Artksapi.az saytı filologiya elmləri doktoru, professor,
ədəbiyyatşünas-tənqidçi Nizami Tağısoyun Heydər Cəfərovun "Azərbaycanca-rusca pedaqoji-psixoloji terminlər lüğəti” haqqında
yazdığı məqaləni təqdim edir:

Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra mədəniyyətimizdə, sosial-ictimai
həyatımızda, ədəbiyyatşünaslığımızda və
fəlsəfi-etik-estetik yöndə gedən dəyişikliklər pedaqoji-psixoloji aspektdə
aparılan işlərin konseptuallaşdırılmasında, dərinləşdirilməsində və
sistemləşdirilməsində də pozitiv yeniləşmələrə gətirib çıxardı. Adları çəkilən
bu sahələrdə lüğətçilik fəaliyyəti də öz
dinamikası ilə fərqlənməyə başladı. Müxtəlif tipli soraq və terminlər kitabları,
ikidilli, üçdilli və dörddilli lüğətlər
ortaya gəldi. Azərbaycanda müxtəlif elm sahələrində aparılmış bu elmi, tədris
və təlim əhəmiyyətli və yönlü kitabların, lüğətlərin rol və mahiyyətinə
toxunmadan səriştəli pedaqoq-alim, nəzəriyyəçi və praktik, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin dosenti Heydər
Allahyar oğlu Cəfərovun lap yenicə üzü işıq görmüş "Azərbaycanca-rusca pedaqoji-psixoloji
terminlər lüğəti” kitabı ilə bağlı qənaətlərimizi bölüşmək istəyirik. Bəri
başdan qeyd edək ki, Heydər Cəfərov Azərbaycan pedaqoji təffəkürrü sahəsində
yetərincə tanınmış mütəxəssisdir. Onun pedaqoji elmin müxtəlif məsələlərinə
həsr etdiyi məqalə və materialları, dərs vəsaitləri və proqramları, xüsusuilə
ölkəmizdə ilk dəfə pedaqoji valeologiya və didaktogeniya, təhsildə sağlam həyat
tərzi, təhsil alanların sağlam həyat tərzinin ictimai-pedaqoji əhəmiyyəti,
onların asudə vaxtının səmərəli təşkili və digər problemlərə aid tədqiqatları bir qayda olaraq fərdi baxış bucağı ilə
seçilməsi ilə yanaşı, problemin daim ontoloji qatına enməklə digər mütəxəssislərin
yanaşmasından seçilir.
El arasında məsəl var: "Bünövrəsi möhkəm olan
ev, dağılmaz”. Bu məsələnin Heydər Cəfərova birbaşa aidiyyatı vardır. Çünki biz
bunu az qala yarım əsri haqlayan bir tanışlığımız dövründə onun nəzəri-praktik
qabiliyyətinə, elmi erudisiyasına yaxından bələd olan bir təfəkkür sahibi kimi
deyirik.
Heydər
müəllimlə biz 1971-1975-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus
dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universitetinin) rus dili
və ədəbiyyatı fakültəsində bir qrupda təhsil almış, birgə yaşamış, birgə
dərslərə, imtahanlara hazırlaşmış, kitabxanalara getmiş, birgə məşqlər etmiş,
həyatın sınaqlarına birgə sinə gərmişik. Çox nadir hallarda mühazirəçi
müəllimlərimiz bizə konkret fəndən digər tələbələr kimi bilet çəkib hazırlaşmağa
imkan vermişdir. Əksər hallarda mühazirəçi müəllimlərimiz imtahanlarda bizim
üz-üzə cavab vermək ümidlərimizi ürəyimizdə qoyub bizə mexaniki "əla” qiymətlər yazmışlar. Heydər
mənə, mən Heydərə daim qol-qanad verib, bir-birimizi əla oxumağa sövq etmiş,
təhsilimizi fərqlənmə diplomu ilə başa vurmuşuq. Birgə aspirantura keçmiş, eyni
vaxtda dissertasiya müdafiə etmiş, eyni bir ali məktəbdə mühazirələr oxumuş,
bir-birimizin uğurlarına sevinmişik. Heydər həm tələbəlik illərində, həm
aspiranturada təhsil aldığı dövrlərdə, həm də səriştəli pedaqoq-alim kimi
fəaliyyət göstərdiyi vaxtlarda çalışdığı kollektivdə öz yenilməz reputasiyası
ilə fərqlənmişdir. İndi neçə onilliklər arxada qalsa da, Heydər yenə də həmin
çalışqanlıq və şövqlə yaşayıb işləməkdə, pedaqoji elmimizə öz layiqli
töhfələrini verməkdədir.
