Biz imzaları yox, əsərləri dərc edirik...

Pəncərə önündəki yalnız qadın – Füruğ Fərruxzad – V hissə
2794
16 İyun 2020, 08:59
  Artkaspi.az saytı məşhur iranlı şairə Füruğ Fərruxzadın həyatından parçaları təqdim edir:
 
 
  Tez-tez haqlı olduğunu sübut etmək istədiyin ərinin sənə güvənməsinə boş yerə arzulayırsan. O, sənə lap əvvəldən qadınlara güvənmədiyini demişdi. O, sənin sevgilim sözünə dəyər vermədiyini də demişdi. Sən ədəbiyyat tədbirlərinə dəvəti rədd edirsən. "Ərim gələndə gələcəm...” Bu, sənin cavabın deyil. Hələ ki üsyan bayrağını qaldırmamısan. 

  "7 avqust, çərşənbə axşamı (1951)
  Suphi radioda məni tərif edərkən atam əsəbiləşdi, anama "qızımı pis yola sən çəkdin” deyib qışqırdı. Pərvizim, xanım Saidi məni radioya bir neçə dəfə dəvət etsələr də, səni gözlədim, getmədim. Gələndə məni ora aparacaqsan, ya yox, bilmirəm. Sənin və Kaminin ölüsünü görüm, əgər yalan deyirəmsə. Mən anamın və Puranın evindən başqa heç yerə getmirəm. Filmə belə getmirəm. Mənə inanıb-inanmadığını isə bilmirəm”.

  "24 iyul, cümə axşamı (1952)
  Məktublarında məndən məmnun olduğunu yazırsan. Mən həmişə sənin düşüncələrini anlamağa çalışıram. Ancaq mənə qarşı bu qədər mühafizəkar olduğunu bir də düşün. Çünki mənin azadlığa ehtiyacım olmasa belə, azadlıq mənə sevindirir və mənə şövq verir. Pərviz, mən səni sevirəm və həyatımın qalan hissəsini səninlə keçirmək istəyirəm.  Mən səni sevirəm və həyatımın qalan hissəsini səninlə keçirmək istəyirəm. Bilirəm, səndən ayrılsam, sevginin xatirəsi mənə əzab verəcək. Ancaq nə edə bilərəm ki... Sənin insafın olsun, mən də sənin  əmrlərini yerinə yetirməyə çalışacam. Sohen dərgisi məni dəvət etdi, getmədim. Daneşveran qrupu neçə vaxtdı mənimlə görüşmək istəyirəm, mən isə üzr istəyərək təkliflərini geri çevirirəm”.

  "30 iyul
  Mən səni bir uşağın anasını sevdiyi kimi sevirəm. Yalnızlıq məni didir, düşüncələrimi gəmirir. Bütün narahatlıqlarımın səbəbi yalnızlığımdır. Bu məktubu yazarkən ağlayıram. Niyə ağladığımı da bilmirəm. Həmişə beləyəm. Normal danışmaq istəyəndə də hıçqırıq tutur. Mütləq mənə acı verən bir şey var. Amma nə olduğunu bilmirəm. Bu cür qəribə halların səbəbini bilmirəm. Pərvizim, Allaha and olsun ki, səndən başqa heç kimi sevmirəm və qəlbimdə səndən başqası yoxdu. Sənə olan sevgimi kim inkar edər? Hərdən dəlilik edirəm, ipə-sapa yatmıram, bunu bağışla, başa düş. Dinləməyə və dinlənməyə ehtiyacım var...”

  Bu dəfə öz duyğu və düşüncələrini başqa cür ifadə edirsən:

  "3 avqust, bazar (1952) 
 Mənim qanunlara, adət-ənənələrə, mentalitetə, bu xalqın düşüncələrinə qarşı etiraz etməyi nə qədər çox sevdiyimi bilmirsən. Ancaq ayaqlarımda mənə mane olan zəncirlər var. Ruhum, vücudum və düşüncələrim zəif sosial qanunların çərçivəsində məhbus qalıb və mən bu qanunların xaricinə çıxmaq üçün çırpınıram. Bu cür qayda-qanunlarla dolu, sıxıcı həyatı istəmirəm. Mənim ruhumun günaha meylli olduğunu düşünürsən, elə deyil. Mən karıxdıran işlər görməkdən həzz alıram. "Lazımdır” sözünü artıq eşitmək istəmirəm. Hansı dəli insanı bu həyatı içinə atıb?! İndiyə qədər heç vaxt bu mövzularda danışmamışıq, lakin sən özün anlamış olarsan. Mən nə qədər dəli dolu, isti, oxşamalardan uzaq, təbii bir sevgidən yanayamsa, bir o qədər də azad və qayğısız  həyatın tərəfdarıyam. Sən isə daha sakit həyat istəyirsən”.

