Biz imzaları yox, əsərləri dərc edirik...

Ədəbi tənqidçi öz bölüyünə atəş açan əsgərdir – Vaqif Yusiflinin müsahibəsi
788
15 May 2018, 08:34
 Artkaspi.az ədəbi tənqidçi Vaqif Yusiflə ilə müsahibəni təqdim edir:
 
 

 
 – Akademik Kamal Talıbzadənin aspirantı olanda elmi işiniz "Müasir Azərbaycan nəsrində konflikt və xarakter” adlanıb və bu mövzuda yazdığınız məqalələr xeyli mübahisələr doğurub, 60-cılar nəsrinin canlanmasına səbəb olub. Sonra niyə təhlil obyektiniz daha çox poeziya oldu?
 – Ümumiyyətlə, özünü tənqid sahəsində görən, ömrünü ədəbiyyatşünaslığa həsr edən biri üçün hansı janrı tədqiq etməyin heç bir fərqi yoxdur. Təbii ki, buna həmin adamın gücü çatırsa. Məsələn, mən təkcə müasir ədəbiyyatdan yazmıram, həm də klassik irsimizə diqqət yönəltməyə çalışıram. Bu yaxında "Azərbaycan qəzəli” adlı bir kitabım çıxdı. 
 Ədəbiyyatşünas üçün, tənqidçi üçün ədəbiyyat bütövdür. Qətran Təbrizidən üzü bəri, folklor nümunələrimizdən tutmuş, müasir ədəbiyyatımıza qədər hamısı vahid bir orqanizmdir. Sizə bir əhvalat danışım, 80-ci illərin axırlarında mərhum alimimiz Əkrəm Cəfərin yanına getdim. Fikrim var idi ki, ondan kiçik bir müsahibə alım. Çünki bu adam S.Vurğunla, M.Müşfiqlə ünsiyyətdə olmuşdu, həbsxana görmüşdü, poliqlot idi, həqiqətən görkəmli ədəbiyyatşünaslarımızdan biridir. Yüz sual hazırladım. Onda artıq elmlər namizədi idim, "Azərbaycan” jurnalında tənqid şöbəsinə rəhbərlik edirdim. Getdim, əvvəlcə özümü təqdim elədim. Baxdı mənə, bir kəlmə  sual verdi: Sən Füzulini bilirsənmi? Dedim, əlbəttə, az-çox bələdəm. Onu da deyim ki, Füzuli yaradıcılığına, klassik ədəbiyyata məhəbbət məndə tələbəlik illərindən yaranmışdı. Əli Fəhmi müəllimim olmuşdu, o,  əruzu, klassik ədəbiyyatı, xüsusən də qəzəlləri gözəl şərh edirdi. Həmçinin Samət Əlizadənin Füzulinin dili, obrazlar aləmi haqqında dəyərli mülahizələrini dinləmişdim. Sonralar iş elə gətirdi mən Azərbaycan jurnalında işə düzəldim və günlərin bir günü Gəncədən gələn bir füzulişünasla – Sabir Əliyevlə tanış oldum, bu tanışlıq dostluğa çevrildi. O, mənə şairin irsini bir az da sevdirdi. Sonra Əkrəm Cəfər məni həvəsləndirdi. Füzuli haqqında çox dəyərli əsərlər də yazılıb, onları tapıb oxudum. Məsələn, Mir Cəlalın "Füzuli sənətkarlığı” əsəri bu baxımdan əvəzsizdir. Və bütün bunlar məni təkcə Füzuli yox, klassik şeiriyyətimizi, ümumən poeziyanı sevməyə, ondan yazmağa, tədqiq etməyə həvəsləndirdi. Buna yaddaşımın gücü də səbəb oldu. 2012-ci ildə əməliyyat da olundum, ölümdən döndüm, hələ bir az yaddaşım zəifləyib. 800-dən çox şeir əzbər  bilirəm. Əkrəm Cəfər mənə o vaxt demişdi ki, təkcə müasir ədəbiyyatı tədqiq etməklə çox uzağa gedə bilməzsən, klassik ədəbiyyat obrazlar, təşbehlər, metaforalar aləmidir, onu da bilmək mütləqdir. Əlbəttə, bu sözdə böyük bir həqiqət var. Məncə, sizin əvvəl nəsrdən, sonra poeziyadan yazmağım barədə sualınıza cavab vermiş oldum. Məsələn, Məmməd Arif poeziyadan da yazıb, nəsrdən də, dramaturgiyamızdan da. Məmməd Cəfər də, Yaşar Qarayev də həmçinin. Mən də bu yolu davam etdirirəm. 

