Biz imzaları yox, əsərləri dərc edirik...

“Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü” təsis edildi
326
27 May 2020, 16:39
 XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Nurəngiz Günün adını daşıyan beynəlxalq poeziya ödülü təsis edilib. Mükafatı  "Zərdabi-Nəşr” MMC təsis edib. Bu barədə "Zərdabi-Nəşr”in  direktoru, "Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü”  təşkilat komitəsinin rəhbəri Elman Qasımov məlumat verib: "Yalnız əcnəbi şairlərə veriləcək ödülün təsis edilməsinin iki əsas məqsədi vardır. Müxtəlif xalqların təmsiçisi olan tanınmış şairlərin yaradıcılığını  Azərbaycanda tanıtmaq və eyni zamanda, həm Nurəngiz Günün yaradıcılığını, həm də onun simasında bürövlükdə  XX əsr Azərbaycan şeirini təbliğ etmək...”
 
 
 

 Elman Qasımov açıqlamasında onu da qeyd edib ki, mükafatın hər il və 5 ölkənin təmsilçisi olan tanınmış şairlərə verilməsi nəzərdə tutulub. Ədəbi əlaqələrin yaradılması və ədəbi kontekstdə işlərin təşkili üçün ekspert qismində, daha doğrusu mükafatın təşkilat komitəsinin icraçı direktoru kimi prosesə AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin  sədri Səlim Babulaoğlu dəvət edilib. 
 "Artıq ilkin  hazırlıqlara başlanıb.  Mükafatın əsasnaməsi hazırdır.  Vaxtı gələndə mətbuat üçün açıqlama veriləcək. Ölkələr püşkatma yolu ilə müəyyənləşəcək, belə beynəlxalq praktika var. Ölkələr üzrə mükafata təqdim olunan ədiblər, şairlər, həmin ölkələrdən olan nüfuzlu sənət, ədəbiyyat qurumları və ekspertlər tərəfdən təklif ediləcək. Təkiflər bizim tərəfimizdən öyrəniləcək, sonra isə yerli, qapalı jüri tərəfindən müzakirə ediləcək...” – bu fikirləri əməkdaşımızla telefon söhbətində şair Səlim Babullaoğlu bildirib. 
 Mükafatın təqdimatetmə mərasimi hər il sentyabr ayının 21-i, şairə Nurəngiz Günün doğum günü gerçəkləşəcək.