Biz imzaları yox, əsərləri dərc edirik...

Qəhrəmandan xilas – Fərid Hüseyn yazır
225
18 İyul 2019, 09:24
  Artkaspi.az saytı Fərid Hüseynin "Qəhrəmandan xilas” yazısını təqdim edir:

  Tam anlamaq

  Annanı ittihamçı ovqatında, günahlandıran rolunda gördükdən sonra bəlli olur ki, daha onun da məhəbbəti əvvəlki qüdrətində, gücündə deyil. Tolstoy, əslində, hər iki tərəfin məhəbbətinin azalmasını, problemlərin onların sevgilərini də zədələdiyini göstərir. Əsərin bu hissəsinə qədər biz Vronskini mətin, taleyinin sahibi, etdiklərinə cavabdeh, sevdiyi qadına tam sahib, ən əsası yaşadıqlarına görə peşman olmayan biri kimi görürük. Ancaq bu hissədə müəllif yazır ki, Vronski peşman idi və onu bu ağır vəziyyətə Anna Karenina saldığına görə peşman idi. Və Tolstoy oxucunun yanıldığını da göstərmək istəyir. Müəllif başa salır ki, siz ancaq obrazın taleyini oxuyur, o barədə düşünürsünüz, sizlər – mütaliə edənlər – hadisələrə kənardan baxırsınız, olanları hadisə, süjet kimi qiymətləndirirsiniz, ancaq obrazların qəlbindəkilərini, yaşdıqlarını tam bilmirsiniz. Bu detalla da göstərmək istəyir ki, onun baş qəhrəmanları sadəcə obraz deyillər – onlar canlı insandırlar, sizin oxuduğunuzsa əsər deyil – həyatın özüdür. Həyatı da, insanı da sonacan anlamaq və qiymətləndirmək mümkün deyil. Bəs biz oxucular haradan bilirik ki, obrazların taleyi haqqında yanılmışıq. Tolstoy Anna ilə Vronskinin bir-birindən narazılığı haqqında yazarkən qeyd edir ki: "Bu, daxili narazılıq idi”. Yəni, sizlər bütün olanlara kənardan baxırsınız, Vronkinin taleyi ilə barışdığını zənn edirsiniz, ancaq müəllifin təqdim etdiyi Vronskinin zahiri həyatı ilə tanışsınız, əsas məsələ isə qəhrəmanların içərisində gedir: "Onları bir-birindən ayıran narazılığın zahiri səbəbi yox idi və bunu aydınlaşdırmağa nə qədər çalışsalar da, narazılıq aradan qalxmır, əksinə, daha da artırdı. BU DAXİLİ NARAZILIQ İDİ, Anna Vronskinin məhəbbətinin azalmasından narazıydı, Vronski Annanın xatirinə özünü ağır vəziyyət saldığı üçün peşmanlıq çəkirdi. Anna Vronskinin bu vəziyyətini yüngülləşdirməkdənsə, onu daha da ağırlaşdırdığı üçün narazılıq getdikcə artırdı. Nə Anna, nə də Vronski öz narazılıqlarının səbəbini açıb demir, ancaq bir-birini haqsız hesab edir və əllərinə fürsət düşən kimi bunu bir-birlərinə sübut etməyə çalışırdılar”. 
 
 
 
