Biz imzaları yox, əsərləri dərc edirik...

Novruz dostluq və barış bayramıdır – Nizami Muradoğlu yazır
1452
23 Mart 2019, 14:23
                              
 
  Novruz bayramının səciyyəvi xüsusiyyətləri

  Ümumdünya türk xalqlarının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən "Novbahar” və ya  "Novruz” bayramı min illərdir böyük bir mədəniyyət hadisəsi kimi davam etməkdədir.  Hər zamankı kimi bu gün də Azərbaycanda, Türkiyədə, Altayda, Çinin uyğurlar yaşayan ərazilərində, türk xalqlarının yaşadığı bütün coğrafiyalarda və Orta Asiya türk dövlətlərində "Novruz” mart ayında bahar bayramı kimi qeyd olunmaqdadır.
 
 
 

 
  Bu bayram yazın ilk günündən başlayaraq qanın qaynaması, ruhun təzələnməsi,  ruzinin bollaşması, yeyəcəklərin artması, bitki aləminin canlanması, ağacların oyanması ilə müşahidə edildiyindən insanlarda onun kutsallığına inam yaranmışdır. Bundan istifadə edən əhalinin bir hissəsi öz dünyagörüşlərinə müvafiq olaraq bu bayrama dini don geydirməyə çalışmışlar. Bunun bir səbəbi savadsızlıqdan irəli gəlirdisə, bir qismi də bayramı adına bağladıqları qəhrəmana sevgidən doğurdu. Beləliklə də, Novruzun əsl mahiyyəti təhrif edilir, bu bayramın əsas qayəsində deformasiyalar baş verir, müxtəlif inancların yaranmasına gətirib çıxarırdı. 

  Bizim fikrimizcə isə Novruz bayramı bir şadlıq, şənlik mərasimiolmaqla türk xalqlarının ənənəvi mərasimidir ki, bunun arxasında dini mahiyyət daşıyan heç nə yoxdur. Bu bayram şumer və turan təqvimi ilə yeni ilin birinci günü kimi miladi təqvimlə mart ayının 21-də gecə-gündüzün bərabərləşdiyi gün keçirilir. Yeni günün başlanmasını isə suda balığın arxası üstə çevrilməsi anından qəbul edirlər. Həmin anda gecə-gündüz bərabərləşir.   
 
  Novruzun mahiyyəti
 
  Novruz bolluq və bərəkət bayramıdır. Bu bayrama hazırlıq qış girməmişdən qabaq başlayır. Payızın sonlarında yığılan kənd təsərrüfatı məhsullarından müəyyən hissəsi Novruz bayramına saxlamaq məqsədi ilə xüsusi metodlardan istifadə olunur. Qara yazın ağırlığını nəzərə alaraq payızda hazırlanan əsas ərzaq məhsullarından biri qoç ətindən qovurma bişirilməsidir. Belə ki, kənd yerlərində yaşayan elə bir ailə tapılmaz ki, bir və ya iki qoç kəsib qovurma bişirməsin. 

  Bayrama hazırlıqla bağlı payızın son günlərində ağ nazlı deyilən şaftalıdan və şəkəri armuddan "alana” hazırlanır və cəvizdən "sucuq” basılır, qurudulur və yaza saxlanılır. Hazırlıq mərhələsində kənd camaatı mütləq saxladıqları mal-heyvanın da qışdan çıxmasını nəzərə alaraq müəyyən tədbirlər görürlər.

  Böyük çillənin çıxması ilə sayaçı ev-ev gəzib bayrama hazırlığın başladığını bildirir:
 
                          Bayrama nə qaldı,
                          Qalmadı – əlli gün.
                          Əlli günü say ötür,
                          Qarmala quzu götür.
                          Xanım ayağa dursana,
                          Sayanı yola salsana.
 
  Heyvandarlığın inkişafını təmin etmək məqsədilə yay və payız aylarında qışın mərhələlərinə uyğun olaraq yem tədarükü görülür. Qaba yemlər, xəzəl və yumşaq güzdək deyilən yonca və çilimcan ot bağlamaları ayrı-ayrılıqda yığılır. Güzdək ot bağlamaları yaz ağzı təzə doğulmuş quzu, çəpiş və buzovlar üçün nəzərdə tutulur. Tövlədə balaca küz düzəldilir, təzəcə doğulmuş körpə heyvanları ora qatırlar. 

