Biz imzaları yox, əsərləri dərc edirik...

Pəncərə önündəki tənha qadın – Füruğ Fərruxzad – III hissə
2315
02 İyun 2020, 09:47
Pəncərə önündəki tənha qadın – Füruğ Fərruxzad
 
 əvvəli ötən sayda
 
 Təlatüm və çaşqınlığın ortasında Pərvizlə gizlicə görüşür, məktublaşırsan. Pərviz iyun ayında yazdığı məktubda sənin, bəlkə də, bilmədiyin, ya da bilib dərk etmədiyin, ya da görməzliyə vurduğun həqiqəti sənə etiraf edəcək:
 "Sənin nə qədər dəyərli bir qız olduğunu bilirəm, ancaq əks cinsə də bir o qədər güvənmirəm. Sizin yanınızda bir həqiqətin olduğuna inanmıram, varsa da böyük bir dəyər daşımadığına əminəm. Çünki həyatın mənə öyrətdiyi və şəxsi təcrübələrimin yaratdığı təəssürat bu düşüncəmin doğru olduğunu isbatlayır. Beləcə bu mühüm dəlilin əksini müdafiə etməyənə qədər öz fikirlərimdən əl çəkməyəcəm. Məsələn, sənin mənə söylədiyin "sevgili” sözü ilə mənim sənə xitabən dediyim "sevgili” sözü arasında fərqin olduğunu hiss edirəm. Biri həqiqətin yanında, digəri isə həqiqətdən çox uzaqdadır. Bu, mənim düşündüklərimdir və sən bunların əksini mənə sübut etməlisən.
Pərviz Şapur, Bazarertəsi axşamı, 5 iyun 1950”
 "Əks cinsə” güvənməyən, mühakimə edən, sabit fikirli və hər düşündüyünün əksini sənin sübut etməyini gözləyən bir kişi! Amma hələlik sənin çox dərin düşünmürsən və onunla evlənməyi istəyirsən. Gəncliyinin verdiyi coşquyla, sənə xas bir saflıqla, açıq və cəsarətlə ona evdəki sıxıntıları yazırsan. Tez bir zamanda səni alıb bu evdən aparmağını istəyirsən.

 
  

