Biz imzaları yox, əsərləri dərc edirik...

Qum saatı – Elşad Rəhimovun şeiri
562
21 Yanvar 2020, 13:44
  Artkaspi.az saytı Elşad Rəhimovun "Qum saatı" şeirini təqdim edir:
 
Yenə metro sıx olacaq, deyirəm.
Təki elə bu olsaydı dərdimiz.
Necə olur alt-üst olan ömürlər?
Qum saatı çevirməkdi sevgimiz.

Axırıncı qum dənəsi yetmədi,
qollarımı kürəyinə bükməyə.
Hələ neçə zarafata gülmədik.
Hələ neçə ağrı qaldı çəkməyə.

Hələ neçə gecə qaldı Bakıda
son qatarda getmək üçün evimə.
Hələ neçə siqareti gizləyib
çəkməliydim "göz yumanda" səhvimə.
 
 

Qum saatı gözləmir ki, deyirəm...
Ha əyilək, səcdəsində dayanaq.
Metro deyil, qatarını ötürüb
üç dəqiqə, beş dəqiqə yubanaq.

O üfüqlər çağırmasa durardım.
Yenə alt-üst eləyərdim həyatı.
Əvvəlinə qayıdardım bu eşqin -
Bir dəfə də çevirərdim saatı...