  Pərviz səni davamlı şəkildə orda-burda əyləndiyini deyir. Sənin azad bir qadın və şair olduğunun fərqində deyil. Boşanmaqla təhdid edir. Sən də özünü müdafiəyə keçirsən:

  "Məni Körpüdə görən bəylə qarşılaşmaq və üzünə tüpürmək istəyirəm. Çünki mən Tehrana gələndən bəri cəmi üç dəfə bacımla görüşmüşəm. İki dəfə mən onlara gəlmişəm, bir dəfə də o anamgilə gəlib. Və iki həftədir ki, Meyquna gediblər. Əgər mən Körpüyə getmişəmsə, qoy Allah məni bağışlamasın. And içmək istəməzdim, amma Kaminin ölüsünü görüm ki, Körpüyə axırıncı dəfə üç il qabaq getmişəm. Hardadı o gəzib-əyləndiyim günlər?! Yazırsan ki, Tehrana gələndə gəzmək istəmirsən. Özün bilərsən. Allah şahiddir ki, mən nəinki Körpüyə getmişəm, heç gəzməyə, kinoya da getmirəm. İstəyirsən, inanma. Məni də gələndə gəzməyə çıxarma. Hər axmağın qabağında məni alçaltmağından, təhqir etməyindən bezmişəm. Qəlbim ağrı və üzüntüylə dolub daşır. Canımı daha artıq sıxma. Millətin nə dediyinə yox, bir az da mənə qulaq as. Cammat həmişə mənim arxamdan danışıb. Sənin fikrini dolaşdırırlar. Mən təmizəm və təmiz də qalacam. Sən və sənin dostlarının nə dediyi vecimə də deyil. Bu qədər.
  Füruğ”.

  Artıq dözümünün sonuna gəlmisən:

  "Sevgili Pərviz... Ümid edirəm, yaxşısan...
  Unutma ki, mən səni həmişə bütün qəlbimlə sevmişəm və ağlımda səndən başqa heç kim olmayıb. Məni boşasan, iki gündə özümü tələf edəcək qədər axmaq deyiləm, qaldı ki, bu təkcə mənim başıma gəlməyib. Üstəlik, mən öz ayaqlarım üzərində dayana bilərəm, öz gücümlə yaşaya bilərəm, xərclərimi qarşılaya bilərəm. Bunlara rəğmən  sənin tikanlı sözlərinə hələ də dözürəm. Bilirəm ki, sənət və şeir hamı kimi məni də xoşbəxt etməyəcək. Lakin mən şeirlə, sənətlə keçən həyatı istəyirəm. Sən isə hər gün məni öz istədiyim dünyadan bir az daha ayrı saxlayırsan. Dünyam qaralır. Özümü bədbəxt hiss edirəm. Həyata nifrət edirəm. İstəyirsən, məni boşa, ya da boşama. Mən səni sevirəm və əmin ola bilərsən ki, həyatımda səndən başqası yoxdu. Öpürəm.
  Füruğ”.         
                                           
  Bu illərdə səni öz əsarətində saxlayan, həyatına təsir edən İran da tarixinin ən qalmaqallı zamanını yaşayır. Sənin sonralar aşiq olacağın sevgilin də o illərdə Marksizm-Leninizmdən imtina etməmiş, üzvi olduğu Tudeh partiyası qapadılmış, azadlıq hərəkatı yeraltından idarə olunurdu. Milli cəbhə lideri Musaddıq petrolun milliləşdirilməsi üçün etirazlar edir. Ərin Pərvizin işlədiyi Abadan şəhərində neft zavodunun fəhlələri tətilə çıxıblar. 22 iyul 1952-ci ildə Musaddıq tərəfdarları iqtidarı ələ keçirir və Şah ölkədən qaçır. Sənə bu problemlər maraqlı deyil. Burnunun dibində baş verən və cəmiyyəti alt-üst edən hadisələrə marağı yoxdur. Sonralar, çox sonralar olacaq. Bu müddətdə sən Pərvizlə qucağında Kami Ahvazdan Tehrana qayıdırsan. Həmin günlərdə, 1953-ün yay aylarında CİA çevriliş edir və Şahı geri gətirir, Mussadıq isə həbsə atılır. Şahın milli ordu dediyi əsgərləri tanklar və silahlarla xalqı əzib keçir. Tehranın küçələrində qan axır. İranda qaranlıq bir dönəm yenidən başlayır. Sən də Pərvizin inamsızlığına, güvənsizliyinə, şeirə qarşı çıxmağına, kobudluğuna artıq dözə bilmirsən. Bunu ona Romadan yazdığın məktubda dilə gətirirsən. 
  Sənin illər sonra qarşılaşacağın sevgilinin mənsub olduğu Tudeh  partiyasının əsgərləri sıra düzülüb güllələnərkən sən də Pərvizdə ayrılmağa qərar verirsən. İl 1955. Noyabr. İyirmi bir yaşındasan. Pərvizə qarşı hiss etdiyin və böyük sandığın sevgin darmadağın olub.  Qəlbin parçalanıb. Amma özünü azad hiss edirsən.  Yanılırsan, Füruğ! Azad olmağın üçün başqa şeylər lazımdı. 

  Ardı var...

  Hazırladı: Haşim Hüsrevşahi
  Türkçədən uyğunlaşdıran: Rəvan Cavid