Biz imzaları yox, əsərləri dərc edirik...

Puşkin və Puqaçov – Marina Svetayeva
668
06 Dekabr 2018, 10:44
 Marina Svetayeva  
 
Puşkin və Puqaçov 
 
  I
 
  Səslənməsi mənasından daha sehrli olan, ilk anda mahiyyətini büruzə verib təqdim edən, aydın şəkildə qavranılan, heyvanlara və uşaqlara məxsus lətif dili ilə duyulan sehrli sözlər var... 
Yəqin ki, həmin sözlər hər kəs üçün müxtəlif məna kəsb edir.
  Mənim bu qəbildən istifadə etdiyim söz hər zaman "Başçı” olmuşdur.
Əgər yeddi yaşım olarkən yuxunun yeddinci qatında məndən "Hansısa əşyanın adını, Saveliçin, poruşik Qrinyovun, çariça II Yekaterinanın kim olduqlarını” soruşsaydılar, dərhal "Başçı” deyə cavab verərdim. Elə indi də "Kapitan qızı” mənim üçün eynilə əvvəlki adı ilə adlanır. 
  Qəribədir ki, uşaqlıqda, (elə indi də) mənim kimi rahatca aldadılan, fərasətsiz, sadəlövh insan elə bu zaman – çovğun küləklərin arasından yaxınlaşan qaraltını sezdikdə dərhal diqqətimi cəmləyərək başa düşdüm ki, bu, "kötük və ya canavar” deyil, məhz odur. 
  Bizə tərəf hərəkət edən yad qaraltının iki dəqiqə sonra insan olduğu bilindi. Gələn adamın isə sürücünün tərifinin əksinə, "yaxşı adam olmadığını” əvvəldən bilirdim. Bu, olduqca tanış gələn yad qaraltı qəddar, qorxulu-adama bənzəyirdi. 
Mən başçını yeddi illik həyatım boyu hər zaman gözləmişəm.
  Bu, yolun və dəhlizin hər döngəsində, meşənin hər bkolunun arxasında və küçənin hər tinində rastlaşacağımız, uşaqların və şairlərin evinə qovuşarkən yaşadığına bənzər möcüzə, uğrunda bütün doğma məkanlardan vaz keçdiyimiz həmin o ev idi. 
  İstər rus, istər qeyri-rus nağıllarından və elə həmin Märchen unseres Lebens und Wesens1 (Həyatımızın və var mövcudluğumuzun sirri (almanca)) dən yadda qalan həmin naməlum qaraltının üstəlik Başçı olduğu məlum olduqda artıq iş-işdən keçmiş, olan olmuş, əhd-peyman bağlanmışdı. 
  Yuxuda Qrinyovun atasının yerinə uzanan yalançı atanın, daha dəqiqi qarasaqqallı mujikin mənə gülümsünərək baxdığını gördüyüm həmin dəqiqədən Başçıya aşiq oldum. Və mujik baltanı götürərək sağa-sola yellədiyi zaman bildim ki, mən, daha doğrusu, Qrinyov salamat qalacağıq. Eyni zamanda yuxudakı kimi qorxur, qorxunun cəzasızlığından zövq alırdım (Yuxuda son saniyədə uçacağını bildiyin üçün qatili qıcıqlandırmaq məqsədilə addımlarını qəsdən yavaşıdırsan). Vahiməli mujik məni nəvazişlə çağıraraq "Qorxma! Yaxınlaş, sənə xeyir-dua verim!” dediyi zaman mən artıq həmin xeyir-duanın eşidərək qışqırırdım: "Get də, get. Get burdan! Get onu sev!”. Özüm də bu mujikin onu sevdiyini Qrinyovun başa düşmədiyi üçün (Qrinyov, ümumiyyətlə, heç nə başa düşmür) möhkəm ağlamağa hazır idim. Hamını vurur, onu isə sevir. Bu, ona bənzəyir ki, sanki canavar pəncəsini sənə uzadır, sənsə həmin pəncəni kənara itələyirsən.
 
 
 
 

  Başçı isə noxud kimi yumru, şirəli almanın gümüşü boşqabda öz-özünə söhbəti kimi zərb məsəllərlə zəngindir. Hikmətli sözləri, hətta onların başqa məsələ – əsas məsələdən bəhs etməsini də başa düşmürdüm və düşməyə də çalışmırdım. Bu, həyatımda həmin mövzuda – başqa sözlə desək, iyirmi il sonra mənə aşağıdakı sətirləri yazdıran ilk söhbət idi (həm də sonuncu!).
  Şairin söhbəti heçdən yaranır.
  Söhbət uzaqlara aparır şairi...
  Başçını uzağa apardığıtək...
  Deməliyəm ki, hətta ikinci, üçüncü, lap artıq hadisənin necə olacağını əzbərdən bildiyim yüzüncü oxunuş zamanı belə, mən yenə də qorxudan titrəyirdim ki, birdən Qrinyov Başçıya çay əvəzinə araq süzməz, ya da axmaq Saveliçə qulaq asıb dovşan xəzi verməz. Aman Tanrım, artıq neçə ədəd xəz Başçının çiyinlərində köhnəlmişdi!
  Elə kitablar var ki, az qala canlıdırlar, amma hələ də oxumadığın üçün səndə qorxu yaradır. O, artıq dəyişib, çay kimi məcrasından çıxıb. Eynən çay kimi gəlib və gedib. Kimsə eyni çaya iki dəfə ayaq basmaz, bəs eyni kitaba iki dəfə kim aludə olar?)
  ...Sonra isə, məlum olduğu kimi Başçı yoxa çıxır – yeraltı çay kimi yerin altına axır. Onunla birlikdə mənim marağım da heç olur. Mən bunu vicdanla, bircə sətir də buraxmadan, sadəcə gözlərimlə oxuyur, Başçının iştirakı olmadan (uşaqlıq illərində özünlə su götürmədən gəzməyə getmək kimi), komendantın, Vasilisa Yeqorovnanın, Şvabrinin, zəhləmgetmiş Marya İvanovnanın, (həmin axmaq Maşanın atəş səsi eşidən kimi ürəyi gedirdi. Onun haqqında danışarkən "olduqca solğundur” ifadəsini işlədirdilər), mənim üçün heç bir əhəmiyyət kəsb etməyən mühitlərində hələ neçə çap versti gedəcəyimi düşünürdüm. 
  Qəribədir ki, nə duel məni Başçının yoxluğu ilə barışdırmadı, nə də Qrinyovun Maşaya sevgi etirafı bircə saniyəlik belə olsun fikrimdəki qara saqqallı, qara gözlü adamı yadımdan çıxarmadı. Mənim bütün sevgim eyni hədəfə yönəlmişdi. Onların sevgi macərasının mənə dəxli olmasa da qəzəbimə səbəb olurdu: "Puqaçov var ikən Qrinyov Marya İvanovnanı, Marya İvanovna da Qrinyovu necə sevə bilər?”
Qrinyovun atasının oğlunun evlənməsinə qadağa qoymaq məqsədilə sərt şəkildə qələmə alınmış məktubu məni kədərləndirmədi, əksinə sevindirdi: "bəlkə bu dəfə o qızdan uzaqlaşıb yenidən Başçı ilə rastlaşar, artıq heç zaman ondan ayrılmaz və (mən artıq sonun necə olacağını bilirdim) onunla birgə edam edilər. Maşa isə Şvabrinə ərə gedər: ona bu da azdır”.
  Mənim "Kapitan qızı”mda kapitan qızı yox idi. Mən hətta indi də bu adı nə kapitanın, nə də qızın varlığına ehtiyac duymadan ən adi söz kimi neəcəgəldi deyirəm. "Kapitan qızı”ndan danışsam da, "Puqaçovu” düşünürəm. 
  "Kapitan qızı” mənim üçün Qrinyovla Puqaçovun əyani şəkildə görüşməsini əks etdirir: (sonradan yoxa çıxan) Başçı ilə şaxtada, mujiklə yuxuda, yalançı ilə komendant evinin artırmasında baş tutan görüşü... burada fasilə verək:
  "Məni yenə də yalançının yanına gətirib qarşısında diz çökdürdülər. Puqaçov damarlı əlini mənə uzatdı”.
Bəlkə, burda da mən (o dəhşətli yuxuda olduğu kimi) Qrinyova Puqaçovun əlini öpməsini təlqin etdim? 
And olsun ki, yox. Çünki yaxşı anlayırdım ki, həmin anda hökmdar olan Puqaçov bəlkə daha çox zalım idi, ya da daha artıq – həyat və ölümdü. Beləliklə, hədsiz sevgimə baxmayaraq, sevgimin xatirinə belə əl öpməyi bacarmadım. Məhz sevgim mənə əmr edirdi ki, onun kimi güclü, şöhrətli və vəhşinin əlini öpmədən öpüşü başqa istinad üçün saxlayım. Bundan başqa, ətrafdakıların: "əlini öp! əlini öp!” – pıçıldamasını eşitdikdən sonra aydın məsələdir ki, mən əl öpməli deyildim. Mən bu cür yekdil pıçıltıları ömrüm boyu dəyərləndirmişəm. Buna görə də İvan Kuzmiç də, İvan İqnatyeviç də, həmçinin biz hamımız – and içən və bəzi özünü asanlar da haqlı idik. 
  Düşünürəm, görəsən, mən Puqaçova qəzəblənib, edamlara görə ona nifrət edirdimmi? Yox. Ona görə ki, onları edam etməli idi – çünki o, canavar idi, oğru idi. Çünki onları edam etsə də, əlini öpməyən Qrinyovu bağışladı, dovşan xəzinə görə bağışladı. Daha doğrusu, borclu borclunun sağlığını istər deyib, "Minnətdarlıq” ərz etdi. Caninin minnətdarlığı. (Puqaçovun cani olduğuna heç zaman şübhə etməmiş, hətta bunu o hələ naməlum qaraltı olduğu zamandan bilmişəm). Bu barədə "İncil”də də yazılıb: peşman olmuş günahkara görə göylər də sevinəcək, onlarla günahsız müqəddəslərə görə olduğundan daha çox. Bu, Məsihin dilə gətirdiyi sözlərin ən cazibədarı və ən məşumudur.
  Amma bir məsələ də var. Puqaçovun yanına birbaşa Qrimm nağıllarından, Polevoydan, Perrodan gələn mən, hər bir uşaq kimi vəhşiliklərə adət etmişdim. Məgər uşaqlar balaca oğlanların başlarını qoparmaq istəyən Adamyeyənə nifrət edirdilər? Yox, onlar sadəcə olaraq qorxurdular. Ya da bəlkə Verliok və ya Zmey-Qorıniçə nifrət bəsləyirlər? Hasarına ölü başları düzülmüş Baba-Yaqaya necə? Bütün bunlar əsl qorxu mühitidir, onlarsız nağıl nağıla bənzəməz, zövq alınmazdı. Uşaq üçün nağılda qəddarlıq olmalıdı. Uşaqlıqda oxuduğumuz bu qəddarlıq da (ondan sonra da) Puqaçovun qəddarlığı idi. 
  Uşaqlar ancaq xəyanətə, satqınlığa, vədini sındırmağa, pozulmuş şərtə nifrət edir. Çünki uşaq sözünə hər kəsdən daha artıq sadiqdir və deyilən sözə inanır. Söz verdi, amma əməl etmədi, öpdü amma xəyanət etdi. Mən Başçıya nə üçün nifrət etməli idim? Puqaçov kiməsə yaxşı olacağına dair söz verməmişdi, əksinə söz vermədən, tərsini vəd etsə də yaxşı insan olduğu məlum olmuşdu. Bu, mənim qəddarlıqla ilk görüşüm idi, o isə xeyirxah imiş. Bu hadisədən sonra ürəyimdə onu yaxşı insan olduğuna şübhə yarandı. 
Başçı qəlbimdə həvəslə şeir deyirdi: Puqaçov şeytanlar və Polevoyun nağıllarında oxuduğum çumaklarla (çumaklar – Ukrayna və Cənubi Rusiya ərazilərində XVI-XIX əsrlərdə ticarətlə məşğul olan xalq – X.N.) birlikdə. Çumaklar əcinnə imiş. Deyəsən, onlar komanı da yandırmışdılar. Amma digər mujikin çuqununda tonqal yerinə qızıl onluqlar odlanırdı. Bütün bunlar – tonqal, zəncir, kumaç, çumak eyni qorxunc cümlədə birləşirdi: Süst görünüşlü Puqaç Başçıdır. 
  Amma Qrinyovla Puqaçovun növbəti görüşlərinə keçməzdən əvvəl, mən ilk mütaliədən Puqaçovun komendant evinin artırmasında dayanmış Başçını tanıdım. Qrinyov onu necə tanımaya bilərdi? Və əgər, həqiqətən də, tanımamışdısa ona qarşı necə təkəbbürlə yanaşmaya bilərdim? Həmin yuxudan sonra o qara şən gözləri unutmaq olardımı? 
 
