Biz imzaları yox, əsərləri dərc edirik...

Pəncərə önündəki yalnız qadın – Füruğ Fərruxzad – VIII hissə
1222
06 İyul 2020, 09:46
Artkaspi.az saytı məşhur iranlı şairə Füruğ Fərruxzadın həyatından parçaları təqdim edir: 

 Xarab alışqan, uzun təsbeh və körpə bir əlin dəstəyi ilə uzaqlara dalmış iki cüzamlı göz. Və qarğaların səsi və sən.
 "Sənin gözlərin mənim bütün batinimi görüb, ey ucalardan uca olan..”
 Cüzamlı bir şagird və cüzamlı bir imam. Azan oxunur və namaz qılınır. Yemək üçün zurna çalınır və plov dolu boşqablar əldən ələ keçdikcə onlara baxır...
 "Dedim ki, kaş mənim də göyərçinlər kimi qanadlarım olsaydı, uça bilsəydim və bir sakitlik tapsaydım. Uzaqlara uçar, çöllərdə yuva qurardım. Güclü fırtınalardan qaça bilsəydim sığınacaqlara, çünki mən həmişə yer üzündə şiddət görmüşəm. Dünya faydasızlığa  hamilə qalmış və zülmü doğmuşdur. Sənin gücündən hara qaça bilərəm, səndən harada gizlənə bilərəm ki?! Səhər yelinin qanadlarını alıb dənizin ən uzaq yerinə qaçsam da, sənin əllərin ağırlığı üzərimdə olacaq. Məni avara bir rüzgara mindirmisən. Nə qorxuncdur etdiklərin! Nə dəhşətlidir!”
 Əlil arabasına otuzdurulmuş bir uşaq. Arabanın səsi və formasını itirmiş üzlər, üzlər, üzlər...
 "Öz ruhumun ağrısından danışıram, öz ruhumun. Susarkən gün boyu ağlamağım ruhumu çürüdürdü. Mənim həyatımın rüzgar olduğunu xatırla. Çöllərin qaşıq balığı olmuşam, xarabaların bayquşu. Və bir sərçə kimi damdayam Daşqın sular kimiyəm, leş kimiyəm və kirpiklərimdə ölümün kölgəsi var. Ölümün kölgəsi kirpiklərimdədir!”
 Bir it balasını ağzına alıb yuvasına aparır, iki çinar yarpağı çirkli gölməçəyə düşür.
 "Tərk et məni! Məni tərk et! Çünki günlərim nəfəs kimidir. Tərk et məni dönüşü olmayacaq bir yola gedərkən və zülmətin içinə at məni...”

 Oynayan uşaqlar... uçan bəyaz göyərçinlər...
 "Ah, Tanrım! Yaratdığın bu canı vəhşi heyvanların əlində qoyma. Mənim həyatımın rüzgar olduğunu xatırla və xatırla ki, bütün sükunətləri mənim zamanım kimi yaratmısan. Və çevrəmdə uşaq səsləri, işıqlar, dəyirman uğultusu qalmayıb. Nə xoşbəxtdir indi əkdiyini biçən əkinçilər! Əlləri ilə sünbülləri qoparan əkinçilər!”
Pambıq əyirən qadınlar, pambığı darayanlar, üz təraşı, beş daş oyunu...
 "Gəlin və uzaq çöllərdəki o adamı dinləyin, əllərini açan, içini çəkərək "Yazığam mən, ruhum irinlərimin arasından boy verir...” deyən adamı bir də dinləyin!”
Bir uşağın saçlarını darayan başqa bir uşaq...
 "Və sən! Ey qırmızıya boyanan, qızılla bəzənən və gözləri sürməli unudulmuş! Özünə boşuna bəzək-düzək verdiyini anla. Çöllərdə oxunan o nəğmələrdən və səni ələ salan dostlarından dolayı...”
Və zurna səsi, dəf səsi. Toy başlayır...
 Top-top oynayan uşaqlar, əsasıyla bizə tərəf gələn adam və sənin səsin eyni hüznü bizə tərəf də daşıyıb gətirir.
