronun "Gənclik” stansiyasının tikintisində”, "Dostluq körpüsü” və "Şamaxı rəsədxanasının tikintisində” tablolarında insanların qurub-yaratmaq əzminin bədii ifadəsi duyğulandırıcı tutumda təqdim olunmuşdur. Rəssamın süjetli tabloları da maraq doğurur. "Görüş. Neft daşları” və "Muğam, Vaqif, caz” kompozisiyalarında insan əməyinin romantikasına, həyatını musiqiyə həsr etmiş cazmenin təzadlı yaşantılarına lirik-obrazlı görkəm verilmiş, əsərlərin mənəvi-estetik qaynağa çevrilməsinə nail olunmuşdur. "Şamaxıda Novruz bayramı” tablosunda isə milli bayramın özünəməxsus gözəllikləri şux boyalarla təqdim edilmişdir...