 
  ***
 
  "Gözlərim önündə qeyri-adi mənzərə canlandı: üzərinə ştof (Ştof – böyük ölçülü badə, cam. Rusiya imperiyasında ölçünün metrik sistemi olmamışdan mayenin həcmini hesablayan vahid. Əsasən, şərab-araq kimi içkilərin qədərini hesablamaq üçün istifadə edilirdi – X.N) və stəkanlar düzülmüş stolun arxasında Puqaçov, on nəfər papaqlı, şərabdan keflənmiş, güllü köynəkli, qırmızı yanaqlı, parlaq gözlü kazak starşina əyləşmişdi. Aralarında nə Şvabrin, nə bizim uryadnik (Uryadnik – kiçik çavuş, onbaşı. Rusiya ordusunda dəniz zabiti. – X.N.), nə də xainlər yox idi”.
  Demək, ancaq özünkülər toplaşmışdı, özünkülərin çevrəsində isə Puqaçov özünə həmdəm hesab etdiyi Qrinyovu çağırdı. Öz sıralarına əlavə etmək arzusundaydı? Yoxsa hesablaşmaq istəyirdi? Yox. Onun ətrafında xainlər onsuz da çoxdur, hətta aralarında zadəgan oğlu Qrinyovdan heç də geri qalmayanlar var. Bəs nə üçün? Bəlkə qəlbinin səsinə görə... Ağdəriliyə vurulmuş qara adam. "Quzunu sevən canavar” – deyəsən, belə nağıl var. O, quzunu sevir, yemədiyi quzunu, bəlkə, də elə yemədiyi üçün, bizim kimi qəddar olan-olmayan hər kəs, adətən, insana qarşı xeyirxahlığımıza güvənirik. Dovşan xəzinə görə minnətdarlıq əvəzinə həyatı bağışlamışdı. O, artıq sidq-ürəklə stola dəvət edilirdi. Puqaçov Qrinyovu sıralarına çağırırdı, çünki qəlbinə yatmışdı. Heç zaman ayrılmamaq üçün (səni feldmarşal təyin edərəm), yenə bağışlamaq üçün (əvvəl həyat, sonra hakimiyyət) daimi yanında görmək istəyirdi. Onun Qrinyova səbrsiz, dözülməz şəkildə birbaşa ünvanladığı suallarla, Qrinyovun verəcəyi cavabı gözləyərkən kədərlənməsinin səbəbi (Puqaçov qaşqabaqla susurdu) cavabın doğruluğuna şübhə etməsində deyil, məhz gözlədiyi cavabın verilməyəcəyinə duyduğu ümidsizlikdədir. Puqaçov bilirdi ki, Qrinyov ölüm qorxusu altında əlini öpmədiyi adama xidmət edə bilməz. Puqaçov onu da bilirdi ki, əgər bacarsaydı, Qrinyovu bu cür sevməzdi. Məhz həmin acizlik onu sevməsinə səbəb olur. Bu yerdə əbədi sözlər də səslənir: "amma mən sevirəm acizliyimi”. (Puqaçovun ətrafında qoçaqlıqda Qrinyovdan heç də geri qalmayan xeyli cavanlar var. Amma ona məhz həmin yabançı lazım idi. Arzusunda olduğu... Mümkünsüz...) Bütün bu səhnə qəlbin ümiddən son dəfə arınması üçündür. 
  Bu ölümsüz dialoqun sonuna diqqət edək:
  "Mənə sədaqətlə xidmət et, səni feldmarşal, hətta Potemkin (knyaz) edərəm. Necə fikirdi?
  – Yox, – qəti şəkildə cavab verdi. – mən anadangəlmə zadəganam. Əlahəzrət imperatriçaya xidmət etmişəm, sənə xidmət edə bilmərəm. Əgər mənə, həqiqətən də, yaxşılıq etmək istəyirsənsə, izn ver, Orenburqa gedim”.
Demək, Qrinyov Puqaçovun fədakarlığına, qəlbinin səsinin səmimiyyətinə inandı. 
Puqaçov fikrə getdi.
  " – Əgər səni buraxsam, ən azından mənə qarşı vuruşmayacağına söz verərsənmi?”
Bu sual, onun son ümidi idi.
  " – Bu barədə sənə necə söz verə bilərəm? – deyə cavab verdi. – Özün bilirsən ki, bu, mənim iradəmdən asılı deyil. Sənin əleyhinə mübarizə aparmağı tələb etsələr boyun qaçırmayacağam, əlacım yoxdu...”
  Bu cavabın mənası nə idi? Borc, köləlik, iradəsizlik.
  Bu səhnə genişürəklilik, əzəmətli olmaq yarışı idi. 
  Bu, Puqaçovun öz ürəyi ilə əyani savaşı, Qrinyovun daxilində insaniyyətin hərbi borcla üz-üzə dayanması idi. 
  Borcla üsyanın, sədaqət andı ilə quldurluğun üz-üzə dayanması. Bir də Puqaçovda insanın quldurluğa, Qrinyovda döyüşçünün uşağa qalib gəldiyi möhtəşəm təzad. 
  Puqaçov incikliyi özündən uzaqlaşdırdı, heç nəyə fikir vermədən Qrinyovu başa düşdü, təkcə hökm şəklində deyil, həm də daxilində bəslədiyi canavarcasına eşqlə azad etdi:
  " – Hara istəyirsən get və istədiyini et”. (Oxu: Etməli olduğunu)
Amma sevgiyə güzəştə gedərək hər şeyi verdikdən sonra: 
  " – Sabah mənimlə vidalaşmağa gələrsən” dedi.
Nəvazişlə:
  – Son dəfə! – deyə əlavə etdi.
  Puqaçovla Qrinyovun sadədil, adi, gimnaziya səviyyəsində, aşağıdakı epiqrafla müşayiət olunan dialoqunu Dostoyevskinin bütün ölməz dialoqlarından üstün tuturam:
Kənarı qaranlıq olan uçurumların yanındakı döyüşdə şövq var...
  Puşkin "Vəba zamanı qonaqlıq”da bizə bu barədə bəhs etmiş, "Kapitan qızı”nda bunu icra etmişdir. 
 

  ***


 Qrinyov Puqaçova ruhunun asayişi üçün lazımdı. Qaraçılar ağ dərili uşaqları bu cür sevir. Rusiya çarı ərəb İbrahimi bu cür sevib. I Nikolay isə Puşkindən bu cür xoşlanmadı. 
Bu dialoqda avtobioqrafik element var:
Puqaçov Qrinyova:
  – Əgər səni buraxsam, ən azından mənə qarşı vuruşmayacağına söz verərsənmi?
  – Bu barədə necə söz verə bilərəm?”
  " Nikolay Puşkinə:
  – Ayın 14-ü şəhərdə olsaydın, hara gedərdin?
  – Senat meydanına, Əlahəzrət!
  Ehtiraslı və təhlükəli həqiqətin həminki intonasiyası bu cür səslənir: uçurumun kənarında səyahət. Qrinyovun cavablarında biz monarxın kabinetində olmasa da Puşkinin daxilində hər zaman duyulan, ən azından onun dəftərlərinin vərəqlərindən boylanan bu intonasiyanı eşidirik.
  Amma Puqaçovdan imtina etmək Qrinyova ağır gəlirdi. Qrinyov Puqaçova minnətdar idi, bunun isə səbəbi vardı. Qrinyov Puqaçova ilk görüşdən heyran qalmışdı, bu da səbəbsiz deyildi. Qrinyovun cavabı "sevdiyindən vaz keçmək”di.
  Puşkinin Nikolaya heç bir borcu yoxdur, həm də Puşkin Nikolaya heyran deyil. Puşkinin Nikolaya cavab verməsi əsl heyranlıqdır: xoşlanmadığın şəxsdən qisas almaqdır. 
Paralel şəkildə davam edək: 
  Yalançı adam, düşmənin doğru danışdığına əmin olduğu üçün onu azad buraxdı.
  Hökumət şairi həqiqət naminə buxovladı. 
 