Bax,
Heydər müəllimin qeyd etdiyimiz həmin məsuliyyəti sayəsində onun uzun illər
ərzində üzərində çalışdığı "Azərbaycanca-rusca pedaqoji-psixoloji terminlər
lüğəti” adlı sanballı kitabı araya-ərsəyə gəlmişdir. Bəs Heydər Cəfərovun
ortaya qoyduğu adını çəkdiyimiz kitabının başlıca məziyyətləri nədən ibarətdir?
Bu, fikrimizcə, özünü aşağıda toxunacağımız məqamların işıqlandırılmasında
ortaya qoyur. Pedaqoji-psixoloji terminlər lüğəti, adından da göründüyü kimi, pedaqoji-psixoloji
sahədə çalışan mütəxəssislərin, müəllimlərin, tələbələrin tədris zamanı və
tədqiqat apardıqları vaxtlarda istifadə edəcəkləri mühüm elmi-nəzəri-praktik
vəsaitdir. Bu kitabın çoxsaylı terminlərin nəyi özündə ehtiva etməsində,
tələbələrin və tədqiqatçıların yeni anlayışlarla tanış olmasında, yaxud yaddan
çıxarılmış pedaqoji-psixoloji terminlərin yenidən yaddaşda bərpa edilməsində və
s. rolu danılmazdır.
Bunu
da qeyd edək ki, hələ 1971-ci ildən başlayaraq, Azərbaycan leksikologiyası
–frazeologiyası və rusistikası sahəsində tanınmış alim, prof. Məmməd Tağıyevin
rəhbərliyi ilə ikidilli Azərbaycanca-rusca lüğət hazırlanarkən o, biz
tələbələri də lüğət kartotekalarının yazılmasına və lüğətin hazırlanmasına cəlb
etmişdi. O vaxtlar biz tələbələr həmin lüğətin hazırlanmasında yaxından iştirak
edirdik. Və burada ən çox fəallığı və lüğətçilik fəhmi ilə fərqlənən də məhz
Heydər idi. Yəni onun lüğət yaradıcılığına meyli də həmin vaxtlardan
yaranmışdı. Buna görə də H.Cəfərovun adı çəkilən lüğətinin araya-ərsəyə gəlməsi
təsadüfi xarakter daşımır.
Heydər
Cəfərovun ortaya qoyduğu pedaqoji-psixoloji terminlər lüğətində yer almış
anlayışlar pedaqoji-psixoloji nəzəriyyə və praktikada daha çox ehtiyac duyulan
anlayış və terminlərdir. Heydər müəllimin bu lüğəti ilə yaxından tanış olarkən
müəyyənləşdirmək olur ki, müəllif müxtəlif pedaqoji-psixoloji məktəb və
cərəyanlara münasibətdə neytrallıq nümayiş etdirməyə can atmaqla onlardan hər
birinin fərqli izahının təsiri altına düşmür,
eyni zamanda müasir nəzəriyyə və praktikada olan anlayışların mühüm tendensiyasının izahını
verməyə çalışır.
