Biz imzaları yox, əsərləri dərc edirik...

Qaynaqçı – Qulu Ağsəsin hekayəsi
2240
13 Noyabr 2019, 14:45
 Artkaspi.az saytı Qulu Ağsəsin Aydın Əliyevə həsr etdiyi "Qaynaqçı" adlı hekayəsini təqdim edir: 
 
 Çaykovski ləqəbli qaynaqçı Aydın Əliyev dünən qapıdan içəri girəndə çox sevindim, açığı, ondan da çox təəccübləndim, amma təəccübümü mütləq gizləməliydim... Aydın dayı 18 il qabaq yazdığım hekayənin 66 yaşlı qəhrəmanıydı, klassik musiqinin əvəzsiz bilicisi yaddaşımda SƏS kimi qalmışdı. Şükürlər olsun, sağ-salamat imiş. O hekayəni siz də oxuyun, görün nə eşidəcəksiz...

 Qulu AĞSƏS

 Yəqin Oqtay Zülfüqarov adlı bəstəkarın varlığı çoxlarının yadındadı, yox, o, dünyasını dəyişməyib, yaşayır.  Sadəcə... "bir növ xatirələrdə”. Çoxdandı "unudulmuş adamlar kitabxanası”nın kataloqunda  "uyuyan” qocaman bəstəçi ötən il cavan bir  jurnalistin girinə keçmişdi. Onunla söhbətdə bir məqam diqqətimi çəkdi. Oqtay müəllim xatırlayır ki, rəhmətlik Qara Qarayevin rəhmətlik Qulu Əsgərovu görən gözü yoxmuş. Müğənni kimi yox ha, bəstəkar kimi!
 Axı adaşım həm də bir-birindən gözəl mahnılar bəstələyib. Maestronu da qəzəbləndirən elə buymuş: xanəndənin musiqi toqquşdurmağı. İradı da qədərincə tutarlıydı: Əsgərov not tanımır!.. Qara Qarayev də tarixdə qaldı, Qulu Əsgərov da! Biri dahi bəstəkar, o biri əvəzsiz xanəndə və... gözəl bəstəçi kimi!.. Oqtay Zülfüqarov danışırdı ki, sənətdə professionallıq çox şeydi, amma hər şey demək deyil. Bunu gözüylə görən adam danışır. Odu ki,  indi meydan sulayan həvəskarları tənqid eləməkdən çəkinir, qorxur bəlkə də...
 Eynən mən müsahibimdən qorxduğum kimi...
 
 

