Biz imzaları yox, əsərləri dərc edirik...

Poeziya günləriKamran Əliyevin hekayəsi
2668
05 Mart 2018, 13:19

Artkaspi.az əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, yazıçı Kamran İmranoğlunun (Əliyev) "Poeziya günləri" adlı hekayəsini təqdim edir:


 


 

Qapılar fısıldayaraq yavaşca örtüldü və sürücünün "Ya Allah!” yalvarışından sonra avtobus sanki öz-özünə yeriməyə başladı. Bu, ilk baxışda elə görünürdü, amma avtobusu sürən bir adam var idi – Mahmud kişi. Şəhərə gəlməmişdən əvvəl kəndlərində onu uşaqdan böyüyə hamı "Mahmud əmi”, "Mahmud dayı” deyil, "Usta Mahmud” deyə çağırırdı. Bunun da səbəbi uşaqlara aydın olmasa da, böyüklərə tam aydın idi: o həm maşın sürməyi atasından yaxşı öyrənmişdi, həm də heç kəs deyə bilməzdi ki, onun maşını nə vaxtsa yol üstə çıxan bir toyuğu əzib keçib. Mahmud özü də həmişə "əgər şofer bir toyuğu vurdusa, aparıb maşını tez təhvil versin”, – söyləyərdi.

Mahmud öz adəti ilə bəzi hazırlıq işlərini dünəndən görmüşdü; avtobusun təkərlərini yoxlamış, motorun yağını dəyişmiş, Bakı ağzına qədər yanacaqla doldurmuş, hətta arvadı Bənövşəyə yol üçün yemək tədarük etməyi xatırlatmışdı ki, Mahmuda görə, yemək tədarükünün özü də hazırlıq işlərinə daxil olan məsələlərdən idi.

Avtobus hərəkətə gələndə, nədənsə, Mahmudun gözləri sağ tərəfdə ayağının yanına qoyduğu yemək çantasına zilləndi. Bunun niyə məhz belə olduğunu o, özü də bilmədi, amma qabağa baxa-baxa balaca çantanın içərisində olan biş-düşü xəyalına gətirməyə başladı: iki küftə, iki yumurta, bir dəstə göyərti, qırmızı turp, kənddən gətirilən pendir, uşaqların dəftərindən cırılmış ağ vərəqə bükülü duz və ədəb-ərkanla yan tərəfə qoyulmuş salfet kağızı. Əslində, Mahmud saydıqlarının heç birini görməmişdi, sadəcə, xəyalına gətirirdi və həm də bunların məhz çantanın içərisində olacağına da tam əmin idi. Ona görə ki, arvadı Mahmud üçün yemək tədarükü görəndə həmişə eyni ərzaq növlərini çantaya qoyardı. Bu dəfə Mahmudun tapşırığı ilə Bənövşə yalnız salfet kağızını oraya əlavə etməli idi və yəqin ki, əlavə etmişdi.

Mahmud həmişə yola çıxanda iki ayaqqabı götürərdi. Bunlardan biri iri şap-şap idi ki, Mahmud bu şap-şaplar olmasaydı, avtobus sürə bilməzdi. Yalan-gerçək deyirdi ki, avtobusu sürəndə motorun istisi aşağıdan ayağıma vurur, ayaqqabının yanları açıq olmasa, ayaqlarım o dəqiqə bişər. İkinci bir ayaqqabı isə narıncı rəngli tufli idi. Əslində, Mahmud ona da əməlli-başlı öyrəşmişdi. Deyirdi ki, bu tufli ayağıma çox rahat olur. Həmin ayaqqabı da ona görə lazım idi ki, uzaq səfərlərə gedəndə qaldıqları şəhərləri rahatca gəzə bilsin. Bu gün isə Mahmud həm şap-şapını, həm də tuflisini dəyişmişdi. O şap-şap ki var, indi Mahmudun ayağındaydı, Mahmud onu Tiflisdən almışdı və indiyə qədər bir dəfə də olsun ayağına geyinməmişdi. Sadəcə olaraq, ilk dəfə mağazada, sonra da evlərində təkrarən ayağına olub-olmamasını yoxlamışdı. Elə həmin vaxt da arvadına demişdi ki, bunu bir küncə qoy, lazım olanda geyəcəyəm. Arvadı Mahmudun sözlərini canla-başla yerinə yetirərdi və bilirdi ki, onun bir sözünü iki eləmək olmaz, hətta Mahmudun yaddaşının möhkəm olmasından da xəbərdar idi. Nəyi hara qoy, necə qoy məsələlərinin hamısını əzbər bilirdi. Mahmud bu gün arvadından təzə şap-şapı istəyəndə arvad tez-tələsik o biri evə keçib şifonerin qapısını açaraq şap-şapı lap aşağı gözdən çıxarıb geri qayıtdı, onları böyük həvəslə cütlədi, ikiqat əyilib ərinin qabağına qoydu. Öz aramızda deyim ki, arvadının əzilib-büzülməsindən Mahmudun çox xoşu gəldi.

