Biz imzaları yox, əsərləri dərc edirik...

Orijinal “Koroğlu” dastanının olduğuna inanmıram – “Sevdiyim əsər” layihəsi – Nizami Cəfərov
1895
11 Oktyabr 2019, 12:11
  "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Bu dəfəki həmsöhbətimizNizami Cəfərovdur. Onun sevdiyi əsər  "Koroğlu” dastanıdır.

 

  – "Koroğlu” dastanı hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevimli əsərinizdir?
  – "Koroğlu” dastanını sevməyimin bir səbəbi odur ki, mən əlifbanı bu kitab əsasında öyrənmişəm. Söhbət 1963-65-ci illərdən gedir. Yadımdadır, bu dastanı böyük folklorşünasımız Məmmədhüseyn Təhmasibin tərtib etdiyi kitabdan mütaliə etmişdim. Uşaq vaxtı həmin dastanı əvvəldən-axıra 4-5 dəfə oxumuşam. Eyni zamanda, o kitabdakı şeirlərin əksəriyyətini əzbər bilirdim və indi də çoxu yadımdadır. Sonralar "Koroğlu” dastanının başqa variantlarıyla da tanış oldum və başa düşdüm ki, oxuduğum heç də mükəmməl nəşr deyilmiş. Sadəcə dastan mənim uşaqlıq yaddaşımda elə qalmışdı ki, heç vaxt unuda bilmədim. XVII-XVIII əsrin ədəbi dilini araşdıranda isə bu dastanla daha peşəkar səviyyədə məşğul oldum. Kitaba məhəbbətim o qədər artdı ki, bütün türk dünyasındakı "Koroğlu” dastanlarını tapıb oxudum və gördüm ki, bədii cəhətdən dastanın ən mükəmməl variantı Azərbaycandakıdır. Mən bu fikri Azərbaycan türkü olduğuma görə demirəm. Bu, sadəcə həqiqətdir. Ancaq çox təəssüf, "Koroğlu” dastanının xüsusi, özünəməxsus mətni hazırlana bilmədi, bir az müasirləşdirildi, romanlaşdırıldı və ən pisi o oldu ki, ayrı-ayrı aşıqların dilindən toplandı. Epos mətninin toplama qaydası elədir ki, o gərək eyni aşıqdan toplansın. Belə də ola bilər: bir aşıq neçə qol bilirsə o toplanıb ayrıca nəşr olunsun, başqa bir aşıq neçə qol bilirsə onlar da başqa bir kitaba cəm edilsin. Ən sonda onların hamısının nəql etdiklərindən ibarət vahid bir kitab ərsəyə gəlsin. Belə olan halda dastanın ən uyğun variantı xalqa çatmış olur.

  – "Koroğlu” Azərbaycan millətinin, "Kitabi Dədə Qorqud” dastanı isə xalqın formalaşdığı dövrün reallıqlarını əks edilir – bu bölgü hansı məntiqə əsaslanır?
  – "Kitabi Dədə Qorqud” Azərbaycan xalqı ilə yaşıddır. Yəni "Kitabi Dədə Qorqud” Azərbaycan xalqının formalaşdığı illərdə yaranmağa başlayıb və təxminən XV-XVII əsrdən etibarən şifahi təfəkkürdən çıxıb, unudulub. "Koroğlu”nun yaranması isə Azərbaycan millətinin formalaşması ərəfəsidir. "Kitabi Dədə Qorqud” dastanında oğuz türkləri ilə digər türk tayfalarının fərqi yox idi. Baxmayaraq ki, hadisələr Azərbaycan ərazisində baş verir, dastanda qonşu dövlətlər arasında dil fərqi yoxdur. "Koroğlu” dastanında isə diferensiyallaşmayla bağlı maraqlı bir məqam var. Koroğlu İstanbula Nigar xanımı gətirməyə gedəndə orda bir mirzəyə rast gəlir, yaxınlaşıb deyir ki, Nigar xanıma xotkarın adından bir məktub yaz. O, bilir ki, xotkar şəhərdə yoxdur. Deyir yaz ki, bu məktubu gətirən adam bizə yaxın adamdır, xahiş edirəm onu yaxşı qəbul elə. Fikri də budur ki, həmin məktubla Nigar xanımın yanına getsin və onu qaçırsın. Mirzə də saraya yaxın adamdır, baxır ki, Koroğlu sir-sifətindən quldura oxşayır. Yazır ki, Nigar xanım, bu kağızı gətirən adam quldurdur, onu həbs eləyin, mən gələnə qədər saxlayın. Koroğlu məktubu oxuyub deyir ki, mirzə, sən elə sanma mən yazı-pozu bilmirəm. Sadəcə istəyirəm bunu sən yazasan, ona görə ki, sizin dilinizdə olsun. Koroğlu artıq bilir ki, Azərbaycan və Türkiyə türkcəsi fərqlidir. Bu situasiya dastanın Azəbaycan xalqına mənsub olduğunu göstərən məqamdır, yəni türk xalqları artıq biri-birindən ayrılıb, milli dil və dəyərlər formalaşıb.

