Biz imzaları yox, əsərləri dərc edirik...

Ürək jarqonu – Fərid Hüseyn yazır
2126
05 İyun 2020, 09:59
 Artkaspi.az saytı Fərid Hüseynin "Ürək jarqonu" adlı yazısını təqdim edir:
 
 (Vaqif Səmədoğlunun poemaları haqqında)
 
 Düşüncəni bölüşməkdən daha çox fikirləşdiyini göstərmək, onu vizuallaşdırmaq baxımından Vaqif Səmədoğlunun yaradıcılığı yaddaşımıza seçdirilmiş hərflərlə yazılıb. O, poetik yaradıcılığında həm ovqatın mənzərəsini göstərir, həm də oxucunu həmin ovqata kökləyir. Çağdaş sərbəst şeirimizdəki səssiz düşüncə, Rəsul Rza və Əli Kərimdən gələn xətt Vaqif Səmədoğluda xüsusi bir yola çevrildi, – öz ahənginə yaxınlaşdı. Əgər Rəzul Rzada, Əli Kərimdə sərbəst şeir bir sıra məqamlarda qafiyələrin müşayiətində idisə, Vaqif Səmədoğlu onu – qafiyəli düşüncəni bir az da azadlaşdırdı, ustad şairlərdən gələn yolun önünü daha geniş müstəvilərə açdı. Bununla da o, günümüzdəki sərbəst şeirə gəlib çıxmaq üçün görünən yolu özündən sonrakı ədəbi nəsillər üçün bir az da kəsələşdirdi. Eyni zamanda sərbəst şeirə Vaqif Səmədoğlu lakonizm kəsəri gətirdi – bununla da sərbəst şeir sicilləmə olmaqdan bir qədər xilas oldu, mənaya sıxışdı. Vaqif Səmədoğlu həm də mənaya köklənmək baxımından şeirimizin istiqamətini dəyişdi – lirikanı hisslərin əsirinə çevrilməsinin önünü kəsdi, lirika dünyasının sərhədlərini genişləndirdi. Onun şeirlərini sevmək artıq bir zövq məsələsidir, onun yazdıqlarını oxumaqla, əslində, kimləri bəyənib-bəyənməmək məsələsi aydınlaşır. 90-cı illər şeirinə daha dərin qatda ən çox təsir edən şair odur, üst qatda isə başqa şairlər. Və bu gün sərbəst şeirin bu qədər geniş vüsət alması, əslində, Vaqif Səmədoğlunun da danılmaz xidmətləri var. Çünki onun yaradıcılığını sevən ədəbi gənclik həm də onu özünə meyar seçdi, onun saldığı poetik işıq cığırları ilə gedib yeni-yeni arsenallar müəyyənləşdirdi. Eyni zamanda şeirin az yazılmasına çağdaş dövrdə Vaqif Səmədoğlu və Vaqif Bayatlı Odər öz yaradıcılıqları ilə nümunə oldular. Bugünkü ədəbi nəslin şairlərinin şeirə münasibət və məsuliyyətindən aydın görünür ki, onların böyük əksəriyyətinin yaradıcılıqlarının yekunu bir kitabdan ibarət olacaq. Örnək olmaq da ədəbiyyata xidmətdir.
 Vaqif Səmədoğlu şeirləri ilə bir zövq aşıladı – poeziyanın mənəvi meyarını ölçən bir etalona çevrildi. "Şeir sözdən istifadənin ən mükəmməl vasitəsidir” deyir Valeri Brüsov. Vaqif Səmədoğlu da məhz bu mükəmməlliyi öz yaradıcılığında gərəyincə ifadə etdi. 
 
 

 Vaqif Səmədoğlu bildiyim qədər poemalarının oxunmamağından narahat imiş, çünki onun həcmi az olan şeirlərinin vurğunları çox zaman şairin nisbətən böyük həcmli əsərlərinə – poemalarına lazımı diqqəti əsirgəyiblər. Amma şükür ki, artıq Vaqif Səmədoğlunun bütün iri həcmli poetik əsərləri bir kitaba – bir damın altına toplanır. Özü müsahibələrinin birində deyirdi ki, bunlar ənənəvi poemalar deyil, atamın yazdıqlarına bənzəmir, belə nümunələrə Avropada "Uzun şeir” deyirlər. Şairin dilə gətirdiyi kimi, doğrudan da, bu əsərlər bizim ədəbiyyatımıza xas olan poemalar deyil, daha çox dərəcədə çağdaş dünya şeirindəki Poetik silsilələri xatırladır. Bu yazımda "Əvvəldən axıra oxunmaq” istəyən şairin az oxunan poetik nümunələri – poemaları təhlilə cəlb olunacaq:
 
 
 "REKVİYEM”
 