  ***
 
  Puqaçov Qrinyovun ilk andan hamisidir. Çünki əgər Puqaçov dovşan xəzinə görə onun həyatını bağışlayıb azad edirsə, deməli, Qrinyov özü Puqaçova – onu yola saldığı üçün minnətdardır. Əvvəlcə Puqaçov özü Qrinyova yaxşılıq etdi. 
  Qrinyovla Puqaçovun görüşü bu iki jestlə baş tutur: əvvəlcə yola saldı, daha sonra istədiyi yerə getməsinə icazə verdi. 
  – Başçı!
 
  ***
 
  Amma Qrinyovla Puqaçovun bir-birinə minnətdarlığı və alicənablığı ilə yanaşı, Puqaçov oğul hesab etdiyi, borcuna və "ağ” irqinə sədaqət bəslədiyi Qrinyova ata sevgisi duyur. (Əbəs yerə deyil ki, Qrinyovun dəyişik düşmüş ata ilə bağlı öncəgörməyə bənzəyən yuxusu Puqaçovun bütün Rusiyanın və oğlu Qrinyovun atası olmaq arzusunu əks etdirirdi.)
  Puqaçovun Qrinyova sevgisi Saulun Davidə sevgisinin inikasıdır, doğma oğlunu tapmış olsa belə oğulluğa götürdüyü şəxsə sevgisidir. Zira, həyatı bağışladıqdan sonra sadə, sonsuz sayda sevgi hədiyyə edir. Puqaçovun Qrinyova bəxşişləri tükənməzdir: səni feldmarşal təyin edərəm, Potemkin (knyaz) kimi yetişdirərəm, ata olaram, çiynimdəki dovşan xəzi ilə əvəzlədiyim qoyun dərisini də, atımı da, uryadnikə görə itirdiyi ərazini də verərəm, üstüörtülü arabaya da mindirərəm. Hətta Saveliç əmini də qozlada (Araba və fayton kimi miniklərdə sürücü oturan yer – X.N.) əyləşməsinə icazə verərəm (sözardı olaraq deməliyəm ki, əmi ona yüz il ömür arzulayır və söz verir ki, həmişə onun üçün dua edəcək), Qrinyovun saf sevgi yalanını da bağışlayaraq Marya İvanovnanı qaranlıqdan xilas edir. Lakin bu yerdə dayanaq. 
  Yalanı ifşa edilmiş Qrinyov Marya İvanovnanın keşişin qardaşı qızı deyil, Puqaçovun qətlə yetirilmiş komendantının qızı olduğunu etiraf edən zaman, Puqaçov dedi: "Sən bunu mənə deməmisən, rəngin niyə soluxdu”. Nə üçün (soluxdu)? Əlbəttə ki, Marya İvanovnanın birinin qardaşı qızı yox, başqasının qızı olduğuna görə deyil. Ona görə ki, Qrinyov yalan danışmış, onun gözündən düşmüşdü. Ən əsası isə görünür, Puqaçova etibar etməmişdi. Bu cür də qəbul etmək olar. Puqaçov da Qrinyovun atası olmağı arzulayır. Sonra da verilən ənamlara nəzər yetiririk – verən əl boş qalmaz: Qrinyova atalıq etmək icazəsi alır, ona bütün zastava və qəsrlərdən keçmək izni verir, itaətindəkilər və onunla vidalaşanların gözləri önündə yenidən başını arabadan çıxarıb deyir: "Salamat qal, əlahəzrət!”. Povestin son səhifəsində sonuncu sevgi ənamı –
  "Ailənin nəsildən nəslə ötürülən əfsanələrindən məlumdur ki, Qrinyov onu kütlə arasında tanıyıb başını yırğalayan Puqaçovun bir dəqiqə sonra cansız və qan içərisində olan cəsədinin xalqa göstərilən edamında iştirak etmişdir”.
 
  ***
 
  Bundan başqa, Qrinyova hədiyyə edəsi heç nəyi yox idi. 
  Bu nə deməkdir? Necə adlandırmaq olar bunu? Sevgi. Şükürlər olsun ki, bu dəfə sevilən ləyaqətsiz şəxs deyil. Zira, zadəgan oğlu Qrinyov da Puqaçovu sevirdi. Əvvəlcə dvoryanlarda şərəf hissindən heç də məhrum olmayan zadəgan minnətdarlığı ilə, daha sonra isə ziddiyyətlərlə sevirdi: dünyaya gəlməsinin, tərbiyəsinin, yaşadığı mühitin, taleyin, yolların, planların, düşüncələrinin əksinə. Yuxusunun ilk dəqiqəsində "qorxulu kişi” məzardakı cəsədi qazıb çıxararkən onu nəvazişlə çağırmağa başladı: "Qorxma, gəl sənə xeyir-dua verim”. Cinayətkarlığı və eqoistliyi ilə yanaşı, bütünlüklə, heç nəyə baxmadan sevirdi. 
  Puqaçovla Qrinyov arasında sevgi anlaşması var. Puqaçov adamlar arasında Qrinyova hər zaman göz vurur –   "Sən ki, xəbərdarsan. Mənim də xəbərim var. Biz hər ikimiz xəbərdarıq”. Nədən? Maddi dünyada iki zavallı söz var: biri "xəz”, digəri isə "sevgi”dir. 
  Budur, Qrinyovun Puqaçova vida zamanı dediyi sözlər: "Qulaq as – onun xeyirxah görünüşünü gördükcə sözünə arxayınlıqla davam edirdi – sənin adını bilmirəm, bilmək də istəmirəm... amma Tanrı bilir ki, mənim üçün elədiklərinin əvəzini sənə həyatım bahasına ödəyə bilərəm. Sən mənim xilaskarımsan. Zavallı yetimlə məni azad burax, Tanrının nəsib etdiyi yerə gedək. Sən harada olsan da, başına hansı hadisə gəlsə də sənin günahkar qəlbinin xilası üçün Tanrıya hər gün dua edəcəyik...”
  Bu, təkcə minnətdarlıq idi.
  Bu isə Qrinyovun söylədikləridir:
 
 
 
 

   "Bu qorxulu, zalım, məndən başqa hər kəsə qarşı qəddar olan şəxslə ayrılarkən hiss etdiklərimi sözlə izah edə bilmirəm. Həqiqəti niyə gizlədim ki? Həmin anda güclü şəfqət hissi məni ona tərəf çəkdi. Onu qurtulmaq şansının olduğunu başa düşdüyüm üçün başçılıq etdiyi zalımların əhatəsindən xilas etməyi arzuladım. Lakin Şvabrin və ətrafımızda hərəkət edən xalq qəlbimdəkiləri deməyimə mane oldular.”
Minnətdarlıq? Yox. Minnətdarlıq bu cür alovlu olmur.
  Və üçüncü: 
  "Amma buna baxmayaraq, qəribə bir hiss sevincimi zəhərə çevirirdi. Günahsız qurbanlarının qanına susamış zalım, edam, edama məhkum edilmişlər haqqındakı düşüncələr məni dayanmadan narahat edirdi. "Yemelya! Yemelya! – narahatlıqla düşündüm – nə üçün sən süngüyə və ya gülləyə tuş gəlməmisən? Daha maraqlı bir yol düşünə bilməzdinmi?”
  Qrinyovun kapitan qızı Maşa barədə "Qəribə şərtlər bizi möhkəm birləşdirdi, artıq heç nə ayıra bilməz” – dediyi sözlər Puqaçova, həmin kapitan qızının atasına, gözləri dar ağacına zillənmiş Qrinyovun özünə ünvanlanıb. 
  Amma həmin qəribə şərtlər, minnətdarlıq, öz əksinə meyletmə – bütün bu hallar sevgi yaratmağa qadir deyil. 
Puşkinin bütün povest ərzində bircə dəfə də olsun işlətmədiyi və hər şeyi aydınlaşdırmaq gücündə olan bir söz var:
  Heyranlıq.
  Puşkin Puqaçova heyrandı. Zira, əlbəttə ki, həmin ziyafətdə Qrinyov deyil, məhz Puşkin dəhşətli qorxu ilə əhatə olunub.
  Puşkin də bütün ehtimalların ziddinə olaraq özünü Qrinyovla eyniləşdirməyə çalışdı. Unutmayaq: Qrinyovun Orenburqa gedib çıxmasının əsas səbəbi on yeddi yaşına qədər ancaq göyərçin uçurtması idi. Onu da unutmayaq ki, atasının evində "saray təqvimi”ndən başqa heç bir kitab olmayıb. Doğrudur, Puşkin Qrinyovun Şvabrindən fransız dilində kitablar götürməyə başladığını qeyd edir, amma fransız kitablarının mütaliəsi ilə rus dilində şeirlər yazmaq arasında xeyli məsafə var. Povestin əvvəlində gördüyümüz qısa yazı isə budur: n'a pas la tête à çà (O, hal-hazırda bu haqda düşünmək iqtidarında deyil – fransızca).
  Puqaçovun səhnədə görünməsinin ardınca gözlərimiz önündə Qrinyovun Puşkinə çevrilməsi – Puşkinin obrazının nadan zadəgan obrazını sıxışdırması baş verir. Mitrofan Puşkinə çevrilir. Amma mahiyyətin fərqindən başqa Qrinyovun yaşını da unutmayaq: on altı yaşlı, evdən ilk dəfə uzaqlaşan, hələ dünənə qədər dodağından tüpürcəyini yalayan sıravi zadəgan cahil bu cür hökm verərək, hərəkət edə bilərmi? Çətin ki, Puşkin on altı yaşında bu tərzdə (povestdə on altı yaşlı Qrinyov) düşünüb hərəkət edəydi. Zira, anadangəlmə deyil, sonradan əldə edilən bir nəsnə var – təcrübə (bəlkə də dahilərdə hamıdan az olur). On altı yaşlı Qrinyov otuz altı yaşlı Puşkin kimi qərar verib, hərəkət edir. Puşkin əvvəlcə anidən istisna hal kimi özünü bizə təqdim edir. Heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, Puşkin əsəri Mitrofandan başlayaraq özündə bitirib. Onun başı Puqaçovla özünə elə qarışıb ki, hətta post factum (faktdan sonra – hadisənin yekunlaşması nəzərdə tutulur – X.N.) olaraq Qrinyovu qocaltmağı da unudub. Belə alınıb ki, Qrinyov on səkkiz yaşlı Maşadan iki yaş kiçikdir. Qrinyovun evlə üç ay müddətdə baş tutan hərbi sovet arasında qət etdiyi məsafə əslində ən azı on ilə bərabərdir. Bu dövrü Maşanın həyatında Qrinyovun peyda olması ilə əlaqələndirmək sadəlövhlükdür. Sevgi hissi ərləri uşağa çevirsə də, uşağı ərə döndərə bilməz. Puşkinin Qrinyovunun fiziki cəhətdən böyüyərək, öz mundirindən çıxmasına dörd il var! Puşkin Qrinyovun uşaq olduğunu unudub. Puşkin ümumiyyətlə Qrinyovu unudub, bircə şeydən başqa: Puqaçovu və ona olan sevgisini. 
  Qrinyovun Puşkinə çevrilməsinin maraqlı təsdiqi var. "Kapitan qızı”nın ilk fransız tərcüməsində qoca Qrinyovun "edam qorxulu deyil: mənim əcdadım edam kürsüsündə, vicdanının müqəddəs hesab etdikləri uğrunda ölüb” çıxışına tərcüməçi Lui Viardo belə bir qeyd əlavə edib: "Un aîeui de Pouschkine fut con-damné à mort par Pierre Le Grand” (Puşkinin ulu babası Böyük Pyotr tərəfindən ölümə məhkum edilib – fransızca).
Burada tərcümeyi-halı mən yaratmır. Puşkin povesti şərti şəkildə məndən başlayarkən bu "mən”in cismi və qanı ilə həqiqətən mən olacağını düşünməmişdi. 
  Qrinyov – Puşkin bu sətirləri az qala aləmə car çəkən Puqaçova necə heyran olmaya bilər...
  Müharibənin də öz ləzzəti var.
  Ölkədəki kədərli uçurumlar,
  Qəzəblənmiş hiddətli okeanda
  Əsəbi dalğaların və qatı qaranlığın arasında.
  Ərəbistan tufanında,
  Taun küləkləri zamanında!

