Biz imzaları yox, əsərləri dərc edirik...

Arif Hüseynovun yubiley portreti – Ziyadxan Əliyev yazır
955
23 Oktyabr 2018, 13:25
 Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan təsviri sənətinin mənəvi yükünü bu gün şərəflə daşıyan sənətkarlardan biri də Xalq rəssamı, professor Arif Hüseynovdur. Bu günlərdə anadan olmasının 75 illiyini qeyd edən görkəmli qrafika ustasının professoru olduğu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ictimaiyyətə özünün hesabat sərgisini təqdim etmişdir.
 
 

 
 Qənaətimizcə, sərginin ekspozisiyasına yaşına uyğun olaraq 75 əsər daxil edən yubilyar, onların yaradıcılığının bütün mərhələlərini əhatə etməsinə diqqət yetirməklə, əslində bir rəssam kimi formalaşdığı dövrə əyanilik gətirmiş, sənətkar "mən”inin təsdiqinə yönəli axtarışlarının nəticəsini nümayiş etdirmişdir.
 Qənaətimizcə, 75 yaşında arxaya baxmağa – ərsəyə gətirdiklərinin ictimailəşdirilməsinə qərar verən rəssamın zamansızlığa qovuşdura bildiyi bədii irslə qürur hissi keçirməyə haqqı çatır.
 Həyat və yaradıcılığının həm də təzadlı hadisələrindən "boylanan” bu yetmiş beş qrafika nümunəsi retro xarakterli olduğundan, tamaşaçı rəssamın keçdiyi axtarışlarla zəngin yaradıcılıq yolunu bütün aydınlığı ilə görməyə və dəyərləndiməyə imkan verir. Öncədən deyək ki, ağ-qara cizgilərin hökmranlıq etdiyi bu dəzgah və kitab qrafikası nümunələrdə dəst-xətt evolyusiyasını həm də sənətkar "mən”inin təsdiqinə yönəltməyi bacaran rəssamın müasir qrafika sənətimizin danılmaz liderlərindən sayılır.
 Hələ tələbəlik illərindən məşhur "Göyərçin” jurnalı ilə əməkdaşlığa başlayan və hazırda onun baş rəssamı vəzifəsini daşıyan Arif Hüseynov ədəbiyyata bağlı sənətkarlarımızdandır. Rəssamın hələ yetmişinci illərdə R.Rzanın "Vaxt var ikən” kitabına çəkdiyi illüstrasiyalardan başlanan və A.Məsudun "Hekayələr”inə kimi davam edən "kitab həyatı” onu kifayət qədər məşhurlaşdırmışdır. Təbii ki, bu şöhrəti ona təkcə kitaba adi marağı verməyib. Heç şübhəsiz vurğuladığımız rəğbət və təqdiri şərtləndirən başlıca səbəb, onun bədii tərtibat verdiyi kitablara özünəməxsus yaradıcı münasibət göstərməsi, ədəbi mətnin – müəllif fikirlərinin alt qatına nüfuz etməklə, onun cəlbediciliyi ilə yanaşı, həm də düşündürücülüyünü təmin etməsidir. Onun 1980-ci ildə M.Ə.Sabirin "Hophopnamə”sinin "Yazıçı” nəşriyyatında hazırlanan yeni nəşrinə verdiyi orijinal tərtibatın müxtəlif dairələrdə səs-küy yaratması indi də xatırlanmaqdadır. Dahi Ə.Əzimzadədən sonra məşhur əsərə illüstrasiyalar çəkən gənc rəssam, onu təkrarlamaqdan uzaq olmaqla, "gülər-ağlar” şairin dərdlərimizə sərt "bədii güzgü” tutan şeirlərinin psixoloji-fəlsəfi qatına əyanilik gətirmiş, təsvirlərlə oxucu-tamaşaçı arşında düşündürücülüyə köklənmiş dialoqun yaranmasına nail olmuşdu.
 