  Bayram ərəfəsində nənələrin boğçaları, sandıqları açılır, bayram hazırlıqları görülür. Bayram süfrəsinə müxtəlif çeşidli şirniyyatlar – paxlava, şəkərbura, çökə, quru və taraş meyvələr, rəngbərəng bəzədilmiş yumurtalar, qırmızı lentlə bağlanmış səməni, odun simvolikası şam və su qoyulur. Səməni yaşıllığın, həyatın rəmzi kimi evlərin bəzəyinə çevrilir. 

  Bahar bayramının əsas atributları səməni, yumurta, çökə, şəkərbura, paxlava, od və sudur.  

 
    "Kitabi-Dədə Qorqud”da bahar bayramı. 

 
  Novruzu zərdüştlüklə bağlayan tədqiqatçılar daha çox bunu bayramdan öncə keçirilən axırçərşənbə gecəsi icra edilən atəşfəşanlıqla əlaqələndirirlər. Eyni zamanda burada şamanizmin izləri də özünü mühafizə etməkdədir. Sovet dönəmində bu bayramın qadağan edilməsinə baxmayaraq, bir çox rayonlarda, xüsusilə də Ordubadda əhali öz etiqadından dönməmiş, Novruzu xüsusi coşqu ilə qeyd etmişlər. Bu gün də axırçərşənbədə dağ başlarında, uca yerlərdə, kirəmitsiz damlarda tonqallar qalanır, tonqalların ətrafında dövrə vurub yallı gedirlər. Mərasimdə "Atıl-batıl çərşənbə, baxtım açıl, çərşənbə”, ağırlığım-uğurluğum bu odda yansın” - deyib tonqalın üstündən atılırlar. Fişəng atıb, Ordubad ustalarının kağızdan barıt qatışığı ilə düzəltdikləri oyuncaq taraqqa, beşaçılan, onaçılanlar partladılıb atəşfəşanlıq edilir, lopalar yandırılır, bununla da şər qüvvələri qorxudub qaçırda bildiklərinə inanırlar.

  "Ağırlığım-uğurluğum bu odda yansın” ifadəsinə aydınlıq gətirək. Bəzən  bu ifadəni düzgün anlamayanlar ağırlıq, uğurluq sözlərini ayrılıqda işlədirlər və bu da "uğurluğun” odda yandırılması kimi yanlış anlaşmaya səbəb olur. Təbii ki, "uğuru” yandırmaq xoş deyildir. Bu mərasimdə də "uğurun” yandırılması haqqında söhbət yoxdur. Burada ifadə "ağırlıq”dır, sadəcə sözün şiddət dərəcəsini artırmaq məqsədilə "ağırlığım-uğurluğum” işlədilir. Dilimizdə bu tipli sözlərin işlədilməsinə tez-tez rast gəlirik. Məs: ət-mət, qənd-mənd, qəpik-quruş və s.
 
 
 

 
  Ramazan Qafarlı od yandırmaq ritiualı haqqında yazır: "Od anlamı "Kitabi-Dədə Qorqud” eposunun ruhuna hopmuşdur. Boyların birində göstərilir ki, Qanturalı Selcan xatunu gətirmək üçün yad ölkəyə – Trabzona yola düşəndə atası Qanlı qoca oğlunu bu niyyətdən çəkindirmək istəyir. Qanturalı isə odun köməyi ilə keçilməz yerləri adlayacağını bildirir. Dədə Qorqud insanları daxilən saf, qüdrətli görmək istəyir. Ona görə də mənəvi aləmdən bəhs edən fikirləri odla əlaqələndirməyi tövsiyə edir. Oğuzların adətincə, tonqal həmrəyliyə, birliyə çağırış rəmzi idi”.