  – Dastanın Azərbaycan variantının nəsr və nəzm hissələrindən ibarət olmasının səbəbi nədir?
  – Türk dastançılığında üç cür dastan ənənəsi var: Qıpçaq, karluq və oğuz. Qıpçaq ənənəsi şeirlə yaranıb. Qarluq dastanları da şeirlədir, onlarda da qarışıqlıq hiss olunur, klassik Şərq ənənələri aydın görünür. Qarluq dastanlarında dini motivlər üstünlük təşkil edir. Fəqət oğuz dastanlarında tarixi inkişafla əlaqədar nəsr get-gedə daha çox istifadə edilməyə başlanıb. Qıpçaqlarda yazı mədəniyyəti zəif olub deyə, onlar əzbərləməyə üstünlük veriblər. Oğuzlarda isə yazıya meyl güclü olub. Ona görə də Azərbaycan variantında nəsr hissələri də çoxluq təşkil edir.

  – Dastanın Şərq variantının daha çox əfsanə və miflərlə bağlı, Qərb variantının isə real hadisələrlə əlaqəli olması, sizcə, nəylə əlaqədardır?
  – Qıpçaq dastanlarına dini motiv az təsir etdiyinə görə o dastanlar miflər üzərində qurulub. Məsələn, deyirlər ki, Korğlunu yerə basdırıblar, gordan çıxdığına görə adı Goroğludur. İslama bağlı olan oğuzlarda isə hadisələr daha çox real mənbələrə söykənir, ancaq məqam gəldikdə mif elementlərindən də istifadə olunur. Dastan Səfəvilər dövründə yarandığına görə şiəliklə də bağlıdır. Bir mənbədə yazılıb ki, İmam Əli Koroğlunun kürəyinə əlini çəkib. Dastanın Qərb variantları, xüsusən, erməni və gürcü mənbələri Azərbaycan variantından götürülmə olduğuna, bir az da gec yarandığına görə daha realdır, çünki artıq ədəbiyyatda realizm dövrü gəlirdi. Amma mümkün deyil ki, onlarda orijinal "Koroğlu” dastanı olsun.

  – Deyilənə görə Babək haqqında da dastan olub, ancaq günümüzə gəlib çatmayıb. Aşağıdakı oxşarlıqlar da güman edilir.
 1. Koroğlunun atasının kor edilməsi eynilə Babəkin anasının başına gəlib, deyilənə görə qadın İslam şəriətiylə ərə getmədiyinə görə bu cür cəzalandırılıb.
 2. Koroğlu Eyvazı qəssab atasından alıb Çənlibelə gətirdiyi kimi, Cavidan da Babəki Bəzz qalasına gətirib. 
 3. Əbu İmranla Cavidan arasındakı münasibət, Koroğlu ilə Giziroğlu Mustafa bəy münasibətlərinə oxşayır. Belə ki, Əbu İmran ərəb olsa da ərəblərə qarşı vuruşur, Mustafa bəy, paşa nəslindən olsa da, gizir və bəylərə qarşı vuruşur.
– Ola bilər ki, xalq arasında belə əfsanələr yayılsın. Bir şey həqiqətdir ki, Babək haqqında mif azərbaycan türklərində olub. Ola bilməzdi ki, o cür xalq qəhrəmanı haqqında hansı formadasa poetik fikir yürüdülməyə. "Koroğlu” epos olduğuna görə xalqın zaman-zaman yaratdığı fikir formaları bu dastanda da ehtiva olunmalıdır. Biz "Koroğlu” dastanında "Kitabi Dədə Qorqud”a və ya Babəkə aid hansısa məqamlara rast gəliriksə bu çox təbiidir. Mümkündür ki, Koroğlu dastanında zaman-zaman xalqın qəhrəmanlıq yaddaşında qorunan oxşar məqamlar yer alsın. Məsələn, "Kitabi Dədə Qorqud” dastanında döyüş zamanı oğuz elindən ya kənara çıxırlar, ya da düşmən oğuz elinə hücum edir. "Koroğlu”da da belədir: ya düşmən Çənlibelə hücum edir, ya da dəlilər hansısa vilayətə. Bu cür oxşarlıqlar var. Ancaq maraqlı odur ki, "Kitabi Dədə Qorqud” dastanı yaradılan dövrlə Babəkin mübarizə illəri arasında tarixi yaxınlıq var. Bəs niyə "Kitabi Dədə Qorqud”da Babək haqqında mövcud olması güman edilən dastandan hansısa elementlər yoxdur? Yəni bütün bunlar hələ elmə aydın deyil və çoxlu mübahisələrə zəmin yaradır.