 
 
 
 "M.Ə.Sabir mövzusu” rəssamın yaradıcılığından qırmızı xətt kimi keçir. Müxtəlif illərdə təkrar-təkrar dahi söz xiridarı ilə "dərdləşməyə” üstünlük verən Arif Hüseynov 2012-ci ildə "Hophopnamə”nin yubiley nəşrinə çox əhatəli tərtibat verməklə, yaratdığı 40 əsərlə kitab qrafikası saxlancımıza əvəzsiz töhfələr verdiyini sərgiləmişdir.
 XalqBank”ın 2017-ci ildə nəşr etdiyi "Aşıq ədəbiyyatı antologiyası” üçcildliyinə illüstrasiyalar çəkən Arif Hüseynov, əslində, zamanında özünün "Azərbaycan nağılları”na göstərdiyi bədii münasibətlə anım yaradan ifadə vasitələrini palitrasına gətirməklə məntiqli yaradıcı addım atdığını təsdiqləmişdir. Qədim mədəniyyətimizin və şifahi xalq ədəbiyyatımızın bu iki sahəsindəki özünüifadə formalarındakı oxşarlığı incəliklə duyub, dəyərləndirən rəssam, onlardakı bədii yığcamlığı, rəmz və işarələrlə "danışmağı” rənglərə-cizgilərə köçürməyə nail olmuşdur. Bunu həm "Aşıq poeziyası”, həm də "Qəhrəmanlıq dastanları” və "Məhəbbət dastanları” cildlərinə daxil edilmiş çoxsaylı illüstrasiyalarda izləmək mümkündür.
 Onun Nizami Gəncəvi, Məhəmməd Füzuli, Hüseyn Cavid, Səməd Vurğun və digər məşhurların poetik aləminə bədii münasibətində də mətnə yaradıcı yanaşma duyulur. Çox vaxt o, həmin söz xiridarlarının kitablarına illüstrasiyalar çəkməklə yanaşı, onların yaddaqalan portretlərini də yaratmağa nail olmuşdur.
 Onun Nizami, M.Füzuli, M.Gəncəvi, M.Ə.Sabir, M.S.Ordubadi, S.S.Axundov, A.Səhhət, L.N.Tolstoy, H.K.Andersen, Ə.Kürçaylı və başqalarının obrazlarına bədii yanaşmasının nəticəsi olan əsərlərində də həmin şəxslər yalnız zahiri cizgilərinin dəqiqliyi ilə deyil, həm də onların daxili aləminə yaradıcı nüfuzun yaddaqalan ifadəsi ilə diqqət çəkirlər.
Arif Hüseynovn yaradıcılığı həm də təzadlı hadisələrlə dolu tariximizə, onun zəngin etnoqrafiyasına, adət-ənənələrinə geniş yer ayrılması ilə başqalarından fərqlənir. Bu mənada onun "Azərbaycan nağılları”, "Novruz”, "Bakı və baklılar”, "Qala kəndinə ithaf”, "Qarabağnamə-tarixin səhifələri” və s. silsilələrinin adını qeyd etmək istərdik. Rəssamın son işlərindən sayılan "Qarabağnamə”nin adını xüsusilə vurğulamaq istərdik.
 Azərbaycan xalqının uzaq-yaxın keçmişinə cəlbedici və yaddaqalan "bədii güzgü” tutan "Qarabağnamə – tarixin səhifələri” silsiləsini, sözün əsl mənasında, tamaşaçısını duyğulandıra biləcək sənət nümunəsi hesab etmək olar. Yaradılan hər bir əsəri rəssam düşüncəsi ilə cəmiyyət arasında körpüyə bənzədən Arif Hüseynov, bu səbəbdən üç il ərzində baş-başa qaldığı Qarabağ mövzusunu – yaşanmaqda olan torpaq itkisinin ağrılarını fərdi yaradıcı təxəyyülünə bələməklə, düşmən məkrini ifşa edə biləcək çox təsirli bədii-tarixi mənəvi qaynaq yaratmağa nail olmuşdur. Ağ-qara cizgilərdən "boylanan” bu bədii görüntülərin bənzərsiz dəyərə malik olması, onların daşıdığı qürurdoğurucu və ifşaedici tarixiliyin təkzibolunmaz faktlara – sənədlərə əsaslanmasıdır. Bu mənada tanınmış qrafika ustasının ensiklopedik tutuma malik olan "Qarabağnamə”sini bədii duyğulandırma gücünə görə hər birimizin mübarizə himninə çevrilən, ruhumuzu qidalandıran "Qarabağ şikəstəsi” ilə müqayisə etmək olar. Belə ki, Arif Hüseynovun Azərbaycan – Qarabağ tarixinin qabarıq görünən, bəzən də az təbliğ olunan səhifələrinə tutduğu obrazlı – sərt "bədii güzgü”də yer almış gözoxşayan və düşündürücü bədii məqamlar məşhur şikəstədə olduğu kimi mübarizə ruhludurlar...
 