  "Xanbəzəmə” mərasiminin kökündə "Dədə Qorqud” ənənələrinin dərin izlərinə rast gəlirik. "Dədə Qorqud”da diqqət çəkici bir məqam var. Demək olar ki, boyların əksəriyyətində xanlar xanı Bayandır xanın ildə bir dəfə Oğuz bəylərini bir yerə yığıb şənlik etdiyindən söhbət açılır. Birinci boy sayılan "Dirsə xan oğlı Buğac xan boyını bəyan edər, xanım hey!”-də ilk cümlə belə başlayır:  "Bir gün Qam Ğan oğlı xan Bayandır yerindən turmışdı. Şami günligi yer yüzünə dikdirmişdi. Ala sayvanı gög yüzinə aşanmışdı. Bin yerdə ipək xalicəsi döşənmişdi.

  Xanlar xanı xan Bayandır yildə bir kərrə toy edib, Oğuz bəglərin qonaqlardı. Genə toy edib, atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç qırdırmışdı”. 

  "Kitab”ı oxuduqca məlum olur ki, bütün bu yeyib-içmələrdən sonra Bayandır xan evindən çıxıb gedər, evini yağmalatdırardı. İldə bir dəfə keçirilən bu tədbir yaz vaxtına düşürdü. İlk növbədə qeyd edək ki, bu tədbiri payızda, qışda görmək mümkün olmadığı kimi, yayın istisində də görülməzdi. Çünki payızın qışa hazırlıq mərhələsi olduğunu nəzərə alsaq,  yayda da oğuzlar yaylağa köçürdülər. Deməli, xanlar xanı Bayandır xanın qonaqlıq təşkil etməsi və evin yağmalanması mərasimi ilk yaz ayına təsadüf etməlidir. Birinci ona görə ki, artıq qış öz ömrünü yaza təhvil verir, qışdan qalan azuqə ehtiyatları, imkanı məhdud ailələrə paylanır, müxtəlif bölgələrdən gələn bəylər padşahın xəzinəsindən öz rəiyyəti və işləri üçün lazım olanı alıb aparırlar. Burada aydın görünür ki, mərkəzi hökumət rolunda çıxış edən xanlar xanı Bayandır xan əslində bir imperatordur. Bu imperatorluğun ətrafında birləşən iç və dış oğuz bəylikləri hamısı bir yerdə dövləti təmsil edir, yazın gəlişi ilə başlanacaq əkin-biçin işlərinə hazırlıq mərhələsində bir yerə yığışırlar. Burada daha bir diqqət çəkici məqam vardır. Bayandır xan qonaqların yaxşı qarşılanması məqsədi ilə "atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç” qırdırmışdı. İnək cinsindən olan heyvan, eyni zamanda dişi dəvə, dişi qoyun kəsilməsi halına rast gəlinmir. Bu birinci növbədə dişi heyvanların nəsil artırmaq qabiliyyəti ilə bağlıdırsa, ikinci tərəfdən bu heyvanlar həm də ərzaq təminatçılarıydı. İnəklərə isə xüsusi bir diqqətlə yanaşılırdı. Doğulan buzovların dişiləri damazlıq kimi saxlanılır, erkəklərinin böyük hissəsi axtalanaraq qoşqu üçün hazırlanır, bir qismi törədici kimi yetişdirilirdi. Qoşqu üçün hazırlanan öküzlər əkin-biçin işində əvəzsiz heyvanlardır. Ana inəklərdən çox süd sağılması ərzaq məhsuldarlığın əsasını təşkil edirdi. Həm də inəyə müqəddəs heyvan kimi baxılırdı, onu kəsmək günah sayılırdı. Bu xüsusiyyət bu gün də bəzi şərq ölkələrində, o cümlədən Hindistanda davam etməkdədir.
  