 

  Həyatda cəmi bir dəfə baş verən hadisə var. Çovğunun, buzlaşmanın, zəlzələnin, yanğının və Puşkinin sadalamadığı bir çox halların iştirakı ilə baş verən bu hadisə qiyam adlanır. Sonluq isə ikiqat təsir gücünə malik olur:
 
  Ölümlə hədələyən hər şeyi,
  Qəribə sevincləri
  gizlədir fani ürək –
  Bəlkə girovluqdur əbədiyyət!
  Xoşbəxt o kəsdir ki, həyəcan zamanı
  Öyrənə bilir bunları.
 
   Puşkin bu xoşbəxtliyi yaşamamışdı. Dekabr üsyanı Puqaçovun parıltısı önündə solğun qalır. Puşkin ölüm və onun yaratdığı xoşbəxtlikdən danışdığı zaman Senat meydanında sakitlikdir. Qrinyovla Puqaçovun çovğunda, masa arxasında, dar ağacının altında, edam kürsüsündə görüşü, həm də Puşkinin özünün fırıldaqçı ilə arzuladığı görüşdür. 
  Amma sual yaranır: Puşkin gələcəkdə həmin zadəgan oğluna, zadəgan oğlu Qrinyovun gələcəkdə Puşkinin qarşısında Puqaçovun cazibəsi önündə göstərdiyi kimi müqavimət göstərə biləcəkmi? Onun dodaqları arasından "Bəli, hökmdar. Əlahəzrət!” sözləri çıxmayacaqmı? Zira, zadəgan oğlu Qrinyovun arxasında divar kimi zadəgan atalar – Qrinyovlar, Puşkinin arxasında hər bir şairin ayağının yanındakı uçurum dayanır. 
  Puşkinin payına üç monarx düşüb: körpəliyində ağılsız Pavel, gəncliyində ikiməzhəbli Aleksandr, yetkin yaşında isə çar-kapral. Puşkinin I Nikolaya nifrəti onu Puqaçova tərəf çəkir. "Kapitan qızı”? Nikolaydan intiqam almaq şairin təbiətinə tam uyğundur. Bütün tarixi hadisələr içərisində məhz Puqaçov üsyanının tarixini yazmaq... 
  I Nikolay istehzaya...taleyə önəm vermirdi.
  Qayıdaq heyranlığa.
  Bu heyranlığı mən – altı yaşlı uşaq on altı yaşlı Qrinyovla, otuz altı yaşlı Puşkinlə eyni səviyyədə duyarkən (bu yerdə demək olar ki, sevgidə bütün yaş həddləri bərabərləşir) ona tabe olduğumu dərhal başa düşdüm.
Puqaçovdan Puşkinə, həm də Qrinyova, eləcə də mənə nəhəng heyranlıq ötürülürdü, sanki ölməz poemanın əbədi sözləri ilə səs-səsə verirdi: "Nəhəng coşqunluğa heyran olmuşam...”
  Gözlərin qarşısında sevgilinin atasını, daha sonra anasını öldürən, onu tamamilə yetim qoyan və ardınca ilk rastına çıxanın öhdəsinə buraxan birini sevməyə heç bir minnətdarlıq vadar edə bilməz. Elə heyranlıq da gözlərin önündə sevdiyin qızı öldürən birini sevməyə məcbur edə bilməz. Heyranlıq qədim tanrıça kimi sevimli insanı düşmənlərin gözündən qorumaqdır. Sənin düşmənə olan sevgini qoruyaraq onun bütün zalımlığını, xainliyini səndən uzaq edəcək.
  "Kapitan qızı”nda Puqaçova heyran olan Puşkin sona qədər eyni vəziyyətdə qalır. 
  Heyranlıq artıq ilk görüşdən duyulmuşdu, hətta bizim hələ yoldakı qaraltının "kötük yoxsa canavar” olduğunu bilmədiyimiz ilk görüşə qədər. Heyranlıq bütün görüşlərin arasında baş tutub – Başçı ilə, artırmada kef edən Yalançı ilə, nağıl danışan Puqaçovla, cəza verən Puqaçovla, bağışlayan Puqaçovla, son dəfə başını yelləyən Puqaçovla. Əvvəldən sona qədər, nə Qrinyov, nə Puşkin onun cazibəsindən çıxa bilmədi.
  Əsas məsələ isə onun Puşkinin ilk baxışdan aşiq olduğu magik görünüşüdir. 
  Onun qara gözlərinə və qara saqqalına, təbəssümünə, təhlükəli nəvazişinə, süni lovğalığına heyran olmamaq mümkün deyil.
  – bir həssas detal:
  Puşkin tez-tez Puqaçovu gülməli vəziyyətdə təqdim edir: məsələn, Puqaçov əlyazmanı ayırd edə bilmir.
  "Puqaçov kağızı götürüb uzun müddət mənalı baxışlarla baxdı. Sən nə ağıllı yazırsan? – nəhayət dilləndi. – Bizim işıqlı gözlərimiz burda heç nə başa düşmür. Mənim katibim hanı?” – gülməli, amma gülünc olmayan (Dikkensin öz povestinin əvvəlində mister Pikvikə dediyi kimi) – sevimli, uşaq kimi maraqlı: məktubu başı aşağı, ayaqları göydə vəziyyətində oxuyan uşaq. Puşkinin Puqaçovu qəddar olsa da günahsız vəhşi uşaq kimi təqdim edib. Puşkinin zalım Şvabrinə münasibətini müqayisə etsək, nə insani zəiflik, nə yüngülləşdirici şərtlər var. Zalım bütünlüklə qara rəngdən ibarətdir, sanki Viktor Hüqonun Javeri kimi. Şvabrin Puşkinin fikrincə zalımdır, Puşkinin həqiqi, rəzil düşmənidir. Puqaçov isə zalımdır, düşməndir, o hər şeyə və hamıya ziddir, düşmən deyil, dostdur, az qala şövqdür. 
  Bu yerdə şairin təbirincə xarici və daxili düşmən arasındakı fərq aydın görünür. Onun daxili düşməni olan Şvabrin əsl rəzalətdir, Puqaçov isə onun tarixi, faktiki, xarici düşmənidir, əslində düşmən deyil, xidməti vəzifəsinə görə öldürməli olduğu dostdur: öldürmək olar, amma sevmək olmaz.
  Attikalı əskər kimi
  Düşməninə aşiqdi...
  (Attika – Afina – X.N.)
  Əskər haqqında yazılıb, amma bu mətndəki əskəri (Axilli) şair yaradıb. 
  Amma Puşkinin Puqaçova qarşı fiziki heyranlıqdan başqa (hər bir şairdə müşahidə edildiyi kimi) bir nəfər tərəfindən təşkil edilmiş qiyama rəğbəti də var. Bir baş iki gözün qiyamına. Birbaşlı, ikigözlü qiyama. Təkbaşına hər kəsə qarşı. Keşmişə doğru qiyam.
  Keçmişin həsrətini çəkmirsə, şair deyil. (Üsyançıların hakimiyyətə doğru can atmasını nəzərə aldıqda əlbəttə ki, inqilabi rejimdə keçmişə sevgi şairi əks inqilabçıya çevirir.)
Puşkinin bu sevgisi məhz Puqaçovda aşkara çıxdı, I Nikolayın bu cür tarixçidən xeyirxahlıq gözləməsi isə gülməlidir. 
  Ölümlə üz-üzə olan hər şey
  Ürək kimi fani üçün
  Anlaşılmaz sevincdir.
  Puşkinin fani, əbədi, afrikalı, zadəgan, insani, ilahi, zavallı, məhkum ürəyi bu anlaşılmaz sevincləri əbədi susmazdan bir il öncə, Qrinyovla Puqaçovun arzuedilən görüşündə əldə etmişdi. Yalançı Yemelyanla birgə Puşkin qucaqlaya, aralana bilmədiyi təkhakimiyyətli Nikolaydan uzaqlaşdı. 
  Sədaqətli Puşkin canlı qənimət tapa bilmədiyindən Puqaçovun nağılı əsasında leş dimdikləməli oldu ("Yox yaltaqlana bilmərəm, çara heç zaman...”), amma elə Puqaçovun həmin nağılına əsasən də qartal olduğu halda qarğanın reseptindən imtina edərkən leşə ehtiyacı olmadı. "Kapitan qızı”ndan və Puqaçovun nağılından bir il sonra rusiya qarını öz qanına bürüməli oldu. 
  Qatili isə yaxşı tanıyırıq.
 