 "Təəssüf bizə! Gündüz boyu zaval, gecə boyu bu qaranlıq uzanıb getdikcə bizim varlığımız quşlarla dolu qəfəsə bənzəyir. Aramızda bu zillətin nə vaxt bitəcəyini heç kim bilmir. Bağ mövsümü bitdi, yayı geridə qoyduq və biz hələ də qurtulmadıq. İçin-için ağlayaraq, amma çarə yoxdur. Biz aydınlığı gözləyirik, indi isə qaranlıqdır”.
 Və dərsdə Venera haqqında danışan bir uşağın səsi. Müəllim uşaqlardan soruşur: "Niyə atamız və anamız üçün tanrıya şükr etməliyik?”
 Bir uşaq cavab verir: "Mən bilmirəm. Mənim nə anam var. nə atam...”
 Müəllim başqa bir uşaqdan soruşur: "Sən bizə gözəl olan bir neçə şey say!”
 Uşaq gülümsəyərək cavablayır: "Ay, Günəş, çiçək, oyun...”
 Müəllim digərindən soruşur: "Sən də bir neçə gözəl şey say!”
 Üzü yara olan uşağın səsi eşidilir: "Əl, ayaq, baş!”
 Başqa birinə tərəf çevrilir: "Gəl içində ev sözü olan bir cümlə yaz!”
 Uşaq lövhəyə gəlib yazır: "Ev qaradır!”
 "Və sən, sevginin nəfəsi ilə çoşan çay, bizə tərəf ax, ancaq bizə tərəf...”
 1962-ci ildə bu filmin çəkilişləri bitəndə o dörd sehrli sözü – Ay, Günəş, çiçək, oyun sözlərini deyən uşağı yanına gətirirsən. Cüzamlı ata və anasından icazə alıb övladlığa götürürsən. "Ay, Günəş, çiçək, oyun” deyən Hüseyin Mensuri Kaminin yoxluğunu az da olsa ovudacaq. Sonralar o qədər işin içində ara-sıra Hüseynin atasına oğlu barədə məktub yazacağını da biləcəyik. Ah Füruğ! Sən həmişə aşiq idin! İnsana aşiq. "Xırda canilər” dediyin, "bəxtsiz, zavallı, çürümüş” dediyin insanları.
 Bir müsahibəndə cüzamlılarla bağlı sualı belə cavablandırırsan:
 – Cüzamlıların güvəncini qazandığım üçün çox sevincliyəm. Onlarla yaxşı rəftar edilməyib. Onları görməyə gedənlər yalnız qüsurlarını görüb. Ancaq mən onların süfrəsinə oturdum. Yaralarına əlimlə toxundum. Cüzamın gəmirdiyi ayaqlarını sığalladım. Beləcə onlar mənə güvəndi. Onlarla sağollaşanda mənə dua edirdilər. İndi o günlərdən düz bir il keçir və onlardan bəziləri mənə məktublar yazaraq diləklərini Səhiyyə Nazirliyinə çatdırmağımı xahiş edirlər. Onlar məni qoruyucuları bilirlər...
 İbrahim Gülistana yazdığın bir məktubda belə deyirsən: "Sevgi, əgər əsldirsə, zaman axmaqca bir sözdür!”
Sənin ölümündən sonra Hüseynin atası bir məktub yazaraq sənin onlara yazdığın məktubları bir dərgiyə göndərir.
"Deyim ki, son altı ildə Füruğ xanım  mənə yüzdən çox məktub göndərdi. Təəssüf ki, yalnız beşi qorunub saxlanılmışdır. Sizə göndərirəm. Məktublardan, xahiş edirəm, bir nüsxə aldıqdan sonra onları ​​bizə qaytarın. Bu məktublar dünyada bizim üçün hər şeydən daha qiymətlidir. Bu məktublar, bütün dünya bizə aciz kimi baxanda öz əziz ruhunu insanların xeyrinə həsr edən bir kəsə aiddir”.