  Roman sona yaxınlaşdıqca müəllif, sanki, sonralar baş verəcək faciəni əsaslandırmağa – labüdləşdirməyə çalışır. Hərçənd ki, Tolstoy Annanın ölümünün səbəbi barədə ona sual verəndə deyib ki, "o özü-özünü qatarın altına atıb”. Yəni müəllif qəhrəmanın taleyinin ancaq ondan asılı olmadığını vurğulayıb. Bu barədə az əvvəl də danışmışdıq. Eyni məsələyə təkrar qayıdış isə səbəbsiz deyil. Deməli, əsər sona yaxınlaşdıqca təbii olaraq, dramatizm artır, problemlər çoxalır, roman psixoloji cəhətdən ağırlaşır, sarsıntıların mənzərələri genişlənir.  Özü də bu ağırlıq daha çox Anna obrazında cəmlənir. Anna Kareninanın artıq psixoloji problemləri, qısqanclığı, təkliyinin yaratdığı düşüncələr meydana gəlir və bu da özü-özlüyündə faciəyə aparan xətti "qalınlaşdırır”: "Anna üçün Vronski özü, onun bütün vərdişləri, arzuları, bütün mənəvi və cismani xüsusiyyətləri bir şeydən – qadınlara məhəbbətdən ibarət idi, Annaya görə yalnız ona yönəlməli olan bu məhəbbət azalmışdı; deməli, Annanın fikrincə, Vronski məhəbbətinin bir hissəsini başqalarına, yaxud başqa bir qadına salmalıydı. Buna görə də Anna qısqanırdı. Anna onu hər hansı bir qadına Anna xeyli, məhəbbətinin azalmasına qısqanırdı. Qısqanclıq üçün əsas olmadığından o bu əsası axtarırdı. Anna xırda bir şey üçün cürbəcür bəhanələr gətirib qısqanırdı. Vronskini gah subay sayıldığı üçün asanlıqla tovlaya biləcəyi kobud qadınlara, gah görüşə biləcəyi kübar qadınlara, gah da xəyalında yaratdığı, Vronskinin ondan ayrılıb evlənmək istədiyi qıza qısqanırdı Bu son qısqanclıq ona hər şeydən çox əzab verirdi.  Xüsusilə ona görə ki, Vronskinin ürəyini açdığı dəqiqələrdən birində ehtiyatsızlıq edib anasının onu başa düşmədiyini və knyajna Sarokinayla evlənmək üçün onu dilə tutduğunu demişdi. Anna Vronskini qısqanaraq ona acığı tutur və hirsini ona tökmək üçün hər şeydə bir bəhanə axtarırdı. Vəziyyətinin acınacaqlı olduğu üçün o, Vronskini günahlandırırdı. Moskvada dişini sıxa-sıxa yaşayaraq keçirdiyi əzablı intizarı, Aleksey Aleksandroviçin qətiyyətsizliyi və astagəlliyini, öz tənhalığını – hər şeyi onun boynuna yıxırdı. Əgər o sevsəydi Annanın vəziyyətinin çox ağır olduğunu anlar, onu bu vəziyyətdən çıxarardı. Annanın kənddə deyil, Moskvada yaşamasının da günahı ondaydı, Vronski Annanın istədiyi kimi kənddə batıb qalaraq yaşaya bilmirdi. Vronskiyə cəmiyyət lazım idi və Annanı bu dəhşətli vəziyyətə o salmışdı. Üstəlik Vronski bunu anlamırdı. Annanın öz oğluyla əbədi ayrılmasının da günahkarı o idi”. 
  Annanın psixologiyasının yerində olmadığı başqa bir məqamda da üzə çıxır: Anna gah birdən-bir yumşalır və düşünür: "Günah məndədir, onu əsəbiləşdirirəm, boş yerə qısqanıram, Onunla barışacağam, sonra birlikdə kəndə gedərik, onda daha sakit olaram”, gah da durduq yerə əsib-coşur: Uşaqlara olan, onun naminə qurban verdiyim Seryojaya olan məhəbbətimi o anlaya bilməz.... Yox, o başqa qadını sevir, başqa cür ola bilməz”. Onlar kəndə getmək üstündə dalaşanda Anna əsassız yerə düşünür: "O mənə nifrət edir bu, aydındır. Mən sevmək, sevilmək istəyirəm, o isə daha məni sevmir. Deməli, hər şey bitmişdir”
  Dava-dalaş səhnələri əsər irəlilədikcə daha da şiddətlənir: "At məni at... Axı mən kiməm. Pozğun bir qadın. Sənin boynundan asılmış bir daş. Sənə əzab vermək istəmirəm, istəmirəm!. Əl çəkirəm səni, rahat nəfəs ala bilərsən. Sən məni sevmirsən, sən başqasını sevirsən”. Yaxud əsərin başqa bir yerində Anna Vronski barədə düşünür: "Bəli, o daha ikiüzlülük etmir, mənə nifrət etdiyini açıq-aşkar göstərir”.
  Müəllif Vronski və Anna Kareninanın ailə münaqişələrinin, söz-söhbətlərinin fonunda, əslində, məhəbbətin adiləşməsini göstərir. Çünki dava-dalaş mühitində, söz-söhbət zamanı tərəflər bir-birinə olmazın sözlərini deyirlər, bu cür insanları bir-birindən incik salan rəftarlar məhəbbətin də axırına çıxır. Dava olana qədər tərəflərin arasında pərdə olur, onlar hələ bilmirlər ki, bir-birlərinə nəyi deyə bilərlər, nəyi yox. Dava isə insanların bir-birinə nə deyə biləcəklərini aydınlaşdırır. Bu aydınlıq tərəflərin münasibətinin axırına çıxır.
  Ancaq əsər irəlilədikcə, ailə münaqişələri artdıqca, konflikt kəskinləşdikcə müəllif göstərir ki, Anna ilə Vronskinin davalarında məhəbbət özü ayaq altında qalıb tapdanır, onların qeyri-adi taleyi çoxlarının yaşadığı adi taleyə dönür, onlar qeyri-adi qurbanlar verib qovuşsalar da bəsit reallıqlarla acizliklə hesablaşmalı olurlar. əgər belədirsə onların başqalarından fərqi nədədir?
  Məhəbbət ən çox sevişmə zamanı, bir də məhəbbət münaqişələri vaxtı adiləşir. Sevişəndə bədənlərin çılpaqlığı bir başa bir-birini sevən müqəddəs ruhlara təsir edir, tərəflərin  bir-birinə olan saf niyyətlərinin pərdəsi açılır, məhəbbəti qoruyan ehtiyatlılıq, utancaqlıq hislərinə artıq yer qalmır. Tolstoy roman boyunca bu cür adiləşmələri də əks etdirmir. Sadəcə "qadınla kişinin arasına baş verə biləcək hadisə baş verdi” yazıb bu məsələnin üstündən sükutla keçir. Davada, münaqişədə isə hörmət, çəkingənlik məhv olur. Beləcə tərəflər heç zaman deyilməsinə ehtiyac olmayan son sözlərini də dilə gətirirlər. Bir tərəfin digər tərəfə sirli, maraqlı edən məsələlərdən biri də "ona nəyi demək olar, nəyi demək olmaz” ehtiyatlılığıdır. Elə ki o pərdə aradan çəkilir, insani münasibətlər aliliyini itirir və daha heç nə əvvəlki kimi olmur. Beləcə, tərəflər bir-birinin götürə biləcəyi söz yükünün miqdarını öyrənirlər.

