Biz imzaları yox, əsərləri dərc edirik...

Pəncərə önündəki yalnız qadın – Füruğ Fərruxzad – VII hissə
1135
29 İyun 2020, 09:08
 Artkaspi.az saytı məşhur iranlı şairə Füruğ Fərruxzadın həyatından parçaları təqdim edir:
 
 Puran bir müsahibəsində sənin qayınanan haqqında belə deyir:
"Füruğa Pərviz yox, onun ailəsi, xüsusən də anası çox əziyyətlər verdi. Elə hiylələr qurdularr ki, Füruğ Kamiyarı heç vaxt görmədi. Kamiyarın da dərdi-sərinə səbəb oldular. Anasının pis qadın olduğunu dayanmadan təkrarladılar. Həftəsonları qızlarımı gəzməyə aparırdı. Sonralar qızlarım mənə danışırdı ki, ikisinin ortasında yatar və səhərə qədər ağlayardı. Yadımdadı, bir dəfə anamgilə getmişdim, o yenə ağlayırdı. Füruğun Avropadan Kamiyar üçün paltarlar gətirdiyini, ancaq Pərvizin anasının paltarları üzünə çırpmasını danışırdı. Füruğ üçün Kamiyarın yerini heç kim doldurmadı”.
 Puran yanılırdı. Pərviz sənə çox əziyyətlər verdi. Sənin cəsarətinin yarısı onda olsa idi, məhkəmə qərarına və ailəsinin inandığı adət-ənənələrə qarşı çıxıb səni oğlunla görüşdürərdi. Ər və arvadın boşanması bu iki adamın insanlığını itirmələri demək deyil. Amma sənin üçün dəyişən bir şey yox idi. Romada olanda da Kamiyə və boşanmış olduğun Pərvizə hədiyyələr alırdın.
 
 
 