Məlum
olduğu kimi, hər bir lüğət öz epoxasının məhsuludur. Hər hansı müəyyən dövrün
leksik-terminoloji xüsusiyyətini əks etdirməklə lüğət həm də dövrün
fəlsəfəsini, ideologiyasını əks etdirir. Hər bir yeni epoxa mühüm ictimai,
siyasi, iqtisadi, mədəni, kulturoloji dəyişiklikləri əks etdirməklə öz dövrünün
lüğətini tələb edir. Çünki əvvəl yaradılıb ortaya qoyulmuş nümunələr dövrün
leksik, terminoloji sisteminə, müasir vəziyyətinə uyğun gəlmir. XXI əsrin əvvəllərində,
yəni bu günümüzdə ortaya çıxan Azərbaycan leksikoqrafiyası müxtəlif sferaları
əhatə edən ən çeşidli və rəngarəng lüğət informasiyasının ortaya gəlməsini diktə
edir. Müasir dövrdə siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə, elmdə və təhsildə
gedən dəyişikliklər dil situasiyası və terminologiyada da dəyişikliklərin baş
verməsini dinamikləşdirir. Odur ki, lüğətlərin tərtib edilməsi son dərəcə
əzablı və üzücü bir prosesdir. Lüğətçilik daim yenilənən bir sahə olduğundan,
heç şübhəsiz ki, bir lüğət daxilində konkret sahədə baş verən yeniliklərlə
bağlı informasiyanın toplanması da nə mümkün deyil, nə də onun bütün cəmiyyətin
tələblərini ödəməsi real görünmür. Heydər Cəfərovun
tərtib etdiyi lüğət sahə lüğətçilik terminologiyasını əhatə etsə də, bu
lüğət məhz iki
(Azərbaycan və rus) dildə tərtib edilməsi ilə əlamətdardır. İşin çətinliyi
ondan ibarətdir ki, müəllif burada hər bir konkret halda hər bir söz, anlayış
və terminlərin tərcüməsini verir, buna görə də lüğət struktur və forma baxımından da fərqli təsir bağışlayır.
Azərbaycanca-rusca tərtib edilən bu lüğət rusdilli istifadəçilər üçün də
kifayət qədər izahlar verir. Məsələn, lüğətdəki "alicənablıq” – "благородство”,
"великодушие”, "ambivalent təfəkkür” – "амбивалетное мышление” (s. 15), "anlamanın
səviyyəsi”– "урoвень понимания”, "antropogen
dəyişikliklər” – "антропогенные изменения” (s. 17), "atatik
təfəkkür” – "ататическое мышление” (s. 20),
"biheviorizm” (fəlsəfi, pedaqoji-psixoloji cərəyan) – "бихевиоризм”
(философское, психолого-педагогическое) (s. 29), "diferensial psixologiya” –
"дифференциальная психология”, "disleksiya” – "дислекcия” (s. 57), "divergent təfəkkür” – "дивергентное мышление”
(s. 57), "empirik psixologiya” – "эмприческая
психология” (s. 67), "intuitiv təffəkür” – "интуитивное мышление” (s. 139), "konvergensiya
nəzəriyyəsi” – "теория конвергенции” (s. 158),
"paleopsixologiya” – "палеoпсихология” (s. 251), "pedaqoji cərəyanlar” (praqmatizm, ekzistensializm, biheviorizim, neotomizm,
rekonstruktvizm, humanizm, futuralizm, multikulturalizm, eksperimental
pedaqogika, perenalizim, essensializim, tolerantlıq) – (s. 253). Bunların
hamısı da rus dilində müvafiq şəkildə tərcümə edilərək Azərbaycanca mətinin
qarşısında yerləşdirilir.
Heydər Cəfərovun adını çəkdiyimiz kitabının üstün cəhəti həm də ondan
ibarətdir ki, birinci, müəllif hər iki elm sahəsinin (pedaqogika və psixologiyanın)
nəzəri, praktik və metodoloji problemlərini dərindən bilir, ikinci, o, Azərbaycan
və rus dillərinin qrammatikasını kamil mənimsəmiş mütəxəssisdir, üçüncü,
tərcümə sahəsində respublikamızda fəaliyyət göstərən ən səriştəli tərcümə
praktiklərindən, mütərcimlərdəndir. Eyni
zamanda tərcümə nəzəriyyəsinin, praktikasının əsas meyar və ölçülərini hər iki
dildən bir-birinə mükəmməl tərcümə etməyi bacaran nadir təfəkkür
sahiblərindəndir.