 "Əziz Pərviz,
 Narahatlıqdan, qışqırıqlardan, davalardan və fitnələrdən qurtulmaq üçün bu gecə bu otağa sığındım. Özümü tanıdığım gündən  bu cür şeylərə qarşıyam və həmişə sakit və səssiz bir həyat istədim. Lakin bəzən hətta Allah da bəndəsiylə höcətlik edir.. İnsan nə edə bilər? İndi onlar həyətdə yeni fitnə uydurmaqla məşğuldurlar. İşığı əlimdən məndən almaq istəyirlər. Bilirsən, şkafımın olduğu otaqda elektrik lampası yoxdur. Uzun müddətdir ki, işləyirəm... Gecə təxminən bir saat kerosin lampasını istifadə edirəm. Evin sahibləri əsəbiləşdilər. Gileylənirlər ki, niyə həm kerosin, həm də elektrik istifadə edirsən? Halbuki özləri hər gün bir qalay kerosini soba və ütü üçün istifadə edirlər. Səhərdən bəri evdəkilərlə davadayam.  O qədər ağladım ki, gözlərim hələ də yanır. Mənə deyirlər, sənə niyə bu qədər məktub yazıram? Mən başa düşmürəm, bu cinayətdir? Yazıq mən, insan deyiləm və kimisə sevməyə, ona məktub yazmağa haqqım yoxdur? Sənin gəlməyinə icazə vermirlər, məni evdən çıxmağa qoymurlar. Çaş-baş qalmışam. Mən məhbusam? Mən gənc deyiləm? Səyahət etmək, gəzmək və əylənmək hüququm yoxdur? Tək getmədiyimi deyirəm, arxamca gəlin deyirəm. Kim gəlir? Eşidirlər ki məni?  Ağlayıram, bağırıram, ağlayıram. Bu evdə heç kim məntiqli düşünə bilmir. Başa düşən olanda da qorxusundan səsini çıxarmır. Bu evdə hamı özündən razı, eqoist, kobuddur.  Axırda qaçacağam. Başqa seçim yoxdu. Bir gün görəcəklər ki, mən artıq yoxam!  Qayçı bu səhər yox olmuşdu. Mən qayçı oğurlayanam? Həm də öz qayçım var mənim.  Bir saatlıq araşdırma və dindirmədən sonra otağımı açan kimi hamısı şkafıma hücum çəkdilər. Bu evdə cəmi bir şkafım var, onu da mənə vermirlər.  Bugünkü "tarixi hücumlarında” bütün əşyalarımı dağıtdılar. Əhəmiyyətli bir şey yox idi, ancaq bu hərəkət edilməməliydi. Mən də özümü müdafiə edə bilərdim.  (nəhayət, lampamı alıb atdılar. İndi nə edəcəm?) Bir saatdır davam edən dava-dalaşdan sonra məktubumun qalan hissəsini qaranlıqda yazıram. Bu mənim gündəlik həyatımdır ... (Bazar, 7 İyul)”
 O böyük ev, nəhəng həyət, akasiyaların boylandığı bağça sənə dar gəlirdimi? Nevşəhirdə, Xəzər sahilindəki ev cənnət bağına bənzəyirdi. Bir  pəncərəsi dənizə, o biri pəncərələr meşəyə açılırdı. O kiçik taxta qapı Rıza Şahın yaz sarayına tərəf. Tehrandakı eviniz də böyük idi. Ancaq yenə də qaçmaq istədin. İki bacı qadın olduğunuz üçünmü evlər sizə dar, həbsxana kimi gəlirdi? Ona görəmi qaçmaq istəyirdiniz? Uşaq qəlbinizə bu qara toxumları əkənlər kim idi? Ananız da qadın deyildimi? Niyə ətrafınızda divarlar tikmişdi. Evlənməklə həbsdən çıxdığımı düşünürdün, elə deyilmi? Yox, sadəcə həbsxanamı dəyişdin. Mühafizəni dəyişdin.
 Yeri gəlmişkən, rəssamlıqla maraqlanırsan. Əli Əsgər Potgerin nəzarətində Potgerin atelyesində rəsm çəkməyi öyrənirsən. Sonraböyük rəssamın adını daşıyan Kemalülmülk Qızlar Sənət Liseyinə keçirsən. Ancaq bu məktəbi evliliyinə görə bitirə bilmirsən. Təhsilin yarımçıq qalır. Evliliyinizə razılıq Pərvizlə gizli görüşməyə başlayırsan. Sizdə, ya da onların evində. Məktublar yazır, Feriduna verirsən, o da gizlincə Pərvizə çatdırır. Məktubların bəzisi evinizdəki təlaşdan, davalardan, bəziləri də evlilik planlarından, sənin qurduğun uşaqca xəyallarından bəhs edir. Pərvzin o qısa ifşa məktubuna rəğmən evlənməzdən öncə də, evli olanda da, boşandıqdan sonra da həmişə ona "sevgilim” dedin.
"Sevgilim Pərviz...
 Anan evlənəcəyimizi eşidəndə, Nəvvab xanımın dediyinə görə, özündən gedib. Sənə bəd dualar yağdırıb. Çünki sən daha əvvəl səkkiz il başqa bir qadını sevmisən, onunla evlənməyi düşünmüsən. Sonra həmin qız başqası ilə evlənib. İndi isə ərindən boşanıb və səni gözləyirmiş. Pərvizim, mən ağlamamaq üçün əlimdən gələni edirəm, ancaq olmur. Bunlar ağılasığan şeylər deyil, əgər doğrudursa da, mən həmin sevgidən qəlbində bir iz qaldığına inanmıram. Əgər elə deyilsə, sən onun yanında xoşbəxt olacaqsansa, deyəcək bir sözüm yoxdu. Unutma ki, mənim səni unutmağım o zaman mümkün olar ki, həyatda olmayım, nəfəs almayım. Mən sənsiz bir an belə yaşaya bilmərəm... (13 iyun, 1950)”
Fəqət hər şeyə rəğmən sənin dözümün və atanın razılığı sayəsində Pərvizlə evləndin. Pərviz sənin ilk sevgindir. 16 yaşın var və sən onun evinə sadə bir çal-çağırla gəlin gedirsən. Gəlinlik, qır-qızıl istəmədin, atan, anan cehiz vermədi. Dul bir qadın kimi getdin Pərvizin evinə. Pərvizin ev tutacaq, ev alacaq pulu da yox idi.
 "Mənim vəziyyətimi bilirsən. Valideynlərimin məni düşünmədiyini də bilirsən. İndiyə qədər onlar mənim adıma xırdaca bir şey də almadılar və yüz il keçsə də, mən yenə onların gözünün qabağında olsam da, heç nə etməyəcəklər. Heç bir şeyim olmadan evinə sadəcə özümü gətirirəm, sənin süfrəndə oturmaq, sənin yatağında yatmaq və sənin xoşbəxtliyinə səbəb olmaq üçün gəlirəm. Sən tək olsaydın, yalnız yaşasaydın, Allaha və sənə and olsun ki, səninlə qalar və evimə geri dönməzdim. Bu vəziyyətdə, sənin evinə gəlməyə utanıram, Pərviz. And olsun ki, məni öldürsən də gələ bilmərəm. Mən başqalarının kinayələrinə qatlana bilmərəm... (19 iyul)”
 Evliliyinizə razı olduqları gün sən yenidən Pərvizə yazdın və şəxsi çaparınla öz uşaq sevincini ona çatdırdın:
"31 iyul, 1950. Cümə axşamı.
 Pərviz, sevgili ərim. Ümid edirəm ki, artıq sənə "ərim” deyə müraciət edə bilərəm. İstəsən, sən də mənə sevgili həyat yoldaşım deyə bilərsən. Anamın bu qədər daş qəlbli və vəfasız olduğuna görə özümü öldürmək istəyirdim. Tanrıya və müqəddəs bildiyin hər şeyə and olsun ki, sən məni tərk etmədən öncə mən özüm bu həyatın zəncirlərindən qurtulacağam... Çox bədbəxt olduğumu bilirəm. Bir gün səndən sonra ölümü gözə alsam mənə aciz biri kimi baxma, çünki insan həyatının qayəsini itirincə ölməyə məhkumdur. Hə Pərviz, bir gün məni tərk etsən, özümü öldürəcəyəm... Qaradan oyana rəng yoxdur. Əlvida sənə. Ya sadəcə bu gün üçün, ya da həmişəlik. Bu, sənin qərarından asılıdır...”
Evləndikdən sonra ərinin işi ilə bağlı Ahvaz şəhərinə gedirsən. Çox böyük sevinclə  gedirsən Ahvaza, təəssüf ki bilmirsən, cəmi bir il sonra,  1951-də aranızda olan anlaşılmazlığa görə ayrılacaqsınız və ata evinə – Tehrana geri gələcəksən. Gəldin və gələr-gəlməz "Günah” adlı şeirini yazdın. Yazıb şair Feridun Moşiriyə "Roşenfekr” dərgisində dərc etməsi üçün verdin. Şeir çap olundu və qiyamət qopdu.
Ardı var...

 
 Hazırladı: Haşim Hüsrevşahi
 Türkçədən uyğunlaşdıran: Rəvan Cavid