 – Ədəbiyyatı televiziya vasitəsi ilə də təbliğ edirsiniz. Anar müəllimin "Poeziya” verilişində, digər ədəbi proqramlarda tez-tez görürük sizi. Məsələn, bir gənc yazıçı üçün cəmiyyətə açılan hansı pəncərə daha önəmlidir? Bəs bir tənqidçi üçün hansı daha məsuliyyətli və çətindir: onu "Azərbaycan” jurnalında geniş bir məqalə ilə oxuculara təqdim etmək, yoxsa yaradıcılığını 5-10 dəqiqəlik zaman kəsiyinə sığdırıb izləyicilərə tanıtdırmaq? 
 – Tənqidçinin öz içindəki dünyanı insanlara çatdırması, ədəbiyyat haqqında fikirlərini dilə gətirmək üçün müxtəlif üsullar var. Məsələn, televiziyada "Məclisi üns” proqramında, klassik poeziyaya həsr olunmuş verilişlərdə iştirak edirəm. Yaxud "Azərbaycan”, "Ulduz” jurnallarında, "Ədəbiyyat” qəzetində məqalələrlə çıxış edirəm. Mən bacardığımı edirəm, kim nə götürür, götürsün. Yəni deməyim odur ki, tənqidçi üçün harada çıxış eləməyinin, hansı mətbu orqanda fikirlərini ifadə eləməyinin heç bir əhəmiyyəti yoxdur, əsas necə çıxış eləməyi, nəyi deməyi, hansı ədəbi nümunələrə diqqət yönəltməyidir. 

 – Vaqif müəllim, gəlin etiraf edək ki, yazılı mətbuatdan fərqli olaraq, televiziyalarımız klassik yazarlarımızdan daha çox bəhs edir, nəinki gənclərimizdən. 
 – Təbii, bu, dediklərinizdə reallıq var. Amma televiziyanın vəzifəsi həm də klassik poeziyanı diqqətdə saxlamaqdır. Çünki son dövrlərdə, elə ümumən də zaman keçdikcə klassik irsə bələd olan, onu sevən gənclərin sayı get-gedə azalır. Mən özüm neçə il təhsil almışdım, universiteti bitirmişdim, amma Füzuli yaradıcılığına o qədər də bələd deyildim. Sonra şəxsi mütaliəm və bayaq adlarını sadaladığım insanların sayəsində onu dərk eləməyə çalışdım. Müasir dövrdə klassikanı sevməyən, onu inkar edən gənclərin sayı çoxalıb. Səbəb nədir? Bu, ondan irəli gəlir ki, onların buna gücləri çatmır. Modernist və postmodernist ədəbiyyata meyllənir, Füzulini, Sabiri, Səməd Vurğunu, Rəsul Rzanı, Mikayıl Müşfiqi inkar edirlər. Halbuki, insan öz əcdadına gülməz. Klassik poeziya nəhənglərinin yaradıcılığı bizim üçün söz heykəlləridir, onlara toxunmaq olmaz. 
 Poeziyada qəzəl ən uzunömürlü janrdır. İndi də qəzəl yazanlarımız var. Təbii, onlar Füzuli, Nəsimi, Nəbati, Vahid, Seyid Əzim qəzəlləri gücündə deyil, amma bu o demək deyil ki, artıq bu janra müraciət etmək lazım deyil, tək-tük yazanları da sırf tənqid hədəfinə almalıyıq. Onun dövrü keçsə də, bir ədəbi zövq kimi yaşamalıdır. Bəs qəzəl olmasa, xanəndələrimiz gecə-gündüz nə ifa edər? 

