Biz imzaları yox, əsərləri dərc edirik...

Orfoqrafiya lüğətinə bu dəyişikliklər edilib
80
14 Sentyabr 2018, 17:59
 Sentyabrın 13-də AMEA-nın Rəyasət Heyətində Orfoqrafiya Komissiyasının yekun iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iİclasa sədrlik edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, orfoqrafiya məsələlərilə bağlı mətbuatda bu günə kimi 300-dən artıq məqalə dərc edilib. Vurğulayıb ki, bu müddət ərzində Azərbaycan ictimaiyyəti yeni orfoqrafiya qaydaları ilə bağlı fikirlərini bölüşüb və onlar nəzərə alınıb.
 Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Orfoqrafiya Komissiyasının İşçi qrupu müzakirə prosesində diqqətli olmağa çalışıb: "Statistik məlumat son dərəcə obyektivdir. Orfoqrafiya lüğətinin müzakirəsi azad və sərbəst şəkildə aparılıb, ictimaiyyət öz fikrini bölüşüb".
 

 
 İclasın sonunda aşağıdakı üç maddə qəbul edilməyib:
 
 – Maddə 34: Ərəb mənşəli –iyyat, -iyyət və -iyyə şəkilçilərində qoşa y samitlərindən birinin düşməsi.
 
 Mövcud variant: ədəbiyyat, riyaziyyat, davamiyyət və s.
 
 Təklif olunan variant: ədəbiyat, riyaziyat, mədəniyət, davamiyət, cərahiyyə, maliyyə və s.
 
 – Avropa dillərindən alınma sözlərdə söz ortasında qoşa m hərflərindən birinin düşməsi:
 
 Mövcud variant: qrammatika, kommersiya, kommutator, kommensal, kommentari, kommentator, kommersant, simmetriya, kommunist, meqommetr, lemma (riyaz.), lemminq (-lər) (zool.) və s.
 
 Təklif olunan variant: qramatika, komersiya, komutator, komensal, komentari, komentator, komersant, simetriya, komunist, meqometr, lema (riyaz.), leminq (-lər) (zool.) və s.
 
 – Apostrofun ləğvindən sonra sözlərdə heca yerinin dəyişməsi. 
 
 Mövcud variant: sür′-ət, cür′-ət, məş′əl, Kən′-an və s. 
 
 Təklif olunan variant: sü-rət, cü-rət, mə-şəl, Kə-nan və s.
 
 Qəbul edilən yeni maddələr isə bunlardır:
 
 – Maddə 31: Avropa dillərindən alınma sözlərdə söz əvvəlində qoşa s samitlərindən birinin düşməsi.
 
 Mövcud variant: ssenari, ssuda.
 
 Təklif olunan variant: senari, suda.
 
 – Maddə 33: Avropa dillərindən alınma sözlərdə söz sonunda qoşa s samitlərindən birinin düşməsi.
 
 Mövcud variant: boss, brass, ekspress, stress, trass və s.
 
 Təklif olunan variant: bos, bras, ekspres, stres, tras və s.
 
 – Anti... ön şəkilçisi və trans..., proto... morfemlərinin xüsusi isimlərlə birləşməsi qaydası. Bu ön şəkilçi və mürəkkəb sözlərin hissəcikləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.
 
 Təklif olunan variant: anti-Rusiya, trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, proto-Azərbaycan və s.
 
 – Maddə 40-ın qeydi: Qeyri... və ümum... morfemləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.
 
 Təklif olunan variant: qeyri-Avropa, ümum-Azərbaycan, ümum-Avropa,ümum-Bakı, ümum-Rusiya və s.
 
 – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.
 
 – Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır:
 
 Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi.
 
 – Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s.