  İdeala canatım

  Tolstoy müəllif kimi "bəşəri xilaskar” missiyasına sadiq qalır. Adiləşməkdə olan məhəbbəti xilas etməyə çalışır. Əgər Anna Karenina özünü qatarın altına atmasaydı, onda gec-tez onun Vronsiylə aralarındakı məhəbbət adiləşib məhv olacaqdı. Anna özün öldürməklə, sanki, məhəbbəti ölümün əlindən alır. Anna Vronskini sevməklə qəlbində sevməyə güc tapıb –qəlbindəki sevgi gücünü tanıyıb, yəni o, öz məhəbbətini yaradıb. Əgər Vronskiyə nifrət etsə, aralarındakı məhəbbət davalarda sönsə, Anna, sanki, öz yaratdığını öz də öldürmüş olacaqdı. Annanın məhəbbətin ağırlığını çiyinlərində sonacan daşımağa gücü və inamı yoxdur, onu həyat həkdən salıb. Ona görə də o dalaşanda dərhal "ayrılaq”, "bir-birimizdən uzaqlaşaq” deyir. Çünki o qəfil başlayan məhəbbəti qəfil də (ölüm kimi anidən) bitirmək istəyir. Əslindəsə, münasibətləri yarımçıq saxlayır. Yarımçıq qalan çox şey, əslində, davam edir.
   Bu qəfillik – birdən haqlamaq ölümə xas əlamətdir. Anna qorxur ki, birdən Vronski, doğurdan da, onu atar, anasının ona məsləhət bildiyi qızla evlənər, yaxud aralarında getdikcə artan ailə münaqişəsi onları məhəbbətinin axırına çıxar. Annanı qorxudan budur, ona görə də o, qəfil bir qərar verməlidir. Bu qərar ya tələsik ayrılıqdır, ya da yubanmaz ölüm. Anna ikincini seçir. Çünki Vronski bütün davalarda Annanın ayrılmaq təklifini ya rəddə edir, ya da o sözlərin üstündən sükutla keçir. Ona görə Anna şüuraltı olaraq Vronskinin etməyə məcbur olmadığı bir çarə axtarır ki, həmin çarə də ölümdür. Anna yaşasaydı, bəlkə də, məhəbbət ölə bilərdi. O. Anna özünü qatarın altına atır və məhəbbəti xilas edir. Anna ölür, ancaq məhəbbəti yaşayır. Leyli ölür, Məcnun ölür, ancaq məhəbbətləri sağdır. Tolstoy da, Füzuli də qəhrəmanın deyil, idealın varisliyi prinsipini əsas götürürlər. Annanın idealı məhəbbətin varlığıdır, insanın bütün vəziyyətlərdə sevməyi və o eşq üçün hər şeyi etmək bacarığına sahib olmasıdır, Məcnunun idealı Allaha qovuşmaqdır. Bu əsərlər idealın yaşamasına xidmət edən əsərlərdir. 