 – Şairlər haqqında mülayim təqdimatları görən kimi axırda mütləq tənqidçi Vaqif Yusiflinin imzasını axtarırıq. Bəs niyə, məsələn, dramaturgiya, publisistika, uşaq ədəbiyyatı deyəndə konkret bir tənqidçini düşünmürük. Bu bölgü yanlışdır, tənqidçi hər bir ədəbi janra müraciət etməlidir, yoxsa müvafiq profillər üzrə yazan mütəxəssislər var, sadəcə biz tanımırıq? 
 – Ədəbiyyatda elə sahələr var ki, ədəbi tənqid ehtiyatı baxımından kasaddır. Məsələn, uşaq ədəbiyyatı. Yazan var, məsələn dərslik mətnləri yazırlar, amma uşaq ədəbiyyatının tədqiqi üçün bu materiallar zəifdir. Ona görə tənqidin bu yönü aktiv deyil. Dramaturgiyanı vaxtilə Yaşar Qarayev diqqətdə saxlayırdı, indi Məryəm Əlizadə, İlham Rəhimli, Aydın Talıbzadə yazır. 
 
 

 
 – Onlar da daha çox dramın səhnə həlli, tamaşalar haqqında fikir söyləyirlər. Mətn tərəfini araşdıranlar azdır. 
 – Tamamilə doğrudur, bu sahələrdə zəiflik hökm sürür, buna göz yummaq olmaz. Publisistikanı da bura əlavə edərdim. Hər il Ədəbiyyat İnstitutunda ilin ədəbi yekunlarında dair müşavirələr keçirilir. Bu müşavirələrdə dramaturgiya, publisistika və uşaq ədəbiyyatı üzrə məruzələr dinlənilir. Yəni boş qalan, kasad olan hissəni həmin məruzəçilər qismən də olsa, doldurmağa çalışırlar. Sırf ədəbi tənqid müstəvisində də bu mövzularla məşğul olan tənqidçilərimiz barmaqla sayılacaq qədərdir. Mən tədqiq etdiyim istiqamətdə, özümü tərifləmək kimi də çıxmasın, çox diqqətliyəm. Məsələn, bölgələrdə yaşayan, amma yaradıcılığını daim izlədiyim onlarla ədibimiz var. Onlar da müasir ədəbi prosesin bir parçasıdır. Deyim ki, məndən başqa heç bir tənqidçi onları yada salmır. "Bölgələrdə ədəbi həyat” adlı bir kitabım da işıq üzü görüb. Hələ o kitab ümumən bölgələrdəki yaradıcı şəxslər haqqında yazdıqlarımın onda biridir. Məsələn, "Sumqayıt ədəbi mühiti” ayrıca kitab olacaq, artıq çap prosesindədir. Şabranda Aybəniz Əliyar, Qubada Ramiz Qusarçaylı, Gəncədə Qərib Mehdi, Xəzangül, Sahib İbrahimli, İnqilab İsaq var, Lənkəranda Tərlan Əbilov, Amil Cavad adlı istedadlı yazarlar var, onların yaradıcılığını mütləq tədqiq etmək lazımdır. 