Bunu da nəzərə almaq lazımdır ki, söz, anlayış, və terminlərin
tərcüməsi daim böyük çətinliklər ortaya atır. Bu isə, məlum olduğu kimi, bəzi
sözlərin mənasının müxtəlif dillərdə bir-birinə uyğun olmaması və sözlərin hər
bir dildə müstəqim mənası ilə əlaqədardır. Bu məsələləri nəzərə alan Heydər
müəllim lüğətin tərtibi zamanı onun məqsədindən asılı olaraq qarşıya qoyduğu
vəzifələrin öhdəsindən layiqincə gəlir. Bizə belə gəlir ki, lüğətçilik
fəaliyyəti ilə məşğul olanlar, hər şeydən öncə, onun tədrisi məqsədi, tətbiqi
istiqaməti haqqında daha çox düşünməlidirlər. Heydər müəllim 45 ildir ki,
tədris fəaliyyəti ilə məşğul olduğundan və ali məktəblərin işindəki bir sıra
kəm-kəsirləri yaxşı bildiyindən, onun bu lüğətindən nəinki arayış materialı,
həm də müstəqil tədris materialı kimi istifadə etmək olar.
Müasir dövrün inkişafı və qloballaşma şəraiti həm konkret dillərdə,
həm də konkret elm sahələrində gedən çeşidli informasiya axını ilə
əlamətdardır. Odur ki, həm konkret elm sahəsində, həm də beynəlxalq
kommunikasiya şəraitində tərcümə olunan anlayış və terminoloji vahidlərin başqa
dilə necə çevrilməsi sahəsində dərin biliklərə malik olmadan dar sahələrdə
(bizim təqdirdə pedaqoji-psixoloji elmlər aspektində) konkret ixtisas üzrə
zəngin elmi biliklər olmadan lüğətçilik sahəsində də uğur qazanmaq inandırıcı
görünmür.
Terminoloji ikidilli bu lüğət konkret pedaqoji-psixoloji
terminologiyanın xüsusiyyətini özündə birləşdirir. Lakin eyni zamanda bu
lüğətdə elə anlayış və ifadələr də vardır ki, onlar istər-istəməz etnologiya,
etika, estetika, fəlsəfə, psixogenetika, valeologiya, struktural və
posmodernist cərəyanlarla əlaqəli şəkildə lüğətdə yer alır. Heydər Cəfərovun tərtib
etdiyi bu ikidilli terminoloji lüğət həm də özündə bir sıra vəzifələrin həllini
nəzərdə tutur: a) lüğətə daxil edilən terminlərin əsas vəzifələri ortaya
qoyulur, b) terminoloji lüğətin layihələndirilmə prinsipi müəllif tərəfindən
düzgün müəyyənləşdirilir, c) lüğətdə yer almış terminoloji vahidlərin təşkil
olunma xüsusiyyətləri nəzərə alınır. Eyni zamanda burada ixtisas üzrə konkret
terminin işlənmə tezliyi, pedaqoji-psixoloji sahədə bu terminologiyanın dəyəri,
terminin hər bir (Azərbaycan və rus) dildə işlənmə zəruriliyi diqqət mərkəzində
dayanır.
Terminoloji ikidilli lüğətlərin tərtibi zamanı aşağıdakı prinsiplərin
də gözlənilməsi vacibdir. Bu mühüm vəzifənin də öhdəsindən Heydər müəllimin
layiqincə gəldiyini görə bilirik:
1. Sistemlilik prinsipi – bu, hər sahə üzrə olan terminoloji
lüğətlərdə müxtəlif cür olur. Burada seçilmiş leksik vahidlərin mövzu ilə
bağlılığı, əlaqəliliyi ierarxiyaya tabe olmaqla müxtəlif tipli əlaqələrdə
ortaya qoyulur. Heydər müəllimin təqdim etdiyi lüğətdə sözlər konkret qrupa bölünməklə
müvafiq olaraq əsas makrosahəylə əlaqədə verilir.
