Biz imzaları yox, əsərləri dərc edirik...

Nizaminin “əlində” böyümək
1814
03 May 2018, 12:57
 Artaspi.az Fərid Hüseynin "Üç sual” adlı essesini təqdim edir: 
 
 

 Birinci sual
 
 Nizami Gəncəvi üç əsərində – "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" – oğlu Məhəmmədə nəsihət edir. Bəs "Sirlər xəzinəsi" və "İsgəndərnamə"də nə üçün oğluna öyüd vermir? Məncə, bunu etməkdə şairin üç əsas məqsədi var və bu məqamlarda zərurilik tapmaq mümkündür:
 1. "Sirlər xəzinəsi" şahların, "İsgəndərnamə" müdriklərin (şahlar, filosoflar və peyğəmbərlər) kitabıdır. Şairin oğlu Məhəmmədsə nə şahdır, nə müdrik, nə də peyğəmbər.
 2. "Sirlər xəzinəsi" yazılanda şairin oğlunun 1, ya 2 yaşı vardı və Nizami hələ onun öyüd dinləyəcək yaşda olmadığını bilirdi.
 3. Nizami "İsgəndərnamə”də kamillik mərtəbəsinə çatmışdı deyə artıq bu əsərdə o təkcə oğluna yox, bütün dünyaya üzünü tutub xitab edirdi. 
 

 
 İkinci sual
 
 Nəyə görə "Xosrov və Şirin"də Nizami oğluna nəsihəti əsərin sonunda, "Leyli və Məcnun” və "Yeddi gözəl”də isə əsərin əvvəlində edir?
 1. Nizami "Xosrov və Şirin"də oğluna nəsihəti ona görə Xosrovun aqibətindən sonraya saxlayır ki, Xosrovun taleyi göz önündədir və oğlu (7 yaşlı) özü baxıb ondan ibrət götürməlidir, bu əsərdə qəhrəmanın mahiyyəti tam mənada sonda açılır. "Leyli və Məcnun"da isə oğluna əsərin əvvəlində – eşqə düşməmiş eşqdən saqınmağı məsləhət görür. "Yeddi gözəl"də isə söhbət Bəhramın hakimiyyət yolundan gedir deyə, əsər başlamamışdan əvvəl oğluna hakimiyyətdən, siyasətdən uzaq durmağı, Allaha bağlanmağı tövsiyə edir.
 2. "Xosrov və Şirin"dəki hadisələr ağlagəlməzdir, insanın o cür tale pusqularından xilası mümkünsüzdür, ona görə də belə hadisələrin axırını gözləmək lazımdır. Bu səbəbdən də, Nizami oğluna sözünü Xosrova "deyəcəklərindən” sonraya saxlayır.
 Ancaq tale qaçılmazlığından fərqli olaraq insan örnək eşq və hakimiyyət iddiasından bəri başdan imtina edə bilər, ona görə də "Leyli və Məcnun" və "Yeddi gözəl” əsərlərində Nizami oğluna əsərin əvvəlində nəsihət verir, onu eşqdən və hakimiyyət hərisliyindən saqındırmağa çalışır.
 

 
 Üçüncü sual
 
 Niyə Nizami Gəncəvi oğluna hər nəsihətdə yeni bir yol təklif edir?
 Nizami Gəncəvinin oğlu Məhəmmədə verdiyi nəsihətlərin birində ("Xosrov və Şirin") deyir ki, elm öyrən, ağıllı ol və çalış səni namuslu insanlar qiymətləndirsinlər, namuslu insanlardan "afərin” eşit.
 İkinci, nəsihətdə ("Leyli və Məcnun") oğluna düzgün peşə seçməyi məsləhət görür. 
 Üçüncü, nəsihətdə isə ("Yeddi gözəl") deyir ki, iddialı yox, zəhmətkeş ol, istedadına zəhmətlə güc qat, çox istedadını kef havasına xərcləyənlər axırda saxsısatan oldular. Çalış Allahla olan əhdi pozma, o ənginliyə ucalandan sonra "hər şey hava və həvəsdir".
 Nizami üç əsərdə oğlunun əlini tutaraq elmdən sənətə, sənətdən isə Allaha doğru aparır. Göründüyü kimi Nizami nəsihətlərinin mövzusu hər dəfə dəyişir, oğlu mənəvi və fiziki, Nizami isə kamillik sarıdan daha da böyüyür. Nizami oğlunu beləcə "böyüdür”. Nizaminin hər oxucusu, əslində, "onun övladı”dır – üz tutduğu kəsdir.  Şairin "Xəmsə”sini anlamaq Nizaminin "əlində böyümək”dir.