 – AMEA-nın Ədəbiyyat İnstitutunun 9 nəfər işçisi olan Ədəbi tənqid şöbəsində çalışırsınız.  Müsahibələrinizin birində şöbənin qarşısında duran əsas məsələlərdən bəhs etmisiniz: ədəbi tənqid tariximizi mərhələlər üzrə öyrənmək, tədqiq etmək, ayrı-ayrı görkəmli tənqidçilərin yaradıcılıq yolunu işıqlandırmaq, müasir ədəbiyyatla bağlı tənqidi fikri formalaşdırmaq. Niyə belə gec başladı bu proses? 
 – Mən Ədəbiyyat İnstitutunun yetirməsiyəm. 1978-ci ildə aspiranturanı bitirmişəm. 1979-cu ildə müdafiəm baş tutdu. Bir neçə dəfə müşavirələrdə çıxış edəndən sonra "Azərbaycan” jurnalınınn ədəbi tənqid şöbəsinə rəhbərlik eləmə dəvət aldım, 1997-ci ilə qədər burada çalışdım, sonra baş redaktorun müavini oldum. 2002-ci ildə isə yarımştat Ədəbiyyat İnstitutuna gəldim. 2013-cü ilin axırında isə akademik İsa Həbibbəyli məni yenicə yaranan tənqid şöbəsinə dəvət etdi. Bundan əvvəl də orada gözəl tənqidçilərimiz – Kamal Talıbzadə kimi nəhənglər fəaliyyət göstərmişdi. Həmin şöbənin də müdiri idi, amma sonra o şöbəni ləğv elədilər. Səbəbini bilmirəm. Amma indi yaranan şöbə də həvəslə, məsuliyyətlə fəaliyyət göstərir. Bu şöbədə Elnarə Akimova, Nərgiz Cabbarlı işləyir, aramızda Qürbət Mirzəzadə, Nərmin Cahangirova, Nizami Hüseynov kimi gənc tənqidçilər də var. Və müəyyən işlər də görmüşük artıq. Hər il ədəbi tənqid seriyasından çap olunan kitabda bayaq bəhs etdiyim müşavirələrdə səslənən məruzələr cəmlənir, artıq illərə müvafiq dörd kitab çap olunub. 2017-ci ilin yekunlarına dair kitab da hazırdır. Digər nəşrlərimiz Kamal Talıbzadənin "Seçilmiş əsərləri”, Məmməd Arif haqqında yazılan mətnləri bir kitabda toplamışıq, ayrı-ayrı ədəbi şəxsiyyətlər haqqında kitablarımız işıq üzü görəcək, məsələn, indi Məmməd Cəfəri tədqiq edirik. Ədəbiyyat tarixinin də ayrı-ayrı mərhələlərinə müraciət edəcəyik.  Yeni yaradılmasına baxmayaraq, şöbəmiz qarşısına böyük məqsədlər  qoyub və çalışacağıq da ki, bu məqsədlər həyata keçirilsin. 

 – Yəqin ilk dəfə oxucuya təqdim etdiyiniz yazarlardan çox təşəkkür eşitmisiniz. Bəs oxuculardan? Elə oxucu olubmu ki, yeni bir şair tanıdığına görə sizə təşəkkür edib? 
 – Mənim 60 illiyimdə haqqımda yazılanlar: Anar müəllimdən başlamış, Kamal Talıbzadə, Elçin Əfəndiyev, İsa Həbibbəyli, Vilayət Quliyev, mənimlə olan müsahibələr, cavan müəlliflərin məqalələrinə kimi hamının fikri "İşıq axtaran” adlı bir kitabda cəmlənib. Bu, ədəbi ictimaiyyətin və həmkarlarımın mənə münasibətidir. Amma məni ən çox oxucu təşəkkürləri sevindirir. Hərdən ədəbiyyatla əlaqəsi olmayan şəxslərdən belə diqqət görürəm, məsələn, qəfil yolda kimsə yaxınlaşıb soruşur ki, siz "Məclisi-üns”dəki tənqidçisiz? Yaxud ədəbiyyat həvəskarlarından zənglər gəlir mənə ki filan yerdə filan məqalənizi oxudum, sonda təşəkkür edir. Həmin gün mənim sevincimin həddi-hüdudu olmur. 

