Artkaspi.az
saytı Roberto Bolanyonun "Qısa
hekayə yazmaq sənəti haqqında" tövsiyələrini təqdim
edir:
Artıq
qırx dörd yaşımda olduğuma görə qısa hekayələr yazmaq haqqında tövsiyyələr verə
bilərəm.
1) Əsla
bir cəhddə qısa hekayə yazmağa həvəslənməyin. Əgər tək bir cəhdlə qısa hekayə
yazmaq istəsəniz, səmimi desək, ömrünüzün axırına qədər o hekayəni
yazacaqsınız.
2) Ən
yaxşısı bir oturuşa dörd-beş qısa hekayə yazmaqdı. Hətta bacarsanız, doqquz-on
dənəsini yazın.
3) Diqqət!
Bir oturuşa iki qısa hekayə yazmaq həvəsi bir cəhddə bir qısa hekayə yazmaq qədər
təhlükəlidir. Bu ovsunlayıcı istək aşiq və onu iki nəfər kimi göstərib
melanxoliya yaşadan güzgüsünə bənzəyir.
4) Horasio
Quiroga, Felisberto Hernandes və Xorxe Luis Borxes oxuyun. Xuan Rulfo və Aqusto
Monterroso oxumalısınız. Bu yazıçılara heyran qalanlar heç vaxt Kamilo Xose
Sela və ya Fransisko Umbral oxumayacaq. Əksinə, Xulio Kortazar, ya da Adolfo
Bioy Kasares oxuyacaq, ancaq heç vaxt Xose Sela, ya da Umbral oxumayacaq.

5) İstəyirəm
bunu bir daha təkrar edim: əsla və əsla Sela və Umbralı oxumayın.
6) Qısa
hekayə yazarı gözü qara olmalıdır.
7) Qısa
hekayə yazanlar Petrus Boreli oxumaqla təkəbbürlənirlər. Əslində, bir çoxu məhz
Boreli təqlid etdiyinə görə dillərə düşüb. Dəhşətli bir yanlışlıqdır! Onun
yazarlığı yerinə geyim tərzini təkrarlasalar, daha yaxşı olar. Borel haqqında
çox az şey bilirlər. Teofil Quter haqqında da. Elə Cerard de Nerval haqqında da
həmçinin.
8) Gəlin
bir şərt kəsək: Petrus Boreli oxuyun, Petrus Borel kimi geyinin və bunlarla
yanaşı, Renard və Marsel Şvob oxuyun. Şvobu hökmən oxumalısınız. Ardınca
Alfonso Reyesi mütaliə edin, daha sonra Borxesə keçin.
9) Həqiqətən,
Edqar Alan Po qədər sizə kömək edən heç kim olmayacaq.
10) 9-cunu
bir daha yaxşı-yaxşı düşünün. Hətta daha yaxşı düşünmək üçün dizlərinizin üstünə
çökün, çömbəlib düşünün.
11) Bir neçə yazıçını və kitabı da tövsiyyə edə
bilərəm. Məsələn, "Ucalıq haqqında”. Lord Brooke tərəfindən yazılan bəxtsiz
Filip Sidneyin sonetləri, Edqar Li Mastersin "Spoon çayı antologiyası”, Enrike
Vila-Matasın "İbrət götürüləcək intiharlar”ı və
Xavier Mariasın "Qatınlar yatarkən” kitabı.
12) Bu
kitabları oxuyun və mütləq Çexovla Raymond Xarveri mütaliə edin. Çünki bu iki yazıçı 20-ci əsrin ən böyük
yazıçılarıdır.
Tərcümə
edən: Rəvan Cavid