  ***
 
  Üsyançılara olan sevgimi Puşkinə, necə adlanmasından, geyim tərzindən asılı olmayaraq, bütün təşkilata (təki məhkum olsun) borcluyam.
  Amma Puşkinə başqa məsələdə də minnətdaram, bəlkə də qəribə səslənir: "Kapitan qızı”ndan sonra mən artıq heç zaman II Yekaterinanı sevə bilmədim. Hətta deyim ki, ondan xoşlanmadım. 
  Puqaçovun qaradərili olması ilə, qadının ağdərili olması, onun çevikliyi ilə qadının lovğalığı, onun şən xeyirxahlığı ilə qadının iltifatı, onun kişi, qadının xanım olması arasındakı ziddiyyət qadının körpə qəlbi özündən uzaqlaşdırmaq fikrini, caniyə meyl etməsinin qarşısını saxlaya bilmədi.
  Qadının nə xeyirxahlığı, nə sadəliyi, nə möhkəmliyi – heç nə, heç bir şey kömək etmədi. Mənə onunla (həmin anda Maşa ilə) eyni skamyada yanaşı əyləşmək də iyrənc görünürdü.
  Puqaçovun yanğınlar, qarətlər, çovğunlar, arabalar, ziyafətlərlə dolu alovlu fonunda, onu ləçək və jaketdə, skamyada, körpülər və yarpaqlar arasında böyük ağ balıq kimi təsəvvür edirdim. Özü də duzsuz balıq. (Yekaterinanın əsas cizgisi – qeyri-adi mənasızlığıdır. Arxasında Falkonetin abidəsindəki uğurlu kitabədən, daha doğrusu imzadan başqa heç bir özünəməxsus soz qalmayıb. Ancaq ibarələr. Yekaterina P. fransız məktubları və sadə komediyaları olan orta səviyyəli insan nümunəsidir.)
 Puqaçovla Yekaterinanı müqayisə edək:
  " – Ortaya çıx, gözəl qız, izn verirəm sənə. Mən padşaham.” (Marya İvanovnanı zindandan çıxaran Puqaçov)
  " – Sizin işinizə qarışıramsa, bağışlayın məni – qız nəvazişli səslə dedi. Mən sarayda yaşayıram...”
  Özünü padşah adlandıran mujikin jesti, özünü qulluqçu kimi təqdim edən hökmdar qadından daha qüdrətli görünür.
  Necə də fərqli incəlik! Puqaçov zindana günəş kimi daxil oldu. Yekaterinanın nəvazişi, hələ o zaman mənə şit, bayağı təsir bağışlamışdı. Onun şəfqət dolu səsi sadəcə yaltaqlıq idi: saxta idi. Xanım rəhbəri bu xüsusda tanımış və nifrət etmişdim. 
  Kitabda onun barəsində oxuyan kimi darıxmağa başlayırdım, onun ağdərili olması, şişmanlığı, xeyirxahlığı məni fiziki cəhətdən özümdən çıxarırdı, yeməli olduğum soyuq kotletdən və ya ağ sous əlavə edilmiş isti suf balığından da imtina edirdim. Kitab iki cütlüyə, iki nigaha bölünürdü: Puqaçov və Qrinyov, Yekaterina və Marya İvanovna. Kaş bu cür evlənərdilər!
 
 
 
 
 

  Puşkin "Kapitan qızı”ndakı Yekaterinanı sevirdimi? Bilmirəm. Amma ona qarşı hörmət bəsləyirdi. Bilirdi ki, ağdərili olmaq, xeyirxahlıq, şişmanlıq – bütün bunlar hörmətə layiq nəsnələrdir. Buna görə hörmət edirdi. 
  Amma Yekaterina obrazında sevgi, heyranlıq yoxdur. Puşkinin bütün sevgisi Puqaçova sərf edilmiş (Maşanı Puşkin yox, Qrinyov sevir), Yekaterina üçün sadəcə quru ehtiram qalmışdı. 
  Yekaterina "hər şeyin xoşluqla sonlanması” üçün gərəkdir. 
  Amma mənim üçün həm o zaman, həm də indi hər şey Puqaçovun edam kötüyündə başını yelləməsi ilə bitib. Bundan sonrası Qrinyovdan asılıdır. 
  Qrinyovun öhdəsinə düşən vəzifə ömrünü Maşa ilə başa vurmaq, Simbirsk quberniyasında (1924-cü ildən bəri Ulyanovsk quberniyası adlanır – X.N.) xoşbəxt nəsil yetişdirməkdir.
  Mənim öhdəmə düşən isə çovğun zamanı gözə görünən qaraltıya əbədi olaraq baxmaqdır.
  Blokun sehrli bir sözü var: gizli alov. İlk oxunuşdan yeddi yaşıma kimi (bundan sonrası fərq etməz, çünki istilik duymurdum) məni alovlandıran, qəlbimin və bütün lirikanın açarı olan söz:
  Əzablar içində lənətləyirsən,
  Həyatda kimsəni sevmədiyindən.
  Cavab bu həyəcanlı şeirlərdədir:
  Mübhəm istiləri yaşamağa kömək edir.
  Yaşamağa yardımçı olar. Yox, yaşadar. Gizli alov elə həyatın özüdür. 
Bax, elə indi – ömür ötdükcə deyə bilərəm ki, bu gizli alov ilə əlaqədar olan hər şeyi sevirdim, bu gizli alov olmayan heç nəyi sevmirdim. (Sirli isti əhvalatını kapitan Skott da yaşamış, məhz sirli isti ilə öz qütb gündəliklərini yandırmışdı.)
  Puqaçov bütünlükdə gizli alovdur. Puqaçovun kontrfiqurasında (kontrfiqura – istər müsbət, istər mənfi mənada insanlıqdan məhrum olmayan ahəngdarlıq – X.N.) Yekaterinaya qarşı bu gizli alovu yox idi. Sadəcə istilik vardı. 
Kontrfiqura dedim: maraqlıdır ki, "Kapitan qızı”nın bütün fiqurları bir qayda olaraq Puqaçovun kontrfiqurasıdır – xeyirxah quldur Puqaçov, alçaq zalım Şvabrin. Çariçaya görə üsyan edən Puqaçov, bu yolda ölən komendant. Vəhşi canavar Puqaçov, sədaqətli köpək Saveliç. Alovlu Puqaçov və ağdərili alman generalı. Hətta fiziki təzada qədər fiziki cəhətdən bizi heyran edən Puqaçov və onun qorxulu dəstəsi – hər biri öz mövqeyindədir (Xlopuşanın yırtıq burun pərləri). Nəhayət Puqaçov və Yekaterina. Bir də maraqlısı odur ki, Puqaçovun kontrfiqurası hər şeyi ört-basdır edir, sakitləşdirir, çulğalayır. Hamını fiqurantlara tərəf yönləndirir. 
  "Kapitan qızı”ndakı bütün obrazları nəzərdən keçirək: ata və ana – olmalı olduqları tərzdə, nökər Saveliç – olmalı olduğu tərzdə, qumarbaz Zurin, paxıl və satqın Şvabrin, alman general, komendant Mironov (ona şərəfli ölüm qismət olmasaydı, komik personaj olaraq qalacaqdı), Maşa – ilk sevginin yerini dolduran, Yekaterina – müəllifin xoşlanmadıqları sırasından növbəti obraz...
  Puşkin Puqaçovu heç bir nəhəng fiqurla müqayisə etməyib (halbuki Puqaçovun mizraqından az qala ölməli olan poruçik Derjavinlə, ya da əsir düşmüş Puqaçova bütün gecəni keşik çəkən Suvorovla edə bilərdi). Ən yaxşı halda, digər xeyirxah adamlarla. Amma ədəbiyyatdakı "yaxşılıq” nə zaman, kimi xilas edib ki? Ya da kimsə nə vaxtsa cazibənin qüvvəsi və qüvvənin cazibəsi ilə üz-üzə gəlib?
  "Kapitan qızı”nda fəaliyyətdə olan yeganə şəxs Puqaçovdur. Həyat onun zəng səsi ilə hərəkətə gəlir. Biz gözlərimizi və qulaqlarımızı hazır vəziyyətdə saxlayıb gözləyirik: indi necə olacaq? Amma bütün hallarda: Puqaçov var, biz varıq.
  Puşkinin Puqaçovu şairlik istedadından başqa heyranlıqda, dövrün istedadında romantizmə söykənir. Hötedə Höts, Şillerdə Karl Moor, Puşkində Puqaçov. Bəli, sizin təbirinizcə desək, nəsr əsl romantizmdir, romantizmin bülluru. Onlar axtarışında olduqları qəhrəmanlarını ya uzaq keçmişdə tapır – bununla da özlərinə təsəlli verir və zamanın əlçatmazlığı onları son həqiqətdən uzaqlaşdırırdı, ya da (Lermontov, Bayron) – lirik xaosun dərinliyində, özündə rastlaşır və ya heç yerdə tapa bilmirdilər. Puşkin də öz qəhrəmanını ondan öndə gedən nəsildən (Puqaçov yaş fərqinə görə Puşkinin atası yaşındadır) tapmış, bununla da hadisəni həm özləri, həm də ətraf üçün mürəkkəbləşdirmişdir. Amma Karl Moor da, Höts də, Lara, Mtsıri və Puşkinin Alekosu da ideya, ən yaxşı halda öncəgörmə idi, Puqaçov isə canlı insandı. Canlı mujik. Və bütün romantik qəhrəmanlardan ən qüdrətlisi olan bu canlı mujik təkcə realist qəhrəman, romantik obrazların ilkin variantı Don Kixotla müqayisə edilə bilər. 
  Təhkiyənin rahatlığı ilə şeirin arxayınlığı əsrlər boyu oxucunu yalanla əhatə etmişdir. Ona görə də yeddi yaşlı uşaqlara oxumaq üçün klassika olduğunu düşündükləri əsərləri verirdilər. Klassik əsərlərin isə magik olduğu məlum olmuşdu, uşaqlar isə Başçıya aşiq olmayan uşağın olmadığını başa düşmüşdülər. 
  "Klassiklər”ə aşiq olmurlar.
 