  – Bundan başqa Heredotun "Tarix” əsərində "korun övladı” motivi var, orda korun oğlu qəhrəmanlıq göstərir. Bu oxşarlıq barədə nə deyərdiniz?
  – Heredotun "Tarix” əsərində çoxlu miflər var. Həmin miflərlə dünya ədəbiyyatındakı çoxlu əsərləri müqayisə edirlər. Eposda da tarixilik olduğuna görə bu cür motivlərə rast gəlinməsi normaldır. Sənə elə gəlməsin ki, dünyada çox mövzu var. Mövzular əksərən təkrardır, çünki dünyada bu qədər insan var, onların hər birinin taleyi bənzərsizdirmi? Yox. Əsərlərdə də belə bənzərliklər qaçılmazdır.

  – XX əsrdən etibarən "Korğolu”nun xalqın yaddaşında arxaikləşməsinin səbəbi nə oldu?
  – Bu dastanın arxaikləşməsinə birinci səbəb tarixi ictimai-siyasi vəziyyət idi. XIX əsrin sonlarından "Koroğlu” aktuallığını itirməyə başladı. Qəribədir ki, Azərbaycanda aşıqların qurultayı keçirilməyə başlayandan aşıq sənətinin süqutu başlayıb. Bu da paradoksdur. Yaranan dastanlar isə artıq epos səviyyəsinə qalxmadı, epos düşüncəsi artıq romanlara keçməyə başladı. Hansı tərəfdən baxsan, İsmayıl Şıxlının "Dəli Kür” romanındakı Cahandar ağada bir Koroğluluq var, necə ki əsərdə epos düşüncəsi var. Belə bir əfsanə də var ki, çar məmurlarından biri Azərbaycan obalarında olanda məclis düzəldirlər. Yağlı bir qoçu basdırırlar torpağa, təkcə buynuzu çöldə qalır. Bir atlı qaçaraq gəlir və qoçun buynuzundan yapışıb torpaqdan çıxarır. Çarın məmuru məəttəl qalıb soruşur ki, bu kimdir? Deyirlər, Koroğlunun sonuncu dəlilərindəndir. Yəni, artıq böyük etirazlar edə bilmədiklərinə görə öz adlarını belə xırda qəhrəmanlıqlarla qoruyurlar. Bu əhvalatın özü də koroğluluğun artıq arxaikləşdiyindən xəbər verir.
 
 

  – Koroğlu şəxsiyyətindəki ikiləşmə barədə fikriniz necədir? O, həm saz çalıb oxuyur, həm də vuruşur. Deyilənə görə, aşıq Koroğlu ilə üsyançı Koroğlu başqa-başqa adamlar olub. Övliya Çələbi də belə yazır.
  – Bir səbəb budur ki, dastanı yaradanın özü aşıqdır. Aşıq özü də özünü qəhrəman etmək istəyir. Yaxud, aşıq aşıqlıq sənətinin də bir qəhrəmanlıq olduğunu göstərmək istəyir. Dastanda Aşıq Cünun obrazı da var və o da qəhrəmanlıqlar edir. Bu isə Səfəvilərdən gəlmə bir ənənə idi. Çünki Səfəvilər dövründə aşıqlar da saray həyatında müəyyən söz sahibiydilər. Eyni zamanda, dəlilərin hamısında bir aşıqlıq qabiliyyəti vardı. Bu isə şəxsiyyətin ikiləşməsindən yox, universallığından xəbər verir.

  – Bəs dastandakı sıçrayış məqamları ilə bağlı nə deyərdiniz? Sanki hər şey birdən-birə baş verir: Koroğlu birdən böyüyür, ona güc verilir, qəhrəman olur və s. 
  – Dastan təhkiyəsi elədir ki, orda təfərrüata varmaq olmaz. Ona görə də hər şey birdən başlanır, birdən də nəticə hasil olur. Klassik romanda bütün detallar sonacan işlənir, hadisələr müəyyən məqama çatdırılır. Əgər bunlar olmursa, əsər qüsurlu sayılır. Ancaq dastanda belə deyil, burada məntiq çözülmür, bəzən isə həqiqətə uyğun olmayan məqamlar üzə çıxır.

  – Bu dastanın intibah dövrünə aid etməyinizi hansı arqumentlə əsaslandırırsınız?
  – İntibahdan söhbət gedirsə, orada reallıq mütləq öz əksini tapmalıdır. "Koroğlu”da da özündən əvvəlki dastanlarla müqayisədə realistik elementlər daha güclüdür. Çünki dastanda baş verən hadisələr bizim düşüncələrimizə təsəvvür edə biləcəyimiz qədər yaxındır. Tarixilik baxımından da bu, belədir. Koroğlu qarşısına qoyulmuş problemləri aşır – praqmatikdir. Məcnunda yumor, zarafat ola bilməz, ancaq Koroğluda var, çünki o, daha çox həyatidir, realdır. Ədəbi düşüncə "Koroğlu”da gerçəkliyə uyğunlaşır. Bütün dövrlərdə, Nizaminin, Füzulinin vaxtında da, həyat gerçəkçi olub, ancaq ona qarşı düşüncə fərqli olub. Nizami dövründə həyatı olduğu kimi təsəvvür etmək ciddi, sənət baxımından estetik sayılmırdı, lakin "Koroğlu” dastanında bir qədər əksinədir.
 
  Söhbətləşdi: Fərid Hüseyn