  Beləliklə də, tamamilə aydın olur ki, Bayandır xanın keçirdiyi mərasimin vaxtı yazdır.  Bu mərasimin Novruz bayramının arxaik forması olması görünməkdədir. Bəylərin Bayandır xanın görüşünə gəlməsi, at yarışlarının keçirilməsi, mükafatlandırmalar, evin (xəzinənin – N.M.) yağmalanması və s. kimi təzahürlər Novruz bayramında hazırda icra edilən adət-ənənənin ilkin əlamətlərini əks etdirir. Bu tədbirin məhz yazın əvvəlində keçirilməsi haqqında Əzizxan Tanrıverdinin "Dədə Qorqud”un möcüzələr dünyası” kitabında diqqəti çəkən bir məqam vurğulanır: "Kitab”da "Novruz bayramı”nın adı çəkilmir, amma bir sıra sintaktik bütövlərdə təbiətin bir günü elə təsvir edilir ki, istər-istəməz yazın gəlişinin bayram edilməsi yada düşür:
 
                          Salqum-salqum tan yelləri əsdigində,
                          Saqqallu boz ac turğay sayradıqda,
                          Bədəvi atlar issin görüb oğradıqda,
                          Saqqalı uzun tat əri banladıqda,
                          Ağlı-qaralı seçilən çağda,
                          Qalın Oğuzun gəlini-qızı bəzənən çağda,
                          Köksü gözəl qaya tağlara gün dəgəndə.
                          Bəg yigitlər cılasınlar bir-birinə qoyulan çağda”.
 
  Göründüyü kimi, bu parçada nə "yaz”, nə də ki "Novruz” sözü işlənib. İlin digər fəsillərinin də adı çəkilmir. Ancaq mətnin ümumi semantik yükü yaz fəslinin hər hansı bir gününün yox, məhz başlanğıc gününün (21-22 mart) təsvir edildiyini göstərir.”

  İkinci diqqət edəcəyimiz məqam "Kitabi-Dədə Qorqud”un sonunda, "İç Oğuza Taş Oğuz asi olub Beyrək öldügi boyı bəyan edər”  boyunda Qazan xanın evinin yağmalanmasıdır. Hərəkətlərinə görə Qazana  söyləyicinin-ozanın əvvəlki boylardan fərqli olaraq bu boyda münasibətinin dəyişildiyini hiss edirik. Burada Qazan haqqında adı ilə söhbət açılır, onun  rütbəsi qeyd olunmur. Halbuki, bildiyimiz kimi, Qazan Bayandır xanın bəylərbəyisi, yəni müaviniydi və dastanın bir çox yerində ona "Qazan bəy” və bəzən də "Qazan xan” deyilirdi. Bu boyda isə ona tamamilə fərqli münasibət hiss olunur. Boy belə başlayır: "Üç oq, Boz oq yığnaq olsa, Qazan evin yağmaladardı. Qazan gerü evin yağmalatdı. Əmma Taş Oğuz bilə bulınmadı. Həmin İç Oğuz yağmaladı".

  Məntiq ilə gərək Qazan xan hər il toy edib evini yağmaladaydı. Lakin ozanın məlumatından belə aydın olur ki, Qazan ənənəni pozmuş, Üç oq, Boz oq bəyləri yığılarsa, evini yağmaladırmış. Xalqımızın yaratdığı bir deyim var: "üzə düşmək”. Yəni üzə düşüb, məcbur qalıb nəsə etmək və bu dəfəki yağmalanma da iç Oğuz bəyləri özləri yığıldığına görə baş verir.  Açıq-aydın görünür ki, Qazan ənənənin davam etdirilməsində nəinki maraqlı deyil, hətta  Bayandır xanın inam və etibarından sui-istifadə edərək İç Oğuz və Dış Oğuz bəyləri arasında fərq qoyub münaqişə yaradır. Bu münaqişə hakimiyyəti zəiflətməklə yanaşı, tarixi adət-ənənənin də pozulmasına gətirib çıxardır. Hətta "Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsində Qazanın Oğuz bəylərini üç ildə bir dəfə yığıb görüşməsi və evini yağmalatması qeyd olunur. Bundan başqa Qazanın naqis hərəkətləri Oğuzların arasına ədavət salmaqla bitmir, o, eyni zamanda dövlət işlərini başlı-başına buraxıb, gününü kef məclisləri təşkil etməklə keçirir, dövlətin ciddiliyinə zərbə vurur. Nəticə məlumdur, oğuzların Dərbənddən Dərəşama, Gürcüstandan Göyçə gölünə qədər olan ərazilərinin böyük bir hissəsi itirilir, düşmən tapdağı altında qalır.