  ***
 
  "Kapitan qızı”nda keçmişə həsr edilmiş epiqraf oxuyuruq:
  ...Mujiklər qəribə olur...
  Odur, yol çantası ilə
  Meşə yolunu izah edir
  Sakit, səssiz nəğmə ilə
  Şuluq, dəcəl nəğmə ilə...
  Bizim gözəl paytaxta
  Daxil olur, aman Allah!
  Çariçasını heyran edir
  hüdudsuz Rusiyanın.
 
  Puqaçov ucsuz-bucaqsız Rusiyanın çariçasını heyran etmədi, bizim 
şanlı paytaxtımıza doğru getsə də şəhərə daxil olmadı. Paytaxtlar kimi, çariçalar da fərqlidir, mujik isə eynidir.   Cazibə də... Yüz il sonra isə şair bu cazibənin təsiri altına düşdü... 


  ***
  Qrinyovla Puqaçovun bütün görüşləri başçının cismi ilə ruhunun əks olunduğu canlı təsvirlərdir. İldırımla işıqlandırılmış canlı təsvirlər. Sehrlə. Ah, bu klassik kitab elə sehrlidir ki. Əcəb təlqinedici (zira Puqaçov bizim dərrakəmizin və vicdanımızın ziddinə olaraq Puşkinlə təlqin edilib, istəməsək də görürük, istəməsək də sevirik) röyalarla zəngindir. Qrinyovla Puqaçovun bütün görüşləri eyni məntiqlə alınır – sevən və həlak olan mujik haqqında. Çin olan yuxu. Bəlkə də biz Puqaçova məhz müqavimətə tabe olmayan yuxu olduğu üçün inanırıq, daha doğrusu biz yuxuda həqiqi köləlik və azadlıq yaşayırıq. Komendant, Vasilisa Yeqorovna, Şvabrin, Yekaterina – hər biri gündüzün işarətidir və biz oxuyarkən sağlam düşüncədə və möhkəm yaddaşda oluruq. Puqaçovun olduğu səhnədə isə son baş verir – qaranlıq gecə yetişir.
  Nə qəhrəman komendant, nə sevgilisi Vasilisa Yeqorovna, nə Qrinyovun sevgi macərası, heç kim və heç nə bizim nəzərimizdə Puqaçovdan üstün ola bilməz. Puşkin Puqaçovu röya, qızdırma, cazibə kimi yaradıb...
Beləliklə "Kapitan qızı”nda Puqaçovun təhlili yekunlaşdı. 
 
  II
 
 
  Amma başqa Puqaçov da var – "Kapitan qızı” və "Puqaçov üsyanı tarixi”ndəki Puqaçov. 
Yazılış formasına nəzər saldıqda ilk baxışdan elə təəssürat yaranır ki, hər ikisi eynidir. Amma yenə də bir fərq var: "Kapitan qızı”ndakı Puqaçovu şair yazıb, "Puqaçov üsyanı”ndakı Puqaçovu nasir. Buna görə də eyni Puqaçov alınıb.
  "Kapitan qızı”ndakı Puqaçova duyduğumuz heyranlıq qədər, "Puqaçov üsyanı”ndakı Puqaçovdan da üz çevirmək cəhdimiz bərabərdir. 
  Birinci öz vəhşilikləri üzərində yaratdığı xeyirxahlığın daimi, mütləq qələbəsi fonundakı minnətdarlıq və alicənablıqdan ibarətdir. "Kapitan qızı”ndakı Puqaçov xeyirxahlıq və sevgi məsələsində əsl Puqaçova xas özünəməxsus davranışdan bütünlüklə uzaqdır. Hamını edam edirəm, səni isə əfv edirəm. Özü də bu "sən” insan təbiətinə və müəllifin dahiliyinə arxalansaq, məhz oxucunun özüdür (Hamını edam etdi, məni isə əfv etdi, hər kəsi qarət etdi, mənə isə ənam verdi və s.). Puqaçov Qrinyovun şəxsində hər şeyi bağışlayırdı. Ona görə də biz ona hər şeyi bağışlayırıq. 
  Düşüncəmizdə "Kapitan qızı”ndan nə qaldı? Onun rəhmi? Edamlar, qarətlər, yanğınlar? Puqaçov ağdərili təsvir edilsəydi daha yaxşı, daha namuslu təsvir edilməliydi, buna görə də qaradərilidir. 
  "Kapitan qızı”nı ilk dəfə oxuyan (bizim hamımızın başına gəlib) oxucu "Puqaçov üsyanı tarixi”ndən nə gözləyəcək? Elə bu təsvirdə Puqaçov, daha doğrusu, xeyirxah, genişürəkli, rəhmli insan. 
Oxucunun əsərin və Puqaçov hadisələrinin ilk səhifələrindən əldə etdikləri:
  "...Bu zaman qalanın arxasında dar ağacı qurulmuş, Puqaçov isə əhalinin və qarnizonun etimadını qəbul edərək onun qarşısında əyləşmişdi. Qan içərisində olan yaralı Xarlovu (qalanın komendantı – M.S.) onun yanına gətirdilər. Nizə ilə çıxarılmış gözü yanağından sallanmışdı. Puqaçov onun edamını əmr etmişdi”.
(Mironovun da edamını əmr etmişdi, amma onun gözü yanağından sallanmamışdı. Detalları incələməkdəyəm).
Ertəsi gün Puqaçov komendant Yelaginlə birgə Tatişev qalasını ələ keçirdi.
 "Tosqun Yelaginin dərisini soydular. Zalımlar onun piyini çıxarıb yaralarına sürtürdülər”.
("Kapitan qızı”nda heç kimin dərisini soymur, piyini yaralarına sürtmürlər. Çünki Puşkin bilirdi ki, bu kimi təsvirlər oxucunu qəhrəmandan iyrəndirər, ürəyini bulandırar). Ardınca oxuyuruq:
"Onun arvadını döydülər. Valideynləri edam edilmiş dul Xarlovanı qalibin hüzuruna gətirdilər. Puqaçov onun gözəlliyindən vəcdə gəldi və xətrinə yeddi yaşlı qardaşına da rəhm edərək bədbəxt qadını girov götürdü”.
Rəhm etmək – zalıma xas hərəkətdir, zalımlıq özü də adi haldır: kimsə təzim edən kimi əfv etdi, öz tələbi üçün əfv etdi. Və həmin anda ripost (əsasən qılıncoynatmada cavab zərbəsi mənasında işlənən termin – X.N.): "Bizim Puqaçov bu cür rəftar etməzdi, bizim Puqaçov sevgisi xatirinə mütləq azad edərdi.”
...Sevərək deyil, məhz təzim edərək, zira mayor Vedovskinin təzim etməyən dul qadınını həmin anda boğub öldürmək əmri verdi. 
Amma Xarlova ilə (qızlıq soyadı Yelagina) olan bu epizodun davamı və sonluğu var. 
Bir neçə səhifə (bir neçə həftə və ya ay sonra) növbəti hadisə baş verir:
"Gənc qadın Xarlova yadellini özünə bağlamaq bədbəxtliyini yaşayırdı. O, qadını Orenburqdakı düşərgəsində saxlayır, onun arabasına özü istədiyi zaman ayaq basırdı. Qalanı ələ keçirərkən onun əmri ilə asılanların cəsədlərini dəfn etmək tələbi barədə Ozerə qadının xahişi ilə məktub göndərmişdi. Qadın qısqanc zalımların şübhələrinə rəvac verdiyindən, Puqaçov da eşitdiyi tələblərə güzəştə gedərək girovunu onlara təslim etdi. Xarlova və onun yeddi yaşlı qardaşı güllələndi. Yaralı halda bir-birinə tərəf sürünüb qucaqlaşdılar. Onların otluğa atılmış nəşləri uzun müddət həmin vəziyyətdə qaldı”.
Bütün heyranlıqları bir kənara qoyaq. Yaralarını kiminsə piyi ilə yağlamaq, al-qan içərisində bacısına tərəf sürünən yeddi yaşlı uşağı güllələmək – bədii əsər bunu qəbul etmir, əksinə rədd edir. Puşkin təxəyyülünün gücü ilə digər Puqaçovu vəsf edirdi.
Puqaçovun sevgisi bax, belədir. Puşkin "Kapitan qızı”nı yazdığı ərəfədə həmin Xarlova haqqında xatırladı, zira: "O, (Şvabrin) mənimlə olduqca qəddar rəftar edir. Dedikləri ilə razılaşmasam, düşərgəyə zalımın yanına aparacağı və Lizaveta Xarlovanın başına gələn hadisələrin mənim də başıma gələcəyi ilə hədələyir...” deyə Marya İvanovna Qrinyova məktubunda qeyd edirdi.
Puşkinin "Kapitan qızı”nda nələrisə dəqiqləşdirmədən oxucuya Xarlovanın taleyinin ancaq başlanğıcını təsvir etməsi üçün şərait yaradır. Burada eyni cığırı addımlaya bilməyəcəyini başa düşür.
Və bilavasitə Xarlova epizoduna qədər sətirbəsətir oxuyuruq:
"Puqaçov üsyana qədər edam dirəyinin altında əfv etdiyi serjant Karmitskini katib olaraq yanına götürmüşdü. Karmitski tezliklə onun sevimlisinə çevrildi. Yaitsli (Ural kazak ordusu. 1775-1917-ci illər aralığında Yaits kazak ordusu adlanmışdır. – X.N.) kazaklar Tatişevi ələ keçirib boğduqdan sonra boynuna daş bağlayaraq suya atdılar. Puqaçov onun haqqında məlumat alırdı. Onun Yayka tərəfdə anasını ziyarətə yollandığını deyirdilər. Puqaçov heç bir söz demədən əlini yelləyirdi”.
Puqaçovun dostluğu bu cürdü. İnsanı bu cür sevirdi.
Həmin Karmitskinin taleyi Qrinyovun potensial həyatıdır: əgər Qrinyov Puqaçovla "Kapitan qızı”nın deyil, "Puqaçov üsyanı tarixi”nin səhifələrində görüşmüş olsaydı belə, başına eyni hadisə gələcəkdi. 
Burda Puqaçov qorxu səbəbindən sevgili qadını, günahsız uşağı, əziz dostu yoldaşlarının əlinə verən mənəvi qorxağa çevrilir!
  – İcazə verin, nəsə tanış gəlir...
  Ətrafda şikayətlər eşidilir:
 – Bizi qadına dəyişdi!
  Günü qadınla keçirib
  Səhər özü də qadına çevrildi.
  ...Güclü zərbə ilə qaldırır
  Gözəl knyaginyanı...
  Stenka Razin (Stepan Timofeyeviç Razin, 1630-1671. Eyni zamanda Stenka Razin kimi tanınmışdır. 1670-–671-ci il Rusiya tarixində Pyotr dövrünə qədər baş verən ən nəhəng üsyanın başçısı. Don kazakı – X.N.) haqqında bütün Avropanın nəğmə dediyi, barəsindəki əfsanələri Avropaya, hətta Afrikaya, Amerikaya belə yaydığımız şəxsdir. Zira yer kürəsində indi və sabah onun haqqında oxunmayacaq yer yoxdur.
  Puqaçov və Razin – əslində, fərqi yoxdur!
  Yoldaşları Razini ələ salır, sataşır, ataman qüruruna toxunurlar. Puqaçovun yoldaşları yaşamaq uğrunda qorxu yaradaraq onu hədələyir. Bu qədər fərqli qurbanlar! (hərəkət və günah arasında fərq).
  Güclü zərbə ilə qaldırır.
  Gözəl knyaginyanı...
  Razin sevgilisini Volqa çayına özü atır, çaya ən sevimlisi kimi peşkəş edir, Puqaçov sevgilisini ətrafdakılara öldürməyə verir, özgə əllərlə öldürür: özündən uzaqlaşdırır. Qadınla bərabər, oğulluğa götürmək fikrində olduğuna şübhə qalmayan günahsız qardaşına da əzab verir. 
Razinin hekayəsində faciə, Puqaçovda rəzillik. Razində döyüşçünün mülahizə qarşısında təzahür edən zəifliyi, Puqaçovda həyatdan rəzilcəsinə yapışmaq. 
  Razinə qarşı fars qızına görə mərhəmət, Puqaçova qarşı Xarlovaya görə ikrah və nifrət hiss edirik. Bu anda onu məhz öldükdən sonra dörd yerə böldükləri üçün heyfsilənirik.
  Razin və fars qızı haqqında nəğmə oxuyan, Puqaçov və Xarlova haqqında susan xalq ən yaxşı hakimdir, nəğməyə aid edilən yararlı, yararsız nəsnələr səviyyəsini yeganə düzgün qiymətləndirəndir.
Amma Puqaçovun ,deyəsən, daha bir rəzil hərəkət edir. O, əmr verir ki, öz sadiq tərəfdaşlarından biri olan, bir neçə gün əvvəl sərxoş vəziyyətdə onunla sözü çəpləşən və nizə atan Dmitri Lısovu gizlicə boğsunlar. "Yoldaşları onları barışdırdı, Puqaçov isə Lısovun ölümündən bir neçə saat əvvəl onunla birlikdə içirdi.”
  Xarlova ilə yaxın münasibətdə olur və güllələnməsinə şərait yaradır, Lısovla içir və boğulmasını əmr edir. Bu yerdə Puqaçov quldur dəstəsindəki ən namərd şəxsə çevrilir. Onu təslim etmiş kazak əllərini arxada bağlamaq istədikdə eşidilən "Məgər mən qulduram?” qəzəbli sualına ancaq bu cür cavab vermək olar. 
Bəzən onun zalım alçaqlığından şeytancasına yüksəlişi baş verir:
  "Puqaçov Volqanın sahilləri boyunca qaçdı. Bu zaman o, astronom Lovitslə qarşılaşdı və bu adamın kim olduğunu soruşdu. Lovitsin səma cisimlərini müşahidə etdiyini öyrəndikdə onun ”ulduzlara yaxın yerdə asılmasını əmr etdi”.
  Və sonuncu. "Məhkəmədən əvvəl birdən-birə mənəvi cəhətdən zəiflədiyini dilə gətirdi. Onu tədricən ölüm hökmünə hazırlamaq lazım gəlirdi – "crainte qu'il ne mourût de peur sur le champ” (Onun qəfildən qorxudan öləcəyindən ehtiyat edərək – fransızca)” – Yekaterina Volterə məktubunda izah edir. Amma Yekaterinanın edam etdiyi qiyamçının taleyində maraqlı olmasına əsasən bu məlumatı etibarlı saymaya bilərik: Puqaçovun qorxub-qorxmadığı naməlumdur. Amma bir şeyi dəqiq deyə bilərik ki, o, ölümqabağı cəsurluğu ilə heyrətləndirməyi bacarmadı. Hətta Yekaterina da Volterə məktubunda bunu qeyd edir. 
  Amma bu edamda daha bir ağır detal var. Təfriqəçi Puqaçov heç zaman kilsəyə getməmişdi, amma edam zamanı bütün xalqın gözləri qarşısında baş kilsəyə tərəf baxaraq tez-tez xaç çevirirdi.
  Mənəvi tənhalığa duruş gətirə bilməyib ilkin inamına geri döndü. 
  Sevgili qadından və dostundan sonra inamını da itirdi. 
 