Və sənin məktubun:
 "22 May 1964
 Hörmətli Nur Muhammed bəy, uzun müddət yaza bilmədiyim üçün üzr istəyirəm. Ümid edirəm, narahat olmadınız. Mən çox məşğulam və işim o qədər çoxdur ki, nəfəs almağa belə imkanım olmur. Tez-tez səyahət edirəm. Tehrana qayıdandan işləyirəm. Məktub yazmasanız da, narahat olmayın. Bilməlisiniz ki, mən həyatda olduğum müddətcə Hüseynə ana kimi baxacağam. O qədər xoşdur ki, bəzən ona həsəd aparıram. Hazırda mən bu məktubu yazarkən bağçadadır. İki dostu ilə top oynayırlar. İbtidai məktəbin üçüncü sinfini bitirdi. Dördə keçdi. Qiymətləri çox yaxşıdır. Boyu uzanıb, böyük oğlan olub...”
 O uşaq sənə, uşaqlığa və kitablara qovuşmuşdurAmma sən bilmirsən ki, o uşaq böyüyəndə Almaniyaya gedəcək. Alman dilini öyrənəcək və sənin şeirlərini almancaya ən yaxşı o çevirəcək.
Bir yandan "Ev qaradır” filmini işləyərkən, digər yandan da Şahin Serkisian ilə birlikdə Bernard Şounun "Müqəddəs Con” adlı pyesini tərcümə edirsən. İbrahim Gülistan ilə tanışlığın sənə başqa bir sahəyə aparmış və oradan dünyanı görmüsən, dünya da səni tanıyıb. 1963-cü ildə "Məhkum” kitabın üçüncü dəfə nəşr olunur. Yanvar ayında Pəri Saberinin qurduğu Luigi Pirandellonun "Altı adam yazarını axtarır” tamaşasında rol alırsan. Həmin vaxt Oberhausen Film Festivalında "Ev qaradır” filminin ən yaxşı film mükafatını aldığı xəbərini eşidirsən. Kann Film Festivalı da həmin qərarı alır, ancaq İbrahim filmi festivaldan çəkdiyi üçün qərar qüvvədən düşür. Bu filmdən sonra adın beynəlxalq sənət çevrələrində eşidilməyə başlayır. UNESCO sənin həyatın və yaradıcılığın haqqında yarım saatlıq film hazırlayır, Bernardo Bertalucci səndən müsahibə almaq üçün İrana gəlir və həyatından on beş dəqiqəlik film hazırlayır.
 "Gülistan Film”in operatoru Emir Kerari İbrahim Gülistan ilə səni belə təsvir edir:
 "Onların iş yerindəki münasibətləri qarşılıqlı hörmətə dayanmışdı. Bir-birlərini İbrahim bəy və Füruğ xanım kimi çağırırdılar. Bizim gördüyümüz qədəri ilə onlar arasındakı coşğulu sevgi sənətdən ibarət idi. Sənət onları bir-birinə bağlamışdı”.
 Sən zehni və ruhsal olaraq yenidən doğulmusan. İki övladı olmasına baxmayaraq, Puran deyir ki, günlər keçdikcə sənə təkrar-təkrar evlənməyi təklif edir və hətta bir dəfə səni nikah darəsinə aparacağını söylədi. Puran yazırdı: "Füruğ Gülistanı sevdiyi üçün çox əziyyət çəkdi. Amma heç vaxt Gülistan xanımın yerinə keçmək istəmirdi... O, Gülistanı ölümünə sevirdi.  Gülistan xanım, çox düşüncəli və sevgi dolu bir xanım olmasına və Füruğun varlığını ərinin həyatında qəbul etməsinə baxmayaraq, Füruğu dəfələrlə qırmışdı. Füruğ bu sevgi mövzusunda ümidsiz və kədərli idi. Gülistanın qızı Füruğa əzab vermək  üçün əlindən gələni əsirgəmədi. Füruğ Gülistanın oğlu və qızını sevirdi. Bir gün mənə dedi: "Bacı, mən onları sevirəm, amma qız mənə nifrət edir””
 
 
 Ardı var...
 Hazırladı: Haşim Hüsrevşahi
 Türkcədən uyğunlaşdıran: Rəvan Cavid