  Dövlətin dayaqlarının sarsılması, xanlar xanı Bayandır xanın sələfi Oğuz xandan gələn ənənəvi bayramlaşmanın bu şəkildə dağıdılması ötən zamanlarda davam etmiş, bunun da nəticəsində bir çox mərasim elementləri arxaikləşmişdir. Lakin xalq yaddaşı bu adət-ənənəni unutmamış, onu yazın gəlişi ilə canlandırmış və keçmişdə qalan xan ədalətini, xan səxavətini Novruz bayramında həmin "Xanbəzəmə” motivi ilə yaşatmağa çalışmışdır. Beləliklə, Novruz bayramının əsas obrazı xanın seçilməsi olub, vəzir, kosa, təlxək, cəllad köməkçi personajlardır. Xanın simasında hakimiyyətin əzəməti, var-dövlət, zənginlik, bolluq, əmin-amanlıq, haqq, ədalət və hüquq təzahür edir.  

  Sual oluna bilər ki, niyə məhz bu arxaik məzmun Ordubad rayonunda qalmışdır? İlk öncə qeyd etmək lazımdır ki, Ordubad öz relyefi, təbii şəraiti, hətta insanları ilə zəngin bir regiondur. İkincisi, bu ənənə həm də Cənubi Azərbaycanda movcuddur və tarixən Ordubad rayonunun Təbriz şəhəri ilə çox yaxın iqtisadi-mədəni əlaqələri olmuşdur və bu əlaqələrin də arxaik kökləri yaşamaqdadır. Ordubad rayonunun ərazisində "Dədə Qorqud”da olan toponimlər də mühafizə olunmaqdadır. Burada  Qazan xanın adıyla bağlı Qazangöl, Qazanköç yaylağı kimi ərazilər mövcuddur. Hətta, Beyrəyin ölüm ayağındakı soylamasında - "Qaraqucda Qazlıq atım kişnətmədin”dəki Qaraquc dağı da Ordubad ərazisindədir. Əlincə qalası isə Ordubad rayonunun qonşuluğunda – Culfa rayonunun ərazisində, eyni coğrafi məkanda yerləşir. Nuh peyğəmbərin adıyla bağlı məkanların çox böyük bir hissəsi Ordubad ərazisindədir. Əslində, Ordubad rayonu bütövlükdə, belə demək caizsə, Dədə Qorqud yadigarlarının qorunduğu bir bölgədir.

  Üçüncüsü, bu mərasim hətta sovet rejiminin ən çox şiddət etdiyi zamanlarda belə unudulmamış, hər il Ordubad rayonunun bütün kəndlərində və rayon mərkəzində keçirilmişdir. ”Bütün bunlar onu göstərir ki, mərasimlər müəyyən müddət dəyişikliyə uğrasa da, ayrı-ayrı bölgələrimizdə yaşayır və özündə çox əski çağların informasiyasını qoruyub saxlayır”.
              
  Ordubad rayonunda  "Xanbəzəmə” mərasiminə xüsusi hazırlıq işləri aparılırdı. Demək olar ki, bütün kəndlərin, hətta ayrı-ayrı məhəllələrin öz xanı olurdu. Xan üç gün müddətinə seçilirdi. Bayrama hazırlıq hər bir evdə aparılırdı. Bayram günü adamlar mütləq çalışırdılar ki, geyimlərini təzələsinlər. Nənəmin sözləri bu gün də qulaqlarımdan getmir. Nənəm deyərdi ki, əgər paltar ala bilmirsənsə, heç olmasa corablarını təzələ, əgər ona da imkanın yoxdursa, corabının bağını təzələ. 
 