2. Kommunikativ dəyər prinsipi – terminoloji lüğət üçün leksikanın
seçilməsi mühüm rol oynayır. Belə olduğu halda prinsipin realizasiyası
prosesində elə leksik vahidlərə yer verilir ki, onlar bir-biri ilə daha geniş
uzlaşma imkanına malik olur. Lüğət
tələbənin, təlim alanın nitq fəaliyyətini daha yaxşı modelləşdirə bilir.
3. Komplektləşdirmə prinsipi – bu prinsip imkan verir ki, bir lüğətdə
müxtəlif elementlərin mənasını müəyyənləşdirmək mümkün olsun. Eyni zamanda
alınacaq anlayışlarla bağlı zəruri
məlumatlar çatdırılır. Bu prinsip daxilində dilin bütün struktur səviyyələrinin
öyrənilməsinin nəticəsi möhkəmlənir, dil vahidlərinin məzmun və forma planı
arasında münasibətlər dinamikləşdirilir.
Heydər Cəfərovun tərtib etdiyi lüğətdə hər bir lüğət məqaləsi
Azərbaycan dilində olduğu kimi onun rus tərcümələri də doğru-dürüst definisiya
və sinonimlə təchiz olunmuşdur. Əlbəttə, müəllif lüğət üzərində işləyərkən
ekvivalentin, definisiyanın tərcümə olunacaq dildəki leksik vahiddə əsas
informasiyanı ortaya qoyması zəruridir. Bu, lüğət işinin ən mürəkkəb
mərhələsidir. Definisiyanın ilkin elementi əsas (baş) sözün, söz birləşməsinin,
frazanın tərcüməsidir. Heydər müəllimin lüğəti ikidilli pedaqoji-psixoloji terminlər
lüğəti olduğundan tərcümədə də yazılı və şifahi nitqdə yer almış oturaqlaşmış
ekvivalentlər göstərilir. Bəhs etdiyimiz lüğətdə bütün terminoloji vahidlər
ümumi məna komponentinə görə bölmələrdə öz xüsusiyyətinə müvafiq olaraq bəzi
anlayışlara söykənilərək qruplaşdırılır. Belə quruluş leksik-semantik
vahidlərin nüvə (dominanta) qrupunu və periferik ifadələri qeyd etməklə eyni
zamanda terminoloji leksikanın, onun söz yaradıcılığı əlaqələrinin və frazanın
sintaktik quruluşu prinsipinin zənginləşmə yollarını müəyyənləşdirməyə xeyli
dərəcədə kömək edir. Məsələn, "valeologiya” – "валеология”, "valeoloji təhsil” – "валeологическое
образование”, "valeoloji şüur” – "валеологическое
сознание”, "valeologiyanın elm kimi
təşəkkülü və inkişafı” – "становление и развитие валеологии как наукa (s. 348),
"assosiasiya” –"ассоциация”, "assosiativ eksperiment” – "ассоциативный
эксперимент”, "assosiativ psixologiya” – "ассоциативная психология”, "assosiativ
reflektor təlim nəzəriyyəsi” – "ассоциативно-рефлекторная
теория обучения” (s. 19) və s. və i. a.
Heydər Cəfərovun ortaya qoyduğu bu kitab sübut edir ki, müasir tərcüməçilik
fəaliyyəti nəinki lüğətlərdən və soraq kitablarından uğurla istifadə
etməni, həm də onların layihələndirilməsi
və aparılmasında müvəffəqiyyət qazanmağa şərait yaradır. Heydər müəllimin
ikidilli pedaqoji-psixoloji terminlər lüğətində təqdim olunmuş sözyaradıcılığı
yuvalarındakı semantik əlaqələrin araşdırılıb ortaya çıxarılmasında oradakı
söz, ifadə, anlayış və terminlərin özünəməxsus prinsiplərinin izahını görməyə,
törəmə sözlərin yuva daxilində necə oturulduğunu başa düşməyə imkan verir.