 Özü də bilə-bilə ki, neçə ildən sonra familini güclə öyrəndiyim Aydın Əliyev vur-tut qaynaqçıdı, uzaqbaşı  qaçqındı, lap belə tərifləyəsi olsam, deyərəm ki, musiqisevərdi...
 Amma vallahi-billahi, Aydın kişi musiqinin südünə də bələddi, sümüyünə də! Özü də təkcə Azərbaycan musiqisini demirəm...
 ...mühafizəkardı: "muğamı islah eləmək lazımdısa, onda gərək  Baxa, Bethovenə çoxdan əl gəzdirəydilər...”
 ...beynəlmiləlçidi: "Çaykovskidən aldığım həzzi ana laylasına tay tuturam”
 ...qəddardı: "imkanım olsa, Üzeyir bəyə əl uzadanların barmağını kəsərəm...”
 ...kövrəkdi: "küləyin ritmi də məni ağladır...”
 ...fanatdı: "svarka” eləyəndə "nauşnik”də musiqiyə qulaq asıram...”
 ...dindardı: "mənimçün Allahın bir adı da SƏSdi...”
 ...Düz bir aydı Aydın kişinin "Allahı” stolumun gözündə itkin düşüb – kaseti hara qoymuşamsa, tapa bilmirəm...
 ...Düz bir aydı Aydın kişidən yazmaq istəyirəm, alınmır, elə bil, kimsə beynimin Aydınlı sahəsini "svarka”yla kəsib atıb...
 ...Aydın məndən ötrü bu qədər aydın ola-ola!...
 ...O da mənə aydındı ki:
 – Qədir oxuyanda özü görünmür, görünən ya Allahın "musiqi” adıdı, ya "orijinal”ı;
 – Alimin zənguləsi qayıtmaq nisgilidi, amma gedir;
 – Günelin hıçqırtısı qəfil gələcəyiylə rastlaşan körpənin heyrətidi;
 – Habilin "Segah”ı o dünyada dizimizin üzümüzə qayıtmağıdı;
 – Rəmişin "Ana”sı  dünənəcən qarğıdığı dünyanı indi körpəsinə görə öpüb əzizləyir;
 – Möhlət Müslümov... Qurban Pirimovun tardan olan ciyərparasıdı;
 – Hələ su şırıltısı, hələ ildırım şaqqıltısı, hələ sevən ürəyin tappıltısı, hələ...
 ...Bunlar mənə də aydındı, Aydın əmi!
 Ondan da xəbərim var ki, birinci sinfə gedəndə artıq simfonik musiqi "bazıydın”, sinifdə çalıb oxuyurdun da: özü də ağzında – düzmü deyirəm? Sonra tar çalmaq öyrəndin, sonra gitara, sonra səni musiqi məktəbinə götürmədilər. Yaşın keçmişdi. Məcbur olub, "svarka” aparatının qulpundan yapışdın. Yalan demirəm ki? Onda qoy gerisini danışım. Qaynağın özündə də poeziya var: elə ki metal əriyir, sanki onun üstündə ekran açılır, sən bu "tablo”da uşaqlığını görürsən. Uşaqlıq deyirəm ey sənə: ərsinlə kol əyən, quş uçuran, xizək sürən... Bay,  tut çırpmaq yadımızdan  çıxdı ki! Elə bil ki, "KQB”də adam dindirirsən. Budaqlar barını xoşluqla ələ vermir. Tut çırpmısanmı, Aydın əmi? Onda onun musiqisindən danış, cəhənnəm olsun, "KQB”- filan... Tut karxanaya hansı not üstündə düşür? Niyə fikir verməmisən? Olmadı ki?
 Keçək o biri sualara: bülbülün səsi hansı musiqini xatırladır? Xalq musiqisini, – düzdü! Bəs qartalın? Üvertüranı – nolar?  Qarğanın "cəh-cəhi” yapon hokkusuna oxşayır – nə deyirəm!  Bəs mənim səsim? Bilmirsən? Bilirsən, Aydın əmi, deməyə utanırsan. Axı bizim əvvəlimiz təbiət olub, ağsaqqal, TƏBİƏT. Ancaq indi özümüzü ota, ağaca, itə, qurda oxşatmağa utanırıq. Ona görə insandan özgə hər şeyə bənzəyirik. Cavab istəmirəm, Aydın əmi, cavab məlumdu...
 Bilirsən, nəyi danış, uşaqlıq dostun şair Əşrəf Veysəlliylə  çayxanada oturmağınızı. Bu vaxtı radioyla bir veriliş səsləndirirlər ki, bəs hansısa bəstəkar, haçansa sərgidə olub, gördüyü mənzərələri nota köçürüb, indi həmin musiqidən parçaları veririk, tapın görək bəstəkar bu hissədə haranı nəzərdə tutur... Sizin də əliniz qalır üzünüzdə. Simfonik parça qurtaranda əlini üzündən götürüb dizinə vurmusan: heç nə anlamadım, elə bil, quş bazarıdı. Ardınca diktor elan eləyib ki, siz "Quş bazarı”nı dinlədiniz...