Təzə tufliyə gələndə Mahmud özü bunun hazırlığını dünəndən görmüşdü. Yəni silib, təmizləyib evin giriş hissəsində qapı ilə divarın arasına qoymuşdu. Trabzondan aldığı tuflinin əvvəlcə geydiyi tuflidən iki əsas fərqi vardı: birincisi, qara rəngdə idi, ikincisi, bu, Mahmudun toylara geydiyi tufli idi. Həm Mahmud, həm də arvadı onu əzizləyə-əzizləyə saxlayırdılar. Dünəndən arvadı Mahmudun bu tuflini hazırlayıb götürməsinin səbəbini soruşmaq istəyirdi, amma, nədənsə, soruşa bilmirdi. Burada qorxulu elə bir şey də yox idi. Soruşacaq, Mahmud da ona cavab verəcəkdi. Amma elə bil arvadın dili kilidlənmişdi. Xoşbəxtlikdən səhər-səhər arvadı bu nigaranlıqdan Mahmudun özü qurtardı: "Bu gün yazıçılarla yola çıxacağam, təzə ayaqqabını geyim ki, mənə kəndçi deməsinlər”. Mahmudun iki il bundan qabaq Dərbənddən aldığı və az-az geydiyi "adidas” idman formasını götürməsini də nəzərə alsaq, onun bu səfərə əməlli-başlı hazırlaşdığına heç bir şübhə yox idi.

Avtobus yavaş-yavaş paytaxtdan uzaqlaşırdı. Mənzil başına qədər olan məsafə cəmi-cümlətanı 120 kilometr idi. Bu da vur-tut saatyarımlıq və yaxud iki saatlıq yol edərdi. Əgər yazıçılar yarıyolda sağ tərəfdə yerləşən yamyaşıl ağacların arasındakı pirə baş çəksələr, bir az da gecikmiş olacaqlar. Geciksələr belə bunun heç nəyə ziyanı yoxdur. Yəni ki, onların heç birinin əlində südü daşmır. Mahmud bunları xəyalında götür-qoy edirdi ki, yolun kənarında dayanan polis məlum bir işarə ilə avtobusu saxlamaq əmrini verdi. Avtobus sağ tərəfə burulub polis məntəqəsinin yaxınlığında dayandı. Mahmud bu işə lap məəttəl qalmışdı, ona görə ki, hələ indiyə qədər onu bu məntəqədə saxlayan olmamışdı. Çünki Mahmud heç vaxt yol hərəkəti qaydalarını pozmayıb və polislərlə də heç bir haqq-hesabı yox idi.

Yol polisi Mahmuda yaxınlaşdı, əlini cəld hərəkətlə gicgahına tərəf apardı və amiranə səslə dedi:

– Serjant Rəhimov! Sənədlərinizi göstərin!

Mahmud ədəb-ərkanla lazım olan sənədləri ona tərəf uzatdı və diqqətlə də onun üzünə baxmağa başladı. Beynində isə fikirləşirdi ki, yazıçıların yanında biabır olduq, ürəklərində deyəcəklər ki, bu nə şoferdir, bizimlə yola çıxıb, qaydaları da bilmir ki! Serjant Rəhimov isə sənədlərə baxır və avtobusdan sızıb gələn səsi də eşidirdi:

– Ay oğul, biz yazıçıyıq, tədbirə gedirik. Bu yazıçılara hörmət eyləyin, buraxın, gedək!

 Serjant Rəhimov yenə sənədləri nəzərdən keçirir və yenə də avtobusdan gələn ayrı səsə qulaq asırdı:

– Gör bu yazıçının, şairin yol polisinin yanında bir qəpiklik hörməti yoxdur!

Elə bu vaxt serjant Rəhimov gözlərinin altı ilə pəncərə şüşələrinin arxasındakı yazıçıları süzdü və sənədləri Mahmuda qaytarıb yavaşca dedi:

– Yaxşı yol!