 
 
           
  Bu günə qədər ən dərin izlərini Ordubad rayonunda saxlayan "Xanbəzəmə” Novruz bayramının arxetipi və əsas atributlarının qarantı olaraq mərasimin mahiyyətini əks etdirir. Eyni zamanda "Xanbəzəmə” demokratik seçki sisteminin qədim türkün təfəkküründə formalaşmasının bariz nümunəsi kimi yaşamaqdadır. Bu mərasim Kitabi-Dədə Qorqudda Xanlar Xanı Bayandır Xanın evini yağmalatması motivinin sonrakı dönəmlərdə xalq tərəfindən ortaya gətirilməsi ilə ənənəni davam etdirmək istəyidir. Xan üç gün müddətinə seçilir. Xan dövlətin-hakimiyyətin qarantı olmaqla bərabər sabitliyin, var-dövlətin, zənginliyin, bərəkətin, bolluğun ifadəçisidir. Xan bu müddətdə xalq meydanında əhalinin içərisində idarəçiliklə məşğul olur, fərmanlar verir, bayramın yüksək səviyyədə keçirilməsini təmin edir. Təəssüf ki, hazırda respublika səviyyəsində keçirilən bayram tədbirlərində əksər vaxt keçəl, kosa personajlarından istifadə edilir. Xan, vəzir, təlxək, cəllad personajları unudulmuşdur.

  Halbuki təntənəli şəkildə keçirilən bu tədbirlərin əsas qayəsi hamının şadlanması, hamının bayramı yüksək səviyyədə keçirməsi, imkansız adamlara maddi və mənəvi köməkliklərin göstərilməsidir. Bütün bu işlərin həyata keçirilməsində xanın böyük rolu vardır. Xan ədalətli, ciddi və düzgün olmalıdır. Xanın ciddi, ədalətli, düzgün olması hakimiyyətin-dövlətin ciddiliyinə, onun möhkəm özül üzərində qurulduğuna  işarədir. "Xanbəzəmə” mərasimində təlxək və kosanın bütün hiylə və oyunlarının arxasında xanı güldürmək məqsədi güdülür. Əgər xan ədalətsizliyə yol verərsə, ciddiliyini itirərsə və ya hansısa naqis hərəkəti ilə ikrah yaradarsa, hətta dodağı qaçarsa, suya basılardı. Belə hala rast gəlinməmişdi. Xan hər zaman ciddiyyətini qoruyub saxlayırdı. Xan obrazının mahiyyətini açıqlayan Muxtar Kazımoğlu yazır: "Qədim türk dünya görüşünə görə, xaqan Göyün (Tanrının) yerdəki təmsilçisidir”. 
 
  Mərasimin sonunda xan əhali ilə xudafizləşir, gələn il bu vaxt yenidən görüşmək ümidi ilə xoş arzularını söyləyir, hamıyla birlikdə "yallı” gedirdi. 
 
  Yığılan pul, azuqə və əşyalar iştirakçılar arasında bölüşdürülür, kasıblara, imkansız ailələrə, yetim uşaqlara hədiyyələr paylanırdı.


  Novruz dostluq və barış bayramıdır 
 

 
  Novruzu digər bayramlardan fərqləndirən bir cəhət də bu bayramda küsülülərin barışmasıdır. Bu küsülülük ailə içərisində, dost-tanış arasında, hətta el-oba münasibətlərində ola bilərdi. Belə hallarda ağsaqqallar ortaya düşər, yaşca kiçik olan küsülünü özləri ilə birlikdə böyük küsülünün bayramını təbrikə aparardılar. Hamı kimi küsülülər də bir-birinin bayramını təbrik edər, əl verib salamlaşar və küsülülük öz-özünə aradan qalxmış olardı. Uşaqlar ev-ev gəzib ağsaqqalların bayramını təbrik edər, bayram payı, əsasən də yumurta yığar, sonra da yığdıqları yumurtaları döyüşdürərdilər. Bu ənənələr müəyyən deformasiyalara uğrasa da, davam etməkdədir.
  Novruz bayramı haqqında bu günə qədər ədəbiyyatımızda çox yazılıb, çox deyilibdir. Bu gündən sonra da yazılacaqdır. Novruz bayramı elə bir bəşəri bayramdır ki, onun arxaik qatında olan mətləblər hələ də tam açılmayıbdır...