  Qəhrəmandan xilas

  Romanın sonuna doğru, elə bil, müəllif Annanın ölümünə tələsir. Sanki, bu ailə davaları, bu bədbəxtliklər, bu çıxılmaz durum Tolstoyun da ruhunu sarsıdır. Müəllif istəyir ki, bu dava-dalaş, bu gərginlik bitsin. Nəyə görə belə düşünürəm? Birincisi əsərdəki son mübahisələr çox keçidsiz, birbaşa və tələsik verilir. Konflikt sürətlə kəskinləşir, pik həddə çatır və xilası ölümdə görən Anna ona doğru da yeyin addımlarla irəliləyir.  
  İkincisi, Tolstoy bu ailə münaqişələri zamanı o qədər tələsir ki, Annanın ölümünə yaxın ikinci xətti olan Kiti və Levin xəttini davam etdirmir. Çoxlu davalar olur və məlum aqibətlə Anna gözlərini dünyaya əbədi yumur. 
  Üçüncüsü, Anna Karenina romanın VIII bölməsinin son hissəsində özünü qatarın altına atır və bununla da yeddinci hissə bitir. VIII hissədən əsər yenidən xüsusi bir aramla başlayır, sanki müəllif baş qəhrəmandan canını qurtardı və rahatlığa qovuşdu. Beləcə, roman əsərin əvvəlindəki ləngərinə – asta təhkiyəsinə qayıdır. Annasız bir dünya var artıq. Ancaq həmin dünya heç də rahat, gözəl dünya deyil. Anna ölümü ilə hər şeyi həll edəcəyini düşünürdü, ancaq Vronski onsuz psixoloji xəstəliyə düçar olun, onların uşağını da Annanın əri Karenin saxlayır. Yəni Annanın izi hər iki ailədə yenə də ağrılı, unudulmaz formada yaşayır. Anna Karenina, sanki, müəllifin də beynini qarışdırıb, onun da ruhuna hakim kəsilib, onun da həyatını zülmətə çevirmişdi. 
  Dördüncüsü, Tolstoy Annangilin ailə problemləri zamanı onun ancaq ölümlə xilas olacağını düşünür. Bir necə situasiyada dediyimiz məsələyə baxaq:
  Dava-dalaş mühitində Vronski cana yığılanda düşünür ki, bəlkə də, o ərinin yanına qayıtmaq istəyir, Anna isə düşünür ki, yəqin Vronski anasının dediyi qızla evlənmək istəyir. Onlar ayrılsalar hər ikisinin həyatı hazırdır, sanki. Ancaq onların heç biri ayrılmaq istəmir. Onlar cəmi bir gün küsürlər, ancaq ona qədər elə olmamışdı ki, onlar mübahisə edəndə bu qədər küsülü qalsınlar. Anna ancaq təsəvvüründə yenidən mübahisə edə biləcəkləri halda Vronskinin ona deyə biləcəyi sözləri canlandırır. Sanki o, özünü mübahisə etməyə hazırlayır. "Vronskinin qəlbində ona olan məhəbbəti yenidən oyandırmaq, onu cəzalandırmaq və Annanın qəlbində məskən salmış şər ruhun Vronskiylə apardığı mübarizədə qalib gəlməsi üçün ölüm yeganə vasitə kimi aydın və canlı şəkildə Annanın təsəvvüründə canlanırdı”. 
  Annanın öz ölümünə münasibətində də bir qisasçılıq var: "Anna özünə həmişə içdiyi miqdarda tiryək süzərək ölmək üçün şüşənin hamısını içmək lazım olduğunu düşündükdə bu, ona elə sadə və asan göründü ki, artıq hər şey bitdikdən sonra Vronskinin necə peşman olub əzab çəkəcəyini xəyalında canlandırmağa başladı. O, gözləri açıq halda otağında uzanıb, yanıb qurtarmaqda olan şamın işığında tavanın karnizindəki naxışlara və şirmadan düşən kölgəyə baxaraq həyatda olmadığı zaman Vronski üçün yalnız bir xatirə kimi qaldıqdan sonra nələr edəcəyini təsəvvür edirdi”. 
 