 


 

Avtobus hərəkətə gəldi. Yazıçıları deyə bilmərəm, amma serjant Rəhimovun sifəti Mahmudun yadından çıxmırdı. Elə bil Mahmud onu haradasa görmüşdü və tanıyırdı, amma nə qədər çalışırdısa da, yadına sala bilmirdi. Bu zaman Şair Kirmani (bəli, bəli, onun adı Şair, təxəllüsü Kirmani idi) yerindən qalxıb qabağa doğru gəldi və ədəb-ərkanla Mahmudun yanındakı boş kresloda oturdu. Bu yer, adətən, avtobus bələdçilərinin yeri idi, yaxud da sürücülər uzaq səfərə yoldaşlı çıxanda biri avtobusu sürür, digəri isə həmin kresloda dincəlirdi. İndi Mahmuda nə bələdçi, nə də köməkçi lazım idi. Ona görə ki, bu yol o qədər də uzun yol deyildi; cəmisi 120 kilometr o yana, bir o qədər də bu yana.

Sürücü ilə yanaşı oturan Şair Kirmaninin barmaqları arasında bir siqaret də var idi. Şair həmin siqareti dayanmadan barmaqları ilə o tərəf-bu tərəfə fırladırdı. Şübhəsiz, avtobusun içərisində siqaret çəkməyin qadağan olunduğunu Şair yaxşı bilirdi, əslində də heç çəkmək istəmirdi, sadəcə, siqaret çəkə bilmədiyinə görə hövsələsinə təskinlik verirdi. Söhbətə Şair Kirmani başladı:

– Qardaş, bu şairləri tanıyırsan? Onların hamısı millətə dayaqdırlar.

– Bəzilərini televizorda görmüşəm.

– Heç şeirlərini əzbər bilirsən?

– Yox! Orta məktəbdə oxuyanda şeir əzbərləyə bilmədiyimə görə ədəbiyyat müəllimimiz məni həmişə döyürdü. O qədər döydü ki, axırda özüm də şeir yazmağa başladım.

Şair Kirmani elə bunu eşitmişdi ki, üzünü salona tərəf tutub uca səslə qışqırdı:

– Ayə, Səməd Vahid, sürücümüz də şair imiş!

Bir anda salonda qaynaşma əmələ gəldi, amma heç kəsdən səs çıxmadı. Şair yenə üzünü Mahmuda tərəf tutub yalvardı ki, sən Allah, yadında qalıbsa, yazdıqlarından birini söylə, səhər-səhər feyziyab olaq. Mahmud da cavab verdi ki, vallah, bir bənd yadımdadır, elə də mənalı deyil, həm də kədərlidir.

Şair sözünə ara vermədən Mahmudun qılığına girdi:

– Qardaşımsan, nə yazmısan, utanma, de gəlsin! Öz hisslərini yazmısan da! Ən gözəl şeir məhz belə yaranır. Unutma ki, şairlik Allah vergisidir.

Mahmud bir əli ilə ruldan bərk-bərk tutdu, o biri əlini isə qaldırıb başının arxasını qaşıdı. Deyəsən, razılığa gəlirdi. Şair də sakitcə durub ona baxırdı. Bu dəfə Şairin dili yox, gözləri yalvarırdı. Vaxt o qədər də uzun çəkmədi. Mahmud məktəb illərinin əziz yadigarını yavaş-yavaş dilinə gətirdi:

 

Rəhm etməsən göz yaşıma,

Məhv olaram öz başıma,

Yazarsız məzar daşıma,

O qızı yaman istəyirdi.

 

Şairin yenidən səsi ucaldı:

– Ay Səməd Vahid, şeirə bax eyyy, şeirə!

Sonra Mahmuda tərəf döndü və onun yanındakı mikrofonu göstərib soruşdu:

– Mikrofon işləyir?

Mahmud da başı ilə "hə” dedi. Bunu görən Şair ondan xahiş elədi ki, şeiri təzədən mikrofonla söyləsin. Salondakılara da üz tutub ucadan qışqırdı:

– Ay camaat, qulaq asın!

Mahmud şeri təzədən mikrofonla söylədi. Hamı əl çaldı, alqışlar avtobusun şüşələrini dağıdırdı, az qalırdı şüşələr çilik-çilik ola. Mahmud uçmaq istəyirdi, amma uça bilmirdi, çünki avtobusun içindəydi.

Bundan sonra avtobusa qəribə bir sükut çökdü. Şair də ləzzətlə siqaret çəkib hövsələsinə tüstü vermiş kimi sakitcə keçib öz yerində oturdu. Səhər tezdən yuxudan durduqlarına görə hamı qəfildən mürgüləməyə başladı. Hətta iş o yerə çatdı ki, avtobus piri də ötüb keçdi. Pirdə düşüb nəzir vermək heç kəsin yadına düşmədi.