 – Sizcə müəlliflərin əsərlərindəki ancaq cəhətləri təqdim edəndə oxucuları çaşdırmırsız ki? 
 – Fransız tənqidçisi Jül Renar deyib ki, ədəbi tənqidçi öz bölüyünə atəş açan əsgərdir. Əlbəttə, bu fikir bir az ziddiyyətlidir. Belinski də deyirdi ki, tənqid hərəkətdə olan estetikadır. Yəni tənqid yazıçının külünü göyə sovurmaq məqsədi güdmür. Tənqid hər şeydən əvvəl təhlildir. Əgər mən bir yazıçı haqqında yazıramsa, onun yaradıcılığındakı əsas meylləri, fikirləri, o, nə demək istəyir və necə deyir, bax bunu aşkarlamalıyam. Yeri gəldikcə elə həmin mətnin kontekstində yazıçının ümumən yaradıcılıq qüsurlarını da qeyd edirəm. Mən humanistəm, bunu gizlətmirəm. Tutalım, 70 şeirlik kitab çap olunmuş bir ortabab şairin beş-altı yaxşı nümunə görsəm, üzümü ona tuturam. Qoy sevinsin, həvəslənsin. Amma tənqidçi xeyriyyə cəmiyyəti deyil, yazıçıya öz məqalələri ilə ianə bəxş eləsin, həmçinin də, o, həkim deyil doğru yazmağın reseptini versin. Biz ortada nə var, ondan yazırıq. Ramiz Rövşən tənqidçini karvanbaşına bənzədir, mənim "Karvanbaşı, yolun hayanadır?” adlı kitabım da var. 
 Vaxtilə deyirdilər ki, tənqid lazım deyil. İndi də o fikirlər var. Amma tənqid özü də bir yaradıcılıqdır. Yəni bu sənət elmlə bədii yaradıcılığın vəhdətindən yaranıb. Gəlin düşünək ki, mən fikirlərimi quru ifadə edirəm, elmi terminlər, abstrakt cümlələr işlədirəm, bu yazını kim oxuyacaq? Ona görə həmişə çalışıram ki, fikrimi aydın dildə ifadə edim. Ona görə yazılarım tənqid və publisistikanın vəhdəti kimi çıxış edir. 

 – Müsahibələrinizdən birində texnologiyanın ədəbiyyatın tərbiyəvi, estetik cazibəsini sarsıda bilməyəcəyindən söz açmısınız. Həqiqətən, düşünürsünüz ki, qloballaşma dövründə bir kitab oxuyub həyatımızı dəyişə bilərik?  
 – Texnologiyanın inkişafı hansı həddə çatır-çatsın, hansı ixtiralar edilir-edilsin, söz, bədii söz həmişə yaşayacaq. Bütün yeniliklərin ədəbiyyata yalnız struktur baxımından xeyri var. Tənqidçi dostumuz Nizami Cəfərov "texnologiya” sözünü tez-tez işlədir. O, bundan şeirin, nəsrin strukturu mənasında istifadə edir. Amma kənardakı texnologiyanın isə ədəbiyyata dəxli yoxdur. Olur, müasir şeirdə texniki terminlər işlədilir, bu, şeir deyil. Şeir təmiz olmalıdır. M.Ə.Sabir deyirdi: 
 
 Şeir bir gövhəri-yekdageyi-ziqiymətdir,
 Salmaram vəsfi-düruğ ilə onu qiymətdən.
 
 Ədəbiyyatımız, şeirim hansı istiqamətə yön alır-alsın, öz duruluğunu, saflığını, dilimizin gözəlliyi saxlamalı, əks etdirməlidir. Düzdür, dünya ədəbi prosesindən də kənar qala bilmərik. Müxtəlif ədəbi cərəyanlar gəlir, şeir və nəsrimizdə öz təzahürünü tapır. Amma onlar çoxmu, azmı yaşayacaq, özünü təsdiq edə biləcəkmi, bunu zaman göstərəcək. 

 – 28 yaşınıza qədər şeir yazmısınız, amma Əli Kərim kimi yaza bilməyəcəyinizi anladıqdan sonra poeziyanın daşını atmısınız. Bəlkə də, davam etsəydiniz yaxşı şair ola bilərdiniz. Peşmansınızmı bu hərəkətinizdən? 
 Mən ortabab şair olmaq istəmədim. Azərbaycan Yazıçılar Birliyinin 1700-ə yaxın üzvü var, bunlardan minə qədəri sırf şairdir, hətta yerdə qalanların da içində həm də şeir yazanlar var. Birliyin üzvü olmayan, əyalətlərdə yaşayan dörd-beş dəfə bundan artıq əliqələmli də yazıb-yaradır. Ümumi hesablayanda rəqəmlər 6 mini aşır. İndi bu o deməkdir ki, sözün həqiqi mənasında 600 min şairimiz var. Xeyr! Olsa-olsa əllisini təqdir edə, sevə, ağızdolusu haqqında danışa bilərik. bura mərhum yazarlarımızı aid etmirəm. O ki qaldı mənə, 27 yaşıma qədər şeir yazmışam, onları indi də saxlayıram. Gəncliyimdə hələ paytaxta gəlmədiyim vaxtlarda bir çox ədəbi dərgilərə, qəzetlərə şeir göndərirdim. Çox vaxt bircə cümlə ilə cavab verirdilər bizə: bədii cəhətdən zəif olduğu üçün qəbul edilmədi. Sonralar çap olundu, hətta bir dəfə Asif Ata şeirlərim haqqında xoş sözlər də söylədi. Amma vaxt keçdikcə özüm də düşündüm ki, əgər Füzulinin bir beytini: 
 
 Nə yanar kimsə mənə atəşi-dildən özgə
 Nə açar kimsə qapım badi-səbadan qeyri. 
 