 
 …Vaqif Səmədoğlu 1969-cu ildə "Rekviyem” poemasını yazıb. Poemanın ideyası budur ki, biz öz iradəmizdən asılı olmayaraq, bu cahana gəlirik, kimin uşağı, hansı vətənin övladı kimi doğulmaq, hansı dənizin sahilində bu dünyaya göz açmaq bizim ixtiyarımızda deyil. Bəs ölüb yenidən diriləndə – axirətdə, yaxud başqa bir varlıq kimi bu dünyaya qayıdanda, görəsən, bizə yaranışımızla bağlı seçim imkanı veriləcəkmi? Biz daş, küçə, kol, türbə, araba təkəri, qaya ətrafında dolanan kölgə, yaxud bir may səhəri kimimi dünyaya gələcəyik? Məsələn, şair düşünür ki, Dilcan dağlarının dolama yolları olmaq pis olmazdı, sonra isə fikirləşir ki, o yollardan qırx üçüncü ildə ağır hərb maşınları dağa gedən köçü basıb və oxşar hadisə onun gələcək həyatında da ola bilər... 
 
 
Serpuxovda dayanmayıb
Moskvaya çatan qatarın
səsi olmaq pis olmazdı...
Damından payız yağışı axan
yük vaqonlarında qatillərlə
canilərlə bir yerə
atılmış şairlər olmasaydı...
 
 
 Şair birdən xəyal eləyir ki, yeni həyatında pələng olmaq olar, sonra yadına düşər ki, köhnə at əti yeyib Tokio heyvanxanasında saxlanmaq təhlükəsi də var. Poema boyunca insan nəyəsə ümid edir və dərhal da bel bağladığı məsələ ilə əlaqədar təlaşa düşür. Vaqif Səmədoğlu bu durumu "qorxuyla ümidin müttəfiqliyi” adlandırır. Həyatı "qorxuyla ümidin mühasirəsi”ndə təsvir edir. Bütün bu ümid və ümidsizlik sadalamaları sonda azadlıq düşüncəsi ilə yekunlaşır. Sonra min bir tərəddüdlə də olsa dilə gətir ki, "azadlıq olmaq pis olmazdı, sonradan azadlığı boğmaq gərək olmasaydı”. Və poema belə sonlanır: "Düşdün ümidlə qorxunun mühasirəsinə. Çıxdın. Allah rəhmət eləsin”. Deməli, ölüm, bizi qorxuyla ümidin əsarətindən qurtarır. Amma kimsəyə elə gəlməsin ki, o, başqa bir varlıq kimi dünyaya, bəşəriyyətə daha artıq xidmət edə bilər. İnsan öz ilahi missiyası ilə ucadır. Vaqif Səmədoğlu, əslində, bütün tərəddüdlərindən sonra insanın Tanrı tərəfindən müəyyənləşdirilən missiyasına inanır. Nizami Gəncəvi Allahın insana və təbiətə tapşırdığı missiya haqda belə yazır:
 
 
Kimə səxa verib bəxşiş paylasın,
Kimi xəsis edib daim pay alsın.
Nə pay alan bilir bu işləkləri,
Nə pay verən bilir bu hikmətləri.
Nə atəş bilir ki, yandırıcıdı,
Nə də su bilir ki, dirilik saçır.
 
 
 Nizami Gəncəvi ilə Vaqif Səmədoğlu məhz bu müstəvidə (insan üçün əsas olan ilahi missiyanı yerinə yetirməkdir) birləşirlər, sadəcə Nizami həmin məqama inamla, imanla, Vaqif Səmədoğlu isə ruhi təbəddülatlarla, şübhələrlə gəlib çıxır. Əlbəttə, bütün bunlar aydın həqiqətlərdir, ancaq əsas olan onların fərqli səslənişləri və təqdimləridir ki, onları bunca sevdirir. Konstantin Paustovski bu barədə yazır ki, "Poeziyanın qeyri-adi bir xüsusiyyəti var. O, sözə özünün ilkin formasını, bakirəliyini qaytarır. Ən çox istifadə olunmuş, ən çox deyilmiş, sanki artıq dadı-duzu getmiş sözlər də poeziyada parlaya, cingildəyə, özünü yenidən göstərə bilir”. İki şairin dünyagörüşü timsalında Paustovskinin dediyi məsələ daha böyük müstəvidə həqiqət gücünü bəyan edir.
 
 

 "ROBİN QUD”
 
 
 V.Səmədoğlunun "Robin Qud” poemasını xatırlayaq: Poemanın qəhrəmanı dəli olub, ancaq heç kəs onun niyə dəli olduğunu dəqiq bilmir. Günlərin bir günü kəndə "Robin Qud” filmi "gəlir”. Filmin sonunda qəhrəman öz sevgilisinə qovuşur. Bu filmi Topal (dəli) da seyr edir və ondan sonra onu film göstərilən yerdən çıxarda bilmirlər. Çünki o, müharibədən sonra xoşbəxtliyinə qovuşmuş insanı məhz orada tapır. Amma bunu heç kəs anlamaq istəmir, onu zorla oradan çıxarırlar və dəlixanaya aparırlar. Əsər belə tamamlanır:
 
 
Bilirdi ki,
Bu qaranlıq
dünya boyda olsa da,
sadiq dostlar
yetirəcəklər özlərini Robin Quda.
 