Terminoloji söz yaradıcılığı heç də kortəbii proses deyildir. Hər bir
terminologiyada termin yaradıcılığı ilə bağlı müəyyən modellər mövcuddur. Odur
ki, termin yaradıcılığını milli və beynəlxalq
söz yaradıcılığı elementlərinin sintezi kimi nəzərdən keçirmək olar ki,
burada onların özü terminoloji informasiyasının özünü aktiv təchiz edən element
kimi dəyərləndirmək olar. Heydər Cəfərov bu terminlər lüğətinin tərtibində söz
yaradıcılığının yuva şəklində istifadəsinə və kompleks adların yaranmasına
xüsusi diqqət yetirmişdir. Bəhs etdiyimiz ikidilli pedaqoji-psixoloji terminlər
lüğətinin ən mühüm cəhəti onun koqnitiv yanaşma prinsiplərinə söykənilərək
ortaya qoyulmasıdır ki, digər tipli bir (vahid) sahəli və birdilli terminoloji
lüğətlərdən fərqli olaraq özündə iki sistemli terminologiyanı əks etdirməklə
onun əsasında oturmuş dil işarələri anlayışılarının terminoloji ifadəsini tam
şəkildə verməyə istiqamətlənmişdir.
Heydər Cəfərovun "Azərbaycan-rusca pedaqoji-psixoloji terminlər
lüğəti” kitabında yer almış söz, anlayış və terminlərin linqivistik kompleksi
müəllifin öz qarşısına qoyduğu əsas universal tələblərə cavab verməklə bu
üslubdakı dəqiqliyi, mükəmməlliyi, mücərrədliyi, məntiqliliyi və obyektivliyi
özündə əks etdirir. Müəllif seçdiyi leksik vahidlərə diqqət yetirməklə
terminləri müəyyənləşdirir, tərcümə zamanı ana dilində olduğu kimi rus dilində
də hər bir söz və anlayışın linqvistik xüsusiyyətlərini bütün tərəfləri ilə
təqdim etməyə müvəffəq olur.
Beləliklə, Heydər Cəfərovun bəhs etdiyimiz "Azərbaycan-rusca
pedoqoji-psixoloji terminlər lüğəti”, hər şeydən öncə, öz geniş tətbiqi
xarakteri ilə seçilir. Bu lüğətin tətbiq və istifadə sferası son dərəcə
genişdir. Belə ki, ondan təhsilin bütün pillələrində çalışan tərbiyəçilər,
müəllimlər, pedaqoqlar, psixoloqlar, tələbələr və magistrlər, dissertantlar və
doktorantlar, ali məktəb müəllimləri – professorlar, pedaqoji-psixoloji
müəssisələrdə çalışanlar, ailələr, pedaqoji-psixoloji mərkəzlərdə məşğul
olanlar, elmi tədqiqat işləri aparanlar və başqaları geniş istifadə edə
bilərlər. Terminoloji lüğət sahəsində çalışanlar öz dili ilə yanaşı, tərcümə
etdiyi dilin də sirlərinə dərindən bələd olmalıdırlar. Fikrimizcə, bu terminoloji
lüğətin ən başlıca uğuru ilk növbədə onun müəllifinin hər iki dilin fonetik,
leksik, frazeoloji, söz yaradıcılığı, morfoloji, qrammatik strukturuna bələd
olması, sintaksisini və üslubiyyatını
mükəmməl bilməsi ilə birbaşa bağlıdır. Odur ki, Heydər Cəfərovun ilk
"Azəzrbaycanca-rusca pedaqoji-psixoloji terminlər lüğəti” Azərbaycan
lüğətçiliyinin pedaqoji psixoloji sahələrdə son illərdə qazandığı
nəzərəçarpacaq uğurlardan biri kimi dəyərləndirilməlidir. Lüğətdə
pedaqoji-psixoloji terminologiyamızın yeni adekvat mənzərəsi ortaya
qoyulmuşdur.