Artkaspi.az kinoşünas Aydın Kazımzadənin "Həyatın
mənasını kinoda tapan sənətkar” yazısını təqdim edir.

Azərbaycan
kino tarixində elə sənətkarlar olub ki, onlar yalnız aktyor kimi filmlərə çəkilməklə
kifayətlənməyiblər. Bu şəxslər həm də filmlərin istehsalı ilə məşğul olub,
rejissor assistenti, film direktoru və digər inzibati işlərdə də çalışıblar.
Misal üçün, Məmməd Əlili "Qız qalası”, "Bismillah” filmlərində rejissor köməkçisi,
"Ögey ana”, "Koroğlu”, "Leyli və Məcnun”, "Ulduzlar sönmür” və s. filmlərdə II
rejissor işləmişdir. "Arşın mal alan” (1916), "Koroğlu”, "Arşın mal alan” (1965), "Dəli Kür”, "Nəsimi”, "Gənc qadının
kişisi” və s. filmlərdə rollar ifa
etmişdir.
Əlisəttar Məlikov, Nəriman
Axundov, Novruz Axundov, Mollağa Bəbirli,
Salman Dadaşov, Suğra Bağırzadə, Süleyman Samuxlu, Yusif Əlizadə, Ənvər Həsənov,
Ələsgər İbrahimov, Tələt Rəhmanov, Arif
Kərimov, Bahadır Əliyev və başqaları həm filmlərə çəkilmiş, həm də kino
istehsalı ilə əlaqədar rejissor assistenti, II rejissor, film direktoru, mühəndis,
inzibatçı və s. vəzifələrdə işləmişlər.

Salam, Bakı kinostudiyası!
Azərbaycan aktyoru və kino
istehsalı təşkilatçısı Bahadır Atabala
oğlu Əliyev 69 illik ömrünün 39 ilini milli kino sənətinin inkişafına həsr
etmiş sənətkarlarımızdandır.
Kino xadimi Bahadır Əliyev
1933-cü il fevralın 24-də respublikamızın dilbər guşəsi Masallı rayonunun
Sığıncaq kəndində dünyaya göz açmışdır. O, hələ orta məktəbdə oxuyarkən incəsənətlə
maraqlanır, ali təhsil almaq üçün hara gedəcəyini artıq özü üçün müəyyənləşdirmişdi.
Orta məktəbi bitirdikdən sonra
Bahadır, Azərbaycan Dövlət Teatr İnstitutunun
kino və dram aktyorluğu fakültəsinə daxil olur. İnstitut həyatı, görkəmli
sənətkarlardan aktyorluq sənətinin sirlərinə yiyələnməsi, institut səhnəsində
yoldaşları ilə birgə tamaşalarda iştirak etməsi gənc tələbə-aktyorun qarşısında
yeni perspektivlər açır. 1956-cı ildə institutu bitirəndən sonra onun təyinatını
Bakı kinostudiyasına verirlər.
Bir ildən sonra onu aktyor vəzifəsinə
irəli çəkirlər. 1957-1959-cu illərdə
"Kölgələr sürünür”, "Bir məhəllədən iki nəfər”, "Onun böyük ürəyi” və "Onu bağışlamaq olarmı?” filmlərində kiçik rollarda çəkilir.
Rollar kiçik olsa da, özünün dediyinə görə, Bahadır üçün bunlar gələcək filmlərə
gedən yolda istinad nöqtəsi idi.
Rejissor Əjdər İbrahimovun
"Onun böyük ürəyi” kinopovestində Bahadırın ifa etdiyi gənc oğlan Əhməd Maşa
adlı qızı sevir. O, hər bir gənc kimi böyük arzularla yaşayır. Lakin alman
faşistlərinin Sovet İttifaqına qəflətən hücumu Əhmədin gələcək planlarını təxirə
salır. O, digər gənclər kimi Vətəni qorumaq üçün cəbhəyə yollanır.

Taleyin qəribə oyunları
Doğru deyiblər ki, sən
saydığını say, gör fələk nə sayır.
Bahadır böyük həvəslə kinostudiyada işlədiyi
vaxt, onu kadrlar şöbəsinə çağırıb deyirlər ki, kinostudiyada işin həcmi azaldığına görə, 1959-cu il
oktyabrın 3-dən tutduğunuz vəzifədən
azad olunursunuz.
Ataların belə bir sözü var: "Tale insanla oynayır.”
Bahadır bir ildən sonra Bakıdakı
Lal-Karlar Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə işə düzəlir. Bahadır Əliyev
Lal-Karlar Mədəniyyət evində 15 gündən artıq qala bilmir, ərizə yazıb öz xahişi
ilə işdən çıxır. Və... 1961-ci il mayın 12-də yenidən C.Cabbarlı adına "Azərbaycanfilm”
kinostudiyasına işə qayıdır. Bu dəfə... korrektor vəzifəsinə. O, bu vəzifədə
yazı-pozu ilə məşğul olsa da, əsas işi filmlərə çəkilmək idi.
1961-1965-ci illərdə aktyor
"Telefonçu qız”, "Əmək və qızıl gül”, "Romeo mənim qonşumdur” filmlərinə çəkilir,
"Böyük dayaq”da komsomolçu, "Möcüzələr adası”nda neftçi, "Sehirli xalat”da
xanın əsgəri rollarında çıxış edir.
Əgər 50-ci illərdən ta 60-cı
illərin II yarısına kimi Bakı kinostudiyasında istehsal olunan filmlərin
siyahısına nəzər salsaq, çəkilən filmlərin sayının artdığının şahidi olarıq.
Amma keyfiyyətə gəldikdə bunu çəkilən filmlərin hamısı haqqında demək
olmaz. Bu da, əsasən, ssenarinin qıtlığından,
yazılan ədəbi ssenarilərin zəif olmasından irəli gəlirdi.
Hətta iş o yerə gəlib çatmışdı
ki, 1964-cü ilin ssenari portfeli demək olar ki, boş idi. Ona görə də
kinostudiyada işləyən bir çox kino işçilərinin ixtisar olunmaq qorxusu qarşıya çıxmışdı. Yaranmış xoşagəlməz vəziyyətdən
çıxmaq və istehsalat planını yerinə yetirmək üçün "Ulduz” operettasını
ekranlaşdırmaq qərara alındı.
"Ulduz” filmi bədii cəhətdən zəif
olsa da, tamaşaçı rəğbəti qazanmış kino əsəridir. Filmdə Lütfəli Abdullayev, Nəsibə
Zeynalova, Hacıbaba Bağırov, Bəşir Səfəroğlu kimi görkəmli sənətkarlarla yanaşı
Səyavuş Aslan, Bahadır Əliyev, Tamilla Rüstəmova, Hacı Murad, Fazil Salayev və
digər gənc aktyorlar çəkilmişlər.

Aktyorun çox sevdiyi
obraz
Filmdə kolxoz sədri Qədirin
obrazını Bahadır Əliyev oynayıb. Onun şöhrətpərəst, özündən müştəbeh olan
kütbeyin qəhrəmanı, institut rektorunun təsərrüfat işləri üzrə müavini Gülümsərovun
limonla mandarini calaşdırıb yeni meyvə növü yetişdirmək ideyasına nəinki
inanır, hətta bu işdə ona kömək edir.
Bahadır Əliyev "Ulduz” filmində özünü aktyor kimi bir daha təsdiq edəndən
sonra əsas və ya II planda rollara dəvət olunacağını düşünərkən, kinostudiyanın
rəhbərliyi onu 1965-ci ilin sonunda böyük inzibatçı vəzifəsinə keçirir.
Bahadır bu vəzifədə işləməklə
yanaşı "Dağlarda döyüş”, "Uşaqlığın son gecəsi”, "Yenilməz batalyon” bədii, "Yun şal” televiziya bədii filmlərində çəkilir. "İstintaq davam edir”
filmində təhlükəsizlik orqanının əməkdaşı, kapitan Əliyev, "İyirmialtılar”
tarixi-inqilabi filmində Bakı komissarlarının Azərbaycan xalqını xoş sabaha
çıxaracağına inanan gənc fəhlə rollarında çıxış edir.
Bir inzibatçı kimi özünü
doğrultduğuna görə, kinostudiyanın o vaxtkı direktoru Adil İsgəndərov Bahadırı
1968-ci il sentyabrın 1-dən dublyaj qrupu direktorunun müavini vəzifəsinə irəli
çəkir. O, bu vəzifədə 1973-cü ilə kimi işləyir.

Aktyor, yoxsa...
Bu müddətdə B.Əliyev
kinostudiyada üç istiqamətdə fəaliyyət göstərirdi: xarici və sovet filmlərinin
Azərbaycan dilində səsləndirilməsində aktyor kimi iştirak edir, dublyaj işini təşkil
edir, nəhayət özü filmlərə, o cümlədən "Axırıncı aşırım”, "Bizim küçənin
oğlanları”, "Həyat bizi sınayır”, "O qızı tapın” və s. kinolentlərə çəkilir.
Bahadır Əliyevin çoxşaxəli
yaradıcılığını, onun insani keyfiyyətlərini müsahibələrinin birində aktyor və
rejissor Elxan Qasımov belə şərh etmişdir: "Qəribə, özünəməxsus gülüşü var
idi Bahadırın. O, gülüşü ilə ətrafındakılarda
xoş əhval-ruhiyyə yaradırdı. Çox əliaçıq, həyatsevər, əxlaqlı insan idi...
Bahadır kinostudiyanın bütün
işlərində yaxından kömək edərdi. Hətta işə təzə gəldiyim vaxtlarda çaşıb
qalırdım. Təxmin edə bilmirdim ki, Bahadır dublyajda adminstratordur, hansısa
filmdə rejissor assistentidir, yoxsa aktyordur.
Dublyaj işində Bahadır Əliyevin
xüsusi xidmətləri olub. Burada işləyərkən
onu "dublyajın vuran ürəyi” adlandırırdılar. Ona görə ki, o, dublyaja dəvət
olunan teatr aktyorları ilə kino işçiləri arasında ünsiyyət yaradır, onlar bir
araya gəlib bilmədiklərini bir-birlərindən öyrənirdilər, bir-birilərinə dəstək
olurdular”.
Kinostudiyanın direktoru Adil
İsgəndərov Bahadırı yanına çağırıb yaxşı işlədiyinə, işə can yandırdığına görə
ona kinoaktyor ştatına keçməyi məsləhət görür. Direktorun bu məsləhəti
Bahadırın ürəyindən idi. O, 1973-cü il aprelin 24-də kinoaktyor ştatına
keçirilir, ali kateqoriyalı kinoaktyor vəzifəsində təqaüdə çıxana kimi, yəni
1995-ci ilə qədər çalışır. Eyni zamanda "Babək” filmində Divdad, Afşinin əsgəri,
"Dərviş Parisi partladır” filmində at almaq üçün Qarabağa gəlmiş özbək, "Evlənmək
istəyirəm” kinokomediyasında bəy, "Özgə ömür”də qonşu, "Firəngiz” televiziya
filmində Davud və digər rollarda çəkilir.
Əmək veteranı Bahadır Əliyevin
yaradıcılıq bioqrafiyasında adları çəkilən filmlərin böyük əksəriyyətində
oynadığı rollar epizodikdir. Lakin o, ən xırda rolu belə həvəslə, istəklə ifa
edirdi. Gecə-gündüz işləmək, ona tapşırılan işi ürəklə yerinə yetirmək
Bahadırın qanında idi.
Özünü bütünlüklə kino sənətinə
həsr etmiş, həyatının mənasını bu sənətdə tapan B.Əliyevin kino fəaliyyəti
bununla bitmir. O, "Mozalan” satirik kinojurnalının bir çox bədii süjetlərində
müxtəlif mənfi tiplərin surətlərini yaratmışdır.
Vaxtilə Bahadır Əliyevin qızı
Şəhla xanım kinostudiyada işləyib. O, bununla bağlı mətbuata verdiyi müsahibəsində
demişdir: "Mən uzun müddət kinostudiyada montaj sexində çalışmışam. Amma atamla
bağlı birgə işimiz olmayıb. 1985-ci ilə kimi atam filmlərə çəkilirdi, dublyajda
çalışırdı. Sonradan kino sahəsində yaranan durğunluq onu sanki həyatdan və sənətdən
küsdürdü. Hətta bir müddət sənət dostlarının bəziləri də onu yaddan çıxardılar.
O dövrdə bir televiziya verilişində sağ-salamat olduğu halda, onun ölüm xəbərini
demələri atama çox pis təsir etmişdi. Ölümündən sonra isə zəng edib onu
axtarmağa başladılar. Taleyin gərdişinə bir bax!”
80-ci illərin sonunda və 90-cı
illərdə kinomuzda durğunluq olsa da, ölkəmizdə onlarla bədii film çəkilib:
"Atları yəhərləyin”, "Bağ mövsümü”, "Bəyin oğurlanması”, "Süd dişinin ağrısı”,
"Doğma sahillər” , "Qətl günü”, "Ümid”, "Sarı gəlin” və s. Bu filmlərin bəzilərində
B.Əliyev ya aktyor, ya da istehsalat təşkilatçısı kimi iştirak edib.
Bahadır hətta bir neçə xarici
filmdə - Özbəkistan və Hindistan kinostudiyalarının birgə işi olan "Əlibaba və
qırx quldurun macəraları”, "Abdulla” (Hindistan), "Odlu yollarla” (Özbəkistan)
"Şerəli və Aybərçin” (Özbəkistan və Azərbaycan) və s. filmlərdə də çəkilmişdir.
Bahadır Əliyevi C.Cabbarlı
adına "Azərbaycanfilm” kinostudiyasında "Bərəkətli Bahadır” adlandırırdılar. Bu, təsadüfi deyildi. Çünki
o, on uşaq atası idi. Ailəsinin böyük olmasına baxmayaraq, mənzili qonaq-qaralı
olardı.

Kimlər gəldi, kimlər getdi bu dünyadan...
Bahadırın oğlu Rauf Əliyevin
dediklərindən: "Mənim atam orta məktəbi əla qiymətlərlə bitirdiyi üçün o, teatr
institutuna qəbul imtahanlarına gecikməsinə baxmayaraq, verilən tapşırıqları
yüksək səviyyədə yerinə yetirdiyinə görə, ali məktəbə qəbul olunur. Hətta tələbə
ikən ailə qurur. Təhsil almaqla yanaşı radioda "Çərşənbə axşamı”, "Hekayə
axşamı” verilişlərində iştirak edir, televiziyanın "Səhər görüşləri”ndəki yumoristik
novellalarda mütəmadi olaraq çəkilirdi.
Atamın dostları çox idi. Bizim
evdə kimlər olmayıb: Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Kamil Qubuşov, Ceyhun
Mirzəyev, Fərman Kərimzadə, Həsən Məmmədov, Tofiq İsmayılov, Yaşar Nuri, Fazil
Salayev... Baxmayaraq ki, ailəmizdə on uşaq idik, evimiz həmişə qonaq-qaralı
olardı.
Anam "qəhrəman ana” idi, qızıl medala layiq görülmüşdü. Çox təəssüf
ki, qısa ömür yaşadı - 49 il. Nənəm də cəmisi 49 il ömür sürüb. Atam isə 69 il
yaşadı. Heç vaxtı biz onu həyatından şikayət edən görmədik.
Sənətdə iz qoyan atam bu gün
aramızda olmasa da, övladları, 30-a yaxın nəvə-nəticəsi onun adını yaşadır,
babalarına layiq olmağa çalışırlar.”
"Mən uşaqlarımı kinostudiyanın
çörəyi ilə böyütmüşəm” deyən Bahadır, bu
sənət ocağında fəaliyyət göstərməsi ilə fəxr edirdi. 90-cı illərin məlum hadisələri
və kinomuzun düşdüyü çətin vəziyyət nəinki aktyorun, həm də bir sıra sənətkarlarımızın
səhhətinə ağır təsir göstərmişdi. Hətta o vaxt bir neçə kino xadimimizi
itirdik. Bahadır isə guşənişin oldu, gərginlik,
əsəbilik onu həmkarlarından da uzaqlaşdırdı, tezliklə o, unudulanlardan biri
oldu.
Aktyor və kino istehsalı təşkilatçısı
Bahadır Atabala oğlu Əliyev 2002-ci il sentyabrın 16-da ürək 69 yaşında vəfat
etdi, doğulduğu kənddə torpağa tapşırıldı.
Bu gün kino xadimi Bahadır Əliyev
qohumlarının, həmkarlarının yaddaşlarında, ən əsası çəkildiyi filmlərdə və
televiziya tamaşalarında yaratdığı surətlərdə yaşayır. Və daim yaşayacaqdır.