 "12 avqust, Roma (1956)
 Vitrinlərdə çox ucuz və gözəl şeylər gördükcə arzulayıram ki, bir az pulum olsun və bunlardan sizə alım. Amma o saat öz qəribə vəziyyətim gözümün qabağına gəlir, tez gözlərimi qapadıb ordan uzaqlaşıram. Pərviz, indi sənin sözlərini sanki sənə deyirəm. Sanki sənin yanındayam və sevdiyim və öpdüyüm gözlərinə, dodaqlarına, islananda dümdüz və çox gözəl olan saçlarına gizlicə baxıram”.
Ala bilmirsən. Almaniyada alarkən isə bilmirsən ki, bir gün geri qayıdanda aldığın o hədiyyələr Tehranın böyüdüyün o tozlu küçələrinə üzünə çırpılacaq. 
 Bütün bunlara baxmayaraq yeganə sevgin olan şeirdən əl çəkmirsən və 1958-ci ildə "Üsyan” adlı şeirlər kitabın çap edilir. Onda sənin 23 yaşın var. Yenə çoxsaylı tənqidlər, təhlillər başlayır. Amma sən tarixdə, bu millətin tarixində özünə artıq yer elədiyini bilirsən. Kim nə deyir desin, sən artıq Füruğ Fərruxzadsan. Qoy Pərviz görməzdən gəlsin, atan utansın, şairəciklər qısqansın, şairlər burunun sallasın. Sən ağrılı, acılı sınaqlar keçib İran şeirinin ilk zirvələrini fəht etmisən artıq. Ancaq ən uca zirvə qabaqdadır. Hələ çox yaralanacaqsan. Çox yıxılıb qalxacaqsan. Həmişə açıqca deyəcəksən: Bütün ağrılarım sevgidəndi, sevdadandı, eşqdəndi! Bunu sonrakı şeir kitabında yazacaqsan. "Üsyan”da isə şeytanın yolunu tutanların üzünə bağıracaqsan. 
 "Üsyan”dan sonra bir gün qaça-qaça evə gəlirsən. Gəlib bacına nələrdənsə həyəcanlı şəkildə danışırsan. Bacın Puran əvvəlcə anlamır, sonra nə qədər təhlükəli bir yanğının astanasında dayandığını hiss edir.
 "Bir adamla tanış oldum. Çox qəribə biridir. Sərt və karizmatik. Çox ciddidir. Bu günə qədər tanıdığım bütün kişilərdən fərqlənir. İlk dəfədir ki, bir kişidən qorxuram. Ondan çəkinirəm. Çox sərt biridir”.
 Həmin adam 1922-ci ildə Şirazda doğulan, İranın ən önəmli qısa hekayə yazarlarından biri, rejissor, produsser İbrahim Gülistandır. Şair Mehdi Ehevan Salis tanış etdi sizi. Ehevan Gülistanın film studiyalarından birində işləyir. Bu gün həyatının ən önəmli günü olduğunu bilmirsən. Bəlkə də, həyatındakı bu dəyişikliyin hərarəti ilə Purana İranın ən məşhur rejissoru, qısa hekayələr yazarı, komunizmdən üz çevirmədən öncə Tudeh partiyasının üzvü, iki uşaqlı qadının əri olduğunu bilmədiyin bu sərt və ciddi adamdan danışırsan. 
 1958-ci ilin iyulunda Gülistan Kinostudiyasında işə başlayırsan. Qısa vaxtdan sonra müəllifsiz filmləri arxivləşdirməyi və səliqəyə salmağı sənə tapşırırlar. Ardınca montaj işini öyrənməyə başlayırsan. Bir il olmamış İbrahim səni redaktorluğu və montaj işlərini daha dərindən öyrənmək üçün İngiltərəyə göndərir. İngiltərədən qayıtdıqdan sonra "Yanğın” adlı sənədli filmin montajında və səsləndirilməsində iştirak edirsən. Artıq kino sənin həyatına girib. Şeir, bir tərəfdən rəsm, indi də kino... "Panorama” adlı filmin çəkilişlərində rejissor köməkçisi və montaj redaktorusan. Prodüsserliyini İbrahim etmiş bu filmin ekranlara çıxması düz iki il çəkir. 1960-cı ildə Şahin Serkisiyanın rejissorluğunu etdiyi iki filmdə rol alırsan. Ancaq hər iki rol da hazırlıq setlərində yarımçıq qalır. Həyatın sürətlə axıb keçən çayı xatırladır.
 İndi 26 yaşındasan. Kanada Beynəlxalq Film Festivalı tərəfindən sifariş edilən, rejissorluğunu Gülistaninin etdiyi "Gəlin istəmə” filmində Tusi Haeri ilə birlikdə rol alırsan. Eyni zamanda "Su və Quraqlıq” qısa filminin hazırlıqları ərəfəsində İbrahim səni yenidən İngiltərəyə göndərir. Bundan sonra tez-tez səfərlərdə olacaqsan. Bir neçə reklam işində və bir filmin montaj və səsləndirmə işlərində yer alacaqsan. Ardınca Sadiq Çubekin "Dəniz niyə fırtınalıdır?” əsərinin "Dəniz” kimi tərcümə edilən hissəsində rol alırsan. Allan Penderinin rejissorluğunu etdiyi və İbrahimin prodüsserlik etdiyi "Dalğa və Mərcan və Qaya” sənədli filminin hazırlıqlarına qatılırsan. 
1962-ci ildə öz düşüncələrindəki filmi yaratmaq üçün fürsət tapırsan. Təbrizə gedirsən və bir sənədli filmin ssenarisini yazmağa qərar verirsən. Sonda Cüzamlılara Dəstək Fondunun istəyi ilə Təbrizin Baba Bağı Cüzamlılar evinin hekayəsini əks etdirən iyirmi iki dəqiqəlik bir film çəkərək adını dünyaya tanıdırsan: "Ev qaradır”. Əslində, sənin eşqiylə yandığın azad həyatın hərarəti bu filmdə də hiss olunur. Bütün yaraların, atılmışların, əzab və zillət çəkmişlərin zülmət dünyasına baxmayaraq sənin qara kömür altından qığılcım saçan o alovlu həyat eşqini görməmək olmur. 
 "Ev qaradır” filmini çəkmək üçün Təbrizin Baba Bağı Cüzamlılar xəstəxanasına uzun zamandan sonra yenidən gəldiyində kameranın arxasındasan və əlində ssenari var. 
 Filmin ilk saniyəsindən etibarən izləyicini ekrana kökləməyi bacarırsan. Kameranı yavaş-yavaş hərəkətə gətirirsən. Gillə suvanmış divar rəfinə qoyulmuş bir güzgünü göstərirsən. Güzgünün aşağı sol tərəf küncündən yuxarı uzanan çiçək motivi var. Güzgünün qarşısında dayanan qadının sadəcə qaşları və gözləri görünür. Kamera uzaqlaşdıqca hələki cüzam yarasına tutulmayan sol gözünə baxırıq, daha sonra burnunun olmadığının fərqinə varırıq. Yuxarı ucalan çiçək motivi və burunsuz üz.
 Bir uşaq səsi eşidilir. Uşaq farsca olan bir kitabı türk dilində oxumağa çalışır: "Tanrı, məni yaratdığın üçün təşəkkürlər! Mənə halıma yanan bir ana və məni sevən bir ata bəxş etdiyin üçün təşəkkür edirəm!” Bu vaxt başqa bir uşağı görürük: "Bol sulu çayları və meyvəli bağları yaratdığın üçün təşəkkür edirəm!”
Eyni intonasiya ilə başqa bir uşaq: "Mənə işləmək üçün əl verdiyinə görə təşəkkür edirəm, Tanrı!”
İndi gənc bir oğlan var qarşımızda: "Dünyanın gözəlliklərini görə bilim deyə verdiyin gözlərə şükür!”
Başqa bir uşaq: "Dünyanın ən gözəl musiqilərini eşidim deyə verdiyin qulaqlara şükür!”
Digər biri: "İstədiyim yerlərə gedə bilim deyə verdiyin ayaqlara şükür!”
Və şükürlər... şükürlər... şükürlər... olmayan qulaqlar, ayaqlar, gözlər, əllər. 
Sonra, Füruğ, sənin səsin gəlir, yanğılı bir səs:
 "Bu cəhənnəmdə kimdir Tanrıya şükür edən. Kimdir bu cəhənnəmdəki?!”
Öz formasını itirmiş üzlər, üzlər, üzlər, ayaqlar, əllər, burunlar. Yalnız bir divar, bir kişi və həftənin günlərini dayanmadan sayan bir qadın. Və bir qadının barmaqlarını gəmirən cüzam yarası. Sayılan günlər, kimsəsiz pəncərələr, boş bardaqlar, ayaqqabılar, insanlar...
"Ey ucaların ucası, sənin adına nəğmələr qoşacam, sənin adını on telli udla çalacağam, çünki o çox sirli və qəribədir”.
 
 Ardı var
 
Hazırladı: Haşim Hüsrevşahi
  Türkçədən uyğunlaşdıran: Rəvan Cavid