 Deyəsən, yoruldun, ağsaqqal. Bir az da mən gap eləyim: dağ çayı sənə qadın səsini xatırladır,meşə ağaclarının uğultusu polifoniyanı, himnimiz (səncə) okeana qovuşmayan dəniz kimidi, torağay nəğməsinisə sanki özün bəstələmisən...
 Mühafizakarlığını bayaq bir cümləylə dedim. Aydın kişi Üzeyir bəyə " Fikrət Əmirov artırması”nı bəyənir. Heç Alimin Fransada "fransızca” oxumasına da pis baxmır. Amma bir şərtlə: Azərbaycan muğamını Azərbaycanda  Azərbaycanca oxumaq lazımdı. Bundan başqa, milli musiqimizin qeyri-milli alətlərlə ifasına yol vermək olmaz. Yoxsa, ara qarışar, məzhəb itər. İndiki təki...
 Körpə səsi, uşaq səsi, yeniyetmə, uşaq, cavan, ağsaqqal səsi... Heç  gör bir-birinə oxşayır? Bəs o nədi, deyirlər, filankəsin səsi qırx ildi həmən həməndi?! Aydın əmi deyir, adam var ki, səsinin yağı  qurtarıb, "çarxın dişləri” sürtür, amma səhnədən düşmür. Niyə "yağlı” xanəndələr də var: Sara Qədimova, Arif  Babayev... Amma təbiətin səsi dəyişmir. Siz heç "ölüm ayağında su şırıltısı” eşitmisiz? Mən eşitmişəm, Aydın əmi! Novlu kəhrizin çayın o üzünə adlayan borusuna xəzəl tökəndə suyun "içini çəkməyinin” şahidiyəm! Evimizin qabağındakıı  yasəmənə "aşiq olan” pişiyin üstünə su əndərib, onu "məşuqəsindən” perik salandan sonra "yasəmən xanımın” rənginin avazıdığının şahidiyəm! Mahnısı yarımçıq kəsilən ala inəyin qurutduğunun şahidiyəm! Qoduğu qonşumuz Firdosinin maşının altında xurd-xəşil olan  eşşəyimizin zar-zar ağladığının şahidiyəm! O inək də, haşa üzündən, o eşşək də sonralar səsini itirdi,” xaric oxumağa” başladılar...
 Bunu düz demədin,  Aydın əmi! Qoy bir söz də soruşum: Allahdan 124 min – nə az, nə azacıq – peyğəmbərə ün gəlib ha,  görən O-nun səsi nəyə oxşayırmış? Bilmirsən, amma inanırsan ki, O SƏS sənin indiyəcən eşitmədiyin musiqidi...
 Ona da qəti əminsən ki, musiqi, incəsənət xalqa məxsus deyil, onun konkret yaradıcıları var, onları qorumaq, öyrənmək, sevmək lazımdı. Xalq... xalq həmişə olub, olacaq da!
Sənin bir fəlsəfən də var: deyirsən, "musiqi üstünə şəkər tozu qatılmış şəkərdi, hamı başından yalayıb "bəh-bəh” deyir, altdan xəbəri olan yoxdu...”
Sənin bir "bədbəxtçiliyin” də var: ömrünü girov qoyduğun "hobbi”nin ancaq zəhərini dadmaqla məşğulsan, qara gündən ötrü elədiyin çax-çuxun da plastinkalara, kasetlərə, kitablara gedir: amma nə şöhrətin var, nə də bir parça diplomun; uşaqlarına da "svarşık” Aydının oğlu (qızı) deyirlər...
 ...Və sənin bir sirrin də var – düzdü, kişi kişinin sözünü danışmaz, odu ki, yazıram: övladların səni "balacanlı ata” kimi tanıyırlar, halbuki, sən TƏNHASAN, hərdən sənə elə gəlir ki, HEÇ KİMİN yoxdu, 66 yaşında da xəyallardan qopa, musiqi dünyasından ayrıla bilmirsən.
Səni bu dünyadan hansı "svarka”yla kəsib qoparıblar, Aydın kişi?..
 Səni o dünyaya hansı musiqiylə "yapışdıracaqlar?!”
 Niyə dinmirsən?!
 ...sən allah, bağışla,  bayaqdan qulağındakı "nauşniki” görmürəm.
Qulağın  dinc  olanda  gəl  bir  dərdləşək...     
 
                                                                                                     2001