 
 Poemada əsas olan inam məsələsidir. Yəni insan inandığı həqiqətin ardıyca gedir, ona dönə-dönə qayıdır. Çünki inam ruh ilə bağlı məsələdir, inanmaq ruhun saflığından irəli gəlir. Rafiq Tağının "Əsli və Kərəm” adlı hekayəsi var, əsərdə baş qəhrəmanların uşağı olmur. Onlar həyatlarındakı rəngsizliyi doldurmaq üçün daim komediyaya baxmağa gedirlər. Günlərin bir günü onların "teatr səfəri” faciəyə təsadüf edir. Faciədə isə baş qəhrəman uşaqdır. Daha o hadisədən sonra onların hər ikisi çalışırlar ki, faciəyə baxmağa getsinlər. Çünki faciədəki uşaq onların ümidsizliyinin bitəcəyi günə olan inamlarıdır və onlar hər dəfə faciəyə baxmağa getməklə həm də öz inamlarının ardınca gedirlər. Necə ki "Robin Qud” poemasında qəhrəmanın sevgilisinə qovuşduğunu görən dəlinin qəlbinə inam hissi hakim kəsilir. 
 
 
 "ROYAL”
 
 
 Bu poemada dünyanı dinləyən, cahana qulaq kəsilən onun nəfəsini duymaq istəyən bir insanın portreti – obrazı var. Dünyanı görərək, baş verənlərə dərindən nəzər salaraq, yaxud dünya üçün baş sındıraraq, beyin yoraraq yox, dünyanı dinləyərək anlamaq necə çətindir. Şair dünyanı təbiətin öz dilində anlamağa çağırır:
 
 
Yaşayıram əllərimi 
səbrimin cibinə soxub
əcnəbilər arasında
"küləkcə, məncə”,
"Məncə, yağışca”.
 
 
 Və sonra açılır ki, onu – poetik qəhrəmanı royal gözləyir, o isə ona yaxınlaşmağa vaxt tapmır. Sonra qəhrəman sevgilisini xatırlayır, Moskvanı təsvir edir, qəfil də deyir ki, burda hər şey Moskva rəngindədir. Bu isə o deməkdir ki, Polşa da, Bakı da eyni reallıqların məngənəsindədir, həyatda ümumi mənada rəngarənglik yoxdur. 
 
 
Dəniz
yenicə doğmuş
ana üzütək aydın.
Müharibə qaçqınlarıyla
dolmuş gəmitək
aralanır limandan
ayrılır məndən
qara yelkənini qaldırmış
royal...
 
 
 Vaqif Səmədoğlunun təşbehləri əksərən nəyisə nəyəsə bənzətməyə yox, situasiyanı tamamlamağa hesablanır. Şeir yuxarıdakı misralarla bitir, amma iki təşbehlə situasiya tamamlanır və obrazın aqibəti gün işığına çıxır: Yəni qəhrəman uzaq ellərdən qız sevib, onlar ayrılıblar, sevginin vətəni olan yerdən uzaqda hər yer ona qürbətdir və bütün bunların yaratdığı ovqat onu royaldan, royalı da ondan uzaqlaşdırır. Ancaq bu kiçik poema təkcə lirik gücə malik deyil, burada həm siyasi mənzərə var, həm Sovet İmperiyasının siyasəti – həyatı eyni rəngə boyaması var, həm də ayrılıq və onun səbəbləri var. Bütün bunların yekunu isə əsərin mahiyyətini tamamlayır, yəni əsərin poetik qəhrəmanı ona görə dünyanı görmək istəmir ki, o, bu qədər hadisələrin şahididir, bunca acınacaqlı mənzərələr onun gözü önündə cərəyan edib, ona görə də o poemanın əvvəlində dünyaya baxan yox, onu dinləyən tərəfdir. Bütün bunlar aydın göstərir ki, Vaqif Səmədoğlu ilk baxışdan nə qədər sadə, anlaşıqlı şair təsiri bağışlayırsa, əslində, o qədər mürəkkəb, dərin mənalarla yüklü fərqli bir poetik nəfəsi, mənalar aləmi olan, müxtəlif dünyagörüşlərini ehtiva edə bilən, rakursları bir nöqtədə uğurla birləşdirən dəyərli bir şairdir. Və bütün bu həqiqətlər müəyyən dərəcədə aliliyə xidmət edən həqiqətlərdir. Əks təqdirdə doğruları hamı deyə bilər. Pol Elüar həqiqətin bu cür məqamını "faydalı” adlandıraraq onun şeirdə ifadə etdiyi mənanı özəlləşdirir, ona vurğu  gücü yükləyir: "Poeziyanın məqsədi faydalı həqiqətdir”. 
 