 
 
 
 Daima milli mövzulara müraciət etməsi ilə başqalarından fərqlənən Arif Hüseynovun yaradıcılığında yeni səhifə sayılacaq bu silsilə həm əhatəli bədii-tarixi tutumuna, həm də özünəməxsus şərhinə – bədii xüsusiyyətlərinə görə seçilir. Belə ki, say etibarilə əvvəlki silsilələrini duyulası dərəcədə üstələyən bu qrafik əsərlər məcmusu mahiyyətcə sənədli– bədii tutumludurlar. Başqa sözlə desək, rəssam bu əsərlərdə qədim Albaniya dövründən Xocalı faciəsinə qədər davam edən təzadlı tariximizə işıq salmışdır. Qarabağ tarixinə bu bədii yanaşmada demək olar ki, onu hər şey maraqlandırıb. Elə rəngarəng tutumlu qrafik lövhələrdə Qarabağla bağlı müxtəlif uzaq-yaxın hadisələrin, onun qədimiliyinə dəlalət edən memarlıq tikililərinin, maddi-mədəniyyət nümunələrinin, musiqiçilərin və sənətkarların yaradıcılığının əksi də bunu təsdiqləyir. Qrafik cizgilərin özünəməxsus ritmində görüntüyə gətirilən "I Pyotrun məktubu”, "Türkmənçay müqaviləsi”, "Gəncəsər monastrı”, "Alban abidələrinin erməniləşdirilməsi”, "Daşnakların "Böyük Ermənistan” xülyası”, "Güllələnmiş heykəllər”, "Qarabağ müharibələri”, "Pənahəli xan”, "Xalq musiqiçiləri”, "Kəlbəcər qadınları”, "Qarabağ atları” və s. lövhələrdə tarixi sənədlərin-həqiqətlərin rəssam təxəyyülü ilə uğurlu qovşağından ərsəyə gətirilən, Azərbaycan və ingilis dillərində yazılmış mətnlə tamamlanan təsvirlər kifayət qədər cəlbedici və yaddaqalandırlar. Bu əsərlərin ideya tutumunu bütünlükdə təcavüzkar xislətini zaman-zaman sərgiləyən ermənilərin ifşası təşkil etdiyindən, onlar yüksək bədii dəyəri ilə yanaşı, həm də tarixi əhəmiyyət daşıyırlar. Rəssamın hər bir kompozisiyada obrazı və yaxud abidəni, eləcə də süjeti aid olduğu dövrün müxtəlif hadisələri ilə vəhdətdə təqdim etməsi, Azərbaycan qrafika sənəti üçün yeni olmaqla, həm də bədii görüntünün daha əhatəli olmasını şərtləndirmişdir.
 
 
 
 Sonda deyək ki, uzun illərdir ki, müxtəlif miqyaslı yerli və beynəlxalq sərgilərdə iştirak edən Arif Hüseynov Azərbaycan təsviri sənətində özünəməxsus dəst-xətli qrafika ustası olduğunu təsdiqləyə bilmişdir. Rəssamın "Bakılı” cəmiyyətinin təsis etdiyi beynəlxalq "Humay” mükafatına (1995) layiq görülməsi, ona əvvəlcə Azərbaycan Respublikasının əməkdar rəssamı (1992), sonra isə Azərbaycan Respublikasının xalq rəssamı (2006) fəxri adlarının verilməsi, 2008-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olması bunun göstəricisidir. Hazırda Arif Hüseynovun dəzgah və kitab qrafikası sahələrində yaratdığı müxtəlif mövzulu əsərlər Bakı və Moskvanın nüfuzlu muzeylərini, yerli və xarici kolleksiyaların saxlanclarını bəzəyir...