 – bax bu cür misralar yazmaq iqtidarında deyiləmsə, yaxud Əli Kərimin "Qayıt” şeirinin yanından belə keçə bilmirəmsə, Məmməd Araz, Rəsul Rza, Bəxtiyar Vahabzadə kimi qələmim yoxdursa, özümü bu istiqamətdə yormağın əhəmiyyəti yoxdur. Məndə tələbəlik illərindən ədəbiyyatın elmi tərəfinə meyl daha çox idi. İlk tənqidi yazım birinci kursda oxuyanda rayon qəzetində çap olundu. Düzdür, o, sadəcə məşq idi, rəhmətlik Məmməd Kazımın şeirlər kitabı haqqında yazmışdım. İlk professional yazım isə 1975-ci ildə, aspiranturanın birinci kursunda "Ədəbiyyat qəzeti”ndə çap olundu. O vaxtdan bəri də fasiləsiz yazıram. İnsan gərək özü gücünə bələd olsun, potensialını vaxtında müəyyənləşdirsin. 

 – 90-cı illərdən sonra, sovet rejiminin süqutu öz ardınca ədəbiyyatda insan həqiqətini gətirə bilmədi? Bu insansızlıq tendensiyası hələ də davam edirmi?
 – Bu fikir bir az mübahisəlidir. Sovet dövründə yazılan əsərlərimiz məgər həyat həqiqətlərini əks etdirmir? Məsələn, İsa Hüseynovun "Yanar ürək” əsəri gəmidə oturub gəmiçiylə dava eləməyə bənzəyirdi. Yaxud 1984-cü ildə yazılmış Yusif Səmədoğlunun "Qətl günü romanı” necə deyə bilərik ki, həyat həqiqətlərini əks etdirmir? Anarın, Elçinin İsi Məlikzadənin povestləri də bu qəbildəndir. Sadəcə olaraq, 60-cı illərdən sonra Sovet realizminin süqutu başladı. Ona qədər mədhiyyələr yazılırdı. Azərbaycan şairi Stalinin qəlyanına şeir yazmışdı. Məsələn, Süleyman Rüstəm partiyaya şeirlər həsr eləmişdi, buna görə onun gözəl nümunələrini,  xüsusən Cənub şeirlərini inkar etmək olmaz. Rəsul Rzanın "Lenin poeması” əsl sənət əsəridir, hərçənd Leninə həsr edilib, amma onun "Rənglər”, insan şeirləri də var. Belə çox misallar çəkmək olar. 
 Bundan başqa, həmin dövrdə müsbət qəhrəmanlar müəyyən çərçivədə təsvir edilirdi. Sonra həmin nümunəvi qəhrəmanlar yerini adi qəhrəmanlara verdi. Elçinin Mirzobbası, İsa Hüseynovun əzab çəkən qəhrəmanları yarandı. 
 
