Biz imzaları yox, əsərləri dərc edirik...

“Qoyun ətrafında macəra”nın sehri – Gülnar Yunusova yazır
309
01 Mart 2021, 12:20
 Artkaspi.az saytı Gülnar Yunusovanın  "Qoyun ətrafında macəra”nın sehri” adlı yazısını təqdim edir:
 
  Müasir yapon ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və tərcüməçi, postmodernizmin məşhur siması Haruki Murakami 1980-ci illərin əvvəllərindən etibarən öz bədii yaradıcılığı ilə ölkə ədəbiyyatında mühüm rol oynamağa başlamışdır. Murakami əsərləri qloballaşma ərəfəsində yapon düşüncə tərzinin böyük bir dövrünü özündə əks etdirir. Özünəməxsus yaradıcılıq istiqamətilə yazıçı yapon ədəbiyyatı ilə yanaşı dünyada postmodern ədəbiyyatın inkişafına birbaşa təsir göstərən yazıçılardandır. 1982-ci ildə Murakaminin oxucularına təqdim etdiyi, "Siçovul” trilogiyasını tamamlayan üçüncü "Qoyun ətrafında macəra” romanı yazıçıya xas postmodern üslubun başlanğıcı olmuşdur. Yazıçı ilk iri həcmli romanı olan "Qoyun ətrafında macəra”da erkən qələm təcrübələrinə – "Küləyin nəğməsini dinlə” və "Pinbol 1973” əsərlərinə geri dönüş etmişdir. Mərkəzi fiqurlar – Boku (mən), Siçovul və çinli barmen J sözügedən romanların qənrəmanlarıdır. Trilogiyaya daxil olan hər üç əsərdəki hekayətlərin təhkiyəçisi 29 yaşında olan adsız "mən”dir. Yazıçının müəyyən mənada prototopi şəklində qarşımıza çıxan Boku özünümüalicə istiqamətində bir addım ataraq düşüncələrini yazıya tökmüşdür. Siçovul isə Bokunun dostudur və yaxud daxilindəki ikinci mənidir. "Küləyin nəğməsini dinlə” romanında qarşımıza çıxan Siçovul hər il Bokunun ad günündə - 24 dekabr tarixində ona yazdığı məktublarında mətnlər göndərir. Həmin mətnlərin məzmunu haqqında məlumat verilmir. "Pinbol 1973” romanının sonunda Siçovul yoxa çıxır, uzun müddət ondan heç bir məlumat əldə edilmir. Nəhayət, illər sonra – 1977-ci ilin dekabr ayında Bokuya növbəti məktub və yeni bir mətn göndərir. İllər sonra gələn məktub və bundan sonrakı Bokunun kimlik axtarışı Murakaminin güclü postmodern roman kimi dəyərləndirilən "Qoyun ətrafında macəra” romanının mətnini təşkil etməkdədir.
 
 

 Səlahiyyət orqanları, Yaponiya tarixi və müasir nəslin təşviş duyğularını sorğulayan "Qoyun ətrafında macəra” romanı 1980-ci illərin postmodern Yaponiyasının yaxından izlənilməsinə geniş imkanlar yaradır: "Necə izah edəcəyimi bilmirəm, lakin indi və buradanın gerçək indi və burada olduğunu heç cür beynimdə otuzdura bilmirəm. Ya da mənim gerçək mən olduğumu. Hər şey öz yerinə oturmur kimidir. Hər zaman belədir. Ancaq xeyli sonra hər şey öz yerinə oturur. Son on ildir ki, həmişə belə olur”. "Qoyun ətrafında macəra” romanı Murakaminin ingilis dilinə tərcümə olunmuş ilk romanıdır. Yazıçı bunun səbəbini izah edərkən "Qoyun ətrafında macəra” romanını özünəməxsus tərzinin başlanğıcı olaraq gördüyünü bildirmişdir. Sözügedən romanı ilə yazıçı postmodern qəhrəmanlarda ən son tipi – kim olduğundan tamamilə xəbərsiz, hətta bir adı belə olmayan personaj yaratmışdır. Boku ambisiyasız olduğu üçün rahat həyat tərzi keçirən bir mətn yazarıdır, həyat yoldaşı onu tərk etdikdən sonra hökuməti idarə edən bir qoyunu axtarmağa göndərilir və gerçək əlaqə qura bilmədiyi bir qadınla birlikdə yalnız qalır. Tənqidçilər bu kitabın universal bir postmodern mövzuya sahib olduğunu qəbul edirlər. Tənqidçilərdən Fuminobu hesab edir ki, roman özündə Lyotardın "Postmodern vəziyyət” mətninin aspektlərini cəmləşdirmişdir. Fuminobu "Qoyun ətrafında macəra”nı "rasionallığın qanunauyğunluğunun böhranı və modernist böyük narrativə hücum” olduğunu iddia edir. Bu səbəblə, sözügedən roman Murakami yaradıcılığı üçün mükəmməl başlanğıc olmaqla yanaşı, zamanla postmodern cəmiyyətdə şəxsi müşahidələrin necə inkişaf etdiyini nümayiş etdirməkdədir.
 Murakami amerikan yazıçılarına, xüsusilə modernizmdən postmodernizmə keçidi əks etdirən müasir amerikan romanlarına böyük sevgi ilə yanaşmışdır. Sözügedən roman struktur baxımından amerikan yazıçı R.Çandlerin dedektiv əsərlərindən təsirlənmişdir. "Böyük yuxu” romanının baş qəhrəmanı  Marlov və "Qoyun ətrafında macəra” romanın baş qəhrəmanı Boku insanlarla şəxsi münasibətlər qurmaqda tamamilə maraqsızdırlar. Marlov LA ətrafında Geiger adlı bir fırıldaqçının, Boku isə Hokkaydo ərazisində belinə ulduz işarəsi olan qoyunun axtarışındadırlar. Geiger və qoyun tapıldıqlarında ölürlər, bu səbəblə də qəhrəmanların axtarışları nəticəsiz qalır, çünki axtardıqları şey onsuz da yoxa çıxır. Murakami sözügedən romanı ilə digər bir yazıçının üslubunu mənimsədiyini və öz komik tərzi ilə uyğunlaşdıra biləcəyini göstərmişdir ki, bununla da Ceymsonun parodiya və pastiş haqqındakı fikirlərini əks etdirir.
 
 

 Yazıçı romandakı hadisələri formalaşdırmaq üçün dedektiv janrdan istifadə etmişdir. Yazıçının hard-boild üslubu isə baş qəhrəmanın düşdüyü çıxılmaz vəziyyətdən necə xilas olacağını özünün kəşf edə biləcəyi uyğun bir vasitədir. Hard-boil üslubundakı struktur Murakamiyə bir çox ədəbi tərzləri qarışdırmağa imkan verməklə yanaşı, qəhrəmanın fikirlərini istiqamətləndirməyə kömək edir. Magic realizm ünsürlərini dedektiv janrına xas olan ədəbi əlamətlərlə qarışdırmaqla Murakami yapon müasirliyində geniş yayılan Şərq-Qərb dixotomiyasını kəşf etməyi bacarır. Yazıçının öz mətni ilə digər mətnlər qarışır ki, bu xüsusiyyət postmodernist əsərlərin intertekstualığından irəli gəlməkdədir. Təhkiyəçi postmodern romanda çox fəal rol oynayır. Təhkiyəçi romanın vacib bir elementi olmaqla yanaşı, mətnin yazılma prosesində də müdaxilə edir, tez-tez fikirlərini bəyan etməklə romanı idarə edir. Bu aspektdə postmodern romanın təhkiyəçisi oxuyucunu öz arxasınca aparır, maraqlandırır və bəzən də gülümsədir. Romanın təhkiyəçisi Bokuya, onun yeni sevgilisinə bir ad verilməz və roman boyunca bilmə və adlandırma problemi davam edər. Boku bu məsələdə qətiyyətsizlik göstərir, ən yaxın dostunu "Siçovul” adlandırır, pişiyinə ad qoya bilmir. Murakami Mən və Digəri arasındakı sərhədləri aşaraq oxuyucunun kimlik idealını problem kimi önə çıxardır. Bununla qəhrəmanların öz kimliklərini formalaşdırmadakı problemlərini anlamağımıza kömək edir. Bir ad olmadan digər adlarla və tarixlə bağlılıq olmur. Adlandırma əksikliyi dünyayı daha irreal, hər hansı modernist və real ənənələrdən daha da irəli daşıdığı üçün realist qurğudan gerçək bir qopuqluğun əksidir. R.Sartr qeyd etdiyi kimi, bu açıq şəkildə postmodern bir elementdir: "Murakaminin adlarla oyunu mətnlərin öz mətnliliyini ön plana çəkməsi və gerçəklik ilə uydurma arasındakı fəqri problemləşdirmək üçün bir vasitədir”. Ad olmadan bu qəhrəmanlar konkret bir şeylə və ya hər hansı bir şəxsiyyətlə əlaqələndirilə bilmirlər. Adsız şəxs sistemin metasıdır, ad olmadan şəxsiyyət kimi ayırd edilə bilməzlər, kimlik nişanlarından daha çox təcrid olunurlar. Ceymsonun vurğuladığı kimi, "fərd hər cür cəmiyyətlərdə mütləq mövcud olmayan bir sosial kateqoriyadır”. Yapon cəmiyyəti üçün bu hal Qərb cəmiyyəti ilə qarşılıqlı münsibətdə daha mürəkkəb bir prosesdir. Beləliklə, postmodern dövrdə həqiqi kimlik formalaşdırmaq Murakaminin Yaponiyadakı personajları üçün ikiqat çətin məsələdir.
 Roman baş qəhrəmanın yarı mifik, qüdrətli bir qoyun axtarışında olduğu macəra hekayəsidir. Bokunun qoyun axtarışı, əlbəttə ki, ancaq simvolikdir. H.Murakami qədim çin və monqol dünyagörüşünün obrazı olan qoyun mifini romana daxil etmişdir. Qoyun xüsusi olaraq seçdiyi insan bədəninə girərək onu idarə etmək və "insanlığı və insanlıq dünyasını böyük dəyişikliyə məruz qoymaq yönündə bir məqsədə” sahibdir. Romanda qoyun professorunun "Çingiz xanı düşünsənizə” deməsi yazıçının söyləmək istədiklərinə bir işarədir. Məlumdur ki, Çingiz xan böyük hökmdar olmuşdur, lakin onun fəaliyyəti birmənalı qarşılanmamışdır. Nəticə etibarı ilə işğalçı siyasət yeritmiş və bir çox qətliamlara səbəb olmuşdur. Yaponiya da eyni işğalçı siyasəti yetirmiş və Böyük Yaponiya İmperiyası yaratmaq üçün Orta Asiyada geniş miqyaslı qırğınlar törətmişdir. Romanda yazıçının Yaponiyanın tarixi keçmişinə nihilist münasibəti, keçmişə ironiyalı və şübhəli baxışı postmodernizmin nəzəri prinsiplərindən biridir ki, C.Canet bu prinsipi metatekstuallıq adlandırır. Təyyar Salamoğlu C.Canetin fikirlərinə əsasən qeyd edir ki, metatekstuallıq "mətndə özündən əvvəlki mətnin izahı və çox vaxt ona tənqidi münasibət”dir. Romanda müşahidə etdiyimiz zaman müddətində qoyunun 3 bədəni ələ keçirməsi izənilir. Ceymson "ədəbi mətnlərin siyasi nöqteyi-nəzərdən təhlil edilməsinin bütün oxuma və təhlillərin mütləq üfüqi” olduğunu elan edərək, Lyotarda qarşı metanarrativlərin ortandan yoxa çıxmadığını, əksinə "politik şüuraltı”nı formalaşdıran alleqorilər şəklində yeraltında genişlənib güclənməkdə olduqlarını müdafiə edir. Ceymson nəzəriyyəsini əsas tutaraq romanı təhlil etdikdə və yaxud oxuduqda izlənilən hər tarixin – ulduzlu qoyunun əvvəlcə qoyun professorunun bədəninə girməsi və onu tərk etməsi, sonra sağçı partiyanın üzvü Senseyin bədəninə girməsi və Senseyin böyük krallıq qurması, sonda isə Senseyin bədənini tərk edən qoyunun Siçovulu ələ keçirməsi və Siçovulun intihar yolu ilə qoyunu məhv etməsi kimi məsələlərin Yaponiyanın siyasi-tarixi hadisələri ilə bağlılığı meydana çıxır. Yaponiyanın İkinci Dünya müharibəsində məğlubiyyətindən sonra ABŞ-ın dəstəyi ilə Sensey güclü bir krallıq-sistem qurur. Murakaminin bəhs etdiyi kimi sistem bütün kütləvi istəyi ələ keçirmiş təhlükəli bir maşındır. Senseyin amerikan əsilli köməkçisi krallıqlarını belə izah edir: "Güclü bir yeraltı krallığı. Hər şeyi qoyduq içinə. Siyasət, maliyyə, kütləvi informasiya, bürokratiya, mədəniyyət, ağlınıza belə gətirə bilməyəcəyiniz hər cür şey. Özümüzə inanılmaz dərcədə qarışıq bir təşkilat yaratdıq”.
 Romanda şəxsiyyət axtarışı və həqiqət, valideynlərlə problemli münasibətlər, tarixi hadisələr və indiki zaman, kapitalizm tələsi, marjinal xarakterlər, sürreal və musiqili əlaqələr bir-birinə qarışmış şəkildə xaos yaratmaqdadır. Xaos, qarışıqlıq, sintez, montaj, kollaj, meta-hekayət kimi postmodernizmin əsas xüsusiyyətlərini özündə cəmləşdirən romanda müasir yapon cəmiyyətində insanın özgələşməsi istehlakçı mədəniyyətin, avtoritar-totalitar rejimlərin təbiəti ilə əlaqələndirilir. Bütün siyasi-ideoloji rejimlərə xas olan özgələşdirmə xüsusiyyəti insanı cəmiyyətdən, təbiətdən, öz mahiyyətindən özgələşdirməyə yönəlmişdir. Müəllif əsərində dünyanın insanları standartlaşdırma qəliblərinə salınaraq fərdləri bir-birindən fərqləndirən cəhətlərdən məhrum etməyə yönəlmiş təzyiqlərinə dözməyərək insanın postinsana çevrilməsini qələmə almışdır. Romanın adsız qəhrəmanı Boku suallarla dolu dünyasında varlığının anlamını axtarır. Bu axtarış onu dünyaya gəlişindən öncəki dövrlərə geri aparır. Boku cavab tapa bilmək üçün gerçəkləri geridə qoymalı (tərk etməli) olduğu bir şey axtarır. Nəticədə insanların özlərinin seçmədiyi yönlərdə irəlilədiyinin, arzulamadığı işləri gördüyünün və hər zamana hiss etdiyi kimi sərbəst iradənin heç bir anlamının olmadığı xaosa yuvarlanır.