 

 "ŞƏFFAF BALIQ”
 
 
 Vaqif Səmədoğlunun ən mürəkkəb poeması, məncə, "Şəffaf balıq”dır. Dünyadan bezmiş, sakitləşmək, ruhi rahatlıq tapmaq üçün dənizə gedən qəhrəman öz içində bütün ümidsizliyini, qaralan arzularını, haçalanan fikirlərini də aparıb. Özündən xilas olmağı bacarmayan insan həmişə ruhi axtarışlarda olur: insanı bu yola Tanrı yönəldir. İnsan təbiətin nəhəngliyində və ədədi mahiyyətində öz dərdinin kiçikliyini anlayır, nəticədə özünün fonunda gördüyü dünya haqqında ətraflı düşünür. Poemada "Kapitan”a müraciət var. İlk baxışdan kapitan obrazı Allahı simvolizə edirmiş kimi görünür, sonra məlum olur ki, elə deyil, Vaqif Səmədoğlu hər kəsi öz adı ilə çağırır:
 
 
Göndərdiyin 
yuxulara baxdım 
çox sağ ol, kapitan.
Küləklə doldu ömrüm
Yelkən sayağı.
Üzüldü
yer üzündən
get-gəlimin ayağı.
 
 
 Poemada müxtəlif məsələlər üçün kapitana müraciətlər var, amma bu məqamda kapitanın kimliyi aşkara çıxır:
 
 
Dənizin dibi qayıqlarla dolur!
Onlara toxunsaq
Batacaq gəmin, kapitan.
Səkilərin tozuna enəcəyik.
Evlər sovuracaq
bizi içinə,
otaqlara ilişəcəyik, kapitan!
evlər sovuracaq bizi içinə,
otaqlara ilişəcəyik, kapitan.
Meyitimi tapmayacaqlar
qalxacaq
göy üzünə
ömrümün
nazik sapa bağlı çərpələngi.
Kəsiləcək sap,
ulduz kimi axacağam
Yer üzünə
kapitan,
Nəyinsə son nəfəsi olacaq, bəlkə.
ölümün ulduz axını...
Kapitan, ayıq ol,
ayıq ol, kapitan!
Qapanmasın gözlərin bir an.
Allah
insan ağzıyla deyir:
– Yoxam...
eşdirsənmi, kapitan!!!
 
 
 Sonra Şəffaf balıq peyda olur və onun daxilindən ətrafa və kapitana baxır poetik qəhrəman. Sanki bir canlının içindən başqa bir canlı seyr edilir və ətrafın – hər şeyin mahiyyəti bir-birinin içindən görünür. Və məlum olur ki, onların bir-birini görməsi və bir-biri üçün var olması məhz şəffaf balıqdan asılıdır:
 
 
Bilirdin, 
bilirdim,
yox olardıq,
biryolluq
üzüb getsə şəffaf balıq.
 
 
 Sonra qəhrəmanın şəxsi dünyasının gizlinləri açılır və bu sirlər pərdəsinin arxasından poetik psixologiya meydana çıxır. Və şəffaf balığın vasitəçi mahiyyəti açılır:
 
 
Dərdim yayıldı dənizə,
qalxdı üzə
ada-ada.
Balığa dərdimi dedim
ürəyimin jarqonunda...
Anlamadı...
Şəffaf bədən,
şəffaf beyin, 
şəffaf ürək,
şəffaf dünya,
şaleyimizin şəffaflığı
şəffaf balıq...
 
 
 Bu məqamda Nazim Hikmətin "Masallarının masalı” şeirini xatırlayaq:
 
 
Su başında durmuşuz.
Önce kedi gidecek,
kaybolacak suda sureti.
Sonra ben gideceğim,
kaybolacak suda suretim.
Sonra çınar gidecek,
kaybolacak suda sureti.
Sonra su gidecek
güneş kalacak;
sonra o da gidecek...
 
 
 Oxşar mənzərə bir qədər fərqli stuasiyada bu şeirdə də yaranır: 
 
 
Sən,
Balıq.
Mən.
Vaxt gec,
dəniz gecə
Yox olduq 
dənizə atılmış 
iki xırda gecə kimi.
 