 – Tənqid ədəbiyyatdakı yeniləşmə prosesinə şeirdən və nəsrdən təxminən iyirmi il sonra qoşula bildi. Bu gecikmənin səbəbini necə izah edə bilərsiniz? 
 – Düz deyirsiniz, məsələn, 60-cı illərdə yeni ədəbiyyat yarandı, amma tənqid buna bir qədər gec reaksiya verdi. Akif Hüseynlinin "Nəsrin və zamanın hərəkəti” adlı məqaləsi çıxdı, ilk dəfə orada "yeni Azərbaycan nəsri” ifadəsi işləndi. Elə o məqalədəki tezisləri sonradan namizədlik dissertasiyamda işlətdim. Poeziyada bu qədər gecikmə baş vermədi, amma orada da yeni şeirə qarşı mühafizəkarlıq hökm sürürdü. Məsələn, Məmməd Rahimlə Rəsul Rza arasında olan ədəbi mübahisələrin mərkəzində bu məsələ dururdu. R.Rza yeniləri müdafiə, M.Rahim isə kəskin tənqid edirdi. Amma sonra elə bir məqam gəldi ki, M.Rahim İsa İsmayılzadə haqqında təqdiredici bir yazı yazdı. Yəni altmışıncılar yetmişinci illərin əvvəlində etiraf olundular. Əli Kərim, Vaqif Səmədoğlu, Ələkbər Salahzadəni əvvəl-əvvəl qəbul etmirdilər, indi bu cür şeirlər görün nə qədər yazılır, artıq heç kim də tənqid eləmir, çünki bu istiqamət də artıq poeziyamızda öz qanuni yerini tutdu. Ədəbiyyatda həmişə "atalar-oğullar” mübarizəsi gedib. Vaxt keçir, oğullar etiraf olunurlar, sonra oğullar böyüyüb özləri də yeni gələn nəsil üçün atalar tərəfdən çıxış edirlər. Amma deyim ki, o dövrdə bu mübahisələr müəyyən etika daxilində özünü göstərirdi, indiki cavanlar isə sırf inkarçılıq yolu seçiblər. Qəbul etmək istəmədikləri müəllifləri gözdən salmaq üçün əllərində tutarlı sübutlar belə yoxdur. 

 –  Haçansa sifarişlə yazılar yazmısınızmı? 
 – Mən inkar eləmirəm, yeri gələndə sifarişlə də təhlil yazmışam, hər bir tənqidçinin həyatında olur belə yazılar, mən də bu cür tədqiq eləmişəm müəyyən bir dövrü, yaxud müəllifi. Həmin müəlliflər arasında AYB-nin üzvləri daha çoxdur, mən də yazı nə deyirsə, ona müvafiq də fikrimi bildirmişəm. 

 – Bu sualı sizə bir oxucu kimi ünvanlayıram. Ədəbi tənqid sahəsinə marağı olan gənclərə Belinskidən başqa hansı müasir ədəbi tənqidçiləri oxumağı məsləhət görürsünüz? 
 – Nikolay Çevrışevskinin, Nikolay Aleksandroviç Dobrolyudovun, fransız tənqidçisi Culian Bransın adını çəkə bilərəm. Azərbaycana gəldikdə Firidun Köçərlidən üzü bəri, Məmməd Rahim, Məmməd Cəfər, Yaşar Qarayev, Cəfər Cəfərli, Kamal Talıbzadə, Aydın Məmmədov və s. dəyərli tənqidçilərimiz var. Cavan tədqiqatçılara təkcə tənqidçiləri yox, ümumən ədəbiyyatı, dünyada gedən ədəbi prosesləri, gündəmi diqqətdə saxlamağı məsləhət görərdim.

 – Müsahibələrinizdən birində Belinskinin ədəbi normalarına cavab verə bilən bir tənqidçinin olmamağından şikayət edirsiniz. Vaqif müəllim, 3 əsrə yaxındır ki, ədəbi tənqid niyə belə bir şəxsiyyət yetişdirmədi?
 – Mən indi də fikrimdə haqlıyam. Hər bir sənətdə şedevrlər olur. Bir və ya bir neçə şəxsin timsalında. Belinski rus ədəbiyyatından, hətta xarici ədəbiyyatdan da elə təhlillər yazıb ki, bəlkə də fikir baxımından köhnəlib, amma tədqiqat yükü baxımından əhəmiyyətlidir. Rusca bilmə, Puşkini tanıma, amma götür Belinskinin dilimizə tərcümə olunmuş bir məqaləsini oxu, şairin yaradıcılığına bələd olmağın üçün kifayət edəcək. Bayaq adlarını sadaladığım öz tənqidçilərimizi oxumaq, müasir araşdırmaçılarımızı da diqqətdə saxlamaq lazımdır. 
 Söhbətləşdi: Günel Şamilqızı, Aytac Quliyeva
Xəbər lenti