Biz imzaları yox, əsərləri dərc edirik...

Nizami Gəncəvinin “Xəmsə”si türk dilində
605
06 Dekabr 2019, 16:20
  Dekabrın 6-da Azərbaycan Milli Kitabxanasında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 5 poemasından ibarət "Xəmsə”sinin ("Sirlər xəzinəsi”, "Xosrov və Şirin”, "Leyli və Məcnun”, "Yeddi gözəl”, "İsgəndərnamə”) türk dilində təqdimat mərasimi olub.
  AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qurumun təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə tanıdılması və təbliği məqsədilə 2016-cı ildən etibarən "Azərbaycan kitabının dünyada tanıdılması” layihəsinin həyata keçirildiyini diqqətə çatdırıb. O, son illər Mədəniyyət Nazirliyinin Türkiyənin nəşriyyatları ilə birgə müxtəlif layihələri həyata keçirtdiyini söyləyib. Bu istiqamətdə "Zengin Yayıncılık” nəşriyyatının fəaliyyətini yüksək qiymətləndirən nazir deyib: "Bu nəşriyyat tərəfindən son illər ölkəmizin görkəmli ədəbiyyat, elm xadimləri daxil olmaqla ümumilikdə 30 müəllifin 46 adda kitabı türk dilində çap edilib. Belə nəşrlərdən biri də bu gün təqdimatı keçirilən Nizami Gəncəvinin "Xəmsə”sinin türk dilində çap olunmasıdır. Bu işlərdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Əminəm ki, Nizaminin ədəbi irsi türk oxucusu tərəfindən yenidən rəğbətlə qarşılanacaq və Azərbaycan xalqının böyük mədəniyyətə malik xalq olduğu bir daha sübuta yetiriləcək”.
 
 

  Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral iki qardaş ölkənin xalqlarını bir-birinə bağlayan ən möhkəm bağlardan birinin də ədəbiyyat olduğunu qeyd edib. "Türkiyədə klassik ədəbiyyatdan yazarkən Nizaminin, Füzulinin adını çəkməmək mümkün deyil. Biz bu şairlərin mədəniyyətimizin ən dəyərli parçaları olduğunu bilirik. Lakin Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması məqsədilə hələ çox işlər görülməlidir. 70 illik Sovet dövrü bu ilki xalqı bir-birindən ayırıb. Biz biri-bizimizi daha yaxşı tanımaq, daha da yaxınlaşmaq üçün keçmişimizi dərindən öyrənməliyik”, - deyə səfir bildirib.
  Böyük Azərbaycan şairi Nizaminin əsərlərinin türk dilində işıq üzü görməsini Xalq yazıçısı Elçin Əfəndiyev ədəbiyyat hadisəsi olmaqla yanaşı, böyük mədəniyyət hadisəsi adlandırıb. Nizami Gəncəvinin bütün dövrlərin müasir olduğunu söyləyən Xalq yazıçısı Nizaminin Avropada Azərbaycan şairi kimi tanınıb, oxunmasına çox sevindiyini bildirib.
  Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov layihənin Azərbaycan ədəbiyyatının Türkiyə və bu ölkə vasitəsilə dünyada tanıdılmasına böyük töhfə olduğunu bildiriblər. Qeyd edilib ki, bunun nəticəsində türk və xarici ölkə oxucuları ədəbiyyatımız, mədəniyyətimiz haqqında dolğun məlumat alacaqlar.
  Sonra Xalq yazıçıları Mövlud Süleymanlı, Afaq Məsud çıxış edərək bu nəşri Nizaminin Azərbaycan şairi kimi tanıdılması istiqamətində atılmış mühüm addım olduğunu qeyd ediblər.
  Sonda şair-tərcüməçi Yurtseven Şenin kitab barədə öz fikirlərini bölüşərək hər kəsə təşəkkürünü bildirib.
  Qeyd edək ki, şair-tərcüməçi Yurtseven Şenin tərcüməsində "Zengin Yayıncılık” nəşriyyatı tərəfindən nəşr olunan kitabın ilk növbədə Türkiyədəki elmi kütləvi kitabxanalarına, ali təhsil ocaqlarına və s. aidiyyəti qurumların kitab fonduna daxil edilməsi nəzərdə tutulur.