 
 Sonda isə bütün bu ağır fon, daxili narahatlıqlar, ruhi təbəddülatlar məişət mənəzərəsi ilə dağılır. İnsan tənhalığı, ağrılı düşüncələr, Allaha sığınan obrazın dünyaya nəzəri – bir şəffaf balığın içindən baxması, bir sözlə, hər şey yox olur. Qəhrəman başqa bir dünyadan real dünyaya qayıdır:
 
 
Yeridim qayalara sarı
Sonra sola,
asfalt yola.
İrəli.
Abbasın dükanından o yana,
Avtobus stansiyasına…
 
 
 Vaqif Səmədoğlu yaradıcılığına xas bu cür sərt keçidlər, dünyalar arasındakı gəzişmələr, sərhədlərə sıçrayış bu poemada da var. Benedetto Kroçenin bir təhlil yazısında belə bir yekun fikri var ki: "Poeziyada faktlar yoxdur, ancaq sözlər var, reallıq yoxdur, ancaq obrazlar var”. "Şəffaf balıq” da belədir, orda bütün "faktlar”, "reallıq” sadəcə obrazın yaşantısıdır, lap düzü, onun özüdür. 
 
 
 "KÖÇƏRİ QUŞLAR”
 
 
 Bu poema çağırış, müraciət intonasiyasındadır. Tələsən, harasa getmək istəyən, ona görünən yolun yolçusu olmaq ehtirası ilə alışıb-yanan və bunu əsaslandıran bir insanın nitqidir bu şeir. Və bu gedişin ünvanı göy üzüdür – bu məqam həm Haqqa qovuşmaq kimi başa düşülə bilər, həm də pak aləmə. Əsas olan isə uzaqlaşmaq və bundan qorxmamaqdır. Çünki insan qorxanda xeyri, yaxşılıqları unudur: 
 
 
Qorxma,
qorxma
qanadlarımız o an
qüvvətlə dolacaq.
Düşəcək yadımıza
canavarların
pələnglərin
durnaların,
ata-babalarımızın təcrübəsi.
 
 
 Vaqif Səmədoğlu göstərir ki, qorxaqlığımıza görə hər şeyi həm heyvani, həm də insani duyğu və vərdişlərimizi itirmişik. Nəticədə həm ilkinliyimizi, həm təkamül gücümüz qeyb olub. Və getdikcə şeirdəki siyasi nitq daha böyük cəsarətlə, qətiyyətlə ucalır:
 
 
Başa düş məni,
nə böhtandan qorxum var,
nə ləkələrdən.
Bilirsənmi
orden kimi gəzdirərdim sinəmdə
böhtanları,
ləkələri,
ulduzlarla dolu
göy üzünü.
Paqon kimi daşıyardım çiynimdə,
ancaq onun-bunun iradəsiylə
basılmamış qapımızın zəngi.
Başqa ayaqların sürətindən
asılı olmamışkən addımlarımız
göy üzünə çatmalıyıq biz.
 
 
 Vaqif Səmədoğlu getməyin mütləq uğur, ümid olduğunu sanmır, bələ "heç ümidin cənubuna” yetməyəcəyini düşünür. Onun çağırdığı naməlum adam da getmək istəmir və bəlkə də, bu poemanın əsas qəhrəmanı həm də elə odur. 
 
 
Hər otağı öz qanunu,
öz məntiqi var.
Bu otaqların qanununu
mən yox,
Doğulmağım 
və sağ qalmağım pozur.
 
 
 Yaxud da:
 
 
Üzümə bağlıdır,
məntiqlə açılıb-örtülən qapılar.
Dəyə də bilmərəm onları...
 
 
Əsl faciə şeirdə fonda görünən obrazın faciəsidir, o cib saatını, köynəklərini, Vətən həsrətini qoyub gedə bilmir, baxmayaraq ki, gedənləri buradan nifrət yola salır, amma yenə də kinin, paxıllığın, düşmənliyin əlindən xilas olmaq onun üçün çətindən çətindir. Burda getmək istəyən, köçəri quşlara qoşulmağı arzulayan özü də Vətəndən əl çəkə bilmir, onun gözəlliklərini unutmayacağını dilə gətirir, bütün naqis cəhətləri ilə bərabər. Vaqif Səmədoğlunun vətənsevərliyi məhz bu cür dərindədir; qışqırıqsız, pafossuz, haray-həşirsiz... 
 
 
 "KÜLƏK”
 
 
 Bu poemada Vaqif Səmədoğlu yaradıcılığına xas ağırlıq, hüzn, aqibət həsrəti aydın görünür. Şəhərə külək gəlməsi gözlənilir. Adi təbiət hadisəsi olan külək fövqəlqüvvə kimi gözlənilir, insanlar onun intizarındadırlar. Poemada ətraf mühit təsvir edilir və hər hissə "Şəhərə külək gəlir, külək gəlir şəhərə” hissəsi ilə tamamlanır:
 
 
Bütün dünya boyanır indi, 
əsəblərin, hislərin rənginə.
İndi dünya səhnə yox, səhnə arxasıdır.
adlarla tanıyırıq hamını.
Bilirik divlərin
və Məlikməmmədin kim olduğunu
bilirik qrimsiz simurq quşunun
neçə div balasını ac qoyduğunu.
 