 
  ***
 
 
  "Kapitan qızı”ndakı Puqaçovla "Puqaçov üsyanı tarixi”ndəki Puqaçovda Puşkin eyni məqamları saxlayıb, mən isə əksinə ziddiyyətli məqamları seçdim. Onun nağıl dilini, gözlənilməz dəyişikliklərini olduğu kimi saxlayıb: məsələn, sakinlərə tuşlanan silahı çevirib düzənliyə atəş açır. Fiziki cəsarətini isə saxlayıb:
  "Puqaçov ordudan irəlidə gedirdi. – Ehtiyatlı olun, əlahəzrət – qoca kazak dedi – birdən güllə atarlar. – Qocalmısan – yalançı cavabında dedi – məgər silahlar çarları vurur?”
Sadə xalq onu hələ də sevir:
  "Əskərlər onu öz əlləri ilə yedirir və qəfəsi önündə toplaşan uşaqlara deyirdilər: yadda saxlayın, uşaqlar, siz Puqaçovu görmüsünüz. Qocalar hələ də onun yanından keçən cənabların suallarına cəsarətli cavablarından danışır. Bütün yol boyu o, şən və sakit idi”.
  Qadınların qəfəsə baxarkən özlərini itirdikləri odlu baxışlarını, zəhmli səsini qoruyub saxlayıb.
Və qəribə də olsa mərhəmətini də olduğu kimi saxlayıb: akademik Rıçkov, Puqaçov tərəfindən öldürülən simbir komendantının atası, oğlu barədə danışarkən göz yaşlarını saxlaya bilmədi. Puqaçov ona baxan zaman özü də ağladı.
  Həyat eşqini də saxlayıb. Zira Rıçkovun bu cür nəhəng zalımlıqlara necə cürət etməsi sualına Puqaçovun cavabında: "Tanrı və əlahəzrət qarşısında günahkaram. Günahlarımı yumağa çalışacağam” deyir. Yenə də əfv ediləcəyinə dair mənasız ümidlər, Puqaçova xas həyat eşqi... 
  "Puqaçov üsyanı tarixi”ndəki Puqaçov qəhrəman deyil, vəhşidir. Amma təbiət vəhşisi yox, (zira onun bütün vəhşilikləri – həyat uğrundadır), cinayətkarcasına zəif insanın vəhşi cəfakeşliyi. (Hətta Lısovun qətli də ona qalxan əldən alınan qisas deyildi, növbəti və bu dəfə ölümcül zərbə qorxusu idi).
Onun haqqında söhbəti birdəfəlik bitirmək, qəlbimizdə sonlandırmaq üçün hər iki personajın surətində bütün əclaflığı ilə əks olunan bir bərbad səhnə gərəkdir.
  Əsir Puqaçovu hüzuruna gətirdikləri qraf Panin Puqaçovun məğrur, uzaqgörən, kahincəsinə "Mən qarğa balasıyam, qarğa özü hələ də uçur” cavabının əvəzində Puqaçovu sifətindən yumruqla vurur, qan saqqalından aşağı axır. (Qeyd üçün! Rusların anlayışına görə "yıxılanı vurmazlar”).
  Bəs, Puqaçov nə edir? Dizi üstə qalxıb bağışlanmağını rica edir.
 
 
  ***
 
  İndi isə tarixləri əyani şəkildə yada salaq: "Kapitan qızı” – 1836, "Puqaçov üsyanı tarixi” – 1834-cü il. 
Və bizim ilk təəccüb dolu sualımız: Puşkin öz Puqaçovunu bundan xəbərsizmi yazıb?
  Əksinə, "Kapitan qızı” əvvəl yazılsaydı və Puşkin əvvəlcə öz Puqaçovunu təsvir edib sonra tanısaydı, daha doğru olardı (Bütün eşq əhli şairlər kimi). Amma burada o, əvvəlcə tanımış, daha sonra təsvir etmişdi.
  Eyni mənalı digər sözdən də istifadə edə bilərik: bənzədib.
  Puşkinin Puqaçovu tarixdən tanıdığımız Puqaçova ripost idi, şairin arxivə ripostu idi. "Hər şeydən – Puqaçovun rəzil və qorxaq olmasından xəbərdaram. Amma bunları bilmək istəmirəm. Öz qənaətlərimi bu yad məlumatla müqayisə edirəm. Mən daha yaxşı bilirəm. Bilirəm ki: 
  Rəzil həqiqətin zülməti daha qiymətlidir 
  Bizim tək yalanla ucalanlar üçün”
  Yalandır. "Şairin yaradıcı olması onun yalançı olduğuna dəlalət etmir, çünki poetik uydurmalar məntiqlə onun meydana çıxardığı işlərin bacardığı və əlindən gələn formada olduğu qənaətinə gətirir. (Tredyakovski)”
Puşkinin qəlbi kiçik həqiqətlərlə doludur. O, hər şeyi təxirə salıb, unudub, qafasını yelçəkənlə təmizləyib, qara gözləri və gözlərindəki parıltıdan başqa heç nə saxlamayıb. "Puqaçov üsyanı tarixi”ni başqaları üçün yazıb. "Kapitan qızı”nı özü üçün. 
 