Avtobusu əyalət şəhərinin kənarında qarşıladılar. Yazıçılar avtobusdan düşüb onları qarşılayan adamlarla bir-bir görüşdülər və iki-iki, üç-üç qonaqlar üçün gətirilən minik maşınlarına oturdular. Avtobus sürücüsünə dedilər ki, bir kölgəlik tapıb istirahət etsin, axşamüstü saat 7-də bu yerdə onları gözləsin, həmin vaxt geri qayıdacağıq.

...Axşamüstü saat 7 idi. Mahmud ədəb-ərkanla yolun kənarında dayanmışdı və öz istirahətindən çox məmnun idi. Səhər gələndə yazıçıların onun şeirinə ürəkdən əl çalmaları da bütün günü yadından çıxmamışdı və hətta istirahət vaxtı həmin şeiri bir neçə dəfə ürəyində xatırlamışdı. Elə bu dəm yenə o barədə fikirləşirdi ki, bir neçə minik maşını dalbadal onun yanında dayandı. Yazıçılar həmin maşınlardan tökülüşməyə başladılar. Səs-küy bütün ətrafı bürüdü. Onlar yerli sakinlərlə marçamarç öpüşürdülər. Yan-yörədə duran adamlar çox böyük maraqla bu mənzərəni seyr edirdilər. Nəhayət, yenə səs-küylə Mahmuddan bir addım o tərəfdə dayanan avtobusa doluşdular və azca sonra avtobus hərəkətə gəldi. Səs-küy kəsilmək əvəzinə yenə də alovlandı və avtobusu başına götürdü. Orta sırada oturanlardan biri sürücünü nəzərdə tutaraq ucadan dilləndi:

– Qardaşımsan, birbaşa şəhərə sür!

Avtobus irəliləyirdi. Mahmuda elə gəlirdi ki, bu adamlar heç səhərki adamlar deyil. Dolaşıq fikirlər onun içini gəmirirdi. Birdən Səməd Vahid iynə üstündə oturmuş kimi yerindən dik atıldı. Başının üstündə əşyalar üçün nəzərdə tutulmuş yerə təzəcə qoyduğu çantasını açaraq oradakı şeir kitabını götürdü. Sonra isə səndələyə-səndələyə Mahmuda tərəf addımladı. Mahmudun yanına çatıb başını ona tərəf əyərək soruşdu:

– Məktəbdə oxuyan uşaqların varmı?           

 – Var.

Bu dəfə Səməd Vahid əlindəki kitabı ona tərəf uzadıb dedi:

– Bu kitabı onlara ver, qoy oxusunlar. Mənim şeirlərim səndən çox onlara lazımdır. Ha-ha-ha!

Mahmud başını bulayaraq heç nə demədi və kitabı alıb qabaq şüşənin aşağısına qoydu. Ürəyində də dedi ki, içə bilmirsən, içmə də! Mən içmirəm, ölürəm!

Bu zaman avtobusun ortasına tərəf gedən Səməd Vahid azca geriyə dönüb dedi:

– Lap istəyirsən, sən də oxuyarsan!

Mahmud yenə başını buladı. Yenə arxadan səs gəldi:

– Qardaşımsan, birbaşa şəhərə sür!

Bir xeyli vaxt keçmişdi ki, səhərki kimi Şair Kirmani yenə də gəlib ədəb-ərkanla sürücünün yanındakı kresloda oturdu. Kefi Səməd Vahid kimi saz idi və dilləndi:

– Sürücü qardaş, sən yazsaydın, əsl şair olardın. And olsun Allaha düz deyirəm. Elə bilirsən bunlar şeir yaza bilirlər? (Əli ilə avtobusdakıları göstərdi). Həmin şeri yaz ver, qəzetlərin birində çap elətdirim.

Mahmud əsəblərini cilovlayaraq ağızucu dedi:

– Yox, istəmirəm!