 
 Vaqif Səmədoğlunun başqa şeirlərindəki kimi bu poemada əsas məqsəd dünyanın şairin özünə sirr olan mahiyyətinə münasibətidir. O, özünə sirr olan, yaxud özünə daha yaxşı aydınlaşmış mətləbi izah edir və nəticədə şeiri bir təəccüb faktı kimi təqdim edir:
 
 
Yalan demək olar
sevilmək üçün,
ancaq gün gəlir
yaddan çıxır mühitin
ən gözəl, ən ağıllı tələbləri.
Bilirsinizmi
çətindir necə
Vətəndə vətən həsrətiylə yaşamaq?
 
 
 Sonda külək bir çarəsizlik simvolu kimi görünür, hər kəsi küncə qısnayır və həqiqətlər bu cür sıxışdırılmalarla meydana çıxır, aşkarlıq qazanır:
 
 
Quşlar çırpınır
Bağlı pəncərələrə...
Şəhərə külək gəlir,
Külək gəlir şəhərə...
 
 
 Vaqif Səmədoğlu şair mənini mərkəzdə saxlamağa, onun nəzəri ilə dünyaya baxmağa və sonda hər şeyi onun rakursunda cəmləməyə meylli şairdir. Bu cəhət şeirdə polifoniyanı azaldır, amma poetik əsərdə haçalanan xətlər eyni nöqtədən ayrılır və bu da müxtəlif fikirlərin meydana gəlməsinə şərait yaradır. Və onun əksər şeirində olduğu kimi adi reallıqdan siyasətə, şəxsi hislərdən ortaq yaşantılara yeni qapılar açılır – qəfil körpülər atılır. 
Bu poemanın başqa poemalardan fərqli cəhəti həm də ritmindədir, şeir mahiyyət etibarı ilə olduqca unikal şəkildə intizar ovqatına köklənib, sadalamalar, fikir gedib-gəlmələri, müraciətlər hamısı həmin məlum ritmi təkrarlayır. Və bu təkrarlar özü də intizar ovqatı yaradır: bir təkrarda tamamlanan fikrin ardını növbəti başlanğıcda – əslində, növbəti təkrarda tamamlanacağını düşünürsən. Poemanın yuxarıda nümunə gətirilən finalı isə, əslində, təkrarların məntiqi, şeirdəki ideyaların ortaqlaşdığı anın poetik yekunudur.
 
 
 "ATAMIN MƏKTUBLARINA CAVAB”
 
 
 Vaqif Səmədoğlunun bu poeması, əslində, bir qədər gecikmiş cavab hesab oluna bilər. Çünki poemadan açıq-aşkar görünür ki, şairin atası hara getsə evlərinə məktub yazar, evin Vaqifdən başqa digər sakinləri də o məktublara cavab yazarmış... Amma burada bir incə nüans da var: Vaqif Səmədoğlu məktublara cavab yazmasa da bir məqamı xüsusi olaraq qeyd edir: 
 
 
...mənim bir söz deməyib
otaqları gəzməyim.
 
 
 Bu misralardan aydın olur ki, evdə hər kəs məktuba cavab yazmaq hayında olanda Vaqif Səmədoğlu möhkəm darıxar və otaqlarda var-gəl edərmiş. Amma bu məqam şeirdə incə tərzdə verilib, Vaqif Səmədoğlu yaradıcılığına xas bəzək-düzəksiz, səmimi şəkildə çatdırılır. 
Şeir bir insan itkisinin başqalarının həyatında ifadə etdiyi mənanın şərhi ilə başlayır və qəfildən müraciətə adlanılır və dünyanın adiliyi, hər şeyin təkrar olduğu diqqətə çatdırılır. Bu – hər şeyin təkrar və adi olması həm də dünyadan köçənə təskinlikdir: "Bax, sən bu dünyada yoxsan, amma dünya elə həminki kimidir, yenə də insanlar doğulur və ölürlər, həyat bu sayaq cür təkrarlardan ibarətdir”:
 
 
Yer kürəsi fırlanır
əvvəlki qaydasıyla
Ölüm dost-aşna
tapır özünə hələ.
 
 
Yaxud:
 
 
Ata, dünyada hələ
ölümün müttəfiqləri,
dostları var.
Sən ki görmüşdün onları,
onlarla vuruşanları.
 
 
 Poetik fikir başqa bir təskinliklə davam edir, amma bu təskinlik hansı mənanı ifadə edir, nəyə xidmət edir, bunu demək bir qədər çətindir. Şeirin bu məqama –çıxılmazlığa gəlməsi isə çox məntiqidir, dünyanın dəyişməməyi kimin üçünsə bir tərəfdən təskinlikdir, digər tərəfdən isə çarəsizlik. Çünki dünyanın dünənində də, bu günündə də çoxsaylı bəlalar, bədxahlar var. Əgər onlar mövcuddurlarsa, deməli, gedən – dünyadan köçən geridə qalanlardan narahat olmaqda haqlıdır: 
 
 
Arxayın ol hər şeydən!
Tükənmir barı
qarış-qarış gəzdiyin 
torpaqların,
Yenə başı dümağdır
sevdiyin dağların.
 
 
 Vaqif Səmədoğlu əksər şeirlərində mənanı dərində gizlədir. Çünki kökdəki mənaya çatanda bir həqiqətə yetmiş olursan, fikir çaşqınlığı yaşamırsan. Şeirin finalına baxaq:
 
 
Hər dəfə
görürəm heykəlini.
Məni ayırmırsan
ətrafında dolanan insanlardan.
Bakıya baxıb,
Vətənin səsinə qular asırsan...
Yanından keçənlər,
ayaq saxlayıb bir an,
baxırlar sənə,
Səməd Vurğuna.
Mən də baxıram.
Baxıram
cavan ölmüş Məhbub nənəmin
Salahlıdan gedib,
heykəl olmuş
qarayanız oğluna...
 
 
 Şeirin sonunda bu itkinin şair tərəfindən həm bir vətəndaş, həm də oğul kimi yaşandığı vurğulanır. Məhbubə nənə obrazının şeirə əlavə olunması də məhz ailə kontekstini, itkinin bir ocaq üçün hansı mənaları ifadə etdiyini nəzərə çarpdırılır. 
 Bu poemada ölümə münasibətin iki üzü aydınlaşır: ölümün şəxsi və ictimai faciə olması. Eyni zamanda böyük insanların, millət adamlarının yoxluğunun xalq üçün hansı mənanı ifadə etdiyi anlaşılır. Vaqif Səmədoğlu məna dolabını hər poemasında bu cür ləbaləb doldurur. İlk baxışdan sadə görünən mətləbin, bütün dərinliyi sonradan oxucuya faş olur. Ona görə də Vaqif Səmədoğlunun şeirlərini çox zaman oxucular sonradan daha yaxşı anlayır, necə ki, peşman olanda, yaxud iztirab anında nə vaxtsa etdiklərimiz bizə daha dərin anlaşılır. Bu poema həm də Vaqif Səmədoğlunun atası ilə yenidən söhbət etmək arzusunun ifadəsidir: "Poeziya söhbətdir. Artıq üzbəüz danışmaq üçün çox gec olan insanlarla söhbət” (Dennis Odriskoll).
 
 
 "DİVİN NAĞILI”
 
 
 Poema Nazim Hikmətdən epiqrafla başlayır: "O mavi gözlü bir divdi, kiçicik bir qadın sevdi”. Poemadan aydın olur ki, bir div bir qadını sevir, ona eşqini izhar edir. Qadın ona deyir ki, get insan ol, sonra gələrsən. Div gedib çoxlu kitablar oxuyur və insana çevrilib gəlir. Qayıdanda görür ki, qadın ailə-uşaq, pis qismət əlindən yorulub. Div ona keçmişdə olanları xatırladır. Qadın isə onu söyüb qovur. Belə olan təqdirdə div ondan küsmür, çünki bilir ki, insanın xislətində belə naqisliklər var. Bütün bunlarısa divə oxuduğu çoxsaylı kitablar başa salmışdı: 
 
 
Div qınamadı qadını,
taleyindən gileylənmədi.
Güldü bir az
başına gələn bu işə...
Bilirdi,
çoxdan bilirdi ki,
gec-tez itirəcək o qadını
Axı hədər getməmişdi
kitablara dustaq olduğu günlər.
O günlərə
ürəyi kiçilmiş div girib
div ürəkli insan çıxmışdı.
Sevinirdi
insanlığın bu ilk səhərinə
Bir insan səhəri 
qalib gəlmişdi
neçə illik div kədərinə!
 
 
 Poemada Div obrazı şərtilik kontekstində təqdim edilir. Yəni, o insana çevriləndə insan kimi, div olanda div kimi əzab çəkir, qəbul olunmur. Qadın isə divə "yox” deyib, amma insanla qurduğu ailə də ona səadət gətirməyib. Bir sözlə, heç kəs xoşbəxt deyil. Amma nəyə görəsə, nağılın qəhrəmanı divdir, qadın deyil. Çünki dəyişən, insanlaşmaq üçün yol keçən, tale yaşayan obraz divdir. Digər poemalarla müqayisədə bu əsərdə bədii dilin zənginliklərindən şair adətincə istifadə etməyib, əksinə təhkiyəni əsas götürüb, nəqlə üstünlük verib. Bu isə hər nə qədər şeirin ahənginə uyğun məsələ olmasa da, nağıl ritmi üçün keçərli üslubdur. Poema 1964-ci ildə yazılıb. O dövrün ədəbi ab-havasını xatırlayanda şairin yenilikçiliyinin uzaq tarixçəsi tam mənzərəsi ilə oxucuya aydın olur. Və div obrazı, əslində, Vaqif Səmədoğlu yaradıcılığı üçün gözlənilməz obrazdır. Elias Kanetti yazır ki: "Əsl şairlər öz personajları ilə onları yaradandan sonra qarşılaşırlar”. 
 
 
 "YEDDİ MƏKTUB”
 
 
 Bu poema digər poetik nümunələrdən daha artıq melanxolik, hüznlüdür. Məktubdan məlum olur ki, qəhrəman acılar çəkir, sevdiyi insan başqası ilə ailə həyatı quracaq və günlər keçdikcə onları əbədi ayrılığının da vaxtı daralır: Obrazın aqibəti bir neçə məktubda aydınlaşır: 
 
 
Taksiyə minəndə
kölgəmə sataşdı gözüm.
Yer üstündə 
bir az da bükülmüşdü
kölgəmin beli.
 
 
Yaxud başqa bir misala baxaq: 
 
 
Dar teleqraf pəncərəsindən
neçə insan əli
uzanacaq məktubuna.
İtəcək əlimin tənhalığı
əllər içində...
 
 
Bir misal da əlavə edək:
 
 
Birdən
bir rus qarısı
dayandı qarşımda.
Gözlərimə baxdı,
baxdı gözlərimə,
gözlərimə baxdı.
Sonra 
xaç çəkdi sinəsində
onun qoca, qabar əli.
Gör nə günə qoydun məni...
 
 
 Bu poemanın ümidsizliyinin içində bir insan ümidi işığı var. Alber Kamyu "Yad”da yazır ki: "İnsan heç zaman tam bədbəxt olmur”. Doğrudan da, belədir, Tanrı heç zaman bütün işıqları söndürmür. Nəsə bir ümid poema boyunca gəzinir. Və arzusunu itirmiş insanın bütün dünyanı dinləməsi və hər şeydən xəbər gözləməsi dəhşətli bir detalla "Dördüncü” məktubda açıqlanır: 
 
 
İki qonşum var.
İkisi də şikəst.
Lal,
kar...
Dillərini də,
qulaqlarını da 
tapşırıblar əllərinin çevikliyinə.
Əllə deyib
əllə eşidirlər.
Beləcə də söhbət edirlər,
kommunal evimizin
kirli mətbəxində.
İndi onlar da evdədirlər,
mən də.
Onlar mətbəxin kir qoxusunda.
Mən 
otağımın həsrətxanasında.
Amma otağımdan eşidirəm,
eşidirəm onları.
Çünki söhbətləri səndəndir,
səndən,
səndən...
 
 
 Yeddinci məktubda da oxşar ovqat əks olunur, sadəcə bu hissədə vəziyyət daha sərt tondadır. Şeirin qəhrəmanı ölüm arzusuyla ölüm qorxusu arasında qalır. Sonuncu hissədə isə sətirlər var, amma sözlər yoxdur, bütün fikirlər sanki yarımçıq qalıb. Bu poemada əsas məsələ oxucunu obrazın ovqatına kökləməkdir. Yəni o hüznü, həmin ağrını oxucu da müəlliflə paralel keçirir. 
 
 
 BUM-BUM
 
 
 Bu poema da uşaq ədəbiyyatına aid bədii nümunədir. Meşədə heyvanların vahiməsindən bəhs edir. Bütün heyvanlar bum-bum səsindən qorxurlar, sonda məlum olur ki, yel ağaclardan almaları yerə salanda o səs çıxır və meşədəki ən yırtıcı heyvanlar da o səsdən qorxurlar. Poema oxunaqlı bir dillə yazılıb, Vaqif müəllimin özünəməxsus ironiyası – gülüş doğuran sonluqla aydınlaşır. Alt qatdakı mənada isə böyük güclərin kiçik şeylərdən qorxması və əksər yaradılmışların bir-birinə qorxu təlqin etməsi kimi dərin, ibrətamiz məsələlər dayanır.
 
 
 Nəhayət
 
 
 Vaqif Səmədoğlunun dərin, intellektual poeziyası daim təkrar-təkrar müraciət edilən, qayıdışa geniş imkanlar açan yaradıcılığı digər istiqamətlərdə olduğu kimi poema janrında da müstəsnadır. Bu poemalar – uzun şeirlər çağdaş Azərbaycan şeirinin genişlənən poetik nəfəsində xüsusi rol oynayacaq. Və bu kitab inanıram ki, V.Səmədoğluya başqa yöndən – özünün oxunmasını istədiyi səmtdən qayıdışa ciddi, səviyyəli və səadəqətli oxucuları sövq edəcək.