  ***
 
 
  Puşkinin Puqaçovu poetik azadlıqdır, canını zəhlətökən obraz yığınından xilas edən şairin özü kimi azadlıq.
 
 
  ***
 
  Bəs Puşkini Puqaçova dönməyə, haqqında hər şeyi bildiyi Puqaçovun adını qəhrəmanına verməyə nə vadar edirdi?
  Məhz hər şeyi bilməməsi, zira şair nəsnələr haqqında bilgini poeziyadan, onun arındırmaq gücündən əldə edir.
Puşkin öz Puqaçovunu öyrənmək üçün yazıb. Müəyyən etmək üçün. Puşkin Puqaçovu unutmaq üçün yazıb. 
  İki sadə cavab var: birincisi, bütün bu "müştərək çalışdıqları” aylar ərzində ona vərdiş etmişdi. Amma bu vərdişə baxmayaraq, öhdəsindən gələ bilmədi (buna özü tərəfindən hazırlanmış yazılı sübutlar da var).
İkincisi isə o, son nöqtəni qoyarkən hiss etmişdi ki, nəsə qaydasında deyil. Bu, həmin Puqaçov deyil. Bu, "sizin təbirinizcə” idi, gəlin indi də bizim təbirimizcə yazaq.
  Şüuraltı arzuda tarixdə ifşa edilmiş Puqaçova şeirlə bəraət qazandırmaq, onu Puşkinin əli ilə hekayəsinin qələmə alınacağı edam meydançasına qaytarmaq. Tarixi rəzilliyin ən dərin həddindən Puqaçovu edam əfsanələrinin yüksəkliyinə qaytarmaq. 
  Puşkin eynilə xalqın özü kimi hərəkət etdi: o, zalım haqqındakı həqiqətə düzəliş etdi – həqiqətin sevgi ilə uyğunlaşmayan kiçicik hissəsinə. 
  Və onunla bağlı bütün həqiqəti qoruyaraq, bütün həqiqətdən ancaq Puqaçova məxsus xırdalığı aradan qaldıraraq bizə digər – öz Puqaçovunu verdi, xalqın Puqaçovunu, bizim sevə biləcəyimiz Puqaçovu. 
Bəs hansı Puqaçov həqiqidir? Qorxudan sevgili qadının və günahsız körpənin məhv edilməsinə razı olan, əziz dostu aradan götürən, sadiq silahdaşını boğan, özü isə sifətinə vurulan zərbədən sonra diz üstə çökən?
Yoxsa, dəfələrlə bağışladığı Qrinyovu kütlə arasında tanıyaraq sonuncu dəfə başını tərpədən?
  Puqaçov deyərkən, ağlımıza nə gəlir? Gözlər və parıltı. Hər ikisi də rəzillikdən uzaq. Zira gözlər də, parıltı da təbiət hadisəsidir, "döyüşdəki həyəcandır”, bəlkə də, taun özüdür. Amma ünsür olaraq qorxunu tanımır. 
Puqaçov deyərkən ilk və son dəfə nə hiss edirik? Onun nəhəngliyini. Ona sevgimizi. 
  Beləliklə, Puşkin poeziyanın gücü ilə ən qorxaq qəhrəmanı alicənablıq nümunəsinə çevirib. 
  "Kapitan qızı”nda tarixçi Puşkin şair Puşkin tərəfindən döyülür, Puqaçov haqqında son söz isə həmişəlik şairin öhdəsinə düşür. 
  Puşkin bizə "Puqaçov üsyanı”ndakı Puqaçovu göstərdi, "Kapitan qızı”ndakı Puqaçovu təlqin etdi. "Puqaçov üsyanı tarixi”ni nə qədər mütaliə etsək belə, "Kapitan qızı”nda çovğunlu havada rastımıza çıxan yabancı predmet gözə görünən kimi biz hər şeyi, Puqaçov və hekayəsi ilə bağlı bütün xoşagəlməz təcrübəmizi, sevgi ilə bağlı yaşadığımız bütün ağrılı hadisəni unuduruq. 
  Zira, heyranlıq təcrübədən yaşca böyükdür. Nağıl da həmçinin. Yer kürəsinin, insanın həyatında da. Zira Puqaçovu biz Verliokdan, Cırtdandakı adamyeyəndən, Alyonuşkanın yağ çəlləyinin arxasında gizlənməsinə səbəb olan quldurdan, nağıllardakı bütün adamyeyən və quldur obrazlarından tanıyırdıq. 
  Puşkinin "Kapitan qızı”ndakı Puqaçovu quldur, adamyeyən, çumak (qədim Ukraynada duz, çörək, balıq və digər ərzaqların satışı ilə məşğul olan kəndli – X.N.), əcinnə, "xeyirxah cavan”, nağıllardakı, həm də yuxulardakı boz qurddur... amma bu quldur, adamyeyən, boz qurd kimisə sevir, hər kəsi məhv edir, bir nəfəri isə sevir. Həmin bir nəfər isə Qrinyovun timsalında bizik. 
  Və əgər biz Puqaçova, canlı qorxu, daha doğrusu ölüm qorxusu, uşaqlıq illərindəki ölüm qorxusu olduğuna görə heyranıqsa, bəs nə üçün həmin qorxulu, eyni zamanda xeyirxah zalıma daha çox heyran olub, sevməyək?
Puşkin Puqaçovda ən qorxulu heyranlıq təqdim edib: bir anda xeyirxahlığa çevrilən, bütün qüvvəsini xeyirxahlığa çevirmiş qəddarlıq. Puşkin Puqaçovda bizə həlli mümkün olmayan tapmaca təqdim edib: zalımlıq və təmiz qəlb haqqında. Puşkin Puqaçov timsalında bizə xeyirxah quldur təqdim edib. Biz sadə quldura tabe olduğumuz halda, ona necə tabe olmayaq? 
  Puqaçovu təqdim edən Puşkin özü nəyə tabe olub? Hər şeydən alisi: öz şairliyinə, şairin qüsursuz hiss etmək qabiliyyətinə – baş verməsə də, baş verməsinin mümkün olduğu baş verə biləcəklərə. ("Çünki, şair yaradıcıdır...”)
  Poeziya güclü nəsnədir, Nikolay arxivinin bütün bilgiləri, hazır biliklər və tədqiqatlar şairin dünyagörüşünü nə məhv edə, nə də boğa bildi. 
  Puşkin Puqaçovu nə qədər çox tanısa da, bilirdi ki, onu  sirli tərəfləri də var. Nə qədər aydın görsə də, görünməyən tərəflərinin olduğuna əmin idi. 
  Demək olar ki, "Kapitan qızı” ilə "Puqaçov üsyanı tarixi” Puşkinin qəlbində eyni zamanda yazılıb, birgə yazılıb, hər sətrin sonundan yeni sətir boylanıb, hər bir səhifə əvvəlkinin əsasında yazılıb. Amma şairin əli ilə, tam azad şəkildə, inkarla dolu yanlış faktlar qələmə alınıb. 
  "Rəzil həqiqətin zülməti daha qiymətlidir, bizim tək yalanla ucalanlar üçün”.
  Puşkin özünün və bütün dünyanın lirik tanrısı Napoleon haqqında sonuncunun Yaffada taunlulara toxunmasını iddia edən şəxsə dediyi:
  Rəzil həqiqətin zülməti daha qiymətlidir
  Bizim tək yalanla ucalanlar üçün
  sətirlər Puqaçov üçün nə qədər uyğundursa, gözləri ilə vərəqlədiyi rəzil həqiqətlərin təqvimdəki aylarla uyğunlaşması o qədər qəribədir.
  Puşkin Napoleon haqqında bu cür deyib.
  Puqaçovla bu cür hərəkət edib.
  "Kapitan qızı” bitdikdən sonra bizin Puqaçov haqqında nə rəzil həqiqətimiz, nə də rəzil həqiqətlərin zülmətləri qalmadı. 
  Dürüstcəsinə. 
  Bax, bu dürüstlük elə şairlikdir. 
 
  ***
 
  Rəzil həqiqətlərin zülməti...
  Rəzil həqiqətlər və ali yalanlar yoxdur, rəzil yalanlar və ali həqiqətlər var. 
  Bir də. Həqiqətlər zülmətlərlə addımlamır. (zülmət – qaranlıq, zülmət – böcək və s.). Yalanlardan fərqli olaraq. 
  Faktlar aləminə qayıdaq. Vacib bir şərt – deyirlər ki, hazırda Puqaçovun "Puqaçov üsyanı tarixi”ndəkindən tamamilə fərqli, ən əsası isə heç bir rəzillik olmadan, mərd çar qismində təsvir edildiyi arxivinin üç cildi nəşr edilib...
  Mən Puşkinin Puqaçovunu ancaq Puşkinin digər Puqaçovu ilə müqayisə edirəm. 
Amma hazırkı vəziyyətdə məsələ Puqaçovda deyil, zadəganlardan başqa kimsəni tanımayan, həmin zadəganlara inananlar Puşkindədir. Puşkinin məlumatlara əsasən Puqaçovu görməsi kimi. Mən Puşkinin Puqaçovunu ancaq özü ilə müqayisə edirəm. 
 Əgər Puqaçov həqiqətən də arzuedilən, mərd, ədalətli, cəsur çardırsa, deməli, Puşkin yenə də haqlıdır və yeganə haqlı insandı. Alçaldıcı ifadələrə qəlbinin dərinliyində inanmamaqda haqlı idi. Ona qəlbi ilə deyil, ancaq gözləriylə inanırdı. 
  Bütün hallarda haqlıdır: 
  Puqaçov rəzil və qorxaqdır, Puşkin onu hündürboylu və cəsur təsvir edərkən haqlıdır, zira rəzil həqiqətlərin zülməti bizə qiymətlidir...
  Puqaçov mərd və cəsur çardı – Puşkin onu arxiv qismində deyil, məhz bu cür təsvir etməkdə yenə haqlıdır. (Qeyd üçün! Puşkin arxivi sözlə deyil, əməli ilə təkzib edib).
  Amma təkrar edirəm, burada məsələ Puqaçovda deyil, Puşkindədir. 
  Puşkin şair idi. "Kapitan qızı” klassik əsərində olduğu kimi heç yerdə şairliyini bu qədər güclü şəkildə diqqətə çatdırmamışdı. 
  Vanves, 1937
 
  Rus dilindən tərcümə edən: Xatirə Nurgül