– Niyə istəmirsən? Axı sənin gələcəyin var. El-oba tanıyacaq, nəvələrin şeirlərini əzbər söyləyəcək. Nəvə ki babanın şeirini dedi, bunun əvəzi yoxdu, ömrün on il də uzanacaq. Hələ o biri tərəfini demirəm ki, toy məclislərində, ad günlərində sənə söz verəcəklər. Məktəblərdə universitetlərə qəbul olunan tələbələrlə görüşə çağıracaqlar. Nə çətin şey var ki, bir-iki yaxşı şeir yazırsan, verirsən əli qələm tutana, lap elə mənim özümə, ora-burasını düzəldirlər, hər yerdə də həmin şeirləri söyləyirsən. Niyə biz müğənnilərcə də olmadıq! Bir də bilirsən niyə deyirəm? Elə əlüstü sənin şerinə yaxşı bir cavab yazmışam, ikisini də bir yerdə çap etdirəcəyəm. Narahat olma, başqa yerdə xərcim-zadım çıxmayacaq, özümün qəzeti var, on ildir ki, çıxardıram. Hələ dost-tanışın o qədər şeirini çap eləmişəm ki! Niyə sənin bir şeirinə yer tapılmadı? Lap istəsən şəklini də verə bilərəm.

Sonra mikrofona yaxınlaşıb qışqırdı:

– Ay millət, sürücümüzün səhərki şerinə cavab yazmışam, qulaq asın!

Şairin səsi asta-asta avtobusa yayılırdı:

 

Yaxşı bax üst-başına,

Yaraşmayır yaşına,

Zəhər qatma aşına,

Bu sevgi sənlik deyil.

 

Sonra da qəhqəhə çəkdi və barmağı ilə Mahmudun çənəsinin altından vurub dedi:

– Həə, şair, necədir!? Sən yaxşı yazırsan, yoxsa mən? Əlbəttə, ikimiz də! Hi-hi-hi!

Mahmud cavab vermədi. Heç Şair də sonra dillənmədi. Sakitcə keçib yerində oturdu və o dəqiqə də yuxuya getdi.

Amma bu zaman yenə arxadan səs gəldi:

– Qardaşımsan, birbaşa şəhərə sür!

Fikirlər içərisində boğulan Mahmud bir xeyli sonra avtobusu yavaşca yolun kənarında saxladı. Bura səhər ziyarət etmədikləri pir idi. Avtobusdan düşdü və nəzir qutusuna tərəf addımladı. Nəzir qutusuna pul salıb ağacların ortasında səliqə-sahmanla düzəldilmiş "Ehsan bulaq”da əl-üzünü yudu. Sonra yenə qutuya yaxınlaşdı və yenə oraya pul saldı. Lap astaca "Allah, sən mənə səbr ver!” sözlərini dedi. Avtobusa tərəf gəldi. Avtobus təzəcə hərəkətə gəlmişdi ki, arxadan tanış səs eşidildi:

– Qardaşımsan, birbaşa şəhərə sür!

Birdən Mahmud özü də hiss etmədən ucadan dedi:

– A kişi, mən də fikirləşirəm ki, bu serjantı harada görmüşəm?

Sonra içində danışmağa başladı: "Bu serjant Rəhimov bizim qonşu kənddəki sədrin oğludur. Allah, Allah, yaddaşım necə də korşalıb! Onun atası hörmətli-izzətli bir adamdır. Həmişə kasıb-kusubun qeydinə qalardı. Bir dəfə Bakıdan bir alim gəlmişdi və onun kənddə mal-heyvan saxlayan ata-anasının bir maşın ota ehtiyacı vardı. Bunu bilən kimi kolxozun "QAZ- 51” maşınını otla yüklədib onların həyətinə göndərmişdi. Maşına baxanda adama elə gəlirdi ki, böyük bir taya öz-özünə yeriyir. Səhərki serjant Rəhimovu o vaxtlar sədrin yanında görmüşəm. Sədr də onun başını sığallayıb bizə deyirdi ki, bu uşaq hökmən avtoinspektor olacaq. İşə bax ey, mən də fikirləşirəm ki, o, bizi niyə tez buraxdı?! Yəqin məni tanımışdı”.

Mahmud bu fikirlərin içində idi və avtobus polis məntəqəsinə yaxınlaşırdı. Düşünürdü ki, məntəqədə olsa, avtobusu saxlayıb onunla hal-əhval tutsun. Axı onun atası hörmətli-izzətli kişi idi! Mahmud məntəqəyə çathaçatda nə qədər o tərəf-bu tərəfə baxdısa, serjant Rəhimovu görə bilmədi. Xeyli təəssüfləndi.

 


 

Mahmud evə gəlib çatanda azca qaranlıq düşmüşdü. Dəhlizə daxil olub qara rəngli tuflini onu qarşılayan arvadına tərəf uzatdı və dedi:

– Bu ayaqqabı toy üçündür. Sənə yüz dəfə demişəm ki, bu ayaqqabını toya gedəndə mənə verərsən.

 

22.06.2014