Biz imzaları yox, əsərləri dərc edirik...

Servantes, yoxsa Tolstoy?
871
17 Aprel 2018, 12:29
  Artkaspi.az Səxavət Sahilin "Servantes yoxsa Tolstoy?" adlı yazısını təqdim edir:
 
 Dünyada müntəzəm olaraq ədəbiyyat reytinqləri ilə bağlı sorğular keçirilir, araşdırmalar aparılır. Xüsusən də ədəbiyyat mütəxəssisləri və yazıçıların fikirləri burada ciddi önəm daşıyır. İstər nüfuzlu universitetlər və ya qurumlar, istərsə də tanınmış yazıçılar və ya tənqidçilər tərəfindən hazırlanan siyahı, həmin siyahıda olan əsərlərə yenidən qayıtmağa və onların təkrar nəşr olunmasına yol açır. 
 

 
  Rast gəldiyim qədər bu siyahıları həmişə izləmişəm. İstər yazıçılar, istərsə də  əsərlərin reytinqində həmişə yer alan beş-altı ad var ki, bunlarsız dünya ədəbiyyatı cılız görünərdi. Məsələn, bu siyahılarda Servantes, Şekspir, Hüqo, Tolstoy, Dostoyevski kimi adlar olmasaydı mənzərə tamam başqa cür olardı, ədəbiyyatın istiqaməti haradasa başqa səmtə yönələrdi. Etiraf edək ki, yuxarıda adını çəkdiyim sənətkarlar ədəbiyyatın istiqamətini dəyişən, özündən sonra gələn yazıçılara təsir edən sənətkarlardı. 
 Bu siyahılarda müşahidə elədiyimi bir məsələni oxucularla bölüşmək istəyirəm. Bildiyimiz kimi ədəbiyyat reytinqi iki yöndə olur: müəllif və əsər. Müəllif siyahılarında Tolstoyun demək olar ki, həmişə birinci olduğunu görmüşəm. Əsər siyahısında isə həmişə reytinqlərin başında "Don Kixot” gəlir. 
 Siyahının sonrakı yerində Homer, Ceyms Coys, Frans Kafka, Vilyam Folkner, Qustav Flober, Höte kimi ustadlar dayanır. Siyahını artırmaq da olar. Lakin iki şəxs var ki, onlarsız bu siyahı maraqsız görünərdi – Tolstoy və Servantes.
 Bəs Tolstoy necə oldu Servantesdən önə keçdi? Burada əsas məsələ müəllifin bütün əsərləri nəzərə alınır. Yəni bu reytinq təkcə "Hərb və sülh”ün reytinqi deyil. Reytinqin yığılmasında Tolstoyun digər əsərlərinin ­­– "Anna Karenina”, "Serji ata", "İvan İliçin ölümü", "Dirilmə” kimi digər əsərləri də iştirak edir. Ona görə də müəllif məsələsində Tolstoy önə keçir. 
 

 
 Əsər məsələsinə gəldikdə isə reytinq bir əsərə (romana) görə hesablanır ki, burda da Servantes məlum romanına görə birinci olur. Deməli, reytinqləri nəzərə alaraq deyə bilərik ki, dünyanın ən yaxşı yazıçısı olan Tolstoy "Don Kixot”a "qalib gələ bilmir”. Lakin Servantesi geridə qoyur. Buradan bir nəticə çıxarmaq olar ki, dünyanın ən yaxşı yazıçısı olmağa bir yazıçı namizəd deyil. Olsa belə, təsnifat nəzərə alınmalıdır. Təbii ki, digər reytinqlər də var ki, onlar başqa yazıçıları və ya əsərləri birinciliyə layiq görürlər. Mən subyektiv olaraq öz fikrimi deyirəm. 
 Əsər birinciliyi uğrunda mübarizdə "Don Kixot”a daha hansı adlar rəqib ola bilər? Bu suala da cavab vermək heç də asan deyil. Cavab verilsə belə yenə də şərti olacaq.
 Tolstoyun fransız ədəbiyyatından təsirləndiyini deyənlər, məncə, haqlıdır. "Anna Karenina” "Madam Bovari”nin, "Hərb və sülh” isə "Səfilləri”in təsiri ilə yazılıb. Ustalıqla və peşəkarlıqla yazılıb, bu ayrı söhbətin mövzusudur. Lakin təsir yenə təsir olaraq qalır. Ədəbiyyatda təsirlənmək heç də zəiflik əlaməti sayıla bilməz. Amma istənilən halda oyuna 0-1 məğlubiyyətlə başlanmağa məhkumsan. Məsələn, Çingiz Aytmatov "Dəniz kənarıyla qaçan Alabaş” əsərini Ernest Heminqueyin "Qoca və dəniz” əsərinin təsiri ilə yazıb. Lakin Aytmatov ustalığını göstərərək yazıb və heç də plagiat sayılmır.
 

 
 Servantesin isə digər əsərləri olsa da ədəbiyyat aləmin "Don Kixot”la tanınıb. Və həm də ədəbiyyatın yönün dəyişib, özündən sonra gələn yazıçılara örnək olub. 
 Birmənalı olaraq bu iki yazıçıdan – Servantesi və ya Tolstoyu üstün tutmaq müşkül məsələdir. Amma Tolstoy Servantesdən sonra yaşayıb, əlbəttə ki, "Don Kixot”u oxuyub və ən azı onun sənətkarlığından bəhrələnib.