 

  Sonra Anna əsər boyu onu izləyən yuxunu görür: "Saqqalı pırtlaşıq bir qoca dəmir üzərinə əyilərək nəsə edir və fransızca mənasız sözlər deyirdi. Anna həmişə bu dəhşətli yuxunu görərkən (onu dəhşətə salan da elə buydu) hiss edirdi ki, bu qoca ona əhəmiyyət vermir, dəmirin üzərinə əyilib nəsə qorxunc bir iş görür”. Bu yuxunu görmək əsərdəki gərginliyi bir az da artırır. Çünki dəmiri döyən kişi əzrailin obrazıdır. Əzrail üçün kimin canını almağı onun üçün əsas deyil, ona görə də həmin qoca Annaya baxmır. Müəllif (tale) bu yuxuya qayıtmaqla, əslində, Annanı sanki dəmir yoluna səsləyir. Ancaq bu yuxu necə bir yuxudur ki, o yuxudan əvvəl Tolstoy Annanın gərginliyini belə ifadə edir: "Anna yuxuda da hətta özünü hiss edirdi”. Belədirsə, o yuxuda da özünü hiss edirsə, deməli, o yuxu da özü-özlüyündə bir oyaqlıqdır, ayıqlıqdır – həyatın özüdür. 
Anna ilə Vronski yenə mübahisə edirlər:

  – Sabah biz  mütləq gedirik, elə deyilmi?
  – Siz gedirsiniz, mən yox, – deyə Anna ona tərəf çevrildi.
  – Buna dözmək mümkün deyil!
  – Siz... Siz buna peşman olacaqsınız.

  Anna Karenina öz ölümü ilə Vronskini peşman etmək istəyir. Fikir verirsinizsə, həm müəllifin təsəvvüründə, həm də Annanın öz dünyasında xilas üçün ölümdən başqa bir yol yoxdur. 
  Ancaq Anna Tolstoydan fərqli olaraq ölümdən qorxur. Vronski evdən gedəndən sonra tək qalmır: "Tək qalmaqdan o qədər qorxurdu ki, xidmətçinin gəlməsini gözləməyib özü onun yanına getdi”. Sonra Anna bir məktub yazır və xidmətçidən göndərir. Məktubda Anna günahkar olduğunu bildirir Vronskiyə və qeyd edir ki, evə gəlsin. Məktubu göndərən kimi: "Anna tək qalmaqdan qorxduğu üçün xidmətçinin arxasınca otaqdan çıxıb uşaq otağına getdi”. Vronski gedəndən sonra Anna tək qalmaq istəmir, çünki tək qalmaq ölümlə baş-başa olmaq demək idi. Anna aynanın qarşısına keçir və saçını nə zaman daradığını xatırlaya bilmir və şişmiş üzünə baxaraq sual verir: "Bu kimdir?” Sonra cavab verir: "bəli, bu mənəm”. Anna, əslində, keçmişi ilə indisi arasındakı dəyişikliyi görür bu sualda, ancaq keçmişindən və indisindən qaçmayaraq "bəli, bu məmən” deyir. Annanın qaça bilmədiyi bu nöqtə, – bu aldanmaz məqam da onun ölüm məqamıdır. Bir azdan Mixaylo gəlir və deyir ki, məktubu Vronskiyə verə bilmədim, O Nijeqorod yoluna tərəf gedib. Anna sonra Vronskiyə teleqram vurur sonra da gəlib oturur kresloda və qızına sual verir: "Annauşka, əzizim mən nə edim?”. Bu sual, əslində, qızına yox, həyata verilmiş sualdır. Uşaq bu sualın cavabını bilə bilməz? Anna uşağa (dünyaya, özünə verdiyi sualın) verdiyi sualın cavabını ölümdən alır